Məhkəmə qərarları › İş №1(067)-132/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-132/2025

29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-132/2025 29.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1988-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Xaçmaz şəhəri, F.Əmirov küçəsi, ev 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq qəsdən əldə etdiyi xeyli miqdarda psixotrop maddəni üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 25 mart 2025-ci il tarixdə, saat 18:35-18:50 müddətində ünvan 1 ünvanın qarşısında yaxalanıb üstünün yoxlanılması zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibində saxladığı “KENT” markalı siqaret qutusunun içərisində bir ədəd şəffaf sellofan bükümdə 0,440 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilib götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, yerdə siqaret qutusunu görmüş, həmin qutu onun diqqətini çəkdiyindən götürərək içərisinə baxmış və içərisində metamfetamin olduğunu görərək özünün istifadəsi üçün cibinə qoyaraq saxlamışdır. O, əvvəllər də həmin vasitələrdən istifadə etdiyindən metamfetamini tanımışdır. Bir qədər sonra isə o, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmçinin bildirdi ki, o, hazırkı iş üzrə metamfetamini yolda yerdən tapmışdır. O, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirili bilinmiş, ona hökmlə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, lakin o, həmin cəza ilə üzərinə qoyulan vəzifələri pozduğuna görə həmin cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. O, əvvəllər ailəli olmuş, hazırda boşanmış, bir uşağı var və ona uşağın saxlanması üçün aliment təyin edilmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı təzyiq göstərilməmişdir. Onun üstünün yoxlanılması videoçəkilişdən istifadə edilməklə keçirilmiş, o, polis şöbəsinə aparıldıqdan sonra isə müdafiəçi ilə təmin edilmişdir. O, hazırkı iş üzrə cinayəti törətmiş və cinayətinə görə cəza çəkməyə hazırdır, məhkəmənin ədalətli qərar qəbul edəcəyinə isə şübhəsi yoxdur. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz şəhəri, F.Əmirov küçəsi, ev 1-də yaşayır. O, xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi ilə piyada yol gedən zaman təsadüfən yerdə sellofan büküm görmüş və bükümü yerdən götürüb içərisinə baxan zaman psixotrop maddə olan metamfetamin istifadəçisi olduğu üçün həmin kütləni tanımış və axşam saatlarında istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımağa başlamışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat 18:35 radələrində Xaçmaz şəhəri, Məktəbli küçəsi ilə hərəkət edən zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq Xaçmaz RPŞ-nin əməkdaşları olmalarını qeyd etmişlər və bildirmişlər ki, o, narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə etmə, saxlama və daşımada şübhəli bilinir. Bundan sonra o, könüllü surətdə qış gödəkçəsinin sol yan cibində saxladığı “01” ədəd “Kent” markalı siqaret qutusunu çıxararaq polis əməkdaşlarına təqdim etmiş və həmin qutunun içərisində psixotrop maddə metamfetamin kütləsi olmasını bildirmişdir. Polis əməkdaşlarından biri videoçəkiliş aparmışdır. Belə ki, onlar həmin “01” ədəd siqaret qutusuna baxış keçirmişlər və içərisində 01 ədəd sellofana bükülü olan psixotrop maddə metamfetamin kütləsini aşkar etmişlər və bundan sonra həmin sellofanın içərisində olan psixotrop maddə metamfetamin kütləsi ilə birlikdə kağız zərfə qoyaraq möhürləyərək qablaşdırıb götürmüşlər. Bundan sonra onu Xaçmaz RPŞ-nə dəvət etmişlər, polis şöbəsində üzərindən aşkar olunmuş kütləyə təhqiqatçı tərəfindən baxış keçirilmiş, daha sonra həmin kütlə təkrar olaraq zərfə qoyularaq möhürlənərək qablaşdırılmışdır. Daha sonra o, müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, o, narkotik vasitə və psixotrop maddə metamfetamin istifadəçisi olsa da, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır. O, saxlanılarkən və ya Xaçmaz RPŞ-yə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixoloji təsir və ya fiziki zor tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona daxil olmuş əməliyyat məlumatı raport yazılaraq rəhbərliyə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və bu qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əmrə əsasən əməliyyat tədbirlərinin keçirilməsindən ötrü onun rəhbərliyi altında Xaçmaz RPŞ-nin CABnin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etdikdən sonra 25 mart 2025-ci il tarixdə, saat 18:35 radələrində ünvan 1 ünvanın qarşısında polis mayoru Şahid3 tərəfindən mobil telefon vasitəsilə videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə və daşımaqda şübhəli olduğunu bildirmişdir. Tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunan əşya varsa, təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd “Kent” markalı siqaret qutusunu təqdim edərək, içərisində sellofan bükümdə ağ rəngli psixotrop maddə metamfetamin olmasını və həmin maddəni 25 mart 2025-ci il tarixdə Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerdən tapdığını bildirmişdir. Onun tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd sellofan bükümün içərisinə baxılan zaman içərisində psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kütlənin olması müəyyən edilmişdir. Tərəfindən həmin büküm elektron tərəzidə çəkilmiş, bu zaman içərisindəki maddə ilə birlikdə bükümün çəkisi 0,51 qram olması müəyyən edilmişdir. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılan zamanı üzərindən “Samsung” markalı mobil telefon və özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan büküm onun tərəfindən bir ədəd ağ rəngli zərfə qoyularaq üzəri möhürlənməklə bağlanmış və zərfin üzəri Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Aşkar olunmuş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyinə görə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Baxış əvvəldən axıra kimi polis mayoru Şahid3 tərəfindən videoçəkiliş vasitəsilə qeydə alınmış və görüntülərin köçürüldüyü 01 ədəd disk protokola əlavə edilmişdir. Baxış yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Daha sonra Xaçmaz RPŞ-də baş təhqiqatçı Oktay Məcidov tərəfindən onların da iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış metamfetaminə sonuncunun da iştirakı ilə baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən zərf qayçı ilə yan hissədən kəsilərək içərisinə baxılmış və içərisində 01 ədəd büküm olması müəyyən edilmişdir. Həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Həmin metamfetamin büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,5 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin bükümün içərisində olan kütlə psixotrop maddə metamfetamindir, özünə məxsusdur və həmin metamfetamini xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində Xaçmaz şəhər, H.Z.Tağıyev küçəsində yerdən tapmış və metamfetamini gələcəkdə özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Daha sonra həmin metamfetamin təhqiqatçı tərəfindən təkrar qablaşdırılıb möhürlənərək ekspertizaya təqdim olunmasından ötrü götürülmüşdür. Habelə təqdim etdiyi bir ədəd dvd diskə köçürülmüş videogörüntüyə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Bu barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin bildirdi ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində satışla bağlı hər hansı məlumat olmamışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahid Xaçmaz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid Xaçmaz RPŞnin PPXB-nin polis nəfəri Şahid2 ifadəsindən müəyyən edilir ki, o, şahidlər Şahid1 və Şahid3 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 25 mart 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan və həmin istintaq hərəkətinin videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1, Xaçmaz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3 və həmin polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 iştirakı ilə ünvan 2 ünvanın qarşısında, 25 mart 2025-ci il tarixdə, saat 18:35-də iş üzrə Təqsirləndirilən şəxs saxlanılaraq üstü yoxlanılmışdır. Belə ki, yuxarıda adları qeyd olunan əməliyyat müvəkkilləri videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələri əldə edib saxlaması və daşımasında şübhəli olmasını bildirərək üzərində narkotik vasitə varsa təqdim etməsini təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibində saxladığı bir ədəd “KENT” markalı siqaret qutusunu təqdim edərək içərisində sellofan bükümdə “daş, patı, yəni psixotrop maddə olan metamfetamin olmasını və həmin kütləni bu gün səhər saatlarında Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerdən tapmasını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şahid1 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisinə baxılan zaman içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan sellofan büküm Şahid1 tərəfindən elektron tərəzidə çəkilən zaman çəkisinin 0,51 qram olması müəyyən edilmişdir. Bundan sonra Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindən bir ədəd “Samsung’ markalı mobil telefon və özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan sellofan büküm Şahid1 tərəfindən qablaşdırılaraq möhürlənib götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş “Samsung” markalı mobil telefon və özünə məxsus şəxsiyyət vəsiqəsi, boş siqaret qutusu Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış yekunlaşdıqdan sonra rayon polis şöbəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının görüntüləri Xaçmaz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsilə qeydə alınmışdır. İş materiallarında olan 25 mart 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərəfindən həmin polis şöbəsində baş təhqiqatçı X2 01 ədəd zərf təqdim etmişdir. Təqdim edilmiş zərfin üzərinə “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə, 1.Təqsirləndirilən şəxs, 2. Şahid1, 3. Şahid2, 4. Şahid3” sözləri yazılaraq imza edilmiş və zərf möhürlənmişdir. Zərf qayçı ilə yan hissədən kəsilərək içərisinə baxılmış və içərisində 01 ədəd sellofan büküm olması aşkar edilmişdir. Həmin sellofan bükümün içərisində psixotrop maddə olan metamfetaminə oxşar, ağ rəngli, kristalşəkilli kütlənin olması müəyyən edilmişdir. Həmin kütlə sellofanla birlikdə tərəzi ilə çəkilmiş və psixotrop maddə olan metamfetaminə bənzər həmin kütlənin sellefonla birlikdə çəkisinin 0.5 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim olunan, içərisində psixotrop maddə olan metamfetamin kütləsi olan 01 ədəd sellofan büküm ona məxsusdur və xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerdən tapmış, gələcəkdə özünün istifadə etməsi üçün saxlamışdır. Təqdim olunan 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Əməliyyat müvəkkili tərəfindən təqdim olunan DVD diskə təhqiqatçı tərəfindən baxılan zaman məlum olmuşdur ki, əməliyyat-axtarış tədbirləri keçirilən zaman həmin proses əvvəldən axıradək fasiləsiz videogörüntüyə alınmışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 28 mart 2025-ci il tarixli, 5(067)-86/2025 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsi barədə əməliyyat tədbirlərinin keçirilməsi haqqında 25 mart 2025-ci il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi Sumqayıt Regional bölməsinin 26 mart 2025-ci il tarixli, 20/123 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “Zərflər üçün N 58 möhür əksi , “Xaçmaz şəhəri, F.Əmirov küçəsi, ev 1-də yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminə oxşar kütlə... 1) /imza/ Təqsirləndirilən şəxs, 2) /imza/ Şahid1, 3) /imza/ Şahid2, 4) /imza/ Şahid3; Qablaşdırdı: TBnin baş təhqiqatçısı, polis mayoru /imza/ Oktay Məcidov” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,440 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir Metamfetamin psixotrop maddəsindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,390 qram təşkil etmişdir. İş materiallarında olan 27 mart 2025-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 14 iyun 2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,440 qram təşkil etmiş psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 0,390 qram çəkidə qalıq qalmış həmin psixotrop maddə Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 08 may 2025-ci il tarixli, 2689 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs həmin xəstəxanada “Xr. Narkomaniya, asılılıq sindromu ilə” diaqnozu ilə həkim-narkoloqun qeydiyyatındadır. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamışdır. Onun psixotrop maddəni kimdənsə alması müəyyən edilməmişdir. Həmin psixotrop maddənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə edilməmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 14 iyun 2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsin üstünün yoxlanılmasının videoçəkilişi köçürülmüş DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,440 qram, yəni xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 16-cı bəndində izah edilir ki, satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmün, qərarın və Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib ona 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin olunmuş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası 01 il sınaq müddəti təyin edilməklə şərti hesab edilmiş; Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(067)- 126/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(067)-32/2022 saylı qərarı ilə ona xx.xx.2021-ci il tarixli hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 06 ay 06 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş, məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Xaçmaz Rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvanda ailə üzvləri və qonşularla normal münasibətdə olmuşdur. Barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlibyönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olubolmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 25 mart 2025-ci il tarixli protokoldan, “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan, qətimkan tədbirinin seçilməsi barədə 27 mart 2025-ci il tarixli qərardan və xx.xx.2025-ci il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədə müvafiq sayır. İş materiallarından müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,440 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,390 qram təşkil edən metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılır. Odur ki, iş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,390 qram təşkil edən metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanması zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk maddi sübut kimi cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional bölməsinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 iyul 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. (hökmün bu hissədə icrası Xaçmaz Rayon Polis Şöbəsinə və 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,390 qram təşkil edən metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional bölməsinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə təqdim olunduğu) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar