Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-134/2022 17.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx.xx.1991-ci ildə Xaçmaz rayonu Uzunoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində biri azyaşlı olmaqla 2 uşağı olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu Uzunoba kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, “barəsində başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 197,65 qram olan narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımış, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən o, ünvan 2 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında 29 oktyabr 2021-ci il tarixdə saat 18:50-dan 19:00-dək olan müddətdə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki jiletin altından içərisində təmiz çəkisi 197.65 qram olan narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sellofan torba aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, özü əvvəllər bir neçə dəfə narkotik vasitə marixuana istifadə etmiş, buna görə marixuananı tanıyır. Yaşadığı kənd Xəzər dənizinə yaxın olduğundan mütəmadi olaraq dənizdən balıq tutmağa gedən balıqçılardan balıq alıb satır. Onun yaşadığı evlə dənizin arasında təxminən 2 km məsafə vardır. Təxminən 1 ay əvvəl balıqçılardan balıq almaq üçün həmişə getdiyi yerə getmişdir. Dəniz kənarında dayanıb balıqçıların dənizdən çıxmasını gözləyən vaxt görmüşdür ki, kənarda olan ağac parçasının dibində bir ədəd sellofan torba vardır. Həmin torbanın içərisində nəsə olması aydın şəkildə bilinmişdir. O sellofan torbaya yaxınlaşıb əlinə götürmüş və açıb içinə baxanda görmüşdür ki, içərisində narkotik vasitə marixuana vardır. Həmin yerdə ondan başqa heç kim olmadığından sellofanı içərisindəki marixuana ilə birlikdə götürmüş və yaşadığı evə qayıtmışdır. O fikirləşmişdir ki, həmin marixuanadan özü istifadə edər. Bir dəfə ondan istifadə etsə də, xoşuna gəlmədiyi üçün artıq istifadə etməmişdir, həmin marixuananı evlərinin həyətində kolların dibində gizlətmişdir. Son günlərdə isə fikirləşmişdir ki, həmin marixuananı onsuzda istifadə etməyəcək. Buna görə xx.xx.2021-ci il tarixdə saat 16 radələrində şəffaf sellofan torbada olan həmin marixuananı götürmüş və əynindəki sepli jiletin altına qoymuşdur ki, aparıb atsın. O evdən çıxıb təxminən 20 metr uzaqlaşmışdır ki, polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edib ona üzərində narkotik vasitə olması barədə məlumat aldıqlarını bildirərək şöbəyə dəvət etmişlər. O da polis işçilərinə etiraz etmədən şöbəyə gəlmişdir. Onlar şöbəyə gəldikdən sonra ona müdafiəçi təyin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. O də şəxsi axtarış zamanı jiletin altında saxladığı sellofan torbada olan marixuana kütləsini, həmçinin cibində olan siqaretlə alışqanı və 4 ədəd bir manatlıq pul əskinaslarını çıxarıb masanın üzərinə qoymuşdur. Ondan sellofan torbada nə olmasını soruşanda içərisində “narkotik vasitə”, yəni marixuana olmasını bildirmişdir. Onun təqdim etdiyi sellofan torbaya açılıb baxılmış, sonra elə həmin sellofanda qablaşdırılıb möhürlənərək götürülmüş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzlanmışdır. Həmçinin təqdim etdiyi siqaret, alışqan və 4 ədəd bir manatlıq pul əskinasları özünə qaytarılmışdır. Üzərindən başqa heç nə aşkar edilməmişdir. O üzərindən aşkar edilən narkotik vasitəni tullamaq fikrində olmuş, buna görə üzərində olmuşdur.O heç kimə narkotik vasitə satmamışdır.O narkotik vasitə qurudulmuş marixuananı tapmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 bildirdi ki, Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində olmaqla polis baş leytenantı rütbəsindədir. 29 oktyabr 2021-ci il tarixdə Xaçmaz rayonu Uzunoba kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. O dərhal bu məlumatı polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 29 oktyabr 2021-ci il tarixdə saat 16 radələrində onlar Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Uzunoba kəndi yaxınlığında olmasını müəyyən etmişlər və həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması, avtomobillərin intensiv hərəkət etməsi və azyaşlı uşaqların olması səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla Xaçmaz RPŞ-nə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Toğrula təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunan hər hansı bir əşya və ya narkotik vasitə varsa, çıxardaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki jiletin altında saxladığı bir ədəd sellofan torbanı çıxararaq stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içərisinə baxılmışdır. Həmin zaman torbanın içərisində narkotik vasitə qurudulmuş marixuananın olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tapdığını, şəxsi istifadəsi üçün saxladığını, hər hansı bir şəxsdən almadığını və hər hansı bir şəxsə narkotik vasitə satmadığını bildirmişdir. Aşkar edilmiş bir ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sellofan torba müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs şifahi olaraq heç bir şəxsə narkotik vasitə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı nə məqsədlə və haradan əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuananı dəniz kənarından tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın mənbəyi müəyyən edilməsə də bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Şahid1 ifadəsi ilə analoji ifadə vermişdir. İş materiallarında olan ibtidai istintaq zamanı ifadə vermiş Qədirova Səbinə Mübariz qızının ifadəsindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə bioloji ekspertizalar şöbəsinin rəisi, ali kimya təhsilli, yüksək dərəcəli ekspert, ədliyyə müşaviridir. Xaçmaz RPŞ-nin İB-də icraatda olan ********* nömrəli cinayət işi üzrə 30 oktyabr 2021-ci il tarixli 7/1123 nömrəli ekspert rəyi onun tərəfindən verilmişdir. Rəydə qeyd olunduğu kimi tədqiqata təqdim edilmiş sellofan torba açıldığı zaman içərisindən təmiz çəkisi 335,0 qram olan yaşılımtıl qəhvəyi rəngli, xırdalanmış, nəm vəziyyətdə çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik bitki mənşəli kütlə aşkar edilmişdir. Həmin kütlə nəm şəraitdə saxlanıldığından kütlənin nəm vəziyyətdə olması qeyd olunmuşdur. Rəyin tədqiqat prosesinin təsviri hissəsində qeyd etdiyi kimi həmin bitki kütləsi narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələrdin kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Lakin həmin bitki kütləsi nəm vəziyyətdə olduğundan həmin bitki kütləsinin bir hissəsi termostat vasitəsilə sabit çəki alınanadək qurudulmuş və müvafiq olaraq bitki kütləsinin bütöv çəkisinə hesablandıqda quru çəkisinin 197,65 qram olması müəyyən edilmişdir. Həmin bitki kütləsi müəyyən bir müddətdən sonra nəmliyini itirdikdə geriyə qalacaq çəki 197,65 qramdır. Yəni rəyə əsasən müəyyən edilir ki, təqdim edilmiş bitki kütləsi təmiz çəkisi 197,65 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələrdin kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2021-ci il tarixli 7/1123 saylı məhkəmə-bioloji ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sellofan torbada nəm vəziyyətdə təmiz çəkisi 335,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuanadır. Həmin marixuananın quru çəkisi 197,65 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin 08 yanvar 2022-ci il tarixli 68 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 334.8 qram təşkil edən narkotik vasitə nəm vəziyyətdə marixuana və şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən bir ədəd disk daşıyıcı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə qurudulmuş marixuana saxlanmasından ötrü Xaçmaz rayon polis şöbəsinin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcısı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 5(067)-149/2021 saylı qərarından görünür ki, məhkəmənin həmin qərarına əsasən Xaçmaz rayon X2 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid1 “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 04 noyabr 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Uzun-oba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Uzun-oba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 01 yanvar 2021-ci il tarixli, 62 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu,Uzun-oba kəndində yaşamaqla ailə tərkibi-arvadı X5,uşaqları-xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 ibarətdir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 197,65 qram olan narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımış, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən o, ünvan 2 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında 29 oktyabr 2021-ci il tarixdə saat 18:50-dan 19:00-dək olan müddətdə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki jiletin altından içərisində təmiz çəkisi 197.65 qram olan narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sellofan torba aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində biri azyaşlı olmaqla iki uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 29 oktyabr 2021-ci il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad olunması haqqında 31 oktyabr 2021-ci il tarixli qərarından və həmin tarixli “Başqa yerə getməmək haqqında iltizam”dan görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 31 oktyabr 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 oktyabr 2021-ci il tarixdən 31 oktyabr 2021-ci il tarixədək həbsdə olduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzaçəkmə müddəti həbsə alındığı gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi 334.8 qram təşkil edən marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 89 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 oktyabr 2021-ci il tarixdən 31 oktyabr 2021-ci il tarixədək həbsdə olduğu (tutulduğu) 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 17 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. Hökmün icrası Xaçmaz rayon Polis Şöbəsinə, Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 89 manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına keçirilsin. Xaçmaz rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 334.8 qram olan (nəm) marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən, elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM VÜSALƏ QASİMOVA
Məhkəmə qərarları › İş №1(067)-134/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-134/2022
17.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver