Məhkəmə qərarları › İş №1(067)-134/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-134/2023

07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-134/2023 07.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1991-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, özünün deməsinə görə fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq, yəni 12,320 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, Səid Qurbanov küçəsində saxlanılıb Xaçmaz Rayon Polis Şöbəsinə dəvət edilərək Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında 25 fevral 2023-cü il tarixdə, saat 19:30-19:40 müddətində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman gödəkçəsinin sol yan cibində gizlədib saxladığı 01 ədəd gümüşü rəngli folqa kəsiyi bükümündə 12,320 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun narkotik vasitələrdən qətiyyən asılılığı yoxdur, narkotik vasitədən aradabir istifadə etmişdir. O, bu əməli ilə səhv etmişdir, narkotik vasitədən və bu kimi maddələrdən daha istifadə etmir. Həmçinin bildirdi ki, o, hazırkı işlə bağlı saxlanılanadək bir il olmuşdur ki, narkotik vasitədən istifadə etmişdir. O, yalnız marixuana narkotik vasitəsindən istifadə etmişdir. O, üzərindən aşkar olunmuş marixuananı 2023-cü ilin təxminən yanvar-fevral aylarından birində, Xaçmaz şəhərində yerləşən “Zəfər” parkında gəzişərkən ağacın kənarından, bir bükümdə olmaqla tapmış, o, həmin vaxt tək olmuş, həmin narkotik vasitə barədə heç kimə deməmişdir. Həmin narkotik vasitəni üzərində 1 gün saxlamış, bir qədərini istifadə etmiş, tapdığı günün səhəri isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. O, törətdiyi cinayət əməlinə görə peşmandır, bir daha bu kimi əməllərə yol verməyəcəkdir. Barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ünvan 3 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq öz dolanışığını təmin edir. Azərbaycan dilində latın qrafikası ilə yazmağı və oxumağı bacarır. O, təxminən 1 ildir ki fərqli-fərqli zamanlarda narkotik vasitə qurudulmuş marixuanadan yandıraraq tüstüsünü çəkməklə istifadə edir. 24 fevral 2023-cü il tarixdə, saat 18 radələrində Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən “Zəfər” parkında olan zaman parkda olan ağacların birinin kənarında gümüşü rəngli iri bükümün olması diqqətini çəkmişdir. O, həmin bükümü yerdən götürüb içərisinə baxan zaman bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuananın olmasını görmüşdür. O, narkotik vasitə istifadəçisi olduğuna görə həmin bükümü üzərində saxlamaq qərarına gəlmişdir. 24 fevral 2023-cü il tarixdə tapdığı narkotik vasitə qurudulmuş marixuanadan bir dəfə istifadə etmişdir. 25 fevral 2023-cü il tarixdə, saat 18 radələrində yaşadığı Xaçmaz şəhəri, S.Qurbanov küçəsində olan zaman həmin vaxt tapdığı, içərisində narkotik vasitə qurudulmuş marixuana olan büküm də üzərində olmuşdur. Həmin vaxt iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Həmin vaxt ətrafda azyaşlı uşaqlar, küçədə çoxlu avtomobillər və vətəndaşlar olduğundan onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Xaçmaz RPŞ-də ona müdafiəçi təqdim edilmiş və hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd folqa kəsiyi bükümü aşkar edilərək götürülmüşdür. O, həmin bükümü Xaçmaz şəhəri ərazisində yerləşən “Zəfər” parkından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm müstəntiq tərəfindən götürülərək bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, zərfin üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilmişdir. O, üzərindən aşkar edilən narkotik vasitə olan qurudulmuş marixuananı Xaçmaz şəhəri ərazisində yerləşən “Zəfər” parkından tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona hər hansı bir zor tətbiq edilməmişdir. O, hər hansı bir şəxsə narkotik vasitə satmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid1 Bəybala oğlu ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, Xaçmaz RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 fevral 2023-cü il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. O dərhal bu məlumatı Xaçmaz Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və Xaçmaz RPŞ-nin rəisinin əmri ilə Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması məqsədilə o və RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə, yəni Şahid2 və ona hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 25 fevral 2023-cü il tarixdə onlar Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi küçədə, yəni Xaçmaz şəhəri, Səid Qurbanov küçəsində olduğunu müəyyən etmişlər və həmin küçədə Təqsirləndirilən şəxs yanına gedib yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs, barəsində Xaçmaz RPŞ-yə qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində saxlaması barədə məlumat daxil olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların təklifi ilə razılaşıb onlarla birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Xaçmaz RPŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi şöbənin İstintaq bölməsinin müstəntiqi Nemət Xasayevə həvalə olunmuş, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra sonuncuya dövlət büdcəsi hesabına müdafiəçi təqdim edilmiş və bundan sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı müstəntiq X13 Bayramova üzərində olan bütün əşyaları otaqda olan masanın üzərinə qoymasını təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd folqa kəsiyi bükümünü çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Bundan sonra müstəntiq, Təqsirləndirilən şəxs təqdim etdiyi folqa kəsiyi bükümünün içərisinə baxan zaman bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olmasını görmüşlər. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq təqdim etdiyi bükümün içərisində olan bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə narkotik vasitə satmadığını və həmin marixuananı Xaçmaz şəhəri ərazisində yerləşən “Zəfər” parkından tapdığını bildirmişdir. Bundan sonra içərisində marixuana olan büküm müstəntiq tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir başqa əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış prosesi Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X6 tərəfindən əvvəldən axıradək videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olsa da, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamışdır. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsi yaşadığı evin olduğu küçədə saxlamışlar, həmin vaxt təqsirləndirilən şəxs tək olmuş, lakin ətrafda insanlar olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 25 fevral 2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın keçirilməsinin videoçəkilişinin qeydə alındığı DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi X3 RPŞ-nin NMQnunn əməliyyat müvəkkili Şahid2, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 Bəybala oğlu, X6 və Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Xaçmaz RPŞnin inzibati binasındakı xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Rafık oğluna təklif olunur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd gümüşü rəngli folqa kəsiyi bükümünü çıxararaq otaqda olan masanın üzərinə qoyur. Aşkar edilmiş bir ədəd gümüşü rəngli folqa kəsiyi bükümünün içərisinə baxılan zaman orada yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq suala cavab olaraq həmin bükümdə olan maddənin narkotik vasitə qurudulmuş marixuana olmasını və marixuana adlandırdığı həmin bitki kütləsini Xaçmaz şəhərində yerləşən “Zəfər” parkından taparaq özünün istifadə etməsi üçün üzərində gəzdirdiyini, heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində yaşıl rəngli bitki kütləsi olan bir ədəd folqa kəsiyi bükümü müstəntiq tərəfindən ekspertizaya təqdim edilməsindən ötrü bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi Xaçmaz RPŞ-nin X6 tərəfindən əvvəldən axıradək videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2023-cü il tarixli, 7/299 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd folqa kağız bükülüdə təmiz çəkisi 12,320 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanadan təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 12,270 qram təşkil etmişdir. İş materiallarında olan 01 mart 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və 07 iyun 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 12,320 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 12,270 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınmış və Xaçmaz RPŞnin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 01 iyun 2023-cü il tarixli, 3377 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qurudulmuş marixuana narkotik vasitəsini haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin və yaxud psixotrop maddələrin satışı ilə məşğul olması barədə Xaçmaz RPŞ-yə heç bir məlumat daxil olmamışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 5(067)- 50/2023 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsi barədə “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 25 fevral 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 07 iyun 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi köçürülmüş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 12,320 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı idarəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs subaydır. Onun barəsində İdarəyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 25 fevral 2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsinə dair 27 fevral 2023-cü il tarixli qərardan, xx.xx.2023-cü il tarixli iltizamdan, “Axtarışda olan şəxsin tutulması barədə” 27 may 2023-cü il tarixli protokoldan və təqsirləndirilən şəxsin tutulmadan azad edilməsi haqqında 29 may 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 04 (dörd) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olma (tutulma) müddəti, yəni 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 08 (səkkiz) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 iyul 2023-cü il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1, 17-1.1, 17-1.5 və 17-1.6-cı maddələri azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin cəza müddəti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən müalicəsinin həyata keçirilməsini istisna etmir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş təmiz çəkisi 12,320 qram olmuş qurudulmuş marixuana narkotik vasitəsindən tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 12,270 qram təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 12,320 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 12,270 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,270 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 08 (səkkiz) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,270 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar