Məhkəmə qərarları › İş №1(067)-134/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-134/2025

01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-134/2025 01.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 05 avqust 2001-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 28 mart 2025ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs ilə mobil telefonla danışan zaman sonuncunun ona qarşı nalayiq ifadələr işlətməsinin səbəbini aydınlaşdırmaq məqsədi ilə Xaçmaz rayonu, Xanlıqoba- Çarxı yolunda Çarxı kəndinin girişindən 200 metr məsafədə, kəndin mərkəzinə doğru gedən yolun sağ kənarında, açıq sahədə Zərərçəkmiş şəxsla görüşdükdən sonra orada zərərçəkmiş şəxsin ondan üzr istəməsinə baxmayaraq heç bir əsaslı səbəb olmadan öz üstünlüyünü nümayiş etdirmək məqsədilə kənar şəxslərin gözləri qarşısında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənə və qarşılıqlı davranış qaydalarına saymazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək hadisə yerinə özü ilə gətirdiyi ucluğu iti olan “biz” alətinə bənzər dəmir parçasını silah qismində istifadə etməklə həmin dəmir parçası ilə Zərərçəkmiş şəxs sol bazu nahiyəsinə qəsdən bir zərbə vurub sonuncuya “sol bazu nahiyəsinin deşilmişkəsilmiş yarası" kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirmiş, bununla da o, ağırlaşdırıcı halda xuliqanlıq etmiş, yəni silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanımamış, ədavəti və ya düşmənçiliyi olmamışdır. Şahid1 da tanımamış, münasibəti normal olmuşdur. 27 mart 2025-ci il tarixdə saat 22 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən adını bilmədiyi kafedə tanışı Coşqunla birlikdə oturmuşdur. Orada Coşqun adlı tanışının yanında olan Ramil adlı tanımadığı şəxs də olmuşdur. Həmin vaxtı Ramilin istifadəsində olan telefona dayanmadan zəng gəldiyi üçün məcbur olub zəngə cavab vermiş, sonradan adını bildiyi Qüdrət adlı şəxs nalayiq ifadələrlə Ramili təhqir etmişdir. Ramil içkili olduğu üçün telefonu uzadaraq, Qüdrəti sabah görüşməyə dair başa salmağını xahiş etmişdir. Telefonda Qüdrətlə bir az söhbət etməyə çalışsa da, Qüdrət nalayiq ifadələrlə təhqir edib, Xaçmaz rayonu, Çarxı kəndində olmasını demişdir. Bu səbəbə görə Ramildən xahiş etmişdir ki, Çarxıya getsinlər. Ramil məcbur qalıb Coşqunla birgə istifadəsində olan, "Chevrolet" markalı avtomobillə Çar-xı kəndinə gətirmişdir. Çarxı kəndinə çatdıqda Qüdrət Ramilə zəng edərək, Çarxı kəndində onu gözlədiyini bildirmişdir. Ramil avtomobili kəndin mərkəzinə sürmüş və Qüdrəti yanında tanımadığı bir neçə nəfər şəxslə dayanmasını görmüşdür. 28 mart 2025-ci il tarixdə saat 02 radələrində Ramil Xaçmaz rayonu, Çarxı kəndi ərazisində gələnlərlə salamlaşmış və Qüdrətdən onu niyə təhqir etməsini soruşmuşdur. Qüdrət Ramildən üzr istəyərək içkili olması üçün səhv etməsini bildirmişdir. Ramil Qüdrətlə barışmışdır. Qüdrətdən niyə təhqir etməsini soruşmuş, Qüdrət də üzr istəmişdir. Buna baxmayaraq Qüdrəti 5-10 metr kənara çəkib, yenidən söhbət etmişdir. Həmin vaxtı digər şəxslər də orada olmuş, görmüş və səslərini eşitmişdirlər. Bu zaman Qüdrətdən yenidən niyə söydüyünü soruşanda, Qüdrət yenidən üzrxahlıq etmiş, lakin Qüdrətə “səni də söysəm necə olacaq?” demiş və bundan sonra heç bir səbəb olmadan paltarı ilə sağ biləyinin arasında saxladığı dırnaqtutanın iti uclu bıçaq hissəsi ilə Qüdrətin sağ qolundan bir dəfə vurmuşdur. Bundan sonra olanlar yadında olmamış, Qüdrəti vurandan sonra dərhal oradan uzaqlaşıb, Ramilin avtomobili ilə Xaçmaz şəhərinə qayıtmışdır. Həmin hadisə 2-3 dəqiqə ərzində baş vermiş. Kənarda bir neçə nəfər olmuş, onların müdaxiləsi olmadan mübahisə sona çatmışdır. Həmin dırnaqtutanı da Qüdrətə xəsarət yetirəndən sonra kənarda olan ağaclığa atmış, dəqiq yerini xatırlamamışdır. Hazırda törətdiyini əməldən səmimi peşmandır, zərərçəkmiş şəxslə barışmış, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc yaşda olmasını nəzərə alaraq ona həbslə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə yaşadığı ünvanda dostları Şahbaz və Kamal ilə birlikdə ad günü qeyd etdikdən sonra, axşam saat təxminən 24 radələrində yaşadığı evin yaxınlığında yerləşən işləməyən mağazanın qarşısına gəlmiş və orada dayanıb söhbət edərkən Fəqan adlı həmkəndlisi yaxınlaşmışdır. Fəqanla söhbət edən zaman Çarxı kəndində kafedə olan zaman, Ramil adlı şəxslə mübahisəsi düşməsini, Ramilin üzərinə gələrək, onunla mübahisə etməsini bildirmişdir. Bir az söhbət etdikdən sonra Fəqan yaşadığı ünvana getmiş, tanışları ilə Çarxı kəndinə pivə almaq məqsədi ilə getmişdirlər. Yol üstü tanışı Bilal özünə məxsus “QAZ 31” markalı avtomobili ilə götürmüş və Çarxı kəndinə aparan zaman Ramilə nömrəsini bildiyi üçün Fəqanla aralarında nə baş verdiyini soruşmaq məqsədilə zəng etmişdir. Ramil telefona cavab vermiş, bir az danışdıqdan sonra spirtli içkinin təsiri altında Ramili təhqir etmişdir. Həmin vaxt Ramilin yanında olan tanımadığı şəxs telefonu Ramildən götürərək mübahisə etdiyi üçün həmin şəxsi də təhqir etmişdir. Adını sonradan bildiyim Mübariz harada olduğunu soruşmuş, Çarxı kəndinə gəldiyini bildirmişdir. Mübariz də Çarxı kəndində görüşə biləcəyini bildirmişdir. 28 mart 2025-ci il tarixdə saat 02 radələrində adlarını sonradan bildiyi Ramil, Coşqun və Mübariz adlı şəxslər Çarxı kəndinə gəlmişdirlər. Görüş zamanı Ramil nə üçün söyüş söydüyünü soruşduqda sərxoş olduğunu bildirərək üzr istəmişdir. Ramil üzrünü qəbul etmiş, bundan sonra Mübariz də nə üçün söydüyünü soruşmuşdur. Mübarizdən də üzr istəmişdir. Burada həmin şəxslərlə olan mübahisəsi bitmişdir. Bu danışıqdan sonra Mübariz kənarda söhbət etmək istədiyini bildirmişdir. Buna görə heç bir əsaslı səbəb olmadan Mübariz üzrxahlığını qəbul etməyərək, öz üstünlüyünü nümayiş etdirmək üçün kənara çağırmış, bundan sonra Mübarizlə bir qədər aralıda söhbətləşməyə başlamışdır. Həmin vaxtı yanlarında gələn şəxslər onları görmüş, habelə söhbətlərini eşitmişdirlər. Söhbət əsnasında Mübariz təkrarən nə üçün söyüş söydüyünü soruşmuş, bir neçə dəqiqə əvvəl həmin sualı verdiyini və üzrxahlıq etməsini bildirmişdir. Mübariz isə bu sözlərinə cavab olaraq “ indi mən səni söysəm necə olar?” deyə qeyd etmiş, Mübarizə “3 dəfədir ki, səndən üzr istəyirəm” deyə qeyd etmiş, bu vaxt Mübariz dırnaqtutanın iti uclu bıçaq hissəsi ilə sol qol nahiyəsinə bir dəfə vurmuşdur. Bundan sonra Mübariz dərhal ora gələn şəxslərlə Ramilin idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Hazırda Mübarizlə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Mübarizin həbsdən azad olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla münasibəti normal olmuşdur. 27 mart 2025-ci il tarixdə axşam saatlarında Xaçmaz şəhərində yerləşən adını bilmədiyi kafedə tanışı Mübarizlə əyləşən zaman Ramil ona zəng edərək, Xaçmaz rayonu, Çarxı kəndində mübahisəsinin düşməsini və kömək etməyini xahiş etmişdir. Buna görə o, Ramilə içkili olmasını, yatmasını xahiş etmişdir. Lakin bundan sonra Ramil, onların əyləşdiyi kafeyə gəlmiş, orada Ramilin telefonuna tez-tez zəng gəlirmiş, Ramil isə telefonu açmaq istəmirmiş. Bundan sonra yenidən zəng gələndə Ramil məcbur qalıb telefonu açdı, telefonda olan tanımadığı şəxs Ramili nalayiq ifadələrlə təhqir etmişdir. Buna görə Ramil telefonu söndürmüşdü. Yenidən həmin şəxs telefona zəng edəndə Ramil Mübarizdən xahiş etmişdir ki, həmin şəxslə danışsın. Mübariz buna görə həmin tanımadığı, adını sonradan bildiyi Qüdrətlə danışmaq üçün telefonu açmışdı. Bu zaman Qüdrət Mübarizə də nalayiq ifadələr işlədib söyüşlər söymüşdü. Buna görə də, 28 mart 2025-ci il tarixdə saat 02 radələrində o, Mübariz və Ramil Ramilin idarə etdiyi “Chevrolet” markalı avtomobillə Xaçmaz rayonu, Çarxı kəndinin girişinə gəlmişlər. Yolun kənarında avtomobili saxlayıb düşəndə, qarşı tərəfdən bir neçə nəfər şəxsin gəlməsini görmüşlər. Bu zaman Ramil söyüşün kimin söydüyünü soruşmuş, Qüdrət söyüş söyən şəxsin özü olmasını bildirmiş, Ramildən üzr istəmişdir. Ramil buna görə onu bağışlamış və onlar barışmışlar. Mübariz də Qüdrətdən nə üçün onu söyməsini soruşanda, Qüdrət Mübarizdən də üzr istəmişdir. Bundan sonra Mübariz Qüdrətə “kənara çəkilək söhbət edək” demiş, buna görə onlar 5-10 metr kənara çəkilmişlər. Hava qaranlıq olsa da, onları aydın görürmüş və səslərini eşidirmiş. Mübariz Qüdrətə “indi səni söysəm necə olar dedi” və Qüdrətin qoluna hansısa əşya ilə vurmuşdu. Onlar ayrıldılar, müdaxilə edilməsinə ehtiyac qalmamışdır. Bundan sonra Mübariz gəlib avtomobilə əyləşmişdi. O və Ramil də avtomobilə əyləşərək, Xaçmaz şəhərinə geri qayıtmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs da tanımamışdır. Elektronika məhsullarının təmiri ilə məşğul olmuşdur. xx.xx.2025-ci il tarixdə təxminən saat 22 radələrində kəndi olan Xaçmaz rayonu, Çarxı kəndində qəbiristanlıq yaxınlığında yerləşən kafedə tək oturmuş, sonradan kafeyə tanımadığı şəxslər gəlmiş və istəmədən onların ofisiantla söhbətlərini eşitmişdir. Həmin şəxslərin kabab sifariş vermək istəmələrini, lakin kifayət qədər pulları olmadıqları məlum olmuş, yaxşılıq etmək məqsədi ilə ofisiantı yanına çağıraraq, onların hesabını verəcəyini bildirmişdir. Təxminən bir saat sonra ofisiant yaxınlaşaraq həmin masanın 31 manat borcu olduğunu bildirmiş və həmin oğlanın kart hesabına 31 manat pul yollamışdır. Bir neçə dəqiqədən sonra adının sonradan Fəqan olduğunu öyrəndiyi şəxs əlində təsbeh ilə gələrək, onların yerinə niyə hesabı ödədiyini soruşmuşdur. Sakit formada Fəqana təsbehi cibinə qoymasını və dostluq üçün pulu ödədiyini, xoşlarına gəlmədisə üzr istəyərək pulunu ofisiantdan götürə biləcəyini bildirmişdir. Fəqan ilə bu yönümdə söz mübahisəsi yaranmışdır. Bundan sonra heç kimin müdaxiləsi olmadan oradan çıxaraq getmişlər. Evinə gedərkən, evdən zəng olunaraq işıqların kəsilməsini və generatorun yanacağının az olmasını bildirmişdirlər. Belə ki, 2011- ci il təvəllüdlü Nuray adlı qızı ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkdiyi üçün Nuray aparata bağlıdır və aparatın işləməsi üçün daimi elektrik cərəyanına ehtiyac vardır. Bu səbəblə yarı yoldan qayıdaraq Çarxı kəndində ki, elektrik yarım stansiyasına getmişdir. Orada işıqların qısa müddətə bərpa olunacağını və Xaçmaz şəhərindən kran gəldiyini bildirmişlər. Elektrik yarım stansiyasında olan zaman, tanımadığı nömrədən zəng olunaraq adının Ramil olduğunu soruşmuşlar. Bundan sonra zəng edən şəxsin Qüdrət olmasını bilmişdir. Belə ki, Qüdrətin dayısı Şaban ilə daimi dost münasibəti olmuş, Qüdrəti də oradan tanımışdır. Orada Qüdrət mobil nömrəsini götürmüşdür ki, elektrik işləri lazım olanda əlaqə saxlasın. Zəng edən Qüdrət biraz danışandan sonra Fəqanla arasında olan mübahisəni əsas gətirib ünvanına içkili olduğu üçün nalayiq ifadələr işlətmiş və söhbətə çağırmışdır. Qüdrətdən nə söhbəti deyə soruşduqda, Fəqan ilə olan mübahisəyə görə çağırdığını bildirmişdir. Qüdrətə içkili olduğunu və sabah görüşə biləcəyini bildirmişdir. Sonra zəngi söndürmüş və gələn zənglərə cavab verməyərək, Xaçmaz şəhərinə gəlmişdir. Xaçmaz şəhərində adını bilmədiyi kafedə tanışı Coşqunla birlikdə oturmuşdur. Orada Mübariz adlı tanımadığı şəxs də olmuşdur. Həmin şəxs dayanmadan zəng etdiyi üçün məcbur olub zəngə cavab vermişdir. Sonradan Qüdrət yenidən təhqir edərək, Çarxı kəndinə gəlməyini bildirmişdir. Yanında əyləşən Mübariz adlı şəxsə telefonu uzadaraq, Qüdrəti sabah görüşməyə dair başa salmasını xahiş etmişdir. Mübariz telefonda Qüdrətlə bir az söhbət etməyə çalışsa da, Qüdrət Mübarizi də nalayiq ifadələrlə təhqir etmişdir. Bu səbəblə məcbur olub istifadəsində olan "Chevrolet" markalı avtomobillə Çarxı kəndinə Mübariz və Coşqunla birlikdə gəlmişdir. Qüdrətin yanında 5-6 nəfər şəxslə dayanmasını görmüşdür. Oraya çatdıqda salamlaşmış və Qüdrətdən niyə təhqir etməsini soruşmuş, Qüdrət üzr istəyərək, hanısı söyüşü söyübsə özünə getməsini bildirib, içkili olması üçün səhv etməsini bildirmişdir. Qüdrətlə barışmış və qucaqlaşmışdırlar. Yanında olan Mübariz də Qüdrətdən onu niyə təhqir etməsini soruşmuş, Qüdrət Mübarizdən də üzr istəmişdir. Lakin Mübariz məsələnin üzrlə keçməyəcəyini bildirib Qüdrətə “kənara çəkilək söhbət edək” demiş, buna görə onlar 5-10 metr kənara çəkilmişdirlər. Hava qaranlıq olsa da, onları aydın görmüş, səslərini eşitmişdir. xx.xx.2025-ci il tarixdə saat 02 radələrində Mübariz Qüdrətə “indi səni söysəm necə olar” demiş və Qüdrətin qoluna dəmir əşya ilə vurmuşdur. Onlar özləri ayrılmışdırlar. Bundan sonra Mübariz gəlib avtomobilə əyləşmiş, əyləşəndə “mən Qüdrəti nakazat elədim, artıq gedə bilərik” demişdir. Ramil ilə birlikdə avtomobilə əyləşmiş, sonra Xaçmaz şəhərinə geri qayıtmışdırlar. Mübarizin üzərində olan dəmir parçasından xəbəri olmamış, Mübariz bu barədə heç nə deməmişdir. Coşqun və Mübarizlə oraya gedəndə dalaşmaq və ya kiməsə xəsarət yetirmək niyyətləri olmamışdır. Qüdrət hadisə yerində üzr istəmişdir. Lakin Mübariz həmin üzrü qəbul etməmiş, ayrıca Qüdrətlə kənarda mübahisə etmiş, Qüdrətin qoluna dəmir əşya ilə xəsarət yetirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyə ərizə göndərərək ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasına üzürlü səbəblərə görə gələ bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsindən müəyyən edilir ki, o, Təqsirləndirilən şəxs tanımamış, Zərərçəkmiş şəxs tanımışdır. xx.xx.2025-ci il tarixdə saat 01 radələrində yaşadığı ünvandan istifadəsində olan “QAZ 31105” markalı “**-XK-***” nömrəli avtomobili ilə Xaçmaz şəhəri istiqamətinə dükandan siqaret almaq üçün getmişdir. Yolda gedən zaman kəndçiləri Kamal, Qüdrət, Şahbaz, İxtiyar və Araz yolun kənarında dayanıb, əl etmişlər. Buna görə avtomobili saxlamış, Qüdrət ön sərnişin oturacağına əyləşib, Çarxı kəndi tərəfə gedəndə həmin kənddə düşürməklərini xahiş etmişdir. Onlardan gecənin bu saatında nə üçün getmələrini soruşanda, Qüdrət pivə almağa getmələrini bildirmişdir. Buna görə onlardan şübhələnməmiş, birlikdə Xaçmaz rayonu, Çarxı kəndi istiqamətində getmişlər. Yolda Qüdrət tanımadığı şəxsə zəng edərək, nalayiq ifadələr işlətmişdir. Bundan sonra həmin şəxslə aralarında telefonda mübahisə düşmüşdür. Qüdrət Çarxı kəndində onunla görüşəcəyini bildirmişdir. Həmin kəndin girişinə çatanda yolun kənarında Qüdrət maşını saxlatmış, birdən nəsə problem olar deyə onlar ilə birgə avtomobildən düşmüşdür. xx.xx.2025-ci il tarixdə saat 02 radələrində qarşılarında digər “Chevrolet” markalı avtomobil saxlamış, 3 nəfər şəxs avtomobildən düşüb yanlarına gəlmişdir. Bu zaman adını sonradan bildiyi Ramil adlı şəxs onu kimin söydüyünü demiş, Qüdrət söyən şəxsin özü olmasını, içkili olması səbəbindən bilmədən etməsini deyib, Ramildən üzr istəmişdir. Ramil Qüdrət ilə barışmış, onlar arasında mübahisə bitmişdir. Bundan sonra adını sonradan bildiyi Mübariz adlı şəxs də söyüş söyənin kim olmasını soruşanda, Qüdrət Mübarizdən də üzr istəyib, söyüş söyənin özü olmasını, içkili başla nə dediyini bilmədiyini bildirmişdir. Mübariz də Qüdrətə heçnə deməmiş, onunla barışmışdır. Mübariz əsəbi olduğu üçün Kamal Mübarizin yanına gəlib onu kənara çəkib, Qüdrətin səhv etdiyini, cavan olmasını, Qüdrətin onsuz da üzr istəməsini, mübahisənin bitməsini demişdir. Mübariz Kamalla razılaşmış, lakin bu söhbət bitdikdən sonra Mübariz qəflətən söhbət bitsə də, yenidən Qüdrətin yanına gəlib nə üçün təhqir etməsini demiş, bundan sonra onlar əlbəyaxa olmuş, Mübariz əlində nə iləsə Qüdrətin sol qolundan vurmuşdur. Bundan sonra hərə öz gəldiyi avtomobilə əyləşib geri qayıtmışdır. Hadisə 2-3 dəqiqə ərzində olmuş, həmin mübahisəni oraya gələn şəxslər ayırmışdırlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyə ərizə göndərərək ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasına üzürlü səbəblərə görə gələ bilmədiyini bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4, Şahid5 və Şahid6 da eyniməzmunlu ifadə verərək, Şahid3 dediklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən baxış protokolundan görünür ki, hadisə yeri Xaçmaz rayonu, Çarxı kəndindən Xanlıqoba kəndi istiqamətində gedərkən Xaçmaz rayonu, Çarxı kəndi istiqamətində kəndin mərkəzinə doğru istiqamətdə kəndin girişindən 200 metr məsafədə yolun sağ kənarında açıq sahədə yerləşir. Həmin yer asfalt yolun kənarı, yol çiynidir. Yer daşlıq olmaqla, nahamardır. Baxışda iştirak edən Şahid6 əli ilə həmin yeri göstərərk, 28 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs əlindəki dəmir əşya ilə Zərərçəkmiş şəxs xəsarət yetirməsini bildirmişdir. Hadisə yerindən heç bir barmaq izi və ya predmet götürülməmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertizasının xx.xx.2025-ci il tarixli 170 nömrəli rəyində göstərilmişdir ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol bazu nahiyəsinin kəsilmiş-deşilmiş yarası deşici-kəsici alətin təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd oluntluğu kimi xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən 10 iyun 2025ci il tarixdə Zərərçəkmiş şəxs notariat qaydada təsdiqlənmiş ərizə ilə Xaçmaz RPŞ-nə müraciət edərək, ona dəymiş ziyanın tam ödənilməsini, Təqsirləndirilən şəxs heç bir şikayətinin olmamasını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən xx.xx.2025-ci il tarixli DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini və digər sənədləri sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə, xuliqanlıq - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi: İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür; ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür; cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür; xuliqanlıq cinayəti gedişində şəxslərə zor tətbiq edilməsi dedikdə, zərərçəkən şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, bu Məcəllənin 221.1-ci və ya 221.2ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda həmin Məcəllənin 221.3-cü maddəsinin tərkibini yaradır. Bu maddənin məzmunundan görünür ki, şəxsin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməli olması haqqında nəticəyə gəlmək, yəni törədilmiş əməlin göstərilən maddə ilə tövsif edilməsi üçün aşağıdakı üç halın birgə mövcudluğu müəyyən edilməlidir: əməlin xuliqanlıq cinayətinin əlamətlərini özündə ehtiva etməsi (CM-nin 221.1-ci maddəsi), yaxud xuliqanlığın tövsifedici əlamətlərlə törədilməsi (CM-nin 221.2-ci maddəsi); belə əməllərin törədilməsi zamanı silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməsi; şəxsin 2-ci bənddə göstərilən əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq etməsi, yaxud özgənin əmlakını məhv etməsi və ya zədələməsi. Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə bu maddədə nəzərdə tutulmuş nəticələrin baş verməsi – zərərçəkmişə qarşı fiziki zorun tətbiq edilməsi və ya əmlakın zədələnməsi və ya məhv edilməsi ilə müşayiət olunmalıdır. Bu o deməkdir ki, belə hallarda silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə nəticəsində zərərçəkmiş şəxsə fiziki ağrı və ya onun sağlamlığına dərəcəsi təyin olunmayan xəsarətlər və ya müxtəlif dərəcəli zərər yetirilməli, yaxud o, həyatdan məhrum edilməli, habelə onun əmlakı zədələnməli və ya məhv edilməlidir ki, əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməsi və bu maddə ilə tövsif edilməsi üçün nəticəyə gəlmək olsun. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin notarial qaydada təsdiqlənmiş ərizəsindən və məhkəmə istintaqı zamanı verdiyi ifadədən müəyyən edilir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onun həbs edilməsini istəmir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa çalışmış, ətrafındakılara qarşı mehriban olmuşdur. Çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə qeyd edir ki, yalnız cinayət qanunu normalarının tələblərinə əməl olunmaqla təyin edilmiş, həm təqsirkara münasibətdə, həm də obyektiv müşahidəçinin baxışında ədalətli olan cəza öz sosial təyinatını səmərəli şəkildə yerinə yetirə, cinayət törətmiş şəxsə münasibətdə islahedici, digər şəxslərə münasibətdə xəbərdaredici rolunu oynaya bilər. Təsvir edilən cinayət-hüquqi normalardan göründüyü kimi, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsaslarınvə bu əsaslarla uzlaşan hər bir təqsirkara şəxsə aid konkret faktiki halların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, zərərçəkmiş şəxslə barışmasını, cinayətin ilkin olaraq zərərçəkmiş şəxsin hüquqazidd davranışı nəticəsində törədilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 14 aprel 2025-ci il tarixli protokoldan, Xaçmaz rayon məhkəməsinin 16 aprel 2025-ci il tarixli 4(067)-58/2025 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs 14 aprel 2025-ci il tarixdən bu günədək həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 14 aprel 2025-ci ildən bu günədək, yəni 04 ay 18 gün həbsdə olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 04 (dörd) ay 18 gün müddət, ona təyin olunacaq cəzadan çıxılmalıdır. Qeyd olunanlarla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların məcmusunu, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, zərərçəkmiş şəxslə barışmasını, törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etdiyindən, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə şərti məhkumetmə barədə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM maddə 41.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsində şərti məhkumetmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM maddə 70.1). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür. Birlikdə götürülməklə şərti məhkumetmə və cəza təyin etmənin ümumi əsaslarına dair normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkumetmənin tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən, cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci madəsinə əsasən, məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən edilməli və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən, şərti məhkumetmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkumetmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 dekabr 2010cu il tarixli Qərarında göstərilir ki, şərti məhkumetmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkumetmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkumetmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə, məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkumetmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir; Məhkəmə şərti məhkumetmə tətbiq edilən şəxsə sınaq müddəti müəyyən edir. Cinayət Məcəlləsinin 70.3-cü maddəsində şərti məhkumetmənin sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilmişdir. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını, yəni onda qanuna, cəmiyyətə, birgəyaşayış qayda və ənənələrinə hörmət hissinin yaranmasını və onlara riayət edilməsini sübut etməlidir. Təqsirləndirilən şəxs təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 aprel 2025-ci il tarixdən 01 sentyabr 2025-ci il tarixədək həbsdə olduğu 04 ay 18 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, 04 ay 18 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 12 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti təyin edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar