Məhkəmə qərarları › İş №1(067)-135/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-135/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-135/2022 21.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkən şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə 15 avqust 1993-cü ildə Xaçmaz rayonunun Krasnı-Xutor kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Şıxlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 22 may 2022-ci il tarixdə, saat 09:30 radələrində işıqlı və quru hava şəraitində özünə məxsus “BMW 523İ” minik markalı, ** UC *** qeydiyyat nişanlı avtomobili idarə edib Xaçmaz rayonu, Uzunoba kənd yolu ilə Xaçmaz rayonu, Nərəcan kəndi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riyayət etməmiş, həmçinin «Yol hərəkəti haqqında» Azərbayean Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərini pozmaqla avtomobili yaşayış məntəqəsindən kənarda maksimum icazə verilən 90 km/saat sürətdən artıq sürətlə idarə edib həmin yolun 3-cü km-də avtomobili yolun əks hərəkət zolağına çıxarıb qarşıdan gələn Şahid1 idarə etdiyi “QAZ-33021” furqon markalı, ** BU *** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “QAZ-33021” furqon markalı avtomobildə sərnişin olmuş Zərərçəkmiş şəxs sağ mil sümüyünün açıq sınığı, 6,8,9-cu döş fəqərə cisimlərinin, sağ 2,4,5 və 7-ci qabırğaların orta körpücük xətt üzərində sınıqları, 6-cı döş fəqərəsinin arkusunun və köndələn çıxıntısının sınığı, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi və sol said nahiyəsinin qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər alması ilə nəticələnən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində yerləşən avtomobil təmiri sexində usta köməkçisi işləyir. Onun özünə məxsus “BMW 523İ” minik markalı, ** UC *** qeydiyyat nişanlı avtomobil var və o özünə məxsus həmin avtomobili «BC» dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. 22 may 2022-ci il tarixdə, təxminən saat 09 radələrində yaşadığı kənddə əmisi oğlu Əli ilə görüşmüş və sonuncu ona məxsus “BMW 523İ” minik markalı avtomobildə ön sağ oturacaqda əyləşdikdən sonra o, sükan arxasındə əyləşib avtomobilini idarə edərək Xaçmaz rayonunun Uzunoba kənd yolu ilə Xaçmaz rayonunun Nərəcan kəndi istiqamətində getmişdir. İşə tez çatması üçün avtomobili saatda 110 km sürətlə idarə etmişdir. Nərəcan-Uzunoba kənd yolunda olan yolun döngəli hissəsinə çatanda görmüşdür ki, onunla eyni istiqamətdə tanımadığı şəxsin idarə etdiyi motoblok gedir. Motobloku vurmamaq üçün o, əyləci basmış və avtomobili sola istiqamətlənib əks hərəkət zolağına çıxaraq qarşıdan gələn “QAZ 33021” furqon markalı, ** BU *** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bundan sonra baş verənləri xatırlamamış və özünə gələndə görmüşdür ki, Xaçmaz rayon mərkəzi xəstəxanasındadır. Xəstəxanada ona tibbi yardım göstərilmiş, səhəri gün isə o, xəstəxanadan evə buraxılmışdır. Hadisə ərəfəsində idarə etdiyi avtomobilin salonunda əmisi oğlu Əli olmuş, avtomobili idarə edərkən spirtli içki qəbul etməmiş və tam ayıq vəziyyətdə olmuşdur. Onun Qaz 33021 furqon markalı ** BU *** qeydiyyat nişanlı avtomobili görməsi və həmin avtomobillə toqquşması təxminən 2 saniyə ərzində baş vermişdir. Həmçinin mülki iddianı qəbul etməyərək bildirmişdir ki, zərərçəkmişin müalicə xərclərini atası çəkmiş, müalicəsinə nə lazımdırsa edilmiş, müalicə xərcləri ilə bağlı qəbzləri də vardır. Mülki iddia ilə tələb olunan 8000 manat sübut olunmalıdır ki, zərərçəkmiş-mülki iddiaçı bu məbləğdə pulu hara, nəyə görə xərcləmişdir. Zərərçəkmişə qəpiyinə kimi xərcləmişdir. O, aldığı xəsarətlərlə bağlı özü heç xəstəxanada yatmamış, evdə müalicə almışdır. Bakı şəhərində xəstəxanada zərərçəkmişin qolundakı sınığın müalicəsinin pulu onun tərəfindən ödənilmiş, lakin bununla bağlı onlara çek verilməmişdir. Zərərçəkmiş şəxsin müalicəsinə ümumilikdə nə qədər xərc çəkdiyini bilmir. Zərərçəkmişin qolunun müalicəsinə görə 1200 manat ödəmişlər, zərərçəkmişin müalicəsinə təxminən 2000-3000 manat pul xərcləmişlər. Mülki iddia ilə tələb olunan 8000 manat məbləği ödəmək üçün onun gəliri çox azdır, zərçəkmişə ondan şikayətçi olmasın deyə heç bir pul vəsaiti ödəməyə maddi imkanı yoxdur. Əlavə olaraq bildirmişdir ki, mülki iddianı qəbul etmir. Həmçinin ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hazırkı cinayət işi ilə əlaqədar baş vermiş yol qəzası hadisəsi günü səhər saatlarında o, baldızı Sevil və sonuncunun oğlu Əmranla birlikdə sonuncunun idarə etdiyi avtomobil ilə işə getmişlər. Yolda gedərkən təqsirləndirilən idarə etdiyi avtomobil ilə sürətlə qarşılarına çıxmışdır. Əmran idarə etdiyi avtomobili sağa çəkərək saxlayanda təqsirləndirilənin avtomobili gəlib Əmranın avtomobilinə dəymişdir. Bundan sonra o, baş verənləri xatırlamamışdır. O, özünə gələndə isə görmüşdür ki, avtomobildən çöldə, yerdə uzanmış vəziyyətdədir. Sonra o, Sevil və təqsirləndirilən şəxs başqa avtomobil ilə Xaçmaz RMX-yə aparılmışlar. Onu hadisə yerində qucaqlarına götürərək avtomobilə qoymuşlar. Xaçmaz RMX-da bir gün qaldıqdan sonra onu Bakı şəhərinə xəstəxanaya göndərmişlər, o, orada qalaraq müalicə olunmuşdur. Həmçinin bildirmişdir ki, təqsirləndirilən tərəfindən Bakı şəhərindəki xəstəxanaya aparılmış, orada qoluna “İlizarov” aparatı qoyulmuş, xərcini təqsirləndirilən tərəf ödəmiş, Qusar şəhərindəki “OKİ” klinikasına da aparmışlar, orada da müayinə xərcini təqsirləndirilən çəkmişdir. Lakin o, aldığı xəsarətlərə görə xəstəxanada ağrılar çəkmiş, təqsirləndirilən tərəf xəstəxanaya yanına gəlib-getməmiş, sonradan müalicəsinə köməklik etməmişdir. Qusar şəhərindəki klinikada ona hadisə zamanı fəqərələrinin zədələndiyini, əməliyyat olunmalı olduğumu bildirmişlər, o, əməliyyat olunmalıdır. Mülki iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin təqsirləndirilən şəxsmülki cavabdeh ona müalicəsi ilə bağlı vəsait ödəmədiyindən və mülki iddianı qəbul etmədiyindən təqsirləndirilən şəxsə münasibətdə dövlət ittihamçısının təklif etdiyi cəza ilə razı olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, 22 may 2022-ci il tarixində, səhər saat 9-10 arası oğlu Əmrana məxsus avtomobil ilə Əmran, o və qardaşının arvadı olan iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs birlikdə təsərrüfatlarında işləməyə getmişlər. Xaçmaz rayonunun Uzun-oba kəndi yolu ilə avtomobillə hərəkətdə olarkən yolun döngəli hissəsində qarşıdan çox sürətlə gələn təqsirləndirilənin idarə etdiyi BMW markalı avtomobili görmüşlər, oğlu Əmran idarə etdiyi avtomobili yolun sağına sürüb əyləcə basaraq saxlamış, lakin təqsirləndirilənin idarə etdiyi avtomobil onların avtomobili ilə toqquşmuş, zərbədən onlar üçü də olduqları avtomobilin şüşəsindən çölə yıxılmış və ayağa qalxanda görmüşlər ki, zərərçəkmiş Sevda qan içində, uzanmış vəziyyətdə qalıb, oğlunun isə ayağı sınmışdır. Yoldan keçən bir avtomobil saxlayaraq onları Xaçmaz RMXyə aparmışdır. O və oğluna ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışlar, Sevdanın vəziyyəti isə ağır olduğundan xəstəxanada saxlanılmışdır. Hadisə zamanı oğlu və o, xəsarət almışlar, oğlunun avtomobili əzilmiş, lakin təqsirləndirilən onlara heç bir yardım göstərməmiş, yardım təklif etməmişdir. Onlar təsərrüfatlarında dolanışıq üçün işləməyə gedərkən təqsirləndirilən avtomobili yüksək sürətlə sürüb hadisəni törətmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, səhər saat 10 radələrində o, anası Sevil və dayısının arvadı olan iş üzrə zərərçəkmiş Sevda onun avtomobili ilə işləməyə getmişlər. Gedərkən Xaçmaz rayonunun Uzun-oba kəndi yolunda təqsirləndirilən şəxsin idarə etdiyi BMW markalı avtomobilin sürətlə gəldiyini görmüş, qarşıda həm də motoblok hərəkətdə olmuş, o, əyləci basaraq avtomobili yolun tam sağına çəkmiş, lakin təqsirləndirilən avtomobili ilə döngədə onun idarə etdiyi avtomobilə çırpılmış, onlar xəsarətlər almışlar. Sevdanı Bakı şəhərində xəstəxanaya aparmışlar, sonuncunun qoluna “İlizarov” aparatı qoyulmuş, sonra isə Qusar şəhərində “OKİ” klinikasına aparılaraq müayinədən keçirilmişdir. Həmçinin bildirmişdir ki, zərərçəkmişə vurduğu xəsarətlərlə bağlı təqsirləndirilən şəxs tərəfindən yalnız bu ikisinin, yəni “İlizarov” aparatının qoyulması və klinikada müayinədən keçirilməsinin xərcləri ödənilib. Təqsirləndirilən tərəfdən zərərçəkmişə, onlara gəlib baş çəkilməmiş, maraqlanmamışlar, müalicələrinə xərcləri özləri çəkmişlər. Təqsirləndirilənin əməli nəticəsində onun avtomobilinə 8000 manat ziyan dəymiş, həmin avtomobili 3000 manata satmalı olmuşdur. Zərərçəkmiş Bakı şəhərində xəstəxanada təxminən iyirmi gün müalicə olunmuş, o və anası isə evlərində müalicə olunmuşlar. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə birlikdə səhər saatlarında işə getmişlər. Uzunoba kəndi yolunda hərəkətdə olarkən qarşılarında motoblok getmişdir. Qədir həmin motobloku vurmamaq üçün avtomobili yolun sol tərəfinə qaçırmış və bu zaman qarşıdan gələn “QAZEL” avtomobili ilə, yəni Şahid1 avtomobili ilə toqquşmuşdur. İş materiallarında olan 22 may 2022-ci il tarixli 2757 saylı raportdan müəyyən edilir ki, həmin tarixdə, saat 12:45 radələrində Xaçmaz RMX-nın tibb bacısı Əliyeva Xaçmaz RPŞ-nin növbətçi hissəsinə zəng edərək iş üzrə Zərərçəkmiş şəxs “sağ mil sümüyünün tupik yerdən qəlpəli yerinidəyişən açıq sınığı, döş qəfəsinin küt travması, alın nahiyəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 22 may 2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən müəyyən edilir ki: Hadisənin baş verdiyi yer Xaçmaz rayonunun Uzunoba kənd yolunun 3-cü kmdir. Hadisə yerinin baxışı şərti olaraq Xaçmaz rayonunun Nərəcan kəndi istiqamətində aparılmışdır. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi asfalt-beton örtüklü, quru, hamar, çala-çuxursuz olmaqla nəqliyyat vasitələrinin iki tərəfli hərəkəti üçün nəzərdə tutulmuşdur və Xaçmaz rayonunun Uzunoba kəndi istiqamətində götürdükdə yol kəskin döngəlidir, yolun kənarı kollarla əhatə olunmuşdur və toqquşma yerindən yolun döngəli hissəsinədək məsafə 50 metrdir. Həmin yerdə yolun hərəkət hissəsinin eni 6,8 metrdir. Sağ tərəfdə olan otluq sahənin eni 1,4 metr, sol tərəfdə olan otluq sahənin eni isə 1,3 metrdir. Yolun hərəkət hissəsində ön tərəfi sola maili dayanmış BMW 5231 minik markalı, ** UC *** qeydiyyat nişanlı avtomobil, yolun sol kənarında isə ön tərəfi Nərəcan kəndi istiqamətində sağa maili dayanmış Qaz-33021 furqon markalı, ** BU *** qeydiyyat nişanlı avtomobil olmuş və hər iki avtomobilin ön tərəfi tamamilə deformasiyaya uğramışdır. Yolun hərəkət hissəsində BMW 5231 minik markalı avtomobilə aid tormoz izi 48 metrdir və Nərəcən kəndi istiqamətində götürdükdə yolun sol hərəkət zolağında avtomobillərə aid sürtünmə izləri və yağ izləri vardır, həmin izlərin olduğu yerdən yolun sol hərəkət zolağının kənarınadək olan məsafə 2,4 metr, döngəyədək isə 50 metrdir. Hadisə ərəfəsində Qaz-33021 furqon markalı, ** BU *** qeydiyyat nişanlı avtomobil Uzunoba kəndi istiqamətində, BMW 5231 minik markalı, ** UC *** qeydiyyat nişanlı avtomobil isə Nərəcan kəndi istiqamətində hərəkətdə olmuşdur. Avtomobillər texniki cəhətdən saz olmuş, avtomobillərdə yük olmamışdır. Hadisənin baş verdiyi yer yaşayış məntəqəsi deyildir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2022-ci il tarixli, 8/1575 №-li ekspert rəyindən müəyyən edilir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən BMW 523İ minik markalı, ** UC *** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsindən kənarda maksimum icazə verilən 90 km/saat sürətdən artıq, yəni 110 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin 09 iyun 2022-ci il tarixli, 327 №-li ekspert rəyindən müəyyən edilir ki, 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və adına tərtib edilmiş tibbi sənədlərdə qeyd olunanlara əsaslanaraq: onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ mil sümüyünün açıq sınığı, 6,8,9-cu döş fəqərə cisimlərinin, sağ 2,4,5 və 7-ci qabırğaların orta körpücük xətt üzərində sınıqları, 6cı döş fəqərəsinin arkusunun və köndələn çıxıntısının sınığı, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi və sol said nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin 22 may 2022-ci il tarixli, 300 №-li ekspert rəyindən müəyyən edilir ki, 1991-ci il təvəllüdlü Şahid1 məhkəmə-tibbi müayinəsinə və adına tərtib edilmiş tibbi sənədlərdə qeyd olunanalara əsaslanaraq: onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - boyun və sol said nahiyələrinin sıyrıqları, hər iki aşıq-topuq oynağı nahiyələrinin hematomaları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin 06 iyun 2022-ci il tarixli, 326 №-li ekspert rəyindən müəyyən edilir ki, 1972-ci il təvəllüdlü Şahid2 məhkəmə-tibbi müayinəsinə və adına tərtib edilmiş tibbi sənədlərdə qeyd olunanlara əsaslanaraq: onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ bud nahiyəsinin əzilməsi, burun və hər iki əlin arxa səthinin əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin 19 iyun 2022-ci il tarixli, 384 №-li ekspert rəyindən müəyyən edilir ki, 1995-ci il təvəllüdlü Şahid3 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan sürücülük vəsiqəsinin təsdiqlənmiş surətindən və Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs adına verilmə tarixi xx.xx.2017-ci il, etibarlılıq müddəti xx.xx.2027-ci ilədək olan “BC” kateqoriyalı, AE 619706 nömrəli sürücülük vəsiqəsi vardır (qeydə alınmışdır). İş materiallarında olan “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin təsdiqlənmiş surətindən müəyyən edilir ki, təqsirləndirilən şəxsin cinayət əməlini törətdiyi zaman idarə etdiyi “BMW 523İ” minik markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi iş üzrə Təqsirləndirilən şəxsdur. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 01 avqust 2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməsi üçün Xaçmaz rayon prokuroru qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkibini yaradır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə görə, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50-ci maddəsinin İİ hissəsinin 2-ci bəndinə görə, minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda: avtomagistrallarda — saatda 110 kilometrdən çox olmayan sürətlə; başqa yollarda — saatda 90 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 13-cü bəndində göstərilir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİHB-nən Uzun-oba kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 avqust 2022-ci il tarixli arayışdan və iş materiallarına əlavə edilmiş qohumluq məlumatları barədə elektron çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarında olan Xaçmaz RİHB-nən Uzun-oba kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs özünü tərbiyəli, bacarıqlı bir insan kimi tanıtmışdır. O özünün intizamı ilə həmişə yoldaşlarına nümunə olmuşdur. Böyük və kiçiklər arasında xüsusi hörmət qazanmışdır. Ünsiyyətli və nəzakətlidir. Həmyaşıd və dostları ilə mehriban münasibətdədir. Qonşularla xoş rəftar edir, hər zaman onlara yardımçı olur. Ümumilikdə müsbət xarakterizə olunur. İş materiallarında olan 01 avqust 2022-ci il tarixli ərizədən müəyyən edilir ki, Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən onun müalicəsi üçün heç bir köməklik göstərilmədiyini bildirmiş, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Həmçinin məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona müalicə xərcləri ilə bağlı az həcmdə köməklik edildiyini, müalicəsinin qalan xərclərini özü çəkdiyini bildirmiş, təqsirləndirilən şəxsin ona müalicə xərcləri ilə bağlı yardım etməyəcəyi təqdirdə dövlət ittihamçısının məhkəmə çıxışında təqsirləndirilən barəsində təklif etdiyi cəzanın təyin edilməsi ilə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması,ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ehtiyatsızlıqdan az ağır olmaqla ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlinə görə peşmançılıq hissi keçirməsini, evli olmasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi şəraitini, eləcə də zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətçi olması və təqsirləndirilənin zərərçəkmişlə barışıq əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqındailtizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, АZ34CТRЕ ********************, X2, Kod 210005, VÖEN **********, АZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddiaya dair isə məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə əlaqədar törətdiyi hadisə nəticəsində aldığı xəsarətlərlə bağlı o, Bakı şəhərində Respublika Xəstəxanasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək stasionar qaydada müalicədə olmuşdur. Müalicə vaxtı o, “İlizarov” aparatına qoşulmuş və digər müalicə tədbirləri keçirilmişdir. Hal-hazırda da onun sağ qolu qipsdə qalmaqdadır. Həkimlərin dediyinə görə qolundakı qips təxminən 3-4 aydan sonra açıla bilər. Cavabdeh onun stasionar müalicədə olduğu vaxt yalnız “İlizarov” aparatının pulunu ödəmiş, bir də Respublika Xəstəxanasından evə buraxılıb gələndən sonra Qusar şəhərində yerləşən “OKİ” Xəstəxanasına gedib müayinədən keçmiş, müayinə pullarını da cavabdeh ödəmişdir. Bundan başqa cavabdeh ona heç bir maddi yardım göstərməmişdir. “OKİ” xəstəxanasında müayinədən keçərkən həkim ona bildirmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində bel fəqərəsində ciddi zədələmələr əmələ gəlmiş, bu səbəbdən o yaxın vaxtlarda mütləq qaydada əməliyyat olunmalıdır, əks halda, səhhətində ciddi fəsadlar baş verə bilər. O, dəfələrlə cavabdehə müraciət edərək sağlamlığına dəymiş zərərin əvəzinin ödənilməsini tələb etsə də, o, bunu könüllü olaraq etmək istəmir. 5 aydır ki, o həmin hadisədən sonra evdə heç bir iş görə bilmir. Hadisədən əvvəl bütün təsərrüfat işlərini özü görmüşdür. Həyətdə tərəvəz əkib onları satmaqla ailəsini dolandırmışdır. Hadisədən sonra aldığı xəsarətlərlə bağlı bütün təsərrüfatı batmışdır. Ümumilikdə, yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına dəymiş ziyanı o, 8 (səkkiz) min manat dəyərləndirir. Bura xəsarətlərlə bağlı aldığı müalicə pulları, görə bilmədiyi işlərə görə əldən çıxmış fayda və s. daxildir. Göstərilənlərə əsasən cavabdehdən 8000 (səkkiz) manat maddi ziyanın əvəzi olaraq alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı mülki iddianın təmin edilməsini xahiş etmiş, təqsirləndirilən şəxs-mülki cavabdeh isə mülki iddianı qəbul etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Məhkəmə mülki iddia ərizəsini, iş materiallarını nəzərdən keçirib, tərəflərin mülki iddia ilə bağlı izahatlarını dinləyib hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, mülki iddia ərizəsində zərərçəkmiş şəxs-mülki iddiaçı ona hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində yetirilmiş xəsarətlərlə bağlı müalicə xərclərinin, müalicəsi ilə bağlı yol xərclərinin və həmin xəsarətlər nəticəsində səhhətində yaranmış problemlərlə bağlı işləyə bilməməsi və buna görə təsərrüfatına zərər vurulmasının ümumilikdə dəymiş ziyan məbləğini 8000 (səkkiz min) manat hesab edərək həmin məbləği tələb etdiyini göstərsə də, o, həmin xərclərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında müalicə xərcləri ilə bağlı sənədlərinin olmasını bildirsə də, növbəti məhkəmə iclaslarında heç bir sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iddiaçının zəruri sübutlar toplayaraq gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək imkanını saxlamaq məqsədi ilə hazırkı mülki iddia baxılmamış saxlanılmalıdır. Həmçinin zərərçəkmiş şəxsə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 09 (doqquz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddia baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxsə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İş üzrə xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar