Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-135/2023 10.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs "xxxx" ASC-nin Samur-Abşeron kanalının istismar idarəsinin nümayəndəsi Nümayəndə, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1968-ci ildə Xaçmaz rayonunun Mursalı-qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, məhkumluğu olmayan, Xaçmaz rayonunun Mürsəliqışlaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 15 yanvar 2022-ci il tarixdə, gecə saat 01 radələrində "xxxx"ASC-nin Samur-Abşeron kanalının istismar idarəsinin dövlət əhəmiyyətli su xətti hesab edilən “Xanarx” su kanalının Xaçmaz rayonu, Rəhimoba kəndində yerləşən, vahid qəsdlə əhatə olunan 48 km 247-ci metrindəki 35 saylı su buraxıcısı qurğunun st-45 materiallı poladdan hazırlanmış, 2,9 metr uzunluqda, 60 mm diametrli, 1300 manat dəyərində 01 ədəd vintini, həmin su buraxıcı qurğunun üzərinə bərkidilmiş 1 metrinin qiyməti 16 manat olmaqla 12 sm enində, 2 metr 80 sm uzunluğunda 44 manat 80 qəpik dəyərində 01 ədəd dəmir şvelleri, həmin su kanalının 49 km 993 metrində yerləşən 36 saylı su buraxıcı qurğunun st-45 materiallı poladdan hazırlanmış, 2,7 metr uzunluqda, 60 mm diametrli, 1200 manat dəyərində 01 ədəd vintini götürüb aparmaqla zərər çəkmiş şəxsə ümumilikdə 2544 manat 80 qəpik məbləğində maddi ziyan vuraraq dövlət əhəmiyyətli su xəttinə münasibətdə oğurluq etmiş, yəni dövlət əhəmiyyətli su xəttinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, 26 yanvar 2022-ci il tarixdə, gecə saat 01 radələrində "xxxx"ASC-nin Samur-Abşeron kanalının istismar idarəsinin dövlət əhəmiyyətli su xətti hesab edilən “Xanarx” su kanalının Xaçmaz rayonu, Rəhimoba kəndində yerləşən 50 km 595 metrindəki 37 saylı su buraxıcı qurğunun st-45 materiallı poladdan hazırlanmış, 2,7 metr uzunluqda, 52 mm diametrli 01 ədəd 1000 manat dəyərində vintini götürüb aparmaqla zərərçəkmiş şəxsə ümumilikdə 1000 manat məbləğində maddi ziyan vuraraq təkrar, dövlət əhəmiyyətli su xəttinə münasibətdə oğurluq etmiş, yəni təkrar, dövlət əhəmiyyətli su xəttinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırkı cinayət əməlini maddi imkanının pis olması səbəbindən törətməyə məcbur olmuşdur. O, bu kimi əməllərə meylli biri deyildir. O, iki ədəd dəmir oğurlamış, oğurladığı həmin əşyaları (metalları) qırmamış, həmin əşyalar açılmış vəziyyətdə olmuşdur. Həmçinin bildirdi ki, ona həmin əmlakı oğurlamağı kimsə təklif etməmiş, yol ilə gedərkən həmin əmlaklara təsadüfən rast gəlmişdir. O, cinayəti tək törətmiş, yanında kimsə olmamışdır. Oğurladığı həmin əmlakları metal qəbulu məntəqəsinə metal kimi satmış və 16 manat 80 qəpik pul əldə etmişdir. O, iş üzrə zərərçəkmiş şəxdən iki dəfə oğurluq etmişdir, lakin oğurluğu hansı tarixlərdə etdiyini hazırda xatırlamır. Oğurladığı metal əşyaları satdığı metal qəbulu məntəqəsinin işçisi həmin əşyaların oğurluq olmasını bilməmişdir. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Törətdiyi cinayət əməlinə görə peşmandır. Əlavə olaraq bildirdi ki, onun oğurlayaraq satdığı həmin əmlaklardan birini kəsərək götürmüş, digəri isə açıq olduğundan tam şəkildə çıxararaq götürmüşdür. Zərərçəkmiş şəxsə vurduğu ziyanla bağlı məhkəmə iclasında ilkin olaraq birdəfəyə 550 manat ödəmək istədiyini, qalan məbləği isə hissə-hissə olmaqla hər ay ödəyə biləcəyini bildirir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etmiş, təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Mürsəliqışlaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fəhləliklə məşğul olaraq pul qazanır. 15 yanvar 2022-ci il tarixdə, gecə saat 01 radələrində o öz idarə etdiyi qoşqulu motosikletilə Xaçmaz rayonu, Rəhimoba kəndindən keçən “Xanarx” su kanalının yanına getmişdir. Həmin vaxt fikrində tutmuşdur ki, “Xanarx” su kanalının üzərində olan 35 və 36 saylı su buraxıcı quğuların vintlərini oğurlasın. Özü həmin ərazidə yaşadığı üçün kanalın üzərindəki su buraxıcı qurğuların neçə nömrəli olduğunu bilmişdir. Daha sonra həmin kanalın üzərində əkin sahələrinə su buraxmaq üçün quraşdırılmış su buraxıcı qurğunun yanına gedib, həmin qurğunun dəmirlərindən tutaraq kanalın içərisinə düşmüşdür. Həmin vaxt kanalda su axmışdır. O, su buraxıcı qurğunun təxminən 3 metr uzunluqda olan vintini açmaq üçün su kanalının içərisinə girmiş, vintin şlüzlərə bağlanan yerinə bağlanmış boltları özü ilə oraya apardığı açarla açmış və həmin vinti şlüzdən ayırıb, qaldırıb arxın kənarına atmışdır. Daha sonra su buraxıcı qurğunun kənarlarındakı dəmirlərdən tutaraq su kanalının kənarına çıxmış, su buraxıcı qurğunun fırlanma mexanizminin quraşdırıldığı şvelleri özüylə gətirdiyi dəmir kəsənlə kəsib götürmüş və motosikletin qoşqusuna qoymuşdur. Daha sonra həmin su kanalının kənarı ilə motosikletini idarə edib növbəti su buraxıcı quruğunun kənarına gəlmiş, əvvələcə həmin su buraxıcı qurğunun vintini özü ilə gətirdiyi dəmir kəsənlə elə su buraxıcı qurğunun üzərində ortadan kəsib iki hissəyə ayırmışdır. Əvvəlcə yuxarı hissəsini fırlanma mexanizmindən ayırıb çıxararaq kanalın kənarına qoymuş , daha sonra su kanalının içərisinə yenə həmin su buraxıcı qurğunun kənarlarından tutaraq düşmüş və vintin aşağıda qalan ikinci hissəsinin boltlarını da özüylə gətirdiyi açarla açıb yerindən çıxarmış və qaldırıb su kanalın kənarına atmışdır. Daha sonra isə su kanalından çıxmış və su buraxıcı qurğunun üzərindən kəsib çıxararaq oğurladığı vinti qoşqulu motosikletinin qoşqusuna qoymuş və oradan çıxıb yaşadığı kəndə motosikletlə gəlmişdir. Yolda olan zaman o, oğurladığı dəmirləri hazırda yerini dəqiq xatırlamadığı bir kolluq yerdə gizlətmişdir ki, sonradan gəlib həmin yerdən götürüb aparıb satsın. Daha sonra yaşadığı evə getmiş, oğurluq etməyi barədə heç kəsə bir söz deməmişdir. 26 yanvar 2022-ci il tarixdə, gecə saat 01 radələrində o öz idarə etdiyi qoşqulu motosikletilə Xaçmaz rayonu, Rəhimoba kəndindən keçən “Xanarx” su kanalının yanına getmişdir. Həmin vaxt fikrində tutmuşdur ki, “Xanarx” su kanalının üzərində olan 37 saylı su buraxıcı qurğunun vintini oğurlasın. Daha sonra həmin kanalın üzərində əkin sahələrinə su buraxmaq üçün quraşdırılmış su buraxıcı qurğunun yanına gedib, həmin qurğunun dəmirlərindən tutaraq kanalın içərisinə düşmüşdür. Həmin vaxt kanalda su axmışdır. O, su buraxıcı qurğunun təxminən 3 metr uzunluqda olan vintini açmaq üçün su kanalının içərisinə girmişdir. Vintin şlüzlərə bağlanan yerinə bağlanmış boltları özü ilə oraya apardığı açarla açmış və həmin vinti şlüzdən ayırıb, qaldırıb arxın kənarına atmışdır. Daha sonra su buraxıcı qurğunun kənarlarındakı dəmirlərdən tutaraq su kanalının kənarına çıxmış, su buraxıcı qurğudan söküb çıxararaq oğurladığı vinti motosikletin qoşqusuna qoymuş və oradan uzaqlaşmışdır. Daha sonra oğurladığı vinti motosikletində aparıb 15 yanvar 2022-ci il tarixdə oğurladığı vintləri və şvelleri gizlətdiyi kolluq əraziyə qoymuş və çıxıb öz yaşadığı evə getmişdir. Səhəri gün isə o, oğurladığı vintləri və şvelleri gizlətdiyi kolluq əraziyə qoşqulu motosikletiylə getmişdir. Həmin yerdən 15 yanvar 2022-ci il tarixdə, gecə saat 01 radələrində “Xanarx” su kanalının Xaçmaz rayonu, Rəhimoba kəndindən keçən hissəsindən oğurladığı 02 ədəd vintləri, 01 ədəd şvelleri və 26 yanvar 2022-ci il tarixdə, saat 01 radələrində “Xanarx” su kanalının Xaçmaz rayonu, Rəhimoba kəndindən keçən hissəsindən oğurladığı 01 ədəd vinti götürüb Xaçmaz şəhərində Xaçmaz-Xudat avtomobil yolunun sağ tərəfində yerləşən metal qəbulu məntəqəsinə aparıb orada satmışdır. Həmin dəmirləri metal qəbulu məntəqsində işləyən Neyman adlı Xaçmaz rayon sakini kimi tanıdığı şəxs almışdır. Neyman onun apardığı dəmirləri tərəzidə çəkib 40 kiloqram dəmir olmasını müəyyən etmiş, hər kiloqrama görə 42 qəpik pul verəcəyini demiş və o da Neymanla razılaşdıqdan sonra Neyman ona 16 manat 80 qəpik pul vermiş, o, həmin pulu götürüb öz yaşadığı kəndə qayıtmış və pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. O, həmin oğurluq hadisəsini tək törətmiş, ona heç kəs kömək etməmiş, oğurluq etməyi barədə də heç kəsə məlumat verməmişdir. Şahid dəmirlərin oğurluq yolu ilə əldə edilməsindən xəbəri olmamış, oğurladığı dəmirlərin özünə məxsus olduğunu demişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, Samur-Abşeron kanalının istismar idarəsinin Xaçmaz rayonundan keçən “Xanarx” su kanalının Xaçmaz rayonu, Rəhimoba kəndindən keçən hissəsində onlar tərəfindən 14 yanvar 2022-ci il tarixdə suburaxıcı qurğuların vint, şveller hissələrinin kəsilərək götürülüb oğurlandığını müəyyən etmişlər. xx.xx.2022-ci il tarixdə bu barədə polis şöbəsinə müraciət etmişlər, polis əməkdaşları hadisə yerinə gəlmişlər, hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Onlar 26 yanvar 2022-ci il tarixdə də həmin qurğulardan digərinin də oğurlandığını müəyyən etmişlər və bu barədə də polis şöbəsinə müraciət etmişlər. Sonradan polis tərəfindən həmin şəxsin iş üzrə Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs vurulmuş 3544 manat 80 qəpik məbləğində ziyanı tələb edir. Həmçinin bildirdi ki, oğurlanmış həmin əmlaklar yararlı, saz vəziyyətdə olmuş, təqsirləndirilən şəxs həmin qurğunu metal qırıntısı kimi olaraq 16 manata satmışdır. Həmin qurğuların oğurlanması nəticəsində əhaliyə suyun verilməsində çətinliklər yaranmış, sonradan idarə öz hesabına yeni qurğular alaraq bərpa etməli olmuşdur. Əlavə olaraq bildirdi ki, suvarma idarəsinə məxsus əmlaklar da oğurlandığı üçün həmin idarənin əmakdaşları hazırkı iş üzrə təqsirləndirilən şəxsin onlara məxsus əmlakları oğurlayaraq satdığı metal qəbulu məntəqəsində özlərinə məxsus əmlakları görərək tanımışlar, bundan sonra onlar da həmin məntəqəyə getmişlər və onlardan oğurlanmış əmlakın da həmin məntəqəyə satıldığını müəyyən etmişlər. Təqsirləndirilən şəxsin vurduğu ziyanla bağlı ilkin olaraq ödəmək istədiyi 550 manat məbləğində pul vəsaitini qəbul edərək qalan məbləği hər ay hissə-hissə ödəməsi şərtilə təqsirləndirilənlə razılaşmışlar, lakin təqsirləndirilənin məhkəmə iclas zalında təqdim etdiyi 550 manat vəsaiti əlbəəl qəbul etməyə razı deyildir, onların hesabına köçürülməsini istəyir. Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsin barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə verir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, 15 yanvar 2022-ci il tarixdə, gecə saatlarında "xxxx" ASC-nin Samur-Abşeron kanalının istismar idarəsinin Xaçmaz rayonundan keçən “Xanarx” su kanalının Xaçmaz rayonu, Rəhimoba kəndindən keçən hissəsində, yəni həmin su kanalının 48 km 247-ci metrində yerləşən 35 saylı su buraxıcısının 2007-ci ildə Azərbaycan Respublikasında istehsal edilmiş, həmin tarixdən istismar edilən st-45 materiallı poladdan hazırlanmış, 2,9 metr uzunluqda, 60 mm diametrli, 1300 manat dəyərində 01 ədəd vinti, həmin su buraxıcının üzərinə bərkidilmiş 2007-ci ildə Azərbaycan Respublikasında istehsal edilmiş, həmin tarixdən istismar edilən 12 sm enində 1 metrinin qiyməti 16 manat olmaqla ümumilikdə və 2 metr 80 sm uzunluğunda cəmi 44 manat 80 qəpik dəyərində 01 ədəd dəmir şveller, bununla yanaşı həmin tarixdə gecə saatlarında “Xanarx” su kanalının Xaçmaz rayonu, Rəhimoba kəndindən keçən hissəsində, yəni həmin su kanalının 49 km 993 metrində yerləşən 36 saylı su buraxıcısının 2007-ci ildə Azərbaycan Respublikasında istehsal edilmiş, həmin tarixdən istismar edilən st-45 materiallı poladdan hazırlanmış, 2,7 metr uzunluqda, 60 mm diametrli, 1200 manat dəyərində 01 ədəd vinti naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Həmin vaxt o, Xaçmaz RPŞ-nə müraciət etməmişdir. Bundan sonra 26 yanvar 2022-ci il tarixdə, gecə saatlarında yenə də “Xanarx” su kanalının Xaçmaz rayonu, Rəhimoba kəndindən keçən hissəsində, yəni həmin su kanalının 50 km 595 metrində yerləşən 37 saylı su buraxıcısının 2007-ci ildə Azərbaycan Respublikasında istehsal edilmiş, həmin tarixdən istismar edilən st-45 materiallı poladdan hazırlanmış, 2,7 metr uzunluqda, 52 mm diametrli, 01 ədəd, 1000 manat dəyərində vinti naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Oğurluq hadisəsinin təkrarlandığını görüb o bu barədə Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində işlədiyi idarəyə cəmi 3544 manat 80 qəpik maddi ziyan dəymişdir. Əvvəl verdiyi ifadəsində oğurlanan əmlakların sayını və qiymətlərini dəqiqləşdirmədən ifadə vermişdir. Daha sonradan o, işlədiyi idarəyə gedib orada idarəyə məxsus qurğuların və həmin qurğuların ayrı-ayrı hissələrinin dəyəri ilə maraqlanmış və müəyyən etmişdir ki, hazırda ifadəsində göstərdiyi 4 adda əmlaklar oğurlanmış və həmin əmlakların oğurlanması nəticəsində "xxxx" ASC-nin Samur-Abşeron kanalının istismar idarəsinə 3544 manat 80 qəpik maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhəkəmə-əmtəəşünaslıq ekspertizasının 28 mart 2023-cü il tarixli, 9/1501 nömrəli rəyində göstərilən qiymətlərlə razı deyildir, işlədiyi idarəyə dəymiş ziyanın məbləğini hazırkı ifadəsində dəqiq göstərmiş, dəymiş ziyanın məbləği 3544 manat 80 qəpik təşkil etmişdir. Oğurlanmış 04 adda əmlakların 03 may 2023-cü il tarixə olan cəmi qiyməti 3544 manat 80 qəpik təşkil etməklə yanaşı həmin əmlakların 2022-ci ilin yanvar ayına olan cəmi qiyməti də 3544 manat 80 qəpik təşkil etmişdir. Məktubda ayrı-ayrı əmlakların 03 may 2023-cü il tarixə uyğun gələn qiyməti hansı məbləğdə göstərilmişdirsə elə həmin əmlakların 2022-ci ilin yanvar ayına olan qiymətlər də həmin qiymətlərdir. Əvvəlcədən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 15 nömrəli məktubda da oğurlanan əmlakların oğurluq hadisəsi baş vermiş tarixə uyğun gələn qiyməti deyil, oğurluq baş vermiş tarixə qədər olan qiymətləri göstərilmişdir. xx.xx.2023-cü il tarixli, 15 nömrəli məktubda oğurlanan vintlərin hazırlandığı poladın materialı “Vinteks 45” yazılsa da, həmin vintlər “St-45” materiallı poladdan hazırlanmışdır. xx.xx.2023-cü il tarixli, 15 nömrəli məktubda oğurlanan əmlakların 03 adda olması, cəmi qiymətinin 2721 manat olması yazılsa da, oğurlanan əmlakların dəqiq siyahısı və qiyməti istintaqa işlədiyi idarədən təqdim edilən xx.xx.2023-cü il tarixli, 66 nömrəli məktubda dəqiq olaraq, yəni 04 adda əmlakın oğurlanması və həmin əmlakların cəmi qiymətinin 3544 manat 80 qəpik olması göstərilmişdir. 15 yanvar 2022-ci il tarixdə və 26 yanvar 2022-ci il tarixdə oğurluq hadisələri “Xanarx” su kanalının Xaçmaz rayonu, Rəhimoba kəndindən keçən hissəsində baş vermişdir. Cinayət işinin istintaqı zamanı hazırkı ifadəsində göstərdiyi xüsusatların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərdi ki, o, Xaçmaz rayonunda yerləşən metal qəbulu məntəqələrindən birində işçi kimi işləyir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımışdır. Belə ki, Elman metal qəbulu məntəqələrinə metal qırıntıları satmaqla məşğul olmuş, həmçinin onun işlədiyi məntəqəyə də gətirərək metal satmışdır. O, sonradan eşitmişdir ki, Elman Xaçmaz rayonunun hansısa kəndinin ərazisindən metal oğurlamış və gətirərək onun işlədiyi məntəqəyə satmışdır. Həmçinin bildirdi ki, o, Elmandan metal qırıntısının bir kiloqramını 42 qəpikdən almışdır. Elmandan həmin oğurluq metalı keçən il almış, dəqiq xatırlamır, aldığı həmin metala görə Elmana təxminən iyirmi manatadək pul vermişdir. Dəmirin kiloqramının qiyməti digər məntəqələrdə də 42 qəpik olmuşdur. Təqsirləndirilən şəxsin satdığı və ona sonradan məlum olmuş həmin oğurluq metal qırıq, yararsız vəziyyətdə olmuşdur. O, həmin əşyaların yararsız vəziyyətdə olması qənaətinə onların paslı olmasına görə gəlmişdir. O, təqsirləndirilən şəxsin onun işlədiyi məntəqəyə satdığı, onun tərəfindən qəbul edilmiş həmin oğurluq əmlakı elə məntəqənin özündə açıqlıqda, tərəzinin yanında qoymuşdur. Sonradan polis əməkdaşı gələrək həmin metalın oğurluq olduğunu bildirmişdir. Daha sonra zərərçəkmiş şəxs olan idarədən əməkdaş gələrək həmin dəmirlərə baxmış və onların idarəsinə məxsus olduğunu bildirmişdir. Ona demişlər ki, həmin qurğuların oğurlandığı yerdə motosiklet təkərlərinin izi vardır, o da onlara bildirmişdir ki, ona motosikletlə gətirərək metal verən iki şəxs vardır və o, həmin şəxslərin kimlər olduqlarını bildirmişdir. Təqsirləndirilənin oğurlayaraq satdığı əmlak onun işlədiyi metal qəbulu məntəqəsi tərəfindən zərərçəkmiş şəxsin əməkdaşlarına və iki nəfər polis əməkdaşına təqdim edilərək təhvil verilmişdir. İş materialarında olan onun tərəfindən verilmiş və tərtib edilmiş ifadədə həmin metalların təhvil verilməməsi barədə göstərilən xüsusatla razı deyildir, həmin metallar zərərçəkmişin əməkdaşlar və iki nəfər polis əməkdaşı gələrək məntəqədən götürüb getmişlər. Lakin həmin əmlaklar təhvil alınarkən sənədləşdirilmədən götürülmüşdür. Təqsirləndirilən şəxs həmin əmlakları ona satdıqdan təxminən iki-üç gün sonra zərərçəkmişin əməkdaşları onun işlədiyi məntəqədə həmin əmlakları görmüşlər və gördükləri həmin gün polis əməkdaşları ilə məntəqəyə gəlmişlər. Bundan başqa, təqsirləndirilən şəxsin onun işlədiyi məntəqəyə satdığı həmin oğurluq dəmirlər qırıq, az sayda olmuşdur. O, təqsirləndirilən şəxsi uzun illərdir, zəhmətkeş insan kimi tanımış, onun işlədiyi yerə dəfələrlə paslı, istifadəyə yararsız dəmir qırıntıları təhvil vermişdir, bu dəfə verdiyi dəmirlər isə oğurluq olmuşdur. Məhkəmə istintaqı zamanı elan edilmiş, Şahid ibtidai istintaq orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz-Xudat avtomobil yolunun Xaçmaz şəhərindən keçən hissəsində yolun sağ tərəfində yerləşən metal qəbulu məntəqəsində işləyir. Həmin metal qəbulu məntəqəsində onun işi metal əşyaları vətəndaşlardan qəbul edib tərəzidə çəkdikdən sonra kiloqramına görə pul ödəyərək həmin metal əşyaları almaqdır. 26 yanvar 2022-ci il tarixdə, səhər saatlarında Xaçmaz rayon sakini kimi üzdən tanıdığı Elman adlı şəxs özünün idarə etdiyi qoşqulu motosikletlə metal qəbulu məntəqəsinə gəlmiş və gəlib ona bildirmişdir ki, motosikletlə özünə məxsus olan dəmirləri gətirmişdir və dəmirləri satmaq istəyir. Həmin vaxt o, motosikletdə dəmirlərin olduğunu görmüş, həmin dəmirləri haradan əldə etdiyini soruşmuş və Elman ona bildirmişdir ki, dəmirlər özünə məxsusdur və satmaq üçün gətirmişdir. Bundan sonra Elmanın gətirdiyi dəmirləri tərəzidə çəkmiş və 40 kiloqram dəmir olduğunu müəyyən etmişdir. Daha sonra həmin 40 kiloqram dəmirin bir kiloqramını 42 qəpikdən hesablayıb Elmana cəmi 16 manat 80 qəpik pul ödəmişdir. Daha sonra isə Elman çıxıb getmişdir. Elman çıxıb getdikdən bir neçə saat sonra isə Elmandan aldığı dəmirləri Bakı şəhərində yerləşən metal əritmə məntəqəsinə göndərmişdir. Sonradan polis əməkdaşları onun işlədiyi metal qəbulu məntəqəsinə gəlib onunla aldığı dəmir əşyalar barəsində soruşduqda ona məlum olmuşdur ki, Elmanın ona satdığı dəmir əşyalar su kanallarında su buraxmaq üçün istifadə edilən şlüzlərin vinti, şvelleridir və həmin dəmirləri Elman oğurluq edərək əldə etdikdən sonra gətirib ona satmışdır. Təqsirləndirilən şəxs ona satdığı dəmirləri oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. Elman dəmirlərin özünə məxsus olduğunu bildirmişdir. Araşdırma zamanı izahatında Təqsirləndirilən şəxs aldığı dəmirləri təqdim edə biləcəyini bildirsə də, Təqsirləndirilən şəxs aldığı dəmirləri Elman gedəndən bir neçə saat sonra Bakı şəhərində yerləşən metaləritmə məntəqəsinə göndərmişdir. Sonradan işlədiyi metal qəbulu məntəqəsinə gəlib baxdıqda görmüşdür ki, izahat verən zaman təqdim edəcəyini bildirdiyi dəmirlər əslində Təqsirləndirilən şəxs aldığı dəmirlər deyil, başqa bir dəmir satan şəxsdən aldığı dəmirlərdir. Buna görə də o, həmin dəmirləri təqdim etməmiş, buna görə də dəmirlər polis əməkdaşları tərəfindən götürülməmişdir. Təqsirləndirilən şəxs dəmirləri alması barədə işlədiyi metal qəbulu məntəqəsində hər hansı kitabçada və ya dəftərdə qeydiyyat aparmadığını bildirmişdir. İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən olunur ki, iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Xaçmaz RPŞ-yə müraciət edərək Samur-Abşeron kanalının istismar idarəsinin “Xanarx” su kanalının Xaçmaz rayonu, Rəhimoba kəndindən keçən hissəsində olan açıq sahədə yerləşən su buraxıcı şlüzlərin vintlərinin xx.xx.2022-ci il, gecə saatlarında və xx.xx.2022ci il gecə saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat vermiş, həmin şəxs və ya şəxslərin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən olunur ki, hadisə yeri Xaçmaz rayonu, Rəhimoba kəndində yerləşən "xxxx" ASC-nin Samur-Abşeron kanalının istismar idarəsinin “Xanarx” su kanalıdır. Su kanalının ətrafında müşahidə kameraları yoxdur. Su kanalının içərisi beton panellərdən tikilmişdir. Baxışda iştirak edən "xxxx" ASC-nin Samur-Abşeron kanalının istismar idarəsinin sahə rəisi Nümayəndə su buraxıcı qurğunu göstərib həmin qurğunun üzərindən vintin oğurlandığını bildirmişdir. Baxış keçirlən su buraxıcı qurğuların üzərində şlüzlərin yerində olması müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Samur-Abşeron kanalının istismar idarəsinin məktubundan müəyyən edilir ki, təqsirləndirilən şəxs tərəfindən oğurlanmış həmin şlüz və vintləri istehsal edən zavoddan alınmış şifahi sorğuya əsasən oğurlanan əmlakların xx.xx.2023-cü il tarixinə olan qiyməti aşağıdakı kimi müəyyən edilmişdir. 1. Pk 482+47 də yerləşən 35 saylı suburaxıcı - vint st-45, L = 2,9 m, M 60 vint dəstin qiyməti 1300 manat, şveller 12 - 2 m 80 sm - işlənmiş halda, hal-hazırkı qiyməti 1 metr-16 manat olmaqla cəmi 44 manat 80 qəpik 2. Pk 499+93-də yerləşən 36 saylı suburaxıcı - vint st- 45, L=2,7 m, M 60 vint dəstin qiyməti 1200 manat. 3. Pk 505+90-da yerləşən 37 saylı suburaxıcı - vint st-45, L=2,7 m, M 52-vint dəstin qiyməti 1000 manat. Oğurlanan əmlakların cəmi qiyməti 3544 manat 80 qəpik təşkil edir. İş materiallarında olan 14 iyun 2023-cü il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 mart 2023-cü il tarixli, 9/1501 nömrəli ekspert rəyinin cinayət işi üzrə sübut kimi qəbul edilməməsi qərara alınmışdır. Həmin qərardan müəyyən edilir ki, zərərçəkmiş şəxs "xxxx" ASC-nin Samur- Abşeron kanalının istismar idarəsinə məxsus oğurlanmış 04 adda əmlakların qiymətlərinin zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərilən qiymətlərə istinad edilməklə cəmi 3544 manat 80 qəpik olması nəzərə alınmışdır. Həmin qərardan müəyyən edilir ki, Şahid əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 194-cü maddələrinin tərkibi olmadığından həmin xüsusatlar üzrə cinayət təqibi başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti şəxs tərəfindən təkrar, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinin tərkiblərini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Qərarın 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Hülövlü kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs evlidir. Yaşadığı kənddə kənd sakinləri ilə yaxşı münasibətdədir. Onun barəsində Nümayəndəliyə heç vaxt heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halı, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi hallarını, eləcə də zərərçəkmiş şəxsə vurduğu ziyanı aradan qaldırmaması hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü madd Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 avqust 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-135/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-135/2023
10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver