Məhkəmə qərarları › İş №1(067)-137/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-137/2021

28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-137/2021 28.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsi hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi, dövlət ittihamçısı, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs, Müdafiəçi, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, xx.xx.1990-cı ildə Xaçmaz rayonu, Arzu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Arzu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, 28 sentyabr 2021-ci il tarixdə, Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 15.05.2021-ci il tarixdə saat 23 radələrində yaşadığı Xaçmaz rayonu, Arzu kəndində yerləşən evinin qonaq otağında yediyi tumun qabıqlarının bir neçəsinin yerə düşməsi səbəbindən aralarında yaranmış mübahisə və dava-dalaş zamanı bir neçə dəfə sillə ilə arvadı Şahid1 sifət, sağ qulaq, boyun, sağ bazu nahiyələrindən vuraraq ona, sağ qulaq pərdəsinin posttravmatik zədələnməsi, sağ qulaq seyvanının və sağ bazu nahiyələrinin qançırları, boyunun və sağ bazunun sıyrıqları ilə nəticələnən xəsarətlər yetirməklə zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, göstərmişdir ki, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Arzu kəndində yaşayır. Ali təhsilli olmaqla, Bakı şəhərində diş həkimi işləmiş, ancaq sonradan xüsusi karantin rejiminin olmağı səbəbindən yaşadığı Xaçmaz rayonu, Arzu kəndinə qayıtmışdır. Hazırda fərdi əməklə məşğuldur. Keçmiş arvadı Şahid1 ilə 2020-ci ilin iyul ayında evlənmişlər. Evləndikləri vaxtdan keçən 10 ay müddət ərzində aralarında bir neçə dəfə mübahisə olmuş, həmin mübahisələr əsassız məsələlər üstə düşmüş, mübahisə zamanı əsəbləşərək hərdən arvadı Suğranın üstünə qışqırmışdır. O, Suğra ilə ailə quran zaman əvvəlcədən xəbərdarlıq edib şərtini qoyaraq demişdir ki, “ailədaxili münasibətlərdə, geyimkecimə, davranış qaydalarına, evdən vaxtı-vaxtında çıxma qaydalarına ciddidir”. 15.05.2021-ci il tarixdə saat 23 radələrində o, yaşadığı evdə olmuşdur. Evdə arvadı Suğradan başqa, atası Şahid4 və anası Şahid5 da olmuşlar. Yaşadıqları, Xaçmaz rayonu, Arzu kəndində yerləşən evləri iki mərtəbədən ibarətdir. Həmin vaxt o, evin ikinci mərtəbəsində yerləşən qonaq otağında divanda oturub tum yeyərək televizora baxmışdır. Atası və anası evin birinci mərtəbəsində olmuşlar. O, yediyi tumun qabıqlarını qarşısına qoyduğu külqabına tökmüşdür. Bu zaman arvadı ona demişdir ki, “tumu yeyirsən səliqəli ye, tumun qabıqlarının bəziləri yerə, xalçanın üstünə düşür, onsuz da mənim işim çoxdur, bir də sən iş artırma”. Suğranın sözləri onun xoşuna gəlməmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Suğraya demişdir ki, “nə olub, bir-iki dənə qabıq yerə düşüb”, bu dəfə də Suğra nə isə demiş, o da, əsəbi olduğundan sonuncunun üstünə qışqırmışdır. Daha sonra demişdir ki, “başım ağrıyır, səninlə mübahisə etmək istəmirəm”. Bu zaman Suğra ona demişdir ki, “nə qışqırırsan, mənə neyniyəcəksən, döymək istəyirsən məni?”. O da, Suğranın bu sözündən sonra sonuncunu divanın üstünə tərəf itələmiş, Suğra divanın üstünə yıxılmış, sonuncu divandan durmaq istəyəndə o, Suğranı sillə ilə, boyun, boğaz və çiyin nahiyəsindən vurmuşdur. Bundan sonra Suğra yenə demişdir ki, “məni niyə vurursan”. Bu zaman, anası onların yanına gəlmiş, atası isə evin birinci mərtəbəsində qalmışdır. O, Suğranı divanın üstündə bir neçə dəfə vurduqdan sonra, Suğra divanın üstündən ayağa qalxaraq yenə nə isə demiş, bu zaman da o, Suğranın sağ qulağının üstündən yumruq ilə vurmuşdur. Anası onlara yaxınlaşıb demişdir ki, “ay oğul sakit olun, niyə onu vururursan”. Bundan sonra o, heç nə etməmişdir. O, Suğranı vurduqdan sonra sonuncu demişdir ki, “mən evimizə getmək istəyirəm”. Bu məqsədlə Suğra, telefonu ilə atasına zəng etmiş, zəngi anası açmışdır. Suğra anasına demişdir ki, “Əhliman məni döyüb, mən burda qalmaq istəmirəm, daha bezmişəm”. Suğra telefonla danışanda o, yaxınlaşıb telefonu Suğranın əlindən alıb sonuncunun anasına nə üstündə mübahisələri düşdüyünü və Suğranı nə üçün vurduğunu demişdir. Suğra evlərinə getməkdə israr etdiyi üçün, həm də aranın sakitləşməsi üçün atası və anası Suğranı evlərinə aparmışlar. Sonradan öyrəndiyinə görə Suğranı aparıb atasının evinə ailəsinə təhvil vermişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, göstərmişdir ki, ibtidai istintaq zamanı onun dediklərinin bir çoxu ifadəsində düzgün qeyd olunmamışdır, belə ki, o arvadı Suğra ilə evdə mübahisələri yaranan zaman sonuncunun sifət nahiyyəsindən bir dəfə sillə ilə vurmuş, lakin Suğraya digər xəsarətlər yetirməmişdir. Suğranın bədəni üzərində olan digər xəsarətləri harada almasından və ya özünün özünə yetirib yetirməməsindən xəbəri olmamışdır. 15.05.2021ci il tarixdə yaşadığı evdə arvadı Şahid1 sifətindən bir dəfə sillə ilə vuraraq onu döyməklə etdiyi əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 ifadə verərək, bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şahid1 əri Təqsirləndirilən şəxs tərəfindən döyülmüşdür. Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, xəstə olduğundan məhkəmə istintaqında iştirak etməyəcəkdir, məhkəmə istintaqında Şahid1 hüquqların nümayəndəsi kimi o, qoruyacaqdır. Şahid1 əri Təqsirləndirilən şəxsla boşanmış, ərindən şikayətçidir və əri ilə barışmayacaqdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 24.07.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Ailə qurduqları 09 ay müddətindən əvvəlki bir ay müddətdə ailə münasibətləri normal olmuş, ancaq sonrakı müddət ərzində əri Təqsirləndirilən şəxs onunla kobud rəftar etmiş, əsassız məsələlər üstündə aralarına mübahisələr olmuşdur. Qeyd olunan səkkiz ay ərzində əri ilə aralarında olan mübahisələr ona psixoloji olaraq təsir göstərmişdir. 15 may 2021-ci il tarixdə əri Təqsirləndirilən şəxs saat 23:00 radələrində yaşadıqları evdə, divanda oturmuşdur. Həmin vaxt qayınanası Şahid5 və qayınatası Şahid4 da evdə olmuşlar. Həmin vaxt əri evdə qonaq otağında oturaraq tum yemiş, ancaq yediyi tumların qabıqlarından bəziləri qarşısına qoyduğu külqabıya yox, evə, xalçanın üstünə tökülmüş, qısacası o, tumları səliqəsiz şəkildə yemişdir. O da, Əhlimana demişdir ki, “tumu yeyirsən, səliqəli ye, qabıqlardan bəziləri yerə tökülür, harda görülüb ki, qabıqları yerə atasan, onsuz da mənim işlərim evdə çoxdur, tükənmək bilmir, sən də əlavə iş artırırsan”. Onun bu sözləri Əhlimanın xoşuna gəlmədiyinə görə sonuncu, onunla mübahisə etməyə başlamış və demişdir ki, “nə olub, bir-iki dənə tum qabığı düşüb də yerə” və daha sonra onu təhqir etmiş, üstünə qışqırmışdır. O da, Əhlimana demişdir ki, “mənə neyniyəcəksən, döymək istəyirsən məni?”. Əhliman da onun bu sözündən sonra üstünə gəlmiş, onu divanın üstünə tərəf itələmiş, o da, divanın üstünə yıxılmışdır. O, divandan durmaq istəyəndə əri Əhliman sillə ilə onun boyun, boğaz və çiyin nahiyəsindən vurmuşdur. Bir təhər Əhlimanı özündən aralayıb demişdir ki, “məni niyə vururusan”. Həmin vaxt o, divanın üstündə olmuşdur. Qayınanası onların yanında olmuş, qayınatası isə həmin vaxt evin birinci mərtəbəsində olmuşdur”. Əhliman onu döyən zaman qayınanası onlara yaxılaşıb Əhlimanı ondan aralamaq istəmişdir. O, divanın üstündən qalxaraq digər otağa keçmək istəyərkən Əhliman anasının yanında onun dediyi sözlərdən sanki daha da qəzəblənərək onu itələmişdir. Həmin vaxt qayınanası Əhlimana yalvarmışdır ki, “ay oğul sakitləş”, ona isə “sən heç nə etmə, gözlə indi o sakitləşəcək, bir az əsəbiləşib” demişdir. Həmçinin Əhliman onu döyən zaman səsindən hiss etmişdir ki, qayınatası da onların dava-dalaş səsinə tərəf yuxarıya qalxır. Həmin vaxt o, yerdə oturmuş vəziyyətdə olmuş, Əhlimana qışqıraraq demişdir ki, “bəsdir daha mən yazığam”. O, çox qorxmuş, ağlamış və həyəcanlı olmuşdur. Bu sözləri deyəndə Əhliman, çevrilib sol əli ilə onun sağ qulağının üstündən zərbə ilə yumruqla vurmuşdur. Həmin vaxt qulağına bərk səs gəlmiş, qulağında kəskin ağrı hiss etmiş və o, Əhlimana demişdir ki, “vurub qulağımı batırdın, qulağım kar oldu”, bu zaman Əhliman ona tərəf çevrilib demişdir ki, “səsini kəs, az danış”. Sonra o, telefonu əlinə götürərək demişdir ki, “atama zəng vuracam gəlib məni evimizə aparsın”. O, öz istifadəsində olan mobil telefonu ilə atasının mobil telefonuna zəng etmiş, telefonu anası açmışdır. O, ağlayaraq telefonda anasına demişdir ki, “ana məni burda döyürlər, daha burda qala bilmirəm gəlin məni burdan aparın”. Anası da ona bildirmişdir ki, “atan yatıb, onu oyatmaq istəmirəm, oyatsam əsəbiləşəcək, bir az səbr elə və təmkinli ol”. O da, anasına demişdir ki, “sən nə danışırsan, mən burda qala bilmərəm”. Bu zaman telefon əlaqəsi kəsilmişdir. Həmin vaxt əri telefonu əlindən almaq istəmiş, lakin anasının ona zəngi gəldikdə, telefonu Əhlimanın əlindən alıb açmış və anası ona demişdir ki, “dayına zəng edəcəm gəlib səni indi oradan götürsün”. Anası ona bunları deyən vaxt Əhliman telefonu əlindən alaraq anasına demişdir ki, “siz bizə qarışmayın”. Sonra qayınanası və qayınatası Əhlimanın sakitləşmədiyini, onun da vəziyyətinin yaxşı olmadığını, həmçinin qulağının çox ağrıdığını görüb, ona demişlər ki, “lazım olan əşyalarını götür, səni biz apararıq, həm də bir az ara sakitləşsin”. O, ayağa qalxan zaman Əhliman onun çiynindən itələyərək “qutardı, rədd ol get” demişdir. O, əşyalarını götürüb qayınatasının avtomobilinə əyləşmiş, onu qayınanası və qayınatası evlərinə aparmış, qayınanası və qayınatası da onunla bərabər evə girmişlər. Həmin vaxt onları, anası, atası və balaca bacısı qarşılamışlar. Anası onu görən kimi demişdir ki, “ay qızım bu nə haldır, səni nə günə salıblar, həmçinin atası da soruşmuşdur ki, saçın, üst-başın niyə bu gündədir, niyə sənin üzün bu vəziyyətdədir”. Bu zaman onu ağlamaq tutmuş və o, anasını qucaqlayaq “dözə bilmirəm, qulağım çox pis ağrıyır” demişdir. Ana və atası ilə söhbət edən zaman o, qulağında və başında ağrılar hiss etdiyini, danışılanları eşitməkdə çətinlik çəkdiyini və çox halsız olduğunu demişdir. Onlar evə keçib oturduqdan sonra, qayınatası anasına demişdir ki, “bunlar heç nəyin üstündə dalaşıblar, Əhliman da əsəbiləşib qızı döyübdür”. O da demişdir ki, “oğlunuz məni pis vəziyyətə salıb”. Sonra qayınatası demişdir ki, “burda böyütməli nə var ki, əsəbləşib arvadını döyüb, ailə arasında söz-söhbət olan şeydi”. O da qayınatasına demişdir ki, “siz nə danışırsız, oğlunuz mənim qulağımı vurub kar eləyib, niyə oğlunuzun tərəfini tutursunuz”, qayınatası cavab olaraq demişdir ki, “oğlumun tərəfini tutmuram, oğlum evin ərkəsöyün oğludur”. Qayınatası onun anasına “qız bir az istirahət eləsin, o sizdə qalsın, biz gedək” deyərək onların evindən çıxıb getmişlər. Dava-dalaş olan zaman, səslərinə kənar şəxslər gəlməmiş, aralarında olmuş dava-dalaş təxminən 4-5 dəqiqə davam etmiş, dava-dalaş zamanı onu, keçmiş əri Əhlimandan başqa vuran olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadə verərək, bildirmişdir ki, onun 3 övladı vardır və onların hər biri ali təhsillidir. O, Xaçmaz rayonu, Arzu kəndində ən kiçik övladı Əhliman, gəlini Suğra və əri Şahid4 ilə birlikdə yaşayır. Belə ki, onların yaşadıqları ev iki mərtəbəli olmaqla, həmin evin birinci mərtəbəsində o, əri Mehmanla, ikinci mərtəbəsində isə oğlu Əhliman arvadı Suğra ilə yaşamışdır. Əhliman ilə Suğra təxminən bir ilə yaxındır ki, ailə quraraq birlikdə yaşamışlar. Ailə qurduqları bir il ərzində aralarında bir neçə dəfə mübahisə olduğunu eşitmişdir, belə ki, eyni evdə yaşadıqları üçün birinci mərtəbəsinə yuxarı mərtəbədən səs-küy gəlmişdir. Həmişə o, səs-küy gələn zaman əvvəlcə Əhlimandan nə olduğunu soruşduqda Əhliman öz aralarında mübahisələrinin düşdüyünü, Suğradan nə olduğunu soruşduqda isə “ərimlə aramızda olan söhbətdir” demiş, o da, üstlərinə getməmişdir. X2 geyim, evə gec gəlmək üstündə tez-tez mübahisələri düşmüşdür. Belə ki, Əhliman ailə qurmamışdan əvvəl Suğraya demişdir ki, “mən geyim məsələsində ciddiyəm, mən nə desəm onu geyinəcəksən”. Həmçinin, Əhliman axşamlar dostları ilə görüşərək çayxanaya, restorana getmiş, həmin vaxtlar evə gec gəldiyi üçün Əhlimanla arvadının sözləri tərs gəlmiş və mübahisələri düşmüşdür. O, konkret olaraq Əhlimanın Suğranı axırıncı dəfəyə qədər vurduğunu görməmiş, ancaq həmişə mübahisə etməklərinin səslərini eşitmişdir. X3 arasında səs-küy eşidən kimi, əri Mehman gedib nə məsələ olduğuna baxması üçün onu göndərmişdir. 15.05.2021-ci il tarixdə səhər saatlarında Əhliman dostları ilə görüşməyə getmiş, Əhliman getdikdən sonra, Suğra gəlib ona demişdir ki, “mən Əhlimandan icazə almışam, ataya desəniz məni anamgilin evin apararmı görəsən”. O da, demişdir ki, “ata yatıb, yuxudan oyansın deyərəm aparar”. Suğra, ata deyəndə Mehmanı nəzərdə tutmuşdur. Mehman yuxudan durandan sonra o, Mehmana Suğranı evlərinə aparması barədə demiş, Mehman da razılaşaraq sonuncunu həmin gün günorta evlərinə aparmışdır. Təxminən saat 17 radələrində Əhliman evə gəlib yatmışıdır. Bir-iki saat yatdıqdan sonra, saat 23 radələrində Əhliman gedərək Suğranı atasının evlərindən yaşadıqları evə gətirmişdir. O, həmin vaxt Mehmanla evin birinci mərtəbəsində, qonaq otağına oturub televizora baxmış, Əhlimanla Suğra evə gəlib ikinci mərtəbəyə yaşadıqları yerə qalxandan 15 dəqiqə keçdikdən sonra, yuxarıdan divanın səsi gəlmişdir. Divanın ayağı ilə döşəmə arasında boşluq olduğundan, divanın ayağı evin döşəməsinə çırpıldığı üçün səs gəlmişdir. Mehman ona demişdir ki, “çıx bax gör, yuxarıdan o nə səsdir gəlir”. O da, demişdir ki, “divanın ayağında boşluq var, ayağı döşəməyə çırpıldı, yəqin ki onun səsidir”. Daha sonra o, bayıra çıxmış, evə gələndə Mehman ona demişdir ki, “yuxarıdan yenə səs gəlir, çıx bax gör o nəyin səsidir”. O, yuxarıya çıxmış və görmüşdür ki, “Əhlimanla Suğra evin qonaq otağında olmaqla, Suğra divanda oturmuş, Əhliman da ayaq üstə durmuşdur”. O, oğlu və gəlininə demişdir ki, “ay bala yenə nə olub, nə üstündə dalaşırsınız”. Əhliman da cavab vermişdir ki, “ay ana, sən qarışma”. Əhliman ona elə deyəndə o, arxasını çevirib qonaq otağından çıxanda Suğra Əhlimana nə isə demişdir. Bu zaman Əhliman əsəbiləşmiş, əsəbi şəkildə Suğranın üstünə yeriyərək bir neçə dəfə sonuncunun qolundan, üzündən və boyun nahiyəsindən vurmuşdur. O, Əhlimanın Suğranı konkret neçə dəfə vurduğunu saya bilməmiş, elə də dəqiq yadında qalmamışdır. X5 qeyd olunan nahiyələrdən bir neçə dəfə vurduğunu görmüşdür. Bundan sonra Suğra digər otağa keçmək istəyəndə Əhlimana kobud söz demiş, bu zaman Əhliman dözməyib Suğranın sağ qulağının üstündən bir dəfə vurmuşdur. Əhliman Suğranı vurduqdan sonra, Suğra Əhlimana “vurub qulağımı kar elədin” demiş, Suğra həmin vaxt sağ qulağını tutaraq ağlamışdır. Əhliman da Suğraya “kəs səsini, az danış” demişdir. Daha sonra səs-küyə Mehmanın yuxarı qalxdığını görmüşdür. Çünki, həmin vaxt o, otağın giriş qapısının yanında dayanmışdır. Mehmanın yuxarı qalxmağını görən kimi, o, Əhlimanla Suğraya yaxınlaşıb, onlara “ay bala geyiminiz normal deyil, Mehman gəlib sizi belə görməsin ayıbdır” demiş, bu zaman o, divanın üstündə olan nazik yorğanı, üstünü örtməsi üçün Suğranın üstünə atmışdır. Elə həmin vaxt Mehman otağa gəlmiş, o da, Mehmana demişdir ki, “uşaqların üst-başları normal vəziyyətdə deyil”, ona görə də Mehman onlar olan otağa daxil olmamışdır. Bundan sonra, Suğra atasının evinə getmək istədiyini demiş, o da, Mehmanla Suğranı anasının evinə aparmışlar. Suğranın atasının evində onları Suğranın anası və bacısı qarşılamışlar. Qapıda Suğranın anası sonuncunu görən kimi demişdir ki, “ay qızım bu nə haldır”. Suğra da anasına demişdir ki, “Əhliman məni döyüb”. Daha sonra onlar evə girmişlər. Evə keçib oturandan sonra, Mehman Suğranın anasına demişdir ki, “bunlar cavandırlar, yeni evləniblər, hələ uşaqdırlar, heç nəyin üstündə dalaşıblar, Əhliman da əsəbiləşib qızı vurub”. Daha sonra Mehman demişdir ki, Suğra bir az sizdə qalıb istirahət eləsin, biz də gedək evimizə”. Suğra ilə Əhlimanın arasında olan dava-dalaş təxminən 4-5 dəqiqə davam etmiş, davadalaşın səsinə kənar şəxslər gəlməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadə verərək, bildirmişdir ki, ibtidai istintaq zamanı onun dediklərinin bəziləri ifadəsində düzgün yazılmamışdır, belə ki, o evə çıxanda aralarında yaranmış mübahisə zamanı oğlunun arvadı Suğranı bir dəfə sillə ilə vurmasını görmüş, lakin sonradan oğlunun arvadını bir neçə dəfə vurmasını deməsi barədə yazılanlar onun adından müstəntiq tərəfindən ifadəsinə yazılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4, Şahid5 ifadəsi ilə analoji ifadə vermişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid3 qızının ifadəsindən görünür ki, o, Şahid2 ilə 1993-cü il tarixində ailə qurmuş, ailələri o, əri, iki qızı və bir oğlundan ibarətdir. Böyük qızı Şahid1 ali təhsillidir. Suğra 2020-ci ildə Azərbaycan Respublikası Qızlar universitetindən məzun olmuşdur. Suğra 2020-ci ilin iyul ayında Xaçmaz rayonu, Arzu kənd sakini Təqsirləndirilən şəxs ilə evlənmişdir. Qızı ilə Əhlimanın evləndikləri vaxtdan keçən 9 ay müddət ərzində aralarında bir neçə dəfə mübahisə olmuşdur. Belə ki, aralarında hər dəfə mübahisə olduqda qızı ona demiş, ancaq o, yeni ailə qurduqlarına görə, hər ailədə belə söz-söhbətlər olur deyərək yola vermiş, qızının ailəsinin dağılmasını istəməmişdir. Ancaq sonuncu dəfə yəni, 15.05.2021-ci il tarixdə gecə saat 23:00 radələrində qızının atasının mobil telefonuna zəng etdiyini görüb, atası yatdığı üçün telefonu özü açmış və Suğra ağlaya-ağlaya, həyəcanlı bir şəkildə yalvararaq ona demişdir ki, “ana məni burda döyürlər, atama de gəlib məni burdan götürsün”. O da, qızına demişdir ki, “ay qızım sakit ol, təmkinli ol, atan indi yatıb ona nəsə desəm əsəbiləşəcək, dayına deyərəm gəlib səni oradan götürsün”. Qızı isə cavabında demişdir ki, “ay ana sən nə danışırsan, mən daha dözə bilmirəm, gəlin məni burdan aparın”. Bunları deyən kimi telefon əlaqəsi kəsilmişdir. O, telefon əlaqəsinin kəsildiyinə görə narahat olmuşdur. Telefon əlaqəsi kəsildikdən sonra Suğranı gətirmək üçün qardaşına deməyə səbri çatmamış, gedib ərini oyadaraq demişdir ki, “sən yatmışdın, bir az əvvəl Suğra ağlaya-ağlaya zəng eləmişdi, səsi yaman pis gəlirdi, dedi ki, Əhliman məni döyüb, gəlin məni burdan aparın, dözə bilmirəm. Mən də səni oyadıb deməkdən qorxdum”. Bunları deyəndə onu ağlamaq tutmuş, ərinin də halı pisləşmişdir. Adil özünə gəlib evdən çıxana qədər Suğra qayınanası və qayınatası ilə evə gəlmişlər. O, balaca qızı X4 və əri Adil qapıda onları qarşılamışlar. Suğra avtomobildən düşmüş, ağlayaraq gəlib onu qucaqlamış və ona demişdir ki, “ana, qulağım çox pis ağrıyır, çox halsızam”. O, Suğraya demişdir ki, “bu nə haldır, niyə bu günə salıblar səni”. Atası da Suğranı görən kimi demişdir ki, “ay qızım sən niyə bu gündəsən, üzün, saçın-başın niyə bu gündədir, səni kim döyüb”. Suğra atasına demişdir ki, “ata, qulağım çox pis ağrıyır, qulağımda nə isə səs var, səni yaxşı eşidə bilmirəm”. Daha sonra onlar evə keçmiş, qızının qayınatası Mehman onlara demişdir ki, “bunlar heç nəyin üstündə dalaşıblar, Əhliman da əsəbiləşib qızı döyüb, fikir verməyin siz, təzə evlidirlər, bir də etməz, biz onu tənbeh edərik, burda böyütməli nə var ki, hər evdə söz-söhbət olur”, Suğra qayınatasına demişdir ki, “siz nə danışırsınız, oğlunuz mənim qulağımı vurub kar eləyib, məni pis vəziyyətə salıb, niyə oğlunuzun tərəfini tutursunuz”. Qayınatası da Suğraya demişdir ki, “Əhliman evin ərkəsöyün uşağıdır”. Əri Adil də demişdir ki, “biz sizə qız vermişik, dedik ona öz qızınız kimi baxın, bu nədir belə”. Sonra Mehman ona və əri Adilə demişdir ki, “biz gedək, qız bir az sizdə qalsın, istirahət eləsin, ara biraz sakitləşsin”. Bunları deyib onlar çıxıb getmişlər. Məhkəmədə ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaq zamanı Şahid3 ifadəsi ilə analoji ifadə vermişdir. İşdə olan Məhkəmə-tibbi ekspertizasının 22 may 2021-ci il tarixli 267 nömrəli rəyinə əsasən 1998-ci il təvəllüdlü Şahid1 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ qulaq pərdəsinin posttravmatik zədələnməsi, sağ qulaq seyvanının və sağ bazu nahiyələrinin qançırları, boyunun və sağ bazunun sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi 15.05.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan yaşayış yeri üzrə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-cimaddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin dispozisiyasına əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma həmin cinayətin tərkib əlamətlərini yaradır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin və ailə üzvlərinin təqsirləndirilən şəxsin arvadının sifətindən bir dəfə sillə ilə vurmasını bildirmələrini təqsirləndirilən şəxsin özünü müdafiə etməsi və ailə üzvlərinin isə təqsirləndirilən şəxsi müdafiə etmələri kimi qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və ekspertiza rəyi ilə tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 15.05.2021ci il tarixdə saat 23 radələrində yaşadığı Xaçmaz rayonu, Arzu kəndində yerləşən evinin qonaq otağında yediyi tumun qabıqlarının bir neçəsinin yerə düşməsi səbəbindən aralarında yaranmış mübahisə və dava-dalaş zamanı bir neçə dəfə sillə ilə arvadı Şahid1 sifət, sağ qulaq, boyun, sağ bazu nahiyələrindən vuraraq ona, sağ qulaq pərdəsinin posttravmatik zədələnməsi, sağ qulaq seyvanının və sağ bazu nahiyələrinin qançırları, boyunun və sağ bazunun sıyrıqları ilə nəticələnən xəsarətlər yetirməklə zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bu əməli ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1. və 59.2-ci maddələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, təqsirini səmimi olaraq ibtidai istintaqda tam, məhkəmə istintaqında isə qismən etiraf etməsini, əməlindən peşman olmasını, ali təhsilli həkim olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını ona təyin edilən cəzanı yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs əməlində cəzanın Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halları müəyyən edilməmişdir. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərini pozaraq, məhkəmə istintaqından yayınmasını, zərərçəkmişlə barışıq əldə etməməsini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalı və həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədləri ilə tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göstərilən halların məcmusunu nəzərə alan məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməyi təqsirləndirilən şəxsin islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Xaçmaz rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 24-00-dan saat 07-00-dək yaşayış yerini tərk etməmək, cəzanın çəkilməmiş müddəti ərzində yaşayış yeri üzrə icra və probasiya qurumuna məlumat vermədən daimi yaşadığı Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində hökmün icrası onun yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur və mülki iddia verilməmişdir. Hökm elan olunduğu andan 20 gün müddətində (həbsdə saxlanılan şəxs hökmün surətinin ona verildiyi andan 20 gün müddətində) Xaçmaz Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar