Məhkəmə qərarları › İş №1(067)-138/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-138/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-138/2025 30.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1985-ci ildə Xaçmaz rayonunun Xanlıq-oba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Xaçmaz rayonunun Xanlıqoba kəndində qeydiyyatda olmaqla yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 09 iyun 2025-ci il tarixdə, saat 21:00 radələrində yaşadığı Xaçmaz rayonu, Xanlıqoba kəndi ərazisində yerləşən fərdi yaşayış evinin (evin yerləşdiyi yerin koordinatları: 41022'34.0" N, 48055'01.5" E) həyətyanı sahəsində arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sağ əlinin yumruğu ilə sonuncunun baş və sol qol nahiyələrinə qəsdən iki zərbə vurub zərərçəkmiş şəxsə “təpə nahiyəsinin hematoması” kimi sağlamlığa yüngül zərər vuran, “sol bazu nahiyəsinin qançırı” kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, bununla da o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onunla arvadı olan zərərçəkmiş şəxsin arasında yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəmnində mübahisə baş vermiş və həmin vaxt o, zərərçəkmiş şəxsi vuraraq xəsarət yetirmişdir. Həmçinin bildirdi ki, o, zərərçəkmiş şəxsdən sonuncunun atasının istifadəsində olan, lakin arvadının adına olan torpaq sahəsini onlara verməsini sözlə tələb etmiş, aralarındakı mübahisə də bu səbəbdən baş vermiş, zərərçəkmiş şəxs ona kobud cavab verdiyi üçün sonuncunu vurmuşdur. O, hesab edir ki, qayınatasında olmaqla arvadının adına olan torpaq sahəsi onlara verilməlidir. Bundan əvvəl də o, arvadını vurduğu üçün CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir, həmin vaxt da arvadını vuraraq xəsarət yetirməsinin səbəbi həmin torpaq sahəsinə görə olmuşdur. O, bundan sonra torpaq sahəsini hüquqi müstəvidə tələb edəcək, bir daha arvadını vurmayacaqdır. O, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs iş materiallarında olan ibtidai araşdırma orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Xanlıq-oba kəndində yaşayır. Daimi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. Belə ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs onun arvadıdır. Səidə ilə münasibətləri yaxşı olsa da, ara-sıra aralarında mübahisələr olmuşdur. xx.xx.2025-ci il tarixdə, axşam saat 21:00 radələrində o, Səidə ilə mübahisə etmişdir. Belə ki, o, bir müddət öncə anasına məxsus torpaq sahəsindən əkdikləri yoncanı satmışdır və borclarının bir qismini ödəmişdir. Arvadı ona yoncanı sataraq qazandığı pulları hara xərclədiyini soruşmuşdur. O, Səidə ilə həyətdə oturarkən, Səidəyə ailəsinin barəsində xoş danışmadığını, Səidənin atasının maddi vəziyyəti yaxşı olsa da, onlara əl tutmamasını, bundan başqa, Səidənin adına olan torpaq sahəsindən istifadə etməyə icazə verməməsini dilə gətirərək Səidə ilə sakit söhbət etməyə başlamışdır. Həmin vaxt həyətdə Səidə ilə ikisi olmuş, uşaqları evdə televizora baxmışlar. Səidə ona cavabında torpaq sahəsinin özünə məxsus olmasını və atasının istifadə edəcəyini bildirmişdir. O, Səidəyə sosial yardım almaq məqsədilə dövlət qurumlarına müraciət etdiyini, lakin cavab olaraq Səidənin adına torpaq sahəsi olduğu üçün imtina gəldiyini bildirmiş və Səidəyə atası ilə danışmasını, torpaq sahəsini istifadə etmək üçün onlara verməsini və yaxud torpaq sahəsini öz adına keçirməsini bildirmişdir. Səidə ona kobud cavab verərək “atam yaxşı edir, özü bildiyi kimi edəcək” deyə bildirmişdir. Bu səbəblə o, əsəbiləşərək Səidənin üzərinə gələrək baş nahiyəsinə və sol qol nahiyəsinə 2 dəfə yumruqla zərbə vurmuşdur. Daha sonra Səidəyə atasının yaşadığı ünvana getməsini bildirmişdir. Səidə özünə aid əşyaları götürərək atasının yaşadığı Xaçmaz rayonu, Xanlıqoba kəndində yerləşən fərdi yaşayış evinə getmişdir. Sonradan o, Səidənin onun barəsində Xaçmaz RPŞ-yə ərizə yazaraq şikayət etməsi barədə məlumat almışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisə vaxtı evə sərxoş gələrək onunla mübahisə etmiş və onu vuraraq xəsarət yetirmişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs müntəzəm olaraq spirtli içki qəbul edir. Onunla təqsirləndirilən şəxsin birgə nikahından üç övladı var. O, təqsirləndirilən şəxslə barışmış, lakin o, istəyir ki, təqsirləndirilən şəxs içki aludəçiliyindən müalicə olunsun. Zərərçəkmiş şəxs iş materiallarında olan ibtidai araşdırma orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Xanlıq-oba kəndində tək yaşayır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əridir. Fəqanla münasibətləri yaxşı olmuşdur, lakin ara-sıra mübahisələri olmuşdur. Fəqan onun ailə üzvləri ilə mütəmadi olaraq mübahisələr etmişdir. xx.xx.2025-ci il tarixdə, axşam saat 21:00 radələrində Fəqan ilə mübahisə etmişlər. Belə ki, aralarında baş verən mübahisəyə səbəb onun adına torpaq sahəsi olması və həmin torpaq sahəsini atası Camalətdinin istifadə etməsi olmuşdur. Fəqan bir müddətdir ki, sosial yardım almaq üçün dövlət qurumlarına müraciət etmişdir. Fəqan ona müraciətinə cavab gəldiyini və adına olan torpaq sahəsi ilə əlaqədar olaraq imtina gəldiyini bildirmişdir. Fəqan ondan atası ilə danışmasını, adına olan torpaq sahəsini istifadə etmək üçün onlara verməsini və yaxud torpaq sahəsini onun adına keçirməsini bildirmişdir. O, Fəqana həmin torpaq sahəsinin ona məxsus olmasını və həmin torpaq sahəsini atasının istifadə etməsini, həmin əkin ilə onlara maddi yardım etdiyini, əgər onların adına keçirsə Fəqanın torpağı satacağını bildirmişdir. Fəqan ona kobud rəftar etdiyini bildirmiş və əsəbiləşərək üzərinə gələrək baş nahiyəsinə və sol qol nahiyəsinə 2 dəfə yumruqla zərbə vurmuşdur. Həmin vaxt övladları evdə olmuşdur, onunla Fəqan isə həyətyanı sahədə olmuşlar. Daha sonra Fəqan ona atasının yaşadığı ünvana getməsini bildirmişdir. Bu səbəblə o özünə aid şəxsi əşyaları götürərək atasının yaşadığı Xaçmaz rayonu, Xanlıqoba kəndində yerləşən fərdi yaşayış evinə getdiyini bildirmişdir. O, bir müddət Fəqanın ondan üzür istəməsini gözləsə də, Fəqan onu danışdırmadığı üçün və övladları ilə görüşə icazə verməməsi səbəbi ilə Xaçmaz RPŞ-yə ərizə yazaraq Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. İş materiallarında olan 12 iyun 2025-ci il tarixli şifahi ərizə protokolundan və həmin tarixli izahatdan müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə müraciət edərək, əri Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:00 radələrində yaşadıqları Xaçmaz rayonu, Xanlıqoba kəndində yerləşən evdə aralarında yaranmış mübahisə zamanı onun baş və qol nahiyələrinə iki dəfə yumruq zərbəsi vuraraq xəsarət yetirməsi barədə bildirərək, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 28 iyun 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri Xaçmaz rayonu, Xanlıqoba kəndində Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsidir. Həmin ev Xanlıqoba kəndi ərazisində yerləşən kəndin mərkəzi hesab olunan dörd yol adlanan yerdən kənd yolunun 70 metr şimal-şərq istiqamətində yerləşir. Fərdi yaşayış evinin kənarları açıq vəziyyətdədir. Evin giriş qapısı dəmir materialdandır. Ev mişar daşından tikilmiş və 01 mərtəbədən ibarətdir. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs yaşadığı evin giriş qapısının qarşısını göstərərək xx.xx.2025-ci il tarixdə, saat 21:00 radələrində əri Təqsirləndirilən şəxs orada onun sol qol və baş nahiyəsinə yumruq zərbələri endirməsi bildirmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin vaxt ətrafda heç kəs olmamış və hadisəyə kənar şəxslər şahid olmamışdır. Hadisə zamanı xəsarət alsa da, buna dair hadisə yerində iz qalmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 12 iyun 2025-ci il tarixli, 329 nömrəli rəyindən müəyyən edilir ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarət – təpə nahiyəsinin hematoması və sol bazu nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2025-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən təpə nahiyəsinin hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına sabəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarət sol bazu nahiyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs bundan əvvəl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmün, qərarın surətlərindən və Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 1(067)-152/2008 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir; bundan başqa, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(067)-118/2018 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən onun təqsirləndirildiyi CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir; bundan başqa, o, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Xaçmaz RPŞ-də ********* nömrəli material üzrə CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Çarxı kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş arayışdan, həmçinin EMİS-dən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə evlidir və himayəsində ikisi azyaşlı olmaqla dörd yetkinlik yaşına çatmayan uşağı var. (xx.xx.2008, xx.xx.2011, xx.xx.2015, xx.xx.2016 təvəllüdlü) İş materiallarında olan Xaçmaz rayon İHB-nın Çarxı kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs daim kənd camaatı və qonşularla yaxşı münasibətdə olmuşdur. İşgüzarlığı, qonşu və qohumlarla yaxşı münasibətilə seçilir. Barəsində şikayət xarakterli məlumatlar daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində ikisi azyaşlı olmaqla dörd yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutun, mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar