Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-139/2024 26.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2007-ci ildə Xaçmaz rayonu, İstisu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, məhkumluğu olan, Xaçmaz rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz şəhəri, 28 May küçəsi, ev 47-də yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq bölməsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və barəsində ittiham aktı tərtib edilməklə baxılmasından ötrü həmin cinayət işinin xx.xx.2023-cü il tarixdə Xaçmaz Rayon Məhkəməsinə göndərilməsinə baxmayaraq təkrar, Zərərçəkmiş şəxs1 işlətdiyi, Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Raffaello” adlı mağazandan oğurluq etmək qərarına gələrək, bu məqsədlə 14 mart 2024-cü il tarixdə saat 01 radələrində həmin mağazanın qarşısına getmiş, orada heç kəsin olmadığına əmin olduqdan sonra özü ilə gətirdiyi burğacla mağazanın jalüz qapısının qıfılını sındırıb açdıqdan sonra mağzanın plastik qapısını həmin burğacdan istifadə edib qanırıb açıb saxlanc yerinə qanunsuz daxil olmaqla mağazadan bir qutusunun qiyməti 4,5 manat olan 81 qutu 364,5 manat dəyərində “Sobranie” markalı siqaret, bir qutusunun qiyməti 4,2 manat olan 35 qutu 147 manat dəyərində “Kent” markalı siqaret, bir qutusunun qiyməti 4 manat olan 53 qutu 212 manat dəyərində “Winston” markalı siqaret, bir ədədinin qiyməti 1 manat olan 350 ədəd 350 manat dəyərində “poz-qazan” lotoreya bileti, bir ədədinin qiyməti 5 manat olan 7 ədəd 35 manat dəyərində, bir ədədinin qiyməti 2 manat olan 7 ədəd 14 manat dəyərində, cəmi 49 manat dəyərində “Nar Mobile” danışıq kartı, bir ədədinin qiyməti 3 manat olan 4 ədəd 12 manat dəyərində, bir ədədinin qiyməti 2 manat olan 4 ədəd 8 manat dəyərində və 1 ədədinin qiyməti 1 manat olan 6 ədəd 6 manat dəyərində, cəmi 26 manat dəyərində "xxxx" MMC-yə aid danışıq kartı, habelə 70 manat dəyərində qəpik pulları qanunsuz olaraq götürüb apararaq ümumilikdə zərərçəkmiş şəxsə 1218,5 manat dəyərində ziyan vurmaqla oğurluq etmiş, yəni təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1-də yerləşən evindən oğurluq etmək qərarına gələrək, bu məqsədlə xx.xx.2024-cü il tarixdə saat 09 radələrində hasardan aşıb həyətə daxil olduqdan sonra içərisində yaşayış olmayan yeni tikilməkdə olan evə qanunsuz daxil olaraq girişdən sol tərəfdə olan 1-ci otaqdan qiyməti 560 manat olan 1 ədəd TCL markalı, 102 diaqonallı televizor, həmçinin 1 topunun qiyməti 100 manat olmaqla ümumi dəyəri 2000 manat olan 20 top mis elektrik naqili, habelə həmin həyətdə Zərərçəkmiş şəxs2 yaşadığı mənzilə pəncərədən keçmə yolu ilə daxil olaraq həmin mənzilin qonaq otağından qiyməti 300 manat olan 1 ədəd LG markalı, 82 diaqonallı televizor və hər birinin dəyəri 100 manat olan 3 ədəd xalçanı qanunsuz olaraq götürüb apararaq ümumilikdə zərərçəkmiş şəxsə 3160 manat dəyərində ziyan vurmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, əvvəllər bir neçə dəfə oğurluq hadisəsləri törətmiş, bununla bağlı barəsində cinayət işlərinin istintaqı aparılıb və istintaq tamamlanaraq Xaçmaz Rayon Məhkəməsinə göndərilib, barəsində olan cnayət işləri məhkəmə baxışındadır. Oğurluq etməyə demək olar ki, vərdiş etmişdir. O, bir neçə dəfə Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Raffaello”. adlı ərzaq mağazasının qarşısından keçmişdir, oradan oğurluq etmək qərarına gəlmişdir. Əvvəllər də dəfələrlə oğurluq etdiyindən artıq bu cür cinayəti törətməyə öyrəşmişdir. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində özü ilə burğac götürərək həmin mağazanın qarşısına getmişdir, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin burğacı mağazanın jalüz qapısının qıfılına salmış və qarıb qıfılı sındırmışdır. Sonra isə mağazanın plastik qapısını da burğacdan istifadə etməklə güc verib qanırdıb və açdıqdan sonra mağazaya daxil olmuşdur. O, mağazaya daxil olduqdan sonra xeyli sayda müxtəlif adda siqaretlər, "xxxx" və “Nar mobile”-a aid danışıq kartları, 1 -manatlıq xeyli sayda poz-qazan lotareya biletləri və təxminən 70 manat məbləğində qəpik pulları götürüb mağazadan çıxmışdır. Oğurladığı siqaretlərin sayı çox olduğundan onları, lotareya biletlərini əvvəlcədən özü ilə gətirdiyi sellofan torbaya yığmış, qəpik pulları və danışıq kartlarını isə cibinə qoyaraq çıxıb getmişdir. Siqaretləri bazarın yaxınlığında tanımadığı şxəslərə satmışdır, lotareya biletlərini isə pozmuş və onlardan 17 manat pul çıxmışdır. O, həmin biletləri Şabran rayonuna gedib orada təhvil verib pulunu almışdır. Qəpik pullarla yanaşı həmin pulları özü şəxsi ehtiyaclarına, kopmyuter salonuna və sair xərcləmişdir. Danışıq kartlarını isə üzərindən salıb itirmişdir, onların heç birini istifadə edə bilməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Oğurluq hadisəsini törədən zaman ona başqa kimsə kömək etməmiş, həmin cinayəti tək özü törətmişdir. Bundan başqa törətdiyi əməllərdən biri də ünvan 1- də yerləşən evdən etdiyi oğurluqdur. O, ana tərəfdən qohumu olan Züleyxagilin evindən oğruluq etmək fikrinə düşmüşdür. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə saat 09 radələrində həmin evin yerləşdiyi yerə getmişdir. O, bilirdi ki, Züleyxa özü Xaçmaz rayonunda deyil, evə ara-sıra qızı Kövsər gəlib nəzarət edir. O, həmin evdə heç kimin olmadığına əmin olduqdan sonra evin arxa tərəfdən, qonşu həyətin hasarın aşaraq Züleyxagilin həyətinə daxil olmuşdur. Çünki həmin vaxt qonşu həyətdə heç kim olmamışdır. Bundan sonra o, Züleyxagilin həyətində yeni tikilmiş tikiliyə qapının qıfılını qanırıb açıb girərək girişdən sol tərəfəki 1-ci otaqdan 20 top eletrik naqilini və 1 ədəd “TCL” markalı televizoru götürmüşdür. Həmin naqil toplarını əvvəlcədən özü ilə gətirdiyi bir neçə kisəyə yığmışdır, naqilləri və televizoru həyətə çıxartmışdır. Bundan sonra həmin həyətdəki yaşayış evinin pəncərəsin açıb içəri girərək evin qonaq otağından bir ədəd “LG” markalı televizor və 3 ədəd kiçik ölçülü xalçanı bükələyib götürmüşdür. O, evə daxil olduğu kimi pəncərədən də çıxmışdır. Götürdüyü xalçaları əvvəlcədən üzərində olan ayrıca bir kisəyə yığmış, həm naqilləri, hə də xalçaları həyətə daxil olduğu yerdən çöl tərəfə, qonşu həyətə yığmışdır. Televizorları da özülə götürərək bir-bir hasarı aşıb obiri tərəfə yığmışdır. Sonra da həmin yerdən hissə-hissə rahatlıqla daşıyıb aparmışdır. Oğurladığı televizoru və xalçaları tanımadığı şəxslərə satmışdır. Naqillər isə kabel şəklində olduğundan onları yandırmış və rezin hissədən təmizləyib təxminən 15 kq mis məftil əldə etmişdir. Həmin mis məftili də Təbriz adlı Xaçmaz şəhər sakininə satmışdır. Əlavə olaraq qeyd etmişdir ki, O, həmin Zərərçəkmiş şəxs2 məxsus həmin evdən soyuducu oğurlamamış, ona heç gücü də çatmazdı. Ola bilər ki, soyuducunu başqa kimsə oğurlamışdır. Oğurluq etməkdə ona heç kim kömək etməmiş, oğurluğu tək etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Rafaello” adlı ərzaq mağazası vardır. Həmin ərzaq mağazasını 5-6 ildir ki, o, işlədir, sahibindən rəsmi müqavilə bağlamadan icarəyə götürüb işlədir. Həmin mağazanın işıq sayğacı onun adına rəsmiləşdirilmiş, ödənişləri də özü edir, qəbzlərdən birini istintaq təqdim etmişdir. O, mağazanı hər gün saat 20:00-da bağlayır, səhər saat 07:00-da isə açır. xx.xx.2024-cü il tarixdə saat 07 radələrində o, mağazaya getmiş, mağazanın qarşısına çatanda görmüşdür ki, mağazanın giriş qapsının jalüzünün qıfılı sındırılmış, plastik qapı da qanırılaraq açılmışdır. O, oğurluq olmasını başa düşdüyündən DİN-in “102” xidmətinə zəng edərək şikayət etmişdir. Polis işçiləri gəlib mağazaya baxış keçirmişlər. O, mağazadan nə oğurlanmasını yoxlamışdır. Bu zaman ona məlum olmuş ki, mağazadan bir qutusunun qiyməti 4,5 manat olan 81 qutu “Sobranie” markalı siqaret, bir qutusunun qiyməti 4,2 manat olan 35 qutu “Kent” markalı siqaret, bir qutusunun qiyməti 4 manat olan 53 qutu “Winston” markalı siqaret, bir ədədinin qiyməti 1 manat olan 350 ədəd “poz-qazan” lotoreya bileti, bir ədədinin qiyməti 5 manat olan 7 ədəd, bir ədədinin qiyməti 2 manat olan 7 ədəd “Nar Mobile” danışıq kartı, bir ədədinin qiyməti 3 manat olan 4 ədəd, bir ədədinin qiyməti 2 manat olan 4 ədəd və 1 ədədinin qiyməti 1 manat olan 6 ədəd "xxxx" danışıq kartı, habelə 70 manat dəyərində qəpik pullar oğurlanmışdır. Nəticədə ona 1218,5 manat məbləğində maddi ziyan vurulmuşdur. Qıfılın sınmasına görə isə ona 5 manat ziyan vurulmuşdur, onu özü təmir etmişdir. Zərərçəkmiş şəxs1 dəymiş zərər ilə bağlı mülki qaydada məhkəməyə idda ərizəsini təqdim edərək iddiasını tam həcmdə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən ona məxsus olan ev vardır. Həmin ev köhnə tikili olduğundan həyətyanı sahəsində, köhnə evin arxa tərəfində son dövrlərdə yeni bir ev də tikməyə başlamışdır. Evin divarlarını hördürmüş, həmçinin dam örtüyün də vurdurmuş, lakin təmir etdirməmişdir. Yeni tikdirdiyi evin içərisində elektrik xəttini çəkmək üçün naqillər almışdır. Belə ki, evin ikinci mərtəbəsində 20 top mis naqil alıb qoymuşdur. Həmçinin həmin evdə gələcəkdə istifadə etmək üçün bir ədəd 102 diaqonallı “TCL” markalı televizor alıb qoymuşdur, həmin televizoru 560 manata almışdır, heç vaxt da istifadə etməmişdir. O, xx.xx.2023- cü ildən Rusiya Federasiyasına getmişdir. xx.xx.2024-cü il tarixdə qızı Kövsər ona zəng edərək demişdir ki, “evə oğru girib.” O, da qızına polisə məlumat verməsini demişdir və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. O, özü evə baxmış və ona məlum olmuşdur ki, evdən xeyli əşya oğurlanıb. Belə ki, onun yeni tikdirdiyi evdən bir topunun dəyər 100 manat olmaqla cəmi 2 min manat olan 20 top mis məftil, dəyəri 560 manat olan 1 ədəd “TCL” markalı, 102 diaqonallı televizor, həmçinin faktiki olaraq içərisində yaşadığı köhnə evindən dəyəri 300 manat olan 1 ədəd 82 diaqonallı “LG” markalı televizor, bir ədədinin dəyəri 100 manat olan 3 ədəd xalça və dəyəri 250 manat olan 1 ədəd soyuducu oğurlanmışdır. Beləcə ona cəmi 3410 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, anası Züleyxaya məxsus Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində 03 otaqlı həyət evi yerləşir. Anası Rusiya Federasiyasına getdiyi üçün bir müddət ev boş qalmışdır, həmin evə o, nəzarət edirdi. Evə ara sıra gələrək baxmış, lakin daimi orada qalmamışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə evə gələrək baxdıqda hər şey öz qaydasında olmuş və o, evin işıqlarını yandıraraq öz evinə getmişdir. xx.xx.2024-cü il tarixdə həmin evə gəlmiş və evin çöl darvaza qapısının açıq olmasını görmüşdür. O, kiminsə evə daxil oluduğunu anlamış və evə baxan zaman 2 ədəd televizor, 3 ədəd xalçanın, elektrik naqillərinin oğurlanmış olmasını görmüşdür. Buna görə DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Həmçinin anasına da zəng edib məlumat vermişdir, sonra da anası özü Rusiya Federasiyasından Xaçmaz rayonuna gəlmiş, oğurlanmış əşyaların adlarını və dəyərini anası özü ifadəsində bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs çoxdan tanıyır, lakin onunla aralarında nə dostluq, nə də düşmənçilik münasibətləri olmayıb, çünki Kənan yaşda ondan xeyli kiçikdir, aralarında 15 yaşdan çox fərq vardır. 2024-cü ilin mart ayının sonlarında yaşadığı evin yaxınlığıpnda Kənanla rastlaşmışdır. Kənan ona salam vermişdir, həmin vaxt əlində bir torba mis məftil var olmuşdur. Kənan mis məftili onun avtomobilinin yük hissəsinin üzərinə qoyub demişdir ki, “satıram, almaq istəyirsənsə sənə satım.” O, Kənandan məftili haradan almasını soruşanda ona demişdir ki, “tapmışam, aparıram satam.” O, neçəyə satmasını soruşanda Kənan demiş ki, 10-15 kq mis varıdı, 1 kiloqramını 11 manata satır. O, bilmişdir ki, “1 kq mis məftilin qiyməti 12-13 manatdır. Buna görə Kənana demişdir ki, “ver mənə mən alıram.” O, Kənandan həmin mis məftili götürmüş, əlində ağırlığına baxmış və düşünmüş ki, 10 kiloqramdan az deyil. Buna görə Kənana demişdir ki, “115 manatım var, razısansa verim sənə sat mənə.” Kənan da razılaşmış və mis məftili Kənandan alıb ona 115 manat pul vermişdir. Məftili də avtomobilin yük yerinə qoymuş, həmin gün Xaçmaz şəhərində qarşına çıxan köhnə “Qazel” markalı avtomobillə metal yığan şəxsə həmin mis məftilləri 10-15 manat bahasına satmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan hadisə yerinə keçirilmiş xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, hadisə yeri Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi “Raffaello” adlı mağazadır. Qapının açar yeri sındırılmış, baxışda iştirak edən Zərərçəkmiş şəxs1 mağazada rəfləri və masanı göstərərək oğurlanan əşyaların yerini bildirmişdir. Hadisə yerindən əl-barmaq izləri qablaşdırılıb möhürlənərək götürülmüş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan hadisə yerinə keçirilmiş xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən həyət evidir. Evin giriş qapısı iki laylı dəmir darvazadan ibarətdir. Həyətə girdikdə üzbəüz olan köhnə tikili 1 mərtəbəli evdir. Baxışda iştirak edən Şahid1 həmin evin qonaq otağından 1 ədəd televizor və xalçalar oğurlandığını bildirmişdir. Evin arxa tərəfində isə yeni tikilməkdə olan 2 mərtəbəli ev vardır. Həmin evin divarları hörülmüş, lakin təmirsizdir. Həmin evdən 1 ədəd televizor və elektrik naqilləri oğurlanmışdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar olunmamış və götürülməmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-11/2-3945/2024 nömrəli məktubundan görünür ki, xx.xx.2024- cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2024- cü il tarixdə KTİ-yə daxil olunmuşdur.Tədqiqata təqdim edilmiş əl barmaq izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına Qaradağ RPŞ-dən daxil olan) xx.xx.2007-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlin böyük (pul karopkasından götürülmüş) barmağının əksi ilə eynilik müəyyən etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan hadisə yerindən götürülmüş təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus 01 ədəd əl barmaq izi xx.xx.2024cü il tarixli qərarla tərəfimdən maddi sübut kimi tanınmış və həmin maddi sübut möhürlənmiş zərfdə iş materillarında saxlanılır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və Qaradaq Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(002)-97/2023 nömrəli hökmdən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 1772.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 01 il 11 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Xaçmaz rayon icra və probasiya şöbəsindən daxil olmuş cavab məktubundan görünür ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(002)-97/2023 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 1772.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixə 01 il 11 ay 10 gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Xaçmaz rayon məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 1(067)-72/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi maddəsindən həmin Məcəlləsinin 185.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Sumqayıt Apellyasiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 1(105)-417/2024 saylı qərarı ilə ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsini 66.5ci maddəsinə əsasən qismən toplanmıqla Təqsirləndirilən şəxs barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(067)-38/2024 saylı hökmünə dair cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 4 (dörd) gün müddət və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(002)-97/2023 saylı hökmünə dair cinayət işi üzrə xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 4 (dörd) gün müəddət, ümumilikdə 08 (səkkiz) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinin bir günə bir gün hesabı ilə hesablanaraq, 08 (səkkiz) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında Xaçmaz rayon məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 1(067)-72/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək, ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi Nümayəndəliyi tərəfindən verilmiş 02 aprel 2024-cü il tarixli, 1067 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs valideyinləri ilə və qardaşları ilə bərabər ünvan 3 ünvanda yaşayır İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi Nümayəndəliyi tərəfindən verilmiş ictimai xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz şəhər C.Cabbarlı adına 6 saylı tam orta məktəbinin xx.xx.2024-cü il tarixli, 153 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətəndə 2020-2021-ci il tədris ilində Xaçmaz şəhəri C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin 6-cı sinifində oxumuş, Azərbaycan dilindən kafi qiymət almışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz şəhər C.Cabbarlı adına 6 saylı tam orta məktəbi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2020-2021-ci il tədris ilində Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin 6-cı sinifinə qədər oxumuş. Oxuduğu müddətdə ailə vəziyyəti ilə əlaqədar olaraq dərslərdən tez-tez yayınmışdır. Dərsləri gözəl mənimsəyib, müəllimlərə yaxşı cavab vermişdir. İctimai işlərdə iştirak etməmişdir. Yaxşı hafizəyə malikdir. Oxuduğunu sərbəst danışmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq bölməsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və barəsində ittiham aktı tərtib dilməklə baxılmasından ötrü həmin cinayət işinin xx.xx.2023-cü il tarixdə Xaçmaz Rayon Məhkəməsinə göndərilməsinə baxmayaraq təkrar, Zərərçəkmiş şəxs1 işlətdiyi, Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Raffaello” adlı mağazandan oğurluq etmək qərarına gələrək, bu məqsədlə 14 mart 2024cü il tarixdə saat 01 radələrində həmin mağazanın qarşısına getmiş, orada heç kəsin olmadığına əmin olduqdan sonra özü ilə gətirdiyi burğacla mağazanın jalüz qapısının qıfılını sındırıb açdıqdan sonra mağzanın plastik qapısını həmin burğacdan istifadə edib qanırıb açıb saxlanc yerinə qanunsuz daxil olmaqla mağazadan bir qutusunun qiyməti 4,5 manat olan 81 qutu 364,5 manat dəyərində “Sobranie” markalı siqaret, bir qutusunun qiyməti 4,2 manat olan 35 qutu 147 manat dəyərində “Kent” markalı siqaret, bir qutusunun qiyməti 4 manat olan 53 qutu 212 manat dəyərində “Winston” markalı siqaret, bir ədədinin qiyməti 1 manat olan 350 ədəd 350 manat dəyərində “poz-qazan” lotoreya bileti, bir ədədinin qiyməti 5 manat olan 7 ədəd 35 manat dəyərində, bir ədədinin qiyməti 2 manat olan 7 ədəd 14 manat dəyərində, cəmi 49 manat dəyərində “Nar Mobile” danışıq kartı, bir ədədinin qiyməti 3 manat olan 4 ədəd 12 manat dəyərində, bir ədədinin qiyməti 2 manat olan 4 ədəd 8 manat dəyərində və 1 ədədinin qiyməti 1 manat olan 6 ədəd 6 manat dəyərində, cəmi 26 manat dəyərində "xxxx" MMC-yə aid danışıq kartı, habelə 70 manat dəyərində qəpik pulları qanunsuz olaraq götürüb apararaq ümumilikdə zərərçəkmiş şəxsə 1218,5 manat dəyərində ziyan vurmaqla oğurluq etmiş, yəni təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1-də yerləşən evindən oğurluq etmək qərarına gələrək, bu məqsədlə xx.xx.2024-cü il tarixdə saat 09 radələrində hasardan aşıb həyətə daxil olduqdan sonra içərisində yaşayış olmayan yeni tikilməkdə olan evə qanunsuz daxil olaraq girişdən sol tərəfdə olan 1-ci otaqdan qiyməti 560 manat olan 1 ədəd TCL markalı, 102 diaqonallı televizor, həmçinin 1 topunun qiyməti 100 manat olmaqla ümumi dəyəri 2000 manat olan 20 top mis elektrik naqili, habelə həmin həyətdə Zərərçəkmiş şəxs2 yaşadığı mənzilə pəncərədən keçmə yolu ilə daxil olaraq həmin mənzilin qonaq otağından qiyməti 300 manat olan 1 ədəd LG markalı, 82 diaqonallı televizor və hər birinin dəyəri 100 manat olan 3 ədəd xalçanı qanunsuz olaraq götürüb apararaq ümumilikdə zərərçəkmiş şəxsə 3160 manat dəyərində ziyan vurmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs cəzansını yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməlləri nəticəsində vurulmuş ziyanın ödənilməməsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 25 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və Xaçmaz rayonu məhkəməsinin 27 mart 2024-cü il tarixli, 4(067)-48/2024 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 25 mart 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli 25 mart 2024-cü il tarixdən hesablanmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə iş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia ərizəsinə dair aşağıdakları qeyd edir. Beləki, iş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş maddi zərərin məblği olan 1218,5 (bir min iki yüz on səkkiz manat 50 qəpik) manat pulun və mülki iddia ərisəzi ilə bağlı ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun təqsirləndirilən şəxs və mülki cavabdeh X1 alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs mülki iddianın təmin edilməsinə heç bir etirazının olmadığını bildirdi. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia təmin edilməlidir. Belə ki, iş materiallarından və ibtidai istintaq zamanı iş üzrə Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslərdən oğurluq nəticəsində zərər vurmasını etiraf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə məsuliyyət qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ona vurulmuş maddi ziyanın ödənilmədiyini və ziyanını Təqsirləndirilən şəxs tələb etdiyini bildirsə də, cinayət təqibi başlanandan məhkəmə istintaqı qurtaranadək Təqsirləndirilən şəxs qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində ona dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsi ilə müraciət etməmişdir. Ona görə də, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 izah olunur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən onun Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd zərfdə əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə. HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Xaçmaz rayon məhkəməsinin 1(067)-72/2024 saylı 17 iyul 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin olunmuş 02 il 05 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 il 06 ay azadlıqdan məhrumetmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla, ona qəti olaraq 03 (üç) il 06 (altıı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən üvvədə saxlanılsın. İş üzrə olan Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 1218,5 (bir min iki yüz on səkkiz manat 50 qəpik) manat pul və mülki iddia ərisəzi ilə bağlı ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu alınaraq iş üzrə zərərçəkmiş, mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd zərfdə əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №1(067)-139/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-139/2024
26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver