Məhkəmə qərarları › İş №1(067)-140/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-140/2020

30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-140/2020 30.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ (xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə) Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və X7 iştirakı ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2, 148.1 və 148.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyən etdi: X1 Əfqan Mahmudağa oğlunun Cinayət Məcəlləsinin 147.2, 148.1 və 148.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittiham qaydasında şikayətlə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 2016-cı ildən Azərbaycan-Türkiyə Toxumçuluq və X4 (TAOM) direktor, hazırda istehsalat və emal şöbəsinin müdiri işləyir. Camaatdan bəziləri, o cümlədən X8 və X10 onu rüşvətxorluqda ittiham edərək Azərbaycan Respublikasının rəhbər orqanlarına ona qarşı böhtan, şərəfini alçaldıcı məktublar göndərirlər. Həmçinin onun barəsində kütləvi informasıya vasitələrində də bu kimi çıxışlar etmişlər. Qeyd olunanlara əsasən də X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2, 148.1 və 148.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayəti müdafiə edərək şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs şikayəti qəbul etməyərək şikayətin əsassız olduğunu bildirərək şikayətin icraata götürülməməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, şikayətin məzmunu qanunvericliyin tələblərinə tam cavab vermədiyindən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2, 148.1 və 148.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə görə, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə görə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə bu Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6 - 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi və hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərar çıxarır. Həmin Məcəllənin 293.3.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Həmin Məcəllənin 293.3.4-cü maddəsinə əsasən, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Həmin Məcəllənin 293.3.5-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı şikayətdə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə xüsusi ittihamçı tərəfindən riayət olunmamış, həmçinin şikayətin xahiş etdi (ittiham edici) hissəsində isə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2, 148.1 və 148.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunmuşdur. Məhkəmə ilk olaraq qeyd erdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində 148.1 və 148.4-cü maddələr mövcud deyildir. Bununla yanaşı məhkəmə onu qeyd edir ki, şikayət vermiş şəxs X8 və X10 tərəfindən onun rüşvətxorluqda ittiham edilməsi, ona qarşı böhtan, şərəfini alçaldıcı məlumatların kütləvi informasıya vasitələrində yayıldığıni bildirsə də, bu barədə sübutları şikayət ərizəsinə əlavə etməmişdir. Hazırkı şikayətin böhtan və təhqir xarakterli məlumatların X8 və X10 tərəfindən müxtəlif dövlət orqanlarına məktublar və teleqrammalar yazmaqla yayması hissəsi barədə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə görə, böhtan - yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır. Həmin Məcəllənin 148-ci maddəsinə görə, təhqir - kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmadır. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun; kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür; kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür; kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür; böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə görə bu Məcəllənin 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd olunur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Cinayət-Prosessual Məcəlləsinin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Cinayət-Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Odur ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin yazılı şikayətində cinayət əməllərinin məhz barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən törədilməsini təsdiq edən hallar, həmçinin şikayətin xahiş etdi (ittiham edici) hissəsində barəsində şikayət verilmiş şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsində mövcud olmayan 148.1 və 148.4-cü maddələr üzrə ittiahm olunması xahiş olunduğundan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2, 148.1 və 148.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar