Məhkəmə qərarları › İş №1(067)-140/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-140/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-140/2023 11.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1975-ci ildə Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, özünün deməsinə görə fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilərək ona görə məhkəməyə verilmişdir ki, o, 20 may 2023-cü il tarixdə, saat 13 radələrində yaşadığı Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində, həmin kənd ərazisindən keçən Xaçmaz rayonu, Mollaburhan kənd yolundan qərb istiqamətində 40 metr aralı məsafədə yerləşən evinin həyətində heç bir əsaslı səbəb olmadan özünün üstünlüyünü nümayiş etdirib xuliqanlıq niyyəti ilə bir dəfə qəsdən təpiklə arvadı Zərərçəkmiş şəxs qarın nahiyəsinə vurmaqla sonuncuya soldan 9 və 10-cu qabırğaların yerdəyişən sınıqları ilə nəticələnən xəsarətlər yetirib xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o və Zərərçəkmiş şəxs ilə rəsmi nikahda olmaqla ər-arvad olaraq birlikdə yaşayırlar. Hadisə günü zərərçəkmiş şəxs onun ünvanına söyüşlər söydüyünə görə o, zərərçəkmiş şəxsi vurmuşdur. Həmçinin bildirdi ki, o, zərərçəkmiş şəxsi bir dəfə olmaqla təpik zərbəsi ilə vurmuşdur. Zərərçəkmiş şəxslə münasibətləri bir neçə ildir ki, pisləşmişdir. Zərərçəkmiş şəxs onu müntəzəm olaraq haqsız, səbəsiz yerə söymüş, həmçinin onun valideynlərinin, hətta onun iki il əvvəl vəfat etmiş anasının da ünvanına söyüşlər söymüşdür. Hadisə baş verən gün də o, işdən yaşadıqları evə gəlmiş, bu zaman zərərçəkmiş şəxs yenə onu haqsız yerə söymüş, o da buna görə zərərçəkmiş şəxsi vurmuşdur. O, zərərçəkmiş şəxsi yaşadıqları evin həyətində vurmuş, həmin vaxt orada onların ikisindən başqa kimsə olmamış, mübahisə 1-2 dəqiqə davam etmiş, o, zərərçəkmiş şəxsi bir dəfə təpiklə vuran kimi evdən çıxıb yenidən işə qayıtmışdır. Hadisə zamanı onların yanına kimsə gəlməmişdir. O, törətdiyi cinayət əməlinə görə peşmandır. Hazırda o zərərçəkmiş şəxslə barışmışdır, buna görə də barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, arvadı Ceyranla birlikdə Xaçmaz rayonu, Qımılqışlaq kəndində yaşayır. O, 2000-ci ilin sentyabr ayında dayısı qızı Zərərçəkmiş şəxs ilə evlənmişdir. Ceyranla olan nikahından övladı yoxdur. Əvvəllər Ceyranla münasibəti yaxşı olmuşdur. Təxminən 4-5 il olar ki, onun Ceyranla münasibəti yaxşı deyildir. Buna səbəb aradabir spirtli içki qəbul edib evə gələrkən Ceyranın onu, qardaşlarını və digər qohumlarını söyüb təhqir etməsi olmuşdur. Təxminən 3 il olar ki, o, Ceyranla danışmır. Bir evdə yaşasalarda Ceyran onun üçün yemək hazırlamır, ona qulluq göstərmir, o, fəhləlik etməklə pul qazanıb özü üçün yemək alıb tək yeyir. Ceyranla yola getmədikləri üçün 2022ci ilin payız aylarında Ceyranla olan nikahının ləğv olunmasından ötrü Xaçmaz şəhərinə gəlib ərizə ilə mediasiyaya müraciət etmişdir. Lakin Ceyran mediasiyaya gəlmədiyinə və imza etməkdən imtina etdiyinə görə onun ərizəsinə baxılmamışdır. Sonrakı aylarda da Ceyranla birlikdə Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində olan evlərində yaşasalar da birbirləri ilə danışmamışlar. 20 may 2023-cü il tarixdə, səhər saat 05 radələrində o, evdən çıxıb bağa getmiş, saat 13 radələrində isə qayıdıb yaşadığı evə gəlmişdir. Yaşadığı evin həyətinə daxil olanda görmüşdür ki, Ceyran həyətdə olan su krantının yanında dayanıb qab yuyur. Ceyranın yanından keçib içəri getmək istəyərkən sonuncu ona qarşı təhqiredici ifadələr işlətmişdir. Ceyranın ona qarşı təhqiredici ifadələr işlətməsinin səbəbini bilməmiş və əsəbləşib təpiklə bir dəfə onun qarın nahiyəsinə vurmuşdur. Ceyran «qabırğam sındı» deyib qışqıraraq yerə oturmuş, o özü isə Ceyrana fikir verməyərək həyətdən çıxıb bağa getmişdir. Axşam evə gələndə görmüşdür ki, Ceyran evdə yoxdur. Səhəri gün Xaçmaz RPŞ-yə dəvət olunanda bilmişdir ki, onun təpik zərbəsindən Ceyranın qabırğaları sınıb, sonuncu Xaçmaz RMX-dədir və onun barəsində Xaçmaz RPŞ-yə şikayət edib. Sonrakı günlərdə o, Ceyranı görməmiş və bildiyinə görə Ceyran Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində qardaşının evində qalır. O, Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində yaşadıqları evin həyətində təpiklə vuraraq Ceyrana xəsarət yetirmişdir və onun təpiklə vurub Ceyrana xəsarət yetirməsini başqa görən olmamışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxslə münasibətlərinin pisləşməsinin səbəbi sonuncunun müntəzəm olaraq spirtli içki qəbul etməsidir. Təqsirləndirilən şəxs zəhmətkeşdir, işləyərək qazanc əldə edir, pis insan deyildir, lakin spirtli içki qəbul etdikdə onunla pis rəftar edir. O, təqsirləndirilən şəxsdən spirtli içki qəbul etməməsini dəfələrlə xahiş etmiş, yalvarmışdır. Lakin təqsirləndirilən şəxs spirtli içki qəbul etməkdə davam etmiş, bundan başqa, mütəmadi olaraq dost-tanışlarını yaşadıqları evə gətirib spirtli içki qəbul etmişlər, o, buna görə də ərinə etirazını bildirdikdə sonuncu onu bir neçə dəfə döymüş, dost-tanışlarına onun qulluq etməli olduğunu demişdir. Hazırkı iş üzrə hadisə zamanı təqsirləndirilən şəxs sərxoş olmuş, o, yaşadıqları evin həyətində oturaraq qabları yuyarkən onun xəbəri olmadan, təqsirləndirilən şəxs səbəbsiz yerə gələrək onun qarın nahiyəsindən bir dəfə təpiklə vurub getmişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs onun həm də bibisi oğludur, buna görə də o, hamilə olsa da, uşaqları doğulmamışdır. Hadisə yaşadıqları evin həyətində baş vermiş, həmin vaxt onların yanında kimsə olmamış, təqsirləndirilən şəxs onu vurarkən o, ağrıdan qışqırmış, lakin yanlarına kimsə gəlməmişdir. Təqsirləndirilən şəxsin onu təpiklə vurması nəticəsində onun iki qabırğası sınmış, bununla bağlı o, xəstəxanada qalaraq müalicə almış, həmin müddət ərzində təqsirləndirilən şəxs onun yanına gəlməmiş, ondan üzr istəməmişdir. O, təqsirləndirilən şəxsin həbs edilməsini istəmir, sonuncunu bağışlayır. Zərərçəkmiş şəxs xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə məhkəməyə təqdim etdiyi ərizədən müəyyən edilir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, o, təqsirləndirilən şəxsə cəza təyin edilməsini tələb etmir. Zərərçəkmiş şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, əri Səlahəddinlə birlikdə Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində yaşayır. Mövsümi olaraq ayrı-ayrı şəxslərə məxsus bağ sahələrinə gedib meyvə yığır. O, 2000-ci ilin sentyabr ayında bibisi oğlu Təqsirləndirilən şəxs ilə evlənmişdir. Səlahəddinlə olan nikahından övladı yoxdur. Əvvəllər Səlahəddinlə münasibəti yaxşı olmuşdur. Təxminən 5-6 il olar ki, onun Səlahəddinlə olan münasibəti yaxşı deyildir. Buna səbəb Səlahəddinin tez-tez spirtli içki qəbul edərək sərxoş vəziyyətdə evə gəlib onunla mübahisə etməsi və onu döyməsi olmuşdur. Təxminən 4 il əvvəl yaşadıqları evdə əri Səlahəddinlə aralarında mübahisə olduğuna görə o gedib iki ilə yaxın müddətdə atası evində qalmışdır. Sonra Səlahəddin gəlib ondan xahiş etmişdir ki, öz evlərinə qayıtsın, bir daha onunla mübahisə etməyəcək və spirtli içki içib evə gəlməyəcək. O, Səlahəddinə inanıb öz yaşadıqları evə gəlmişdir. Ancaq Səlahəddin verdiyi sözə əməl etməmiş və yenə də spirtli içki qəbul edib sərxoş vəziyyətdə evə gələrək onunla mübahisə etmişdir. Onun gedəcək bir yeri olmadığı üçün məcbur olub Səlahəddinin hərəkətlərinə dözmüşdür. Bəzən də elə olmuşdur ki, Səlahəddin sərxoş vəziyyətdə evə gəlib onunla mübahisə etmiş, o özü Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Səlahəddin barəsində şikayət etsə də, sonradan onlar barışmışlar və o, Xaçmaz RPŞ-yə ərizə yazıb Səlahəddindən şikayəti olmadığını bildirdiyi üçün Səlahəddin barəsində heç bir tədbir görülməmişdir. 20 may 2023-cü il tarixdə, səhər saatlarında o, evdən çıxıb onlarla bir kənddə yaşayan qardaşı Fəxrəddinin evinə getmişdir ki, bir il əvvəl ölmüş qardaşı Nadirin ölümünün il dönümü ilə əlaqədar keçiriləcək yas mərasiminin hazırlıqlarına köməklik göstərsin. O, saat 12 radələrinədək qardaşı Fəxrəddinin evində olmuş, sonra isə oradan çıxıb öz yaşadığı evə gəlmişdir. Evə daxil olanda görmüşdür ki, Səlahəddin evdə yoxdur, stolun üstündə isə yuyulmamış qablar var. O, qabları götürüb həyətə çıxmışdır ki, yusun. Təxminən saat 13 radələrində yaşadığı evin həyətində olan su krantının yanında dayanıb qabları yuyarkən səs eşidib arxaya baxanda görmüşdür ki, Səlahəddin evin arxa tərəfindən gəlir. Səlahəddin arxadan ona yaxınlaşmış və heç bir söz demədən gözləmədiyi halda təpiklə onun qarın nahiyəsinə vurmuşdur. O, yerə yıxılmış və sol böyür nahiyəsində bərk ağrı hiss edib Səlahəddinə demişdir ki, “sən nə edirsən, qabırğalarımı sındırdın”. Səlahəddin isə onu dinləməyərək həyətdən çıxıb getmişdir. O, bir qədər yerdə oturmuş, sonra isə çətinliklə ayağa durub qardaşı Zahirə zəng vuraraq demişdir ki, Səlahəddin təpiklə onu vurmuşdur, deyəsən qabırğaları sınıb, gəlib onu xəstəxanaya aparsın. Bir qədər keçdikdən sonra qardaşı Zahir onların həyətinə gəlmiş və onu öz avtomobilinə əyləşdirib Xaçmaz RMX-yə gətirmişdir. Xəstəxanada həkimlər onu müayinə etdikdən sonra soldan 9 və 10-cu qabırğalarının sındığını bildirmişlər. O, 10 günə yaxın Xaçmaz RMX-da qalıb müalicə olunmuş, sonra isə xəstəxanadan evə buraxılmışdır. Həmin vaxtdan da o öz evinə gedə bilməyib qardaşı Fəxrəddinin evində qalır. Əri Səlahəddin yaşadıqları evin həyətində təpiklə vuraraq onun soldan 9 və 10-cu qabırğalarını sındırmışdır. Səlahəddinin təpiklə vurub onun qabırğalarını sındırmasını isə başqa görən olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Səid Qurbanov küçəsi, ev 45, mənzil 27-də yaşayır. Zərərçəkmiş şəxs onun bacısıdır. Təqsirləndirilən şəxs isə bibisi oğludur. 2000-ci ilin sentyabr ayında bacısı Ceyran bibisi oğlu Səlahəddinlə evlənmişdir. Ceyranın Səlahəddinlə olan nikahından övladı yoxdur. Səlahəddin spirtli içki aludəçisi olduğu üçün tez-tez sərxoş vəziyyətdə evə gəlib arvadı Ceyranla mübahisə etdiyinə görə onların münasibəti yaxşı deyildir. Ona görə də bəzən elə vaxtlar olmuşdur ki, Səlahəddin Ceyranı evdən qovmuşdur və sonuncu gəlib aylarla, bəzən isə illərlə qardaşı Fəxrəddinin evində qalmışdır. 20 may 2023-cü il tarixdə, təxminən saat 13:30-14 radələrində bacısı Ceyran zəng vurub ağlayaraq ona demişdir ki, əri Səlahəddin təpiklə onu vurmuşdur, deyəsən qabırğaları sınıb, gəlib onu xəstəxanaya aparsın. O öz avtomobilinə əyləşib Xaçmaz rayonu, Qımılqışlaq kəndinə bacısı Ceyranın yaşadığı evə getmiş və həyətə daxil olanda görmüşdür ki, Ceyran yerdə oturub ağlayır. Ceyrandan əri Səlahəddinlə mübahisə edib etmədiklərini və Səlahəddinin onu vurmasının səbəbini soruşduqda demişdir ki, həmin gün Səlahəddinlə aralarında mübahisə olmamışdır, həyətdə qabları yuyarkən Səlahəddin yaxınlaşıb təpiklə onun qarın nahiyəsinə vurmuşdur. O, bacısı Ceyranı yerdən qaldırıb öz avtomobilinə əyləşdirərək Xaçmaz RMX-yə aparmışdır. Xəstəxanada həkimlər Ceyranı müayinə etdikdən sonra sonuncunun soldan 9 və 10-cu qabırğalarının sındığını bildirmişlər. Ceyran 10 günə yaxın Xaçmaz RMX-də qalıb müalicə olunmuş, sonra isə xəstəxanadan evə buraxılmışdır. Həmin vaxtdan sonra da Ceyran öz evinə gedə bilməyib qardaşı Fəxrəddinin evində qalmışdır. Həmçinin bildirdi ki, o, hadisənin necə baş verdiyini görməmişdir. O, bacısının ona zəngindən sonra hadisə yerinə, yəni təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin yaşadıqları evin həyətinə çataraq daxil olanda orada bacısından başqa heç kim olmamışdır. İş materiallarında olan 21 may 2023-cü il tarixli şifahi ərizə protokolundan və həmin tarixli izahatdan müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə müraciət edərək, 20 may 2023-cü il tarixdə, saat 12-13 radələrində, yaşadığı Xaçmaz rayonunun Qımıl-qışlaq kəndindəki evində əri Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə onu qəsdən qarın nahiyəsindən təpiklə vuraraq xəsarət yetirdiyini bildirmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 21 may 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisənin baş verdiyi yerə - Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yaşadıqları Xaçmaz rayonu, Qımıl-qışlaq kəndindəki fərdi yaşayış evinin həyətinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin ev Qımıl-qışlaq kəndi ərazisindən keçən Xaçmaz rayonunun Mollaburhan kənd yolundan qərb istiqamətində 40 metr aralı məsafədə yerləşir. Həmin evin həyətyanı sahəsinə giriş ikilaylı dəmir darvazadandır. Həmin ev darvazanın girişindən təxminən 15 metr məsafədə yerləşir. Ev birmərtəbəli olmaqla mişar daşından tikilmişdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs evin mətbəx hissəsinin pəncərəsinin həyət tərəfə düşən hissəsini göstərərək 20 may 2023-cü il tarixdə, saat 13 radələrində həmin yerdə arvadı Zərərçəkmiş şəxs təpiklə vurduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 22 may 2023-cü il tarixli, 237 nömrəli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və adına tərtib edilmiş tibbi sənədlərdə qeyd olunanlara əsaslanaraq, onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - soldan 9 və 10-cu qabırğaların yerdəyişən sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə yuxarıda sadalanan ifadələri, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutları məcmu halda qiymətləndirərək, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs “Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini xuliqanlıq niyyəti ilə” törətmiş olması barədə yanlış qənaətə gələrək, onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etməkdə haqlı olmamışdır. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmin Qərarın 5-ci bəndində izah edilir ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Lakin iş materiallarından, məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurması əməlinin motivini xuliqanlıq niyyəti təşkil etməmişdir. Belə ki, iş materiallarından (proses iştirakçılarının ifadələri, izahatlar, ərizə, nikah haqqında şəhadətnamənin surəti), həmçinin zərərçəkən şəxsin, təqsirləndirilən şəxsin və şahidin məhkəmə istintaqı zamanı verdikləri ifadələrdən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs qohum olmaqla (dayı qızı-bibi oğlu), nikahlarını 2007-ci ildə rəsmiləşdirməklə 2000 ci ildə ailə qurmuşlar, birgə nikahlarından uşaqları doğulmamışdır. Təxminən 5-6 ildir ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin münasibətləri pisləşmişdir. İş materiallarından, həmçinin zərərçəkən şəxsin, təqsirləndirilən şəxsin və şahidin məhkəmə istintaqı zamanı verdikləri ifadələrdən müəyyən edilir ki, təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul etdiyinə, yaşadıqları evə sərxoş vəziyyətdə gəldiyinə görə zərərçəkmiş şəxs ona bununla bağlı dəfələrlə iradını bildirmiş, ondan spirtli içki içməməsini xahiş etmiş və aralarında qeyd olunan zəmində əvvəllər də dəfələrlə mübahisələr olmuş, təqsirləndirilən şəxs onu bundan əvvəl də döymüş, hazırkı cinayət əməlinədək - əvvəllər zərərçəkmiş şəxs müntəzəm olaraq təqsirləndirilən şəxsi, sonuncunun valideynlərinin, qohumlarının ünvanına dəfələrlə təhqiredici ifadələr işlətmiş, hazırkı iş üzrə hadisə baş verənədək uzun müddət olmuşdur ki, onlar bir-biri ilə danışmamış və barışmamışlar, hadisənin baş verdiyi ərəfələrdə təqsirləndirilən şəxs aralarındakı nikahın ləğvi üçün də cəhd etmişdir. Hazırkı iş üzrə cinayət əməli ər-arvad olmaqla ailə olaraq birlikdə yaşayan təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin yaşadıqları fərdi yaşayış evində (həyətində) şəxsi münasibətlər zəminində uzun müddət davam edən ailə daxili münasibətlərin münaqişəli olması səbəbilə başlanılmış və belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmiş, eləcə də təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərilməmişdir. Həmin ev mişar daşından olan hasarla əhatə olunmuş, həyətə girişdə dəmir darvaza olmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı həmin cinayət əməlini törədərkən hadisə vaxtı və hadisə baş verən zaman orada onlardan başqa kimsə olmamış, zərərçəkmiş şəxsi vurarkən və bundan sonra (səsə) hadisə yerinə heç kim gəlməmiş, hadisəni kimsə görməmişdir. Yuxarıda (sonuncu iki abzasda) qeyd olunan xüsusatlarla bağlı təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında fikir ayrılığının, iş materiallarında isə ziddiyyətin (uyğunsuzluğun) olmaması müəyyən edilir. Bununla müəyyən edilir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə (iş üzrə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında) baş vermişdir. Zərərçəkən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən müəyyən edilir ki, hazırkı iş üzrə cinayət hadisəsinin baş verdiyi gün, yəni 20 may 2023-cü il tarixdə, səhər saatlarında o, qardaşının ölümünün ildönümü ilə bağlı keçiriləcək yas mərasiminin hazırlığına köməklik etmək üçün onlarla eyni kənddə yaşayan qardaşının evində olmuş və oradan özünün yaşadığı evə qayıtdıqda ərinin, yəni təqsirləndirilən şəxsin evdə olmadığını və stolun üzərində yuyulmaq üçün qabların olduğunu görmüş, o, həyətdə qabları yuyarkən təqsirləndirilən şəxsin evin arxa tərəfindən gəldiyini görmüş, təqsirləndirilən şəxs heç bir söz demədən, onun gözləmədiyi halda, sərxoş vəziyyətdə arxadan gələrək təpiklə onu vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən müəyyən edilir ki, hazırkı iş üzrə cinayət hadisəsinin baş verdiyi gün, yəni 20 may 2023-cü il tarixdə, səhər saat 05 radələrində o, evdən çıxıb bağa getmiş, saat 13 radələrində isə qayıdıb yaşadığı evə gəlmişdir. Yaşadığı evin həyətinə daxil olanda görmüşdür ki, arvadı, yəni iş üzrə zərərçəkmiş şəxs həyətdə olan su krantının yanında dayanıb qab yuyur. Zərərçəkmiş şəxsin yanından keçib içəri getmək istəyərkən sonuncu ona qarşı təhqiredici ifadələr işlətmiş, o (zərərçəkmiş şəxsin ona qarşı təhqiredici ifadələr işlətməsinin səbəbini bilməmiş) əsəbləşib təpiklə bir dəfə zərərçəkmiş şəxsin qarın nahiyəsinə vurmuşdur. Yuxarıda (sonuncu iki abzasda) qeyd olunanlardan göründüyü kimi, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs 20 may 2023-cü il tarixdə, saat 13 radələrində təqsirləndirilənin zərərçəkmişə xəsarət yetirilməsi ilə nəticələnən əməlinin səbəbi ilə bağlı fərqli xüsusatlar göstərmişlər. İş materiallarından müəyyən edilir ki, ibtidai istintaq orqanı istintaq zamanı Zərərçəkmiş şəxs 20 may 2023-cü il tarixdə, saat 13 radələrində yaşadığı Xaçmaz rayonunun Qımıl-qışlaq kəndindəki evinin həyətində əri Təqsirləndirilən şəxs qarşı təhqiredici ifadələr işlətməsi sübut olunmadığından sonuncunun ifadəsində 20 may 2023cü il tarixdə, saat 13 radələrində yaşadıqları evin həyətində arvadı Zərərçəkmiş şəxs onun ünvanına təhqiredici ifadələr işlətməsini göstərməsi 17 iyun 2023-cü il tarixli qərarla özünü müdafiə kimi qiymətləndirilərək rədd edilmişdir. Lakin ibtidai istintaq orqanı zərərçəkmiş şəxsin ifadəsində təqsirləndirilən şəxsin arxadan ona yaxınlaşaraq və heç bir söz demədən, gözləmədiyi halda təpiklə onun qarın nahiyəsinə vurmasını əsas götürərək təqsirləndirilən şəxsin cinayət əməlini yanlış olaraq, xuliqanlıq niyyəti ilə törətməsi qənaətinə gəlmişdir. Belə ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hazırkı cinayət əməlinin törədilməsinədək aralarındakı (ailə) münasibətlərinin hansı vəziyyətdə olmasına, gedişatına yetərincə diqqət yetirmədən zərərçəkmiş şəxsin ifadəsində “hadisə vaxtı təqsirləndiriləni təhqir etmədiyini, ümumiyyətlə, təqsirləndirilənə heç bir söz demədiyini, lakin buna baxmayaraq, təqsirləndirilənin heç bir söz demədən (səbəb olmadan) onu vuraraq xəsarət yetirməsini” bildirdiyi xüsusatı təsdiq (sübut) edən heç bir əsas olmadan qəbul etmişdir. Bundan əlavə, ibtidai istintaq orqanı hadisə vaxtı zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı təhqiredici ifadələr işlətməsinin hansı hallarla sübut olunmadığını da göstərməmişdir. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, hadisənin necə baş verdiyini görən şəxs müəyən edilməmişdir. Lakin iş materiallarından və məhkəmə istintaqı zamanı müəyyən edilir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin aralarındakı (ailə) münasibətləri cinayət əməlinin törədildiyi vaxtadək uzun müddətdir ki, pisləşərək gərgin olmuş, onların arasında mütəmadi olaraq mübahisələr olmuş və hazırkı cinayət hadisəsinin baş verməsi də bu zəmində olmuşdur. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncunun hətta xəbəri olmadan, gözləmədiyi və hadisə vaxtı aralarında mübahisə olmadığı halda vuraraq xəsarət yetirmiş olsa belə, bu, iş üzrə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin yuxarıda sadalanan ailə (şəxsi) münasibətlərini nəzərə aldıqda, xuliqanlıq niyyəti ilə deyil, barışmazlıq, yaxud kin-küdurət (nifrət), yaxud da intiqam hissi ilə törədilməsi qənaətinə gəlinməsinə əsas verir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn, şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosesual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması(CPM-nin 33.2-ci maddəsi), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinin digərinə nisbətdə çox və ya az əhəmiyyet verilməsi yolverilməzdir (CPM-nin 33.4-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil və bir-biri ilə müqayisə edilir, yəni toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkülüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna işə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Beləliklə, cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı ittiham tərəfinin rəhbər tutduğu dəlillər və sübutlar təqsirləndirilən şəxsin ittiham olunduğu həmin cinayət əməlini törətməsini və təqsirini müəyyən etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Məhkəmə istintaqı zamanı araşdırılaraq tədqiq edilmiş işin yuxarıda sadalanan faktiki hallarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələri iş materiallarında olan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkəmə cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübut olunmur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurması əməlinin xuliqanlıq niyyəti ilə törədilməsi heç bir mötəbər sübutla əsaslandırılmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən işin halları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən tam və hərtərəfli araşdırılmamış, gəldiyi nəticənin həqiqətə uyğunluğu barədə öz mövqeyini yetərincə əsaslandırmamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsində işin faktiki hallarına (sübutların kifayət etməməsinə) yetərincə diqqət yetirməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurması (xuliqanlıq niyyəti olmadan) təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, məhkəmə tərəfindən araşdırılmış və tədqiq edilmiş işin digər materialları ilə tam təsdiq olunur. Lakin əməlin hüquqi tövsifi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, ibtidai istintaq orqanı düzgün olmayaraq onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş və bununla da o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın uzun müddət pozulması dedikdə, əmək qabiliyyətinin 21 gündən (3 həftədən) çox olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi dedikdə isə ümumi əmək qabiliyyətinin 10%-dən 33%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixdə, saat 13 radələrində yaşadığı Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində, həmin kənd ərazisindən keçən Xaçmaz rayonu, Mollaburhan kənd yolundan qərb istiqamətində 40 metr aralı məsafədə yerləşən evinin həyətində aralarında uzun müddət davam edən gərgin (mübahisəli) şəxsi (ailə) münasibətləri zəminində bir dəfə qəsdən təpiklə arvadı Zərərçəkmiş şəxs qarın nahiyəsinə vurmaqla sonuncuya soldan 9 və 10-cu qabırğaların yerdəyişən sınıqları ilə nəticələnən xəsarətlər yetirib zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirlidir, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, iş materiallarına əlavə edilmiş 28 sentyabr 2023-cü il və 11 oktyabr 2023-cü il tarixli ərizədən, həmçinin zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilənə qarşı heç bir şikayəti və tələbinin olmadığını, Təqsirləndirilən şəxs cəza təyin edilməsini istəmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilməsini və zərərçəkmiş şəxslə barışmalarını nəzərə alaraq barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs və müdafiəçisi bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, həmçinin onun əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi halı olmamışdır. Beləliklə, məhkəmə iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 43, 344-347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar