Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-141/2022 12.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 nümayəndəsi X4, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 1(124)-88/2022 nömrəli hökmünə əsasən Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində həbs qətimkan tədbiri tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 31 mart 2022-ci il tarixdə saat 01:00 radələrində yaşadığı evin həyətində saxladığı plastmas qabdakı benzini götürüb Zərərçəkmiş şəxs1 yaşadığı Xaçmaz şəhəri, Nadir Ələsgərov küçəsində yerləşən 27 nömrəli evin qarşısına gəlmiş və Zərərçəkmiş şəxs1 onun üzərinə avtomobil sürməsini bəhanə edib özgənin əmlakını qəsdən məhv etmə məqsədi ilə plastmas qabdakı benzini sonuncunun yaşadığı evin həyət qapısının qarşısında saxladığı 13000 manat dəyərində olan 1999-cu il buraxılışlı, “Mercedes Benz SLK 230” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa bamperinin üzərinə tökdükdən sonra özü ilə gətirdiyi alışqanla alışdırıb avtomobili qisas almaq niyyəti ilə yandırıb zərər çəkmiş şəxsə ümumilikdə 13000 manat məbləğində olmaqla xeyli miqdarda ziyan vurmuş, yəni özgənin əmlakını yandırmaqla, zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla qəsdən məhv etmişdir. Bundan başqa o, təkrar, 13 aprel 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı evin həyətində saxladığı plastmas qabdakı benzini götürüb Zərərçəkmiş şəxs2 yaşadığı Xaçmaz şəhəri, Ayəddin Babayev küçəsində yerləşən 7 nömrəli evin həyətinə mişar daşından tikilmiş hasarın üzərindən keçmiş və Zərərçəkmiş şəxs2 Xaçmaz şəhərində qadınlara və qızlara əxlaqsız təkliflər etməsini bəhanə edib özgənin əmlakını qəsdən məhv etmə məqsədi ilə plastmas qabdakı benzini sonuncunun yaşadığı evin həyətində saxladığı 5500 manat dəyərində olan 1997-ci il buraxılışlı, Vaz-21074 minik markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobilin salon hissəsinə tökdükdən sonra özü ilə gətirdliyi alışqanla alışdırıb avtomobili qisas almaq niyyəti ilə yandırıb zərər çəkmiş şəxsə ümumilikdə 4000 manat məbləğində olmaqla xeyli miqdarda ziyan vurmuş, yəni, təkrar, özgənin əmlakını yandırmaqla, zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla qəsdən məhv etmişdir. Bundan başqa o, təkrar, 26 may 2022-ci il tarixdə saat 04 radələrində yaşadığı evin həyətində saxladığı plastmas qabdakı benzini götürüb Zərərçəkmiş şəxs3 yaşadığı Xaçmaz şəhəri, Fariz Əmirov küçəsində yerləşən 8 nömrəli evin qarşısına gəlmiş və Zərərçəkmiş şəxs3 onun arxası ilə barəsində nalayiq söyüşlər söyməsini bəhanə edib özgənin əmlakını qəsdən məhv etmə məqsədi ilə plastmas qabdakı benzini sonuncunun yaşadığı evin həyət qapısının qarşısında saxladığı 23000 manat dəyərində olan 2014-cü il buraxılışlı, “Wolksvagen Passat” markalı, ** SY *** ön qabaq hissəsində olan qabaq bamperinin üzərinə tökdükdən sonra özü ilə gətirdiyi alışqanla alışdırıb avtomobili qisas almaq niyyəti ilə yandırıb zərər çəkmiş şəxsə ümumilikdə 18000 manat məbləğində olmaqla xeyli miqdarda ziyan vurmuş, yəni təkrar, özgənin əmlakını yandırmaqla, zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla qəsdən məhv etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs ( mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək, göstərdi ki, o, Xaçmaz şəhəri, S.Qurbanov küçəsi ev 37, mənzil 8-də tək yaşayır. Narkotik tərkibli çətənə bitkilərini kultivasiya etdiyinə görə Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək, cinayət işi başlanaraq baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi və 23 iyun 2022-ci ildə 3 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, özü iki ildir ki, hardansa tapanda narkotik vasitə qəbul etmişdir. 24 mart 2022-ci il tarixdə özünə məxsus olan velosipedlə Xaçmaz şəhəri, N.Ələsgərov küçəsi ilə hərəkətdə olan zaman, həmin küçədə olan yol kəsişməsində Zərərçəkmiş şəxs1 rast gəlmişdir. Zərərçəkmiş şəxs1 həmin vaxt özünə məxsus olan “Mercedes Benz SLK 230” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olmuşdur. O, Zaurla yol ayrıcında rastlaşan zaman Zaur avtomobili sürətlə idarə etmiş və həmin vaxt Zaur idarə etdiyi avtomobili onun üzərinə sürmüş və ona acıq verərək avtomobili dayandırmayıb hərəkətinə davam edərək çıxıb getmişdir. O da həmin vaxtdan özünə söz vermişdir ki, Zaurun avtomobilini yandıracaqdır. Bu məqsədlə, 28 mart 2022-ci il tarixdə Xaçmaz şəhəri, Z.Əliyeva küçəsi ilə Məktəbli küçəsinin kəsişməsində yerləşən yanacaq doldurma məntəqəsindən plastmas butulkada 01 litr benzin alıb yaşadığı evin həyətində gizlətmişdir. Həmin gündən təxminən bir həftə sonra, özü tək Xaçmaz şəhərində, yaşadığı evin yerləşdiyi küçədə olan kafedə araq içdikdən sonra, fikirləşmişdir ki, gedib Zaurun avtomobilini yandırsın. Bu məqsədlə, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində araq içdiyi kafedən çıxıb piyada Xaçmaz şəhərində bir az gəzmişdir. O gözləmişdir ki, saat 01 radələri olsun, hamı yatsın sakitçilik olandan sonra gedib Zaurun avtomobilini yandırsın. xx.xx.2022-ci il tarixdə saat 00:40 radələrində sərxoş vəziyyətdə yaşadığı evə gedərək yaşadığı evin həyətində gizlətdiyi 01 litrlik plastmas butulkada olan benzini götürüb Zərərçəkmiş şəxs1 yaşadığı evə tərəf getməyə başlamışdır. Həmin gecə saat 01:00 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Xaçmaz şəhəri, N.Ələsgərov küçəsində yerləşən 27 nömrəli evin qarşısına çatmışdır. O, həmin yerə çatanda görmüşdür ki, Zaura məxsus olan Mercedes Benz SLK 230” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun yaşadığı evin həyətinin giriş qapısının qarşısındadır. O, küçəyə göz gəzdirib görmüşdür ki, heç kim yoxdur. Ona görə də Zaurun avtomobilinə yaxınlaşıb avtomobilin arxa yük yeri hissəsinə, əsasən da arxa sağ şininə və arxa bamperinin sağ tərəfinə benzin tökmüşdür. Benzinin hamısını Zaurun avtomobilin arxa hissəsinə tökdükdən sonra cibində olan kibriti çıxarıb, kibrit dənəsinin birini yandırıb Zaurun avtomobilin arxa şininin üzərinə atmışdır. Bu zaman avtomobil alovlanmağa başlamışdır. Avtomobil alovlanan kimi o, oradan uzaqlaşmış və çıxıb yaşadığı evə getmişdir. Bundan sonra Xaçmaz RPŞ-nin əməkdaşları gəlib onu izahat vermək üçün Xaçmaz RPŞ-nə dəvət etmişlər. O da polis əməkdaşlarının dəvəti ilə izahat vermək üçün Xaçmaz RPŞ-nə getmişdir. RPŞ-də izahat verən zaman ondan Zərərçəkmiş şəxs1 avtomobilini onun yandırıb-yandırmadığını soruşduqda o, etiraf edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs1 avtomobilini o özü yandırmışdır. Bundan başqa o, Xaçmaz şəhəri, A.Babayev küçəsi ev 7-də yaşayan, Xaçmaz rayon MKTİ-də aqronom işləyən Zərərçəkmiş şəxs2 Xaçmaz şəhərində qadınlara və qızlara əxlaqsız təklif etdiyini eşitmişdir. Ona görə də o, özünə söz vermişdir ki, Əspəndinin də avtomobilini yandırsın. Zərərçəkmiş şəxs1 avtomobilini yandırandan sonra fürsət axtarmışdır ki, Əspəndinin də avtomobilini yandırsın. Bu məqsədlə, 2022-ci ilin aprel ayının əvvəllərində bir neçə dəfə Əspəndinin yaşadığı evin qarşısına gedib Əspəndinin avtomobili harada saxlamasına baxmışdır. Ancaq hər dəfəsində görmüşdür ki, Əspəndi avtomobili yaşadığı evin həyətində saxlayır. Ancaq, daha Əspəndini gözləməyə səbri qalmamışdır deyə, fikirləşmişdir ki, benzin alıb tezliklə Əspəndinin də avtomobilini yandırsın. Bu məqsədlə 12 aprel 2022-ci il tarixdə Xaçmaz şəhəri, Z.Əliyeva küçəsi ilə Məktəbli küçəsinin kəsişməsində yerləşən yanacaq doldurma məntəqəsindən plastmas butulkada 01 litr benzin alıb aparıb yaşadığı evin həyətində gizlətmişdir. 13 aprel 2022-ci il tarixdə saat 21:40 radələrində yaşadığı evin həyətində gizlətdiyi bir litrlik plastmas butulkada olan benzini götürüb Əspəndinin yaşadığı Xaçmaz şəhəri, A.Babayev küçəsində yerləşən 7 nömrəli evin qarşısına getmişdir. Əspəndinin yaşadığı evin qarşısına çatanda görmüşdür ki, sonuncu yenə özünə məxsus olan VAZ 21074 markalı, ** XV *** qeydiyyat nişanlı avtomobili yaşadığı evin həyətinə salaraq orada saxlamışdır. O, Əspəndinin yaşadığı evin həyətinin giriş qapısının sol tərəfinə keçib, əlində olan butulkanı daş harasın üzərinə qoymuş, daha sonra özü mişar daşından tikilmiş hasarın üzərinə çıxaraq Əspəndinin yaşadığı evin həyətinə keçmişdir. Həyətə keçdikdən sonra hasarın üzərindən içində benzin olan butulkanı götürüb Əspəndinin yaşadığı evin qarşısına, yəni həyətinə getmişdir. Əspəndi avtomobili evin həyətində, həyətin giriş qapısının qarşısında saxlamışdır. O, Əspəndiyə məxsus VAZ 21074 markalı, ** XV *** qeydiyyat nişanlı avtomobilin yanına çatıb əlində olan butulkanın qapağını açıb butulkanın içərisində olan benzinin bir hissəsini avtomobilin ön sol qapısına, bir hissəsini də həmin qapının şüşəsi açıq olduğuna görə avtomobilin ön sol oturacağının üzərinə tökmüşdür. Benzinin hamısını tökdükdən sonra butulkanı da avtomobilin içərisinə atmışdır. Daha sonra cibindən kibriti çıxarıb bir ədəd kibrit dənəsi yandırıb avtomobilin içərisinə atmışdır. Bu zaman avtomobilin sürücü oturacağı alovlanmağa başlamışdır. O, tez evin həyətinə keçdiyi yerdən küçəyə çıxaraq oradan qaçıb getmişdir. Oradan çıxdıqdan sonra yaşadığı evə gedib əynini dəyişdikdən sonra evdən çıxıb çayxanaya getmişdir. Bir müddət sonra onu izahat vermək üçün Xaçmaz RPŞ-nə dəvət etmişlər. O da izahat vermək üçün RPŞ-nə gəlmişdir. Orada ondan Əspəndiyə məxsus avtomobili onun yandırıb-yandırmağını soruşmuşlar. O da etdiyi əməli səmimi şəkildə etiraf edərək Əspəndiyə məxsus VAZ 21074 markalı, ** XV *** qeydiyyat nişanlı avtomobili yandırdığını demişdir. Bundan başqa, 2022-ci ilin may ayının ortalarında Xaçmaz şəhəri, F.Əmirov küçəsi ev 8-də yaşayan Zərərçəkmiş şəxs3 ilə aralarında mübahisə düşmüşdür. Mübahisədən sonra o eşitmişdir ki, Zərərçəkmiş şəxs3 onun arxasınca nalayiq söyüş söymüşdür. O da ona görə özünə söz vermişdir ki, Azaddan qisas almaq məqsədi ilə sonuncunun idarə etdiyi dövlət qeydiyyat nişanının sonu 071 olan ağ rəngli “Wolksvagen Passat” markalı avtomobili yandırsın. Bu məqsədlə 21 may 2022-ci il tarixdə Xaçmaz şəhəri, Z.Əliyeva küçəsi ilə Məktəbli küçəsinin kəsişməsində yerləşən yanacaq doldurma məntəqəsindən plastmas butulkada 01 litr benzin alıb aparıb yaşadığı evin həyətində gizlətmişdir. 25 may 2022-ci il tarixdə axşam saatlarında fikirləşmişdir ki, Azadın avtomobilini bu gecə yandırsın. Ancaq o, hamısının yatmasını gözləmişdir ki, kimsə onu görməsin. Bu məqsədlə 26 may 2022-ci il tarixdə saat 03:40 radələrinə qədər yaşadığı evin həyətində oturub hamının yatmasını gözləmişdir. Çünki, bilmişdir ki, Azad evə gec saatlarda gəlir. Ona görə də xx.xx.2022-ci il tarixdə saat 03:40 radələrində yaşadığı evin həyətində gizlətdiyi 01 litrlik plastmas butulkada olan benzini götürüb Zərərçəkmiş şəxs3 yaşadığı Xaçmaz şəhəri, F.Əmirov küçəsində yerləşən 8 nömrəli evə tərəf getməyə başlamışdır. Təxminən 20 dəqiqə sonra, yəni həmin gecə saat 04 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı evin qarşısına çatmışdır. Oraya çatanda görmüşdür ki, Azad özünə məxsus olan ağ rəngli “Wolksvagen Passat” markalı avtomobili yaşadığı evin həyətinin giriş qapısının qarşısında saxlamışdır. O, avtomobilə yaxınlaşıb avtomobilin qabaq tərəfinə keçib əlində olan butulkadakı benzinin hamısını Azadın avtomobilinin qabaq hissəsinə tökmüşdür. Daha sonra cibində olan kibriti çıxarıb kibrit dənəsinin birini yandırıb benzin tökdüyü hissəyə atmışdır. O, butulkanı da avtomobilin altına altmışdır. O, kibrit dənəsini atdıqdan sonra avtomobil alışıb yanmağa başlamışdır. Avtomobilin alovlandığını görən kimi oradan qaçaraq uzaqlaşmışdır. Daha sonra polis şöbəsində izahat verən zaman Azada məxsus avtomobili yandırdığını etiraf etmişdir. Digər yanacaq doldurma məntəqələrində kamera vardır deyə, o, hər dəfəsində benzini Xaçmaz şəhəri, Z.Əliyeva küçəsi ilə Məktəbli küçəsinin kəsişməsində yerləşən yanacaq doldurma məntəqəsindən almışdır. Avtomobilləri yandırmaqda onun məqsədi avtomobillərin sahiblərinə ziyan vurmağa, onların avtomobillərini yararsız hala salmaq olmuşdur. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Əlavə olaraq mülki iddianın qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, o, Xaçmaz şəhəri, A.Babayev küçəsi ev 7-də yaşayır. O, həmin evdə əvvəllər mərhum arvadı X5 ilə birlikdə yaşamışdır. Ancaq, arvadı Zemfira Əspəndiyeva 2021-ci ilin oktybar ayının 12-də dünyasını dəyişdiyi üçün, həmin vaxtdan evdə tək yaşamışdır. O, 2014-cü ildə Xaçmaz rayon sakini, adını xatırlamadığı şəxsdən VAZ 21074 markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtmobili 5500 manata almışdır. Həmin vaxtdan 2016-cı ilədək o, aldığı VAZ 21074 markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtmobili etibarnamə əsasında idarə etmişdir. 2016-cı ildə avtomobilin keçmiş sahibi Əspəndiyə demişdir ki, sonuncu həmin avtomobili onun adından çıxarıb öz adına sənədləşdirsin. Avtomobilin qeydiyyat nişanı Bakı seriyalı nömrə olduğu üçün, həmin nömrənin dəyişilməməsi məqsədi ilə o, avtomobili öz adına yox, qohumu Şahid adına sənədləşdirmişdir. Avtomobilin sənədləşdirilməsi xərclərini o özüm çəkmişdir. 2016-cı ildə avtomobili Şahid adına sənədləşdirdikdən sonra, o, həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. 2022ci ilin yanvar ayında adına olan etibarnamənin müddəti bitdiyi üçün, həmin vaxtdan sonra adına Şahid etibarnamə ala bilməmişdir. Çünki, onun Bakı şəhərinə getməyə vaxtı olmamışdır. Həmin vaxtdan sonra özünə məxsus olan VAZ 21074 markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtmobili hərdən idarə edib işlərini görmüşdür. 13 aprel 2022-ci il tarixdə o, özünə məxsus olan VAZ 21074 markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtmobili ilə Xaçmaz şəhərində olan işlərini həll etmək üçün gedib, həmin gün axşam saat 20 radələrində yenidən yaşadığı evə, yəni Xaçmaz şəhəri, A.Babayev küçəsində yerləşən 7 nömrəli evə gəlib, avtomobili də evin həyətinə salaraq orada saxlamışdır. Avtomobili yaşadığı evin həyətində saxladığına görə, sürücü tərəfdən, yəni, qabaq sol qapının şüşəsini endirib saxlamışdır. Avtomobilin həmin qapısında olan şüşəsi təxminən 20 sm aşağı olmuşdur. O, avtomobili yaşadığı evin həyətində saxladıqdan sonra evə girib, dincəlməyə başlamışdır. Həmin gün saat 22 radələrində yaşadığı evdə televizora baxan zaman, saat 22:05 radələrində evin qonaq otağındakı pəncərəsindən görmüşdür ki, həyətdən işıq görünür. Həmin işıq alov işığına oxşamışdır. O, həmin işığı gördüyünə görə tez həyətə çıxıb görmüşdür ki, həyətdə saxladığı avtomobilin salonu yanır. Avtomobilin yanan yeri əsasən qabaq sol oturacaq və həmin hissənin qarşısında olan avtomobilin paneli olmuşdur. Yəni, yanğın sürücü oturacağından başlamışdır. O, tez əlinə vedrə götürüb su doldurub avtomobilin içərisinə suyu töksə də, yanğın güclü olduğundan söndürə bilməmişdir. Bu zaman o, tez Azərbaycan Respublikası FHN-nin 112 xidmətinə zəng edib yanğın söndürmə briqadasının əməkdaşlarının gəlməsini demişdir. Bir neçə dəqiqə sonra yaşadığı evin həyətinə Xaçmaz rayon DYMX-nin əməkdaşları gəlmişlər və yanğını söndürmüşlər. O, əvvəlcə elə bilmişdir ki, avtomobil elektrik naqillərində olan qısa qapanma nəticəsində yanmışdır. Lakin sonnradan öyrənmişdir ki, avtomobil elektrin naqillərindən elə formada yana bilməz. Çünki yanğın çox güclü olmuş və hiss olunmuşdur ki, avtomobilə kimsə yanacaq tökərək yandırmışdır. Xaçmaz rayon DYMXnin əməkdaşları yanğını söndürdükdən sonra çıxıb getmişlər. Hadisə ilə əlaqədar həmin vaxt oraya Xaçmaz RPŞ-nin əməkdaşları da gəlmişdilər. O, bu barədə ərizə yazaraq avtomobilini yandıran şəxsin tapılmasını xahiş etmişdir. Ona məxsus olan “VAZ 21074 markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtmobil 13 aprel 2022-ci il tarixdə axşam saat 22:00 radələrində yandırılmışdır. O, sonradan polis əməkdaşlarından öyrənmişdir ki, avtomobilini yandıran şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Ona məxsus olan VAZ 21074 markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtmobilin dəyəri 5500 maatdır və hadisə nəticəsində ona 5500 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs barəsində şikayətçidir və qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 nümayəndəsi X8 ifadə verərək göstərmişdir ki, nümayəndəsi olduğu şəxs Zərərçəkmiş şəxs3 ailəsi ilə birlikdə Xaçmaz şəhəri, F.Əmirov küçəsi ev 8-də yaşayır. Zərərçəkmiş şəxs3 Xaçmaz şəhərində geyim mağazası işlədərək dolanışığını təmin edir. 27 fevral 2021-ci ildə Zərərçəkmiş şəxs3 idarə etmək üçün özünə “Wolksvagen Passat” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobili 23000 manata almışdır. 2021-ci oktyabr ayında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 işlətdyi paltar mağazasına gələrək ondan özünə 110 manat dəyərində bir dəst paltar alıb 40 manatını verib, 70 manatını da daha sonra verəcəyini bildirmişdir. Həmin vaxtdan təxminən 10 gün sonra Zərərçəkmiş şəxs3 Zaura zəng edib paltarın pulunu verməsini tələb etmişdir. Zaur bildirmişdir ki, yaxın günlərdə pulu verəcəkdir. Ancaq Zaurun paltarı aldığı vaxtdan bir ay keçməsinə baxmayaraq Zaur həmin 70 manatı verməmişdir. Zərərçəkmiş şəxs3 yenə də Zaura zəng edib sonuncudan 70 manat pulu tələb etmişdir. Zaur da həmin vaxt Zərərçəkmiş şəxs3 nalayiq söyüşlərlə təhqir edib pulu heç bir vaxt verməyəcəyini demişdir. Bu hal onun xoşuna gəlməsə də, Zərərçəkmiş şəxs3, Zaura demişdir ki, “eybi yoxdur, eyni rayonda yaşayırıq, gün gələr yenə də rastlaşarıq”. Bundan sonra rayonda yaşayan insanlardan Zərərçəkmiş şəxs3 eşitmişdir ki, Zaur onun arxası ilə danışmışdır. Ancaq o, buna fikir verməmişdir. 26 may 2022-ci il tarixdə gecə saat 00:30 radələrində ünvan 3 ünvanında yerləşən yaşadığı evə gəlib, idarə etdiyi “Wolksvagen Passat” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin həyətinin qapısının qarşısında küçədə saxlamışdır. Həmin vaxt evə daxil olduqdan bir neçə dəqiqə sonra yatmışdır. Həmin gecə, yəni xx.xx.2022-ci il tarixdə gecə saat 04 radələrində sübh namazına durarkən otağın pəncərəsindən evin həyətinin giriş qapısının qarşısında saxladığı “Wolksvagen Passat” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin yandığını görmüşdür. O, dərhal FHN-nin DYMX-nin əməkdaşlarına bu barədə məlumat verib yanğın söndürmə xidmətinin əməkdaşlarının gəlməsini istəmişdir. Bir neçə dəqiqə sonra Xaçmaz rayon DYMX-nin əməkdaşları gəlib yanan avtomobili söndürmüşlər. Ancaq Xaçmaz rayon DYMX-nin əməkdaşları hadisə yerinə gələnə qədər avtomobil tamamilə yanaraq yararsız hala düşmüşdür. Xaçmaz rayon DYMX-nin əməkdaşları avtomobilin alovunu söndürdükdən sonra çıxıb getmişlər. Yanğın zamanı Xaçmaz RPŞ-nin əməkdaşları da hadisə yerinə gəlmişlər. Zərərçəkmiş şəxs3 həmin vaxt avtomobilin yandırıldığını bildirib polis əməkdaşlarına bu barədə ərizə ilə şikayət etmişdir. Orada polis əməkdaşları avtomobilin yandırılmasında kimdənsə şübhələnib-şübhələnmədiyini soruşduqda Zərərçəkmiş şəxs3 heç kimdən şübhələnmədiyini bildirmişdir. Ona məxsus “Wolksvagen Passat” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobil 2014-cü il buraxılışı olmuş və 151000 km yürüşü olmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs3 23000 (iyirmi üç min) manat maddi ziyan dəymişdir. Əlavə olaraq mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 4-də yaşayır. Onun dörd övladı vardır. Övladlarının ən böyününün 20 yaşı, ən kiçiyinin isə 1 yaşı vardır. 16 oktyabr 2021-ci il tarixdə özü üçün “Mercedes Benz SLK 230” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobili özünün istifadəsi üçün 11000 (on bir min) manata almışdır. Həmin avtomobil onun ikinci avtomobilidir. Ona görə də aldığı “Mercedes Benz SLK 230” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobili hərdən istifadə etmişdir. 31 mart 2022-ci il tarixdə saat 00:55-də özünə məxsus olan “Mercedes Benz SLK 230” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı ünvan 4 ünvanında yerləşən evə gəlib, avtomobili həmin evin həyətinin giriş qapısının qarşısında saxlayıb, avtomobilin qapılarını bağlayıb evin həyətinə, daha sonra isə evə daxil olub yataq otağına girmişdir. Onun yataq otağının pəncərəsi yaşadığı evin həyətinin giriş qapısına baxmışdır. Yataq otağına daxil olduqdan təxminən beş dəqiqə sonra əynində olan köynəyi çıxaran zaman görmüşdür ki, evin həyətinin giriş qapısının qarşısından işıq gəlir. Hiss olunmuşdur ki, həmin işıq alovun işığıdır. Əvvəlcə elə bilmişdir ki, qonşulardan birinin evi yanır, onun işığıdır. O, tez yataq otağından çıxıb evin həyətinə düşmüşdür. Evin giriş qapısından həyətə çıxanda partlayış səsi eşitmiş və bilmişdir ki, yanan, evin həyətinin giriş qapısının qarşısında saxladığı “Mercedes Benz SLK 230” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobildir və partlayış səsi də avtomobilin təkərinin partlamasından gələn səsdir. O, tez yaşadığı evdən həyətin giriş qapısının qarşısına çıxmış və görmüşdür ki, özünə məxsus olan “Mercedes Benz SLK 230” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ şini və arxa sağ tərəfdən bamperi yanır. Orada alov əsasən yerdən qalxmışdır. Hiss olunmuşdur ki, kimsə avtomobili yandırmaq üçün avtomobilin arxa sağ şin və arxa bamperinə benzin töküb və həmin benzinin bir hissəsi də yerə tökülmüşdür, alov yerdən qalxmışdır. O, evin həyətinə daxil olaraq plastmas su borusunu gətirib avtomobil yanan hissəsinə su töksə də, alovun sönmədiyini görmüşdür. Buna görə də o, Azərbaycan Respublikası FHN-nin 112 xidmətinə zəng edib yangın söndürmə briqadası çağırmışdır. Təxminən 10 dəqiqə sonra yangın söndürmə briqadasının əməkdaşları gəlib yanğını söndürmüşlər. Alov söndürüldükdən sonra FHN-nin əməkdaşları oradan çıxıb getmişlər, o da yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında ədavət və ya düşmənçilik olmamışdır. O, avtomobil yanmamışdan bir həftə əvvəl Xaçmaz şəhərində “Mercedes Benz SLK 230” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman, həmin vaxt Təqsirləndirilən şəxs özünə məxsus olan velosipedlə küçədə hərəkət edən görmüş, ancaq Zaur sakitcə gəlib onun yanından keçib getmişdir. Həmin vaxt aralarında heç bir mübahisə və yaxud narazılıq olmamışdır. O, “Mercedes Benz SLK 230” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobili 6 oktyabr 2021-ci il tarixdə 11000 manata almışdır. Yəni həmin avtomobilin dəyəri 11000 manatdır. Həmin avtomobil 1999-cu ildə buraxılmışdır və təxminən 130000 km yürüşü vardır. Hadisə nəticəsində ona 11000 manat maddi ziyan dəymiş, çünki avtomobil tamami ilə yararsız ala düşmüşdür. Əlavə olaraq heç bir şikayəti olmadığını bildirmişdir. Məhkəmədə iclasında ifadəsi elan olunmuş Şahid ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, C.Hasilov küçəsi, ev 111, mənzil 2-də yaşayır. Azərbaycan dilində latın qrafikası ilə yazmağı və oxumağı bacarır. Bildirmişdir ki, Xaçmaz şəhəri, A.Babayev küçəsi ev 7-də yaşayan Zərərçəkmiş şəxs2 onun qohumudur. Əspəndinin özünə məxsus olan VAZ 21074 markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur və həmin avtomobili idarə etmişdir. 2016-cı ildə Əspəndi ona özünə məxsus olan VAZ 21074 markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobili köhnə sahibinin adından çıxarmaq istədiyini, ancaq avtomobilin nömrəsinin dəyişilməsini istəmədiyini, ona görə də avtomobilin nömrəsi dəyişməsin deyə onun adına sənədləşdirmək istədiyini demişdir. O da Əspəndiyə razılıq vermiş və 2016-cı ildə Əspəndiyinin idarə etdiyi avtomobili onun adına sənədləşdirmişlər. Ancaq sənədləşməyə görə bütün xərcləri Əspəndi çəkmişdir. Həmin vaxtdan sonra idarə etməsi üçün o, Əspəndiyə etibarnamə vermişdir. Etibarnamənin müddəti 2022-ci ilə qədər olmuşdur. 2022-ci ildə etibarnamənin müddəti bitdikdən sonra, nə onun Xaçmaz rayonuna getməyə vaxtım olmadığından, nə də Əspəndinin Bakı şəhərinə gəlməyə vaxtı olmadığından o, Əspəndiyə yenidən etibarnamə verə bilməmişdir. VAZ 21074 markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil onun adına olsa da, həmin avtomobilin onunla heç bir əlaqəsi yoxdur, avtomobilin alınması üçün pulunu da, avtomobilin onun adına sənədləşdirilməsinə dair xərclərini də Əspəndi özü çəkmişdir, ona görə də avtomobilin yanmasına görə ona hər hansı bir maddi ziyan dəyməmişdir. Həmin avtomobilin yandırılması ilə bağlı onun hər hansı bir tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin fiziki-kimyəvi ekspertizalar şöbəsinin 20 may 2022-ci il tarixli 6/2307 nömrəli rəyindən görünür tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 58 dairəvi möhür əksi olan, xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonu, Nadir Ələsgərov küçəsi ev 27-də yaşayan Zərərçəkmiş şəxs1 məxsus Mersedes Benz markalı, SLK-230 kupe kobriolet model, 1999-cu buraxılış ili olan baqaj, arxa sağ təkər və salon hissəsindən götürülmüş kül nümunələri... İştirakçılar 1 (imza) Zərərçəkmiş şəxs1 ...” yazılar qeyd olunmuş zərfdə olan bir ədəd bağlamalardakı ) Baqaj hissə (2) kül nümunələri üzərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır. Təqdim olunmuş digər bağlamalardakı kül nümunələri üzərində tezalışan neft məhsullarına məxsus izlər yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Mühəndis-texniki ekspertizalar şöbəsinin və Fiziki-kimyəvi ekspertizalar şöbəsinin 06 iyul 2022-ci il tarixli 10/4226-6/3609 nömrəli rəyindən görünür Zərərçəkmiş şəxs1 məxsus “Mercedes-Benz SLK 230” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş yanğının mənbəyi, avtomobilin arxa bamperinin üzərində olmuşdur. İş materiallarında olan məlumatları və qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini, avtomobildən götürülmüş nümunələrin üzərində neft məhsulları aşkar edildiyini nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, yanğın, istintaq tərəfindən müəyyən edildiyi kimi yəni, neft məhsullarından odlanma vasitəsi kimi istifadə edilərək, kənardan gətirilmiş alışdırma vasitəsinin təsiri nəticəsində baş vermişdir. Zərərçəkmiş şəxs2 məxsus VAZ 21074 markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş yanğının mənbəyi avtomobilin salon hissəsində olmuşdur. İş materiallarında olan məlumatları və qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini, avtomobildən götürülmüş nümunələrin üzərində neft məhsulları aşkar edildiyini nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, yanğın, yanğın, istintaq tərəfindən müəyyən edildiyi kimi yəni, neft məhsullarından odlanma vasitəsi kimi istifadə edilərək, kənardan gətirilmiş alışdırma vasitəsinin təsiri nəticəsində baş vermişdir. Zərərçəkmiş şəxs3 məxsus “Wolksvagen Passat” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş yanğının mənbəyi, avtomobilin ön hissəsində qabaq bamperin üzərində olmuşdur. İş materiallarında olan məlumatları və qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini, avtomobildən götürülmüş nümunələrin üzərində neft məhsulları aşkar edildiyini nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, yanğın, yanğın, istintaq tərəfindən müəyyən edildiyi kimi yəni, neft məhsullarından odlanma vasitəsi kimi istifadə edilərək, kənardan gətirilmiş alışdırma vasitəsinin təsiri nəticəsində baş vermişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iqtisad ekspertizalar şöbəsinin 08 iyul 2022-ci il tarixli 9/4706 nömrəli rəyindən görünür ekspertiza təyini haqqında qərarda göstərilən avtomobillərin istifadədə olması nəzərə alınmaqla göstərilən tarixlərə olan orta bazar qiymətləri aşağıdakı kimi müəyyən edilir: -buraxılış ili 1999-cu il olan “Mercedes Benz SLK 230” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobil 2022-ci ilin mart ayına- 13000,00 manat; - buraxılış ili 1997-ci il olan “VAZ 21074” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil 2022-ci ilin aprel ayına- 4000,00 manat; - buraxılış ili 2014-cü il olan “Volkswagen Passat” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobil 2022-ci ilin may ayına-18000 manat. Qeyd olunan ekspert rəyindən görünür ki, buraxılış ili 1997-ci il olan “VAZ 21074” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil 2022-ci ilin aprel ayına- 4000,00 manat; - buraxılış ili 2014-cü il olan “Volkswagen Passat” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobil 2022-ci ilin may ayına-18000 manat təşkil edir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə X2 X6 Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının 08 iyul 2022-ci il tarixli 1806 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir.Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 1(124)- 88/2022 nömrəli hökmə əsasən Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən Xaçmaz Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 1(124)-88/2022 nömrəli hökmü 05 avqust 2022-ci il tarixdə qüvvəyə minmişdir. İş materiallarında olan, Xaçmaz rayon İcra hakimiyyəti Mənzil Komunal Təsərüfatı İdarəsi tərəfindən verilmiş ictimai xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, ekspert rəyləri və digər iş materialları ilə Təqsirləndirilən şəxs AR CM-in 186.2.2-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlinin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən təyin olunacaq cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs təkrar cinayət törətməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddələsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 19 iyun 2022-ji il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan VAZ 21074 markalı, ** XV *** qeydiyyat nişanlı,“Mercedes Benz SLK 230” markalı, ** ND *** qeydiyyat nişanlı və “Wolksvagen Passat” markalı, ** SY *** qeydiyyat nişanlı avtomobillərdən götürülərək Xaçmaz Rayon Polis Şöbəsinin saxlanj yerində saxlanılan iki ədəd paketdə qablaşdırılmış kül nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan cəmi 305 (üç yüz beş) manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına keçirilməlidir. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş maddi zərərin ödənilməsi tələbi barədə mülki iddia qaldıraraq, Təqsirləndirilən şəxs cinayət yolu ilə vurulmuş ziyanın, 23.000 (iyirmi üç min) manat maddi ziyanın tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı biri digərini tamamlayan mötəbər və mümkün sübütların araşdırırlması zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs3 18000 manat məbləğində ziyanın vurulduğu müəyyən edilmişdir. Bələ ki, iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iqtisad ekspertizalar şöbəsinin 08 iyul 2022-ci il tarixli 9/4706 nömrəli rəyindən də görünür ki, buraxılış ili 2014-cü il olan “Volkswagen Passat” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin 2022-ci ilin may ayına olan orta bazar qiyməti-18000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 tərəfindən verilmişmülki iddia qismən təmin edilməlidir. İş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki icraat qaydasında cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki iddia vermək hüquqları izah olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-88/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmü ilə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 19 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində secilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. 23000 manat mülki iddia qismən, yəni 18000 (on səkkiz min) manat məbləğində qismən təmin edilərək Təqsirləndirilən şəxs tutulub zərərçəkmiş şəxs( mülki iddiaç) Zərərçəkmiş şəxs3 ödənilsin. İş üzrə maddi sübut olan VAZ 21074 markalı, ** XV *** qeydiyyat nişanlı,“Mercedes Benz SLK 230” markalı, ** ND *** qeydiyyat nişanlı və “Wolksvagen Passat” markalı, ** SY *** qeydiyyat nişanlı avtomobillərdən götürülərək Xaçmaz Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan iki ədəd paketdə qablaşdırılmış kül nümunələrihökmqanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan cəmi 305 (üç yüz beş) manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına keçirilsin. İş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki icraat qaydasında cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki iddia vermək hüquqları izah olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Vüsalə Qasımova.
Məhkəmə qərarları › İş №1(067)-141/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-141/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver