Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-143/2025 17.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1976-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 62 a, mənzil 36-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Odlar Yurdu Universitetində ali təhsil almasını təsdiq edən diplom ilə təmin edəcəyinə dair yalan vəd verib sonuncunu aldadaraq 19 aprel 2024-cü il tarixdə günorta saatlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “DOM BİT” adlı məişət əşyalarının təmiri emalatxanasının qarşısında Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz E 320 MİNİK” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Zərərçəkmiş şəxs atası Şahid 5500 manat pul vəsaitini nağd qaydada alaraq, xx.xx.2024-cü il tarixdə saat 13:45də 400 manat, xx.xx.2024-cü il tarixdə saat 13:46-da isə 100 manat pul vəsaitinin özünə məxsus "xxxx" ASC-yə aid 5411-2498-0733-2130 nömrəli "xxxx" bank kartına köçürülməsinə nail olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs məxsus 6000 manat məbləğində pul vəsaitini ələ keçirmiş, bununla da o, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni xeyli miqdarda ziyan vurmaqla aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində (xx.xx.2025) göstərdi ki, o, həqiqətən də, zərərçəkmiş şəxsdən 6000 manat məbləğində pulu almışdır. O, həmin pul məbləğini hissə-hissə ödəmək üçün vaxt istəyir. Həmçinin bildirdi ki, o, zərərçəkmiş şəxsdən pulu ehtiyacı olduğu üçün almışdır. O, hazıradək həmin puldan zərərçəkmiş şəxsə heç bir məbləğ ödəməmişdir. O, torpaq sahələrinin alqı-satqısı ilə məşğul olur. X4 Universitetində hər hansı tanışı olmamış, o, bu barədə zərərçəkmişə yalan deyərək aldatmışdır. O, zərərçəkmişə vurduğu ziyanı sentyabr ayının əvvəllərində, lakin hissə-hissə olaraq ödəyəcəkdir. O, həmin məbləği bir dəfəyə tam olaraq ödəmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, əvəllər qeyri-rəsmi olaraq torpaq alqı-satqısı ilə məşğul olmuş, barəsində şikayət edən Zərərçəkmiş şəxs dostu Rafiqin oğlu olmuş, əvvəllər münasibəti yaxşı olmuşdur. Rafiqi təxminən 20 ildir ki, tanımış Rafiq evinin yaxınlığında məişət avadanlıqlarının təmiri ilə məşğul olmuşdur, 2024-cü ilin aprel ayında Rafiqlə söhbət edən zaman oğlu Raufun təhsilini yarımçıq qoymasını, diplom ala bilməməsini demişdir. Həmin vaxtlar pula ehtiyacı olduğundan yalandan Raufun diplom işlərində köməklik edə biləcəyini bildirib, pulunu ələ keçirmək niyyəti yaranmışdır. Sonra Raufla telefon əlaqəsi saxlayaraq hər hansısa universitetə dair diplom ala biləcəyini və bunun üçün 15000 manat pul lazım olmasını bildirmişdir. Rauf əvvəllər təhsil aldığı Anadolu universitetinə dair diplom almaq istədiyini və ya təhsilini davam etdirməsinə kömək istədiyini bildirmişdir. Raufdan bir neçə sənəd istəmiş və təhsilinə dair sənədlərin şəkilini yollamışdır. Bir müddətdən sonra Raufa təkrar zəng edərək, yalandan həmin universitetlə işini alındıra bilmədiyini və “Odlar yurdu” universitetinə aid diplom ilə təmin edə biləcəyini bildirmişdir. Rauf razılaşmış və razılaşmaya əsasən 9000 manat qarşılığında 6 ay ərzində Raufu diplomla təmin edəcəyini bildirmişdir. Buna görə 19 aprel 2024-cü il tarixdə günorta saatlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “DOM BİT” məişət əşyalarının təmiri emalatxanasının qarşısında “Mercedes E320” markalı avtomobilin arxa oturacağında əyləşən Raufun atası Şahid diplom işinin hazırlanması məqsədilə 5500 manat pulu almış, Raufu arxayın salmaq üçün əlyazma verərək borca 5500 manat aldığını da bildirmişdir. Rauf niyə “borca pul alıram” yazdığını soruşduqda Raufa diploma görə yazmayaq deyə bildirmişdir, çünki gələcəkdə dələduzluğa görə tutulmağından çəkinmişdir. Bundan başqa, Rauf əlavə olaraq 400 manat pulu xx.xx.2024-cü il tarixdə saat 13:45-də, eyni tarixdə saat 13:46-da 100 manat pulu istifadəsində olan özünə məxsus "xxxx" ASC-yə aid 5411-2498-0733-2130 nömrəli 04/29 tarixli kart hesabına diplom işinə görə göndərmişdir. Raufun razılaşmasına əsasən 3000 manatı diplomu aldıqdan sonra ödəyəcəkmiş, lakin həmin diplomu alaraq Raufa təhvil verə bilməmiş, aldığı pulu öz ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır, bir daha belə hala yol verməyəcəkdir, 6000 manat ziyanı da tezliklə qaytaracaqdır. Bundan başqa dələduzluq əməli etməmiş, törətdiyi dələduzluq əməlində köməklik edən şəxs olmamışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2012-ci ildə Anadolu Universitetinə qəbul olunmuş, 2015-ci il tarixdə həmin universitetdə aldığı ali təhsili özünün istəyi ilə dayandıraraq hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra işləmək məqsədilə Rusiya Federasiyasına getmişdir. Bir müddətdən sonra ona həmin universitetdən adının silinməsi barədə bildiriş gəlmişdir. Onun atası bu barədə, yəni adının universitetdən silinməsi ilə bağlı öz dost-tanışının yanında söhbət etdikdə Təqsirləndirilən şəxs onun atasına diplomu bərpa etdirə biləcəyi barədə bildirmişdir. Atası bu barədə ona bildirmiş, o da həmin universitetdə tələbə olduğu üçün razılaşmışdır. Sonra isə təqsirləndirilən şəxs ondan tələbə biletini, şəxsiyyət vəsiqəsini və bu kimi sənədləri istəmiş, o də sənədlərin fotolarını votsap tətbiqi vasitəsilə təqsirləndirilən şəxsə göndərmişdir. Bir müddətdən sonra isə təqsirləndirilən şəxs ona bildirmişdir ki, Anadolu Universitetinin diplom məsələsini həll etmək alınmır, lakin Odlar Yurdu Universitetinin diplomunu onun üçün ala bilər. Onun da işlə əlaqədar diploma ehtiyacı olduğu üçün o, təqsirləndirilən şəxsə diplomun hansı universitetin olmasının onun üçün fərqi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona diplomun əvvəlcə altı ay ərzində hazır olacağını, daha sonra isə zəng edərək dörd ay ərzində hazır olacağını bildirmişdir. Lakin uzun müddət keçsə də, təqsirləndirilən şəxs onun işini həll etməmiş, həmçinin pulunu geri qaytarmamışdır. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsin onu aldatdığını bundan təxminən beş ay əvvəl anlamış, belə ki, təqsirləndirilən şəxs onun zənglərinə cavab verməmiş, ona zəng etməmiş, zəng etdikdə isə məsciddə namaz qıldığı, telefonunun başqa yerdə olduğu üçün zəngləri görmədiyini demişdir. Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanla bağlı heç bir məbləğ ödəməmiş, o, vurulmuş ziyanın ödənilməsini tələb edir. O, iş üzrə təqsirləndirilən şəxsin barəsində polis şöbəsinə müraciət etməzdən təxminən bir ay əvvəl bu barədə təqsirləndirilən şəxsə bildirmiş, sonuncu isə ondan bank kartının nömrəsini göndərməsini deyərək aldığı pulu karta göndərəcəyini demiş, o da votsap vasitəsilə bank kartının nömrəsini təqsirləndirilən şəxsə göndərmiş, pul göndərmədiyini görüb təqsirləndirilənə zəng etmiş, lakin bundan sonra sonuncuya zəng çatmamışdır. Ümumiyyətlə isə təqsirləndirilən şəxs ona vurduğu ziyan məbləğini hansı müddətdə ödəyəcəyi barədə hər hansı bir söz deməmişdir. O, zərərin hissə-hissə ödənilməsinə razı deyildir. Bundan əlavə, təqsirləndirilən şəxsə verdiyi pulu bankdan kredit alaraq vermiş, həmin kreditə görə 2000-3000 manat da faiz tutulur, həmçinin onun diplom məsələsi həll edilmədiyi üçün işlədiyi müəssisəsdən azad edilmişdir, təqsirləndirilən şəxs iki ilə yaxın müddətdən sonra hissə-hissə ödəməyi təklif edir, o isə bununla razı deyildir. Təqsirləndirilən şəxs ona təhsil almadığı ali təhsil müəssisəsinin təsdiqlənmiş diplomunu təqdim edərdisə, o, bunu qəbul edərdi. Təqsirləndirilən şəxs onun atası ilə tez-tez rastlaşan bir şəxs, tanışdır, lakin təqsirləndirilən şəxs heç vaxt onun atasına yaxınlaşaraq pulu hissə-hissə ödəyəcəyi barədə bildirməmiş, bu da onun çox rahat olmasından xəbər verir, təqsirləndirilən vaxtında onun atasından xahiş etsəydi, atası hissə-hissə ödənilməyə razı olacaqdır, bundan başqa, təqsirləndirilən şəxsin məhkəmə prosesi artıq bir aydır davam edir, lakin o, bu müddət ərzində də onlara yaxınlaşaraq ziyan məbləğinin hansısa hissəsini ödəmək istədiyini bildirməmişdir. Zərərçəkmiş şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs atasının dostu olmuş, əvvəllər münasibəti yaxşı olmuşdur. Belə ki, o, 2015-ci il tarixdə Anadolu universitetində aldığı ali təhsili dayandıraraq hərbi xidmətə getmişdir. Hərbi qulluğunu bitirdikdən sonra Rusiya Federasiyasına işləmək məqsədilə getmiş və 2018-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. 2021-ci il tarixdə təhsilini davam etdirmək istədikdə adının sistemdən silinməsini və silinmədən öncə bildiriş yolladıqlarını bildirmişdirlər. Bu səbəblə ali təhsilini bitirə bilməmiş və təhsilini davam etdirməyə kömək edə biləcək şəxs axtarmağa başlamışdır. 2024-cü ilin aprel ayında atası dostu Samirin diplom işlərində köməklik edə biləcəyini bildirmişdir. Samir telefon əlaqəsi saxlayaraq atasının məsələni danışmasını və köməklik edə biləcəyini bildirmişdir. Samir hər hansısa universitetə dair diplom ala biləcəyini və bunun üçün 15000 manat pul lazım olmasını bildirmişdir. Əvvəllər təhsil aldığı Anadolu universitetinə dair diplom almaq istədiyini və ya təhsilini davam etdirməsinə kömək istədiyini bildirmişdir. Samir bir neçə sənəd istəmiş və özünə dair sənədlərin şəklini yollamışdır. Bir müddətdən sonra Samir təkrar zəng edərək, həmin universitetlə işini alındıra bilmədiyini və Odlar Yurdu universitetinə aid diplom ilə təmin edə biləcəyini bildirmişdir. O, Samirlə razılaşmış və razılaşmaya əsasən 9000 manat qarşılığında 6 ay ərzində Samir diplomla təmin edəcəyini bildirmişdir. Samirə atasının dostu olduğu üçün inanmış və 19 aprel 2024-cü il tarixdə günorta saatlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “DOM BİT” məişət əşyalarının təmiri emalatxanasının qarşısında idarəsində olan “Mercedes Benz E 320 MİNİK” markalı, **-RH- *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda atası Rafiq Samirə 5500 manat pulu uzadaraq diplom almaq məqsədilə pulu vermişdir. Samir arxayın salmaq üçün həmin yerdə əlyazma verərək borca 5500 manat aldığını da bildirmişdir. Samirdən niyə “borca pul alıram” yazdığını soruşduqda Samir diploma görə yazmayaq deyə bildirmişdir. Bundan başqa 2 gün sonra əlavə olaraq 500 manat pulu da Samirin istifadəsində olan "xxxx" ASCyə aid 5411-2498-0733-2130 nömrəli 04/29 tarixli kart hesabına 2024-cü ilin aprel ayının ortalarında günorta saatlarında köçürmüşdür. Samir ilə razılaşmaya əsasən 3000 manatı diplomu aldıqdan sonra ödəyəcəkmiş. Samirin bildirdiyi müddət tamam olduqda, Samir müxtəlif bəhanələr gətirərək aldatmağa başlamışdır. Təxminən cari ilin aprel ayının əvvəllərində pulu geri istədikdə Samir 2 günə Bakıya gedərək, pulu alıb geri qaytaracağını bildirmişdir. Lakin Samir verdiyi vədlərə əməl etmədiyi üçün məcbur olub Xaçmaz RPŞ-yə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərdi ki, onun oğlu olan iş üzrə Zərərçəkmiş şəxs Anadolu Universitetində təhsil almış, lakin hərbi xidmətə getməsilə əlaqədar təhsili almasını müvəqqəti dayandırmışdır. Rauf hərbi xidmətdən qayıtdıqdan sonra sonuncunun həmin universitetdə imtahanla bağlı iki kəsri olmuşdur. Onun təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsla tanışlığı olmuş, Xaçmaz rayonundə müntəzəm olaraq rastlaşaraq bir-birindən hal-əhval soruşmuşlar. Belə günlərin birində o, təqsirləndirilən şəxslə rastalaşanda aralarında onun oğlunun ali təhsili ilə bağlı söhbət düşmüş, bu zaman təqsirləndirilən şəxs ona oğlunun ali təhsilinin natamam qaldığı məktəbin diplom məsələlərini həll edə biləcəyini, həmin məktəbin diplomu alınmazsa, digər bir diplom alaraq verəcəyini bildirmişdir. Həmçinin bildirdi ki, o, Təqsirləndirilən şəxs təxminən otuz beş ildir ki, tanıyır. Təqsirləndirilən şəxs vurduğu ziyanla bağlı ödəniş etmək istəsəydi, bu vaxtadək edərdi. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Təqsirləndirilən şəxs 20 ildir ki, tanımış, iş yeri olan “DOM BİT” adlı elektronika mallarının təmiri yerinin qarşısındakı binada qalmış, dəfələrlə münasibəti olmuşdur. Samir bir neçə dəfə əlində sənədlərin qovluğu ilə gəlib təmir yerinin qarşısında keçdiyi üçün Samirin iş adamı olmasını, sənəd işlərinin həllində önəmli şəxs olmasını təxmin etmişdir. Buna görə Samirlə 2024-cü İlin aprel ayının əvvəllərində oğlu Rauf üçün diplom məsələsinin həll edilməsi məqsədilə danışmış, Samir də həmin işi həll edə biləcəyinə söz vermişdir. Oğluna Samirin diplom işlərində köməklik edə biləcəyini bildirmişdir. Sonra Samir oğlu ilə telefon əlaqəsi saxlayaraq danışmış, hər hansısa universitetə dair diplom ala biləcəyini və bunun üçün 15000 manat pul lazım olmasını bildirmişdir. X3 Universitetinə aid diplom alacağı təqdirdə 9000 manat pul istəmiş, 6000 manat pulu başdan, qalan 3000 manatı isə iş yekunlaşandan sonra ödəməli olmuşdurlar. 19 aprel 2024-cü il tarixdə günorta saatlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “DOM BİT” məişət əşyalarının təmiri emalatxanasının qarşısında “Mercedes Benz E 320 MİNİK” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Samirə oğlunun verdiyi 5500 manat pulu uzadaraq oğluna diplom almaq məqsədilə pulu vermişdir. Bundan sonra oğlu Samirin kart hesabına 500 manat pul da göndərmişdir. Ümumilikdə oğlu Samirə 6000 manat pul vermiş, lakin Samir vediyi vədə əməl etməyərək, oğlunun əmlakını ələ keçirmişdir. Samirin dələduzluq yolu ilə ələ keçirdiyi 6000 manat pul oğlu Raufa məxsusdur, ziyan Raufa dəymişdir. İş materiallarında olan 19 aprel 2025-ci il tarixli ərizədən müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Xaçmaz RPŞ-yə müraciət edərək Təqsirləndirilən şəxs onun üçün Odlar Yurdu Universitetinə məxsus diplom almaq adı ilə ondan aldadaraq 6000 manat pulu alaraq ələ keçirməsi barədə bildirərək, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş DVD diskə və xx.xx.2025-ci il tarixli protokola baxış keçirilərək müəyyən edilir ki, avtomobilin salonunda ön sərnişin oturacaqlarında iki nəfər şəxs əyləşmişdir. Sağ ön oturacaqda göy rəngli üst geyimində olan bir nəfər ortayaşlı kişi, sol oturacaqda digər bir şəxsin əyləşməsi görünür. Göy rəngli geyimdə olan şəxs bir kağıza müəyyən yazıları yazır, imza edərək digər şəxsə verir. Arxa oturacaqda əyləşən digər şəxs “Samir, Samir”, göy rəngli geyimdə olan şəxs “haycan” deyir. Arxada əyləşən şəxs “Allah qoysa, neçə aya hazır olacaq” deyir. Göy rəngli geyimdə olan şəxs “bunlar, 4 ay bunların iş prosesidi, 5, 6-cı ayda, 5, 6-cı ayda” deyir. Arxada əyləşən şəxs “diplomu da bir yerdə alacaq da?” deyəndə, göy geyimli şəxs “hə, ola bilsin ki, orada bir ay itki ola bilsin, bir ay da patoloku” deyir. 02:25-ci dəqiqədə arxada əyləşən şəxs “ Samir, bu diplomla harada işləyə bilər” sualını soruşur, göy rəngli geyimdə olan şəxs isə “bax, mənim onunçün düzəltdiyim ədliyyədə də işləyə bilər, sonra birin düzəltmişik başqa bir orqan var orada işləyir, yəni liboy orqanda işləyə bilər” deməsi eşidilir. DVD diskdə olan videogörüntü 03 dəqiqə davam edir. Təqsirləndirilən şəxs görüntüdə olan göy rəngli geyimdə olan şəxsin özü olmasını, səsin ona məxsus olmasını, ön sol oturacaqda əyləşən şəxsin Zərərçəkmiş şəxs olmasını, arxada əyləşən və onun bir neçə dəfə suallarına cavab verdiyi şəxsin isə Zərərçəkmiş şəxs atası Rafik Şahkərimov olmasını bildirərək, bir daha törətmiş olduğu əməli etiraf etmişdir. Qeyd olunan disk daşıyıcıdakı videogörüntüyə baxış Xaçmaz RPŞ-də təqsirləndirilən şəxsin müdafiəçisinin də iştirakı ilə baxılmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bank kartından (kserosurətindən), həmin kart üzrə xx.xx.2024 – xx.xx.2024-ci il tarixlərə aid 02 vərəqdə olan çıxarışlardan və 15 iyun 2025-ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, Xaçmaz RPŞ-də müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi sonuncunun özünə məxsus elektron məlumat daşıyıcısına (bank kartına) və həmin daşıyıcıdan edilmiş çıxarışlara baxış keçirilmişdir. Təqsirləndirilən şəxs məxsus olan bir ədəd kartın üzərində "xxxx" yazısı, arxasında 5411-2498-0733-2130, 04/29 yazıları vardır. Bank kartından olan çıxarışın ilk səhifəsinin üzərində "xxxx" , "xxxx" Açıq Səhmdar Cəmiyyəti və digər yazılar görünür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Odlar Yurdu Universitetində ali təhsil almasını təsdiq edən diplomla təmin edəcəyinə dair yalan vəd verib aldadaraq 5500 manatdan əlavə olaraq xx.xx.2024-cü il tarixdə saat 13:45də 400 manat və xx.xx.2024-cü il tarixdə saat 13:46-da 100 manat pul vəsaitini özünə məxsus "xxxx" ASC-yə aid 5411-2498-0733-2130 nömrəli bank kartına köçürmə yolu ilə köçürdərək məxaric etdiyini, bunun da çıxarışda əksini tapdığını bildirmişdir. İş materiallarında olan 16 iyun 2025-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan, həmin tarixli qəbzdən və 08 iyul 2025-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid 5411-2498-0733-2130 nömrəli bank kartı, həmin kart hesabına göndərilən pulların məxaricini əks etdirən bank əməliyyatlarının çıxarışının 02 vərəq kserosurəti, habelə Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd DVD disk maddi sübut kimi tanınmış və 02 kserosurət vərəqdə çıxarış, bank kartının kserosurəti, habelə Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, bank əməliyyatlarının çıxarışını, 01 ədəd DVD diski sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə həmin Məcəllənin 178-ci maddəsinin tərkibini yaradır. Eyni əməl xeyli miqdarda ziyan vurmaqla törədildikdə, həmin Məcəllənin 178.2.4-cü maddəsinin tərkibləri yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarının 1-ci bəndində izah edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinə görə, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmün, qərarın surətlərindən və Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli 1(067)-86/2017 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.4-cü maddəsinə əsasən 3300 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli 7(067)-50/2018 saylı qərarına əsasən onun məhkəmənin 1(067)-86/2017 saylı hökmü ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilindiyi əməli - Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli 816 VQD saylı Qanununa əsasən edilmiş dəyişikliklərə əsasən - həmin maddədən CM-nin 178.1-ci maddəsinə tövsif edilmiş, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsi və vurduğu ziyanı tam olaraq ödəməsi nəzərə alınaraq o, cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bununla da o, məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı idarəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs ailəlidir. Onun barəsində MKTİ-yə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 10 sentyabr 2025-ci il tarixli ərizəsindən müəyyən edilir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmiş, aralarında barışıq əldə olunmamış, şikayətçidir, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə ağır cəza təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halların və cəzasını ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməməsi və zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olması, eləcə də bundan əvvəl də eyni qəbildən olan əməli törətməsi hallarını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan 02 may 2025-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan, qətimkan tədbirinin seçilməsi barədə 04 may 2025-ci il tarixli qərardan və xx.xx.2025-ci il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş - Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid 5411-2498-0733-2130 nömrəli bank kartının kserosurəti, həmin kart hesabına göndərilən pulların məxaricini əks etdirən bank əməliyyatlarının çıxarışının 02 vərəq kserosurəti, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş materiallarında olan əşyaya baxış keçirilməsi barədə protokoldan, maddi sübut kimi tanımaq haqqında qərardan, sübutların qiymətləndirilməsi barədə qərardan və qəbzdən müəyyən edilir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid 5411-2498-0733-2130 nömrəli bank kartı saxlanılmasından ötrü Təqsirləndirilən şəxs qaytarılmışdır. Odur ki, iş üzrə maddi sübut – saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmiş 01 ədəd "xxxx" ASC-yə aid 5411-2498-0733-2130 nömrəli bank kartı hökm qanuni qüvvəsini aldıqdan sonra onun özünə qaytarılmış hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 sentyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş - Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid 5411-2498-0733-2130 nömrəli bank kartının kserosurəti, həmin kart hesabına göndərilən pulların məxaricini əks etdirən bank əməliyyatlarının çıxarışının 02 vərəq kserosurəti, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut – saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmiş 01 ədəd "xxxx" ASC-yə aid 5411-2498-0733-2130 nömrəli bank kartı hökm qanuni qüvvəsini aldıqdan sonra onun özünə qaytarılmış hesab edilsin. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə mülki iddianın, ekspertiza xərcinin olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə hökmün surəti təqdim olunduğu) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №1(067)-143/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-143/2025
17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver