Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-144/2024 07.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs (X6 Mahdi) və onun müdafiəçisi Müdafiəçi, tərcüməçi X8 iştirakı ilə 24 mart 1997-ci ildə İraq Respublikasının Bəsrə şəhərində anadan olmuş, İraq Respublikasının vətəndaşı, özünün deməsinə görə orta təhsilli və işləməyən, əvvəllər məhkum olunmamış, İraq Respublikasının Bəsrə şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd edərkən saxlanılmışdır. Belə ki, o, Avropa qitəsində yerləşən hər hansı ölkədə yaşamaq və işləmək məqsədilə həmin ölkələrdən hər hansı birinə getmək üçün viza əldə edə bilmədiyindən 13 may 2024-cü il tarixdə, saat 03 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonunun Samurçay kəndinin ərazisində yerləşən 1-ci sərhəd zatavasının 20-ci sahəsinin xidməti ərazisindən maneə çəpərinin üstündən tullanıb qarşı tərəfə keçərək piyada 4-5 metr hərəkət etməklə, qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd göstərmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edilərək, “Dayan!” çağırış komandası verilib, dövlət sərhəd xəttindən 800 metr məsafədə, 129 nömrəli sərhəd nişanından 100 metr sağda saxlanıldığından, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, yaşadığı İraq Respublikasında maddi vəziyyətinin yaxşı olmaması səbəbindən işləmək və yaşamaq üçün, Finlandiyaya, daha sonra isə Avropa ölkələrindən birinə getmək barədə fikirləşmiş, lakin Avropa ölkələrinə getmək üçün tələb edilən vizanı əldə etməyə maddi imkanı olmamış, Avropa ölkələrindən birinə getmək üçün Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhəddə yerləşdiyi səbəbindən o, viza alaraq Azərbaycan Respublikasına gəlmiş, Rusiya Federasiyası istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçmək üçün Xaçmaz rayonunun ərazisindən Rusiya Federasiyasına keçmək üçün sərhəd xəttinə tərəf getmiş, orada ona tanımadığı şəxslər Rusiya ilə Ukrayna Respublikası arasında müharibə olduğunu, Rusiya Federasiyasında vəziyyətin gərgin olduğunu bildirmişlər, bundan sonra o, Rusiya ərazisinə keçmək fikrindən imtina etmiş və geri qayıtmışdır, sərhədi keçməmişdir. O, Azərbaycan Respublikasında qalaraq yaşamaq istəyir, onun ölkəsi müharibə vəziyyətindədir, orada həyat şəraiti ağırdır. Həmçinin bildirdi ki, o, dövlət sərhədini keçməmiş, keçməyə cəhd də etməmişdir. Belə ki, ona sərhədə yaxın hissədə olan şəxslər Rusiyada müharibə vəziyyətinin olduğu barədə bildirdikdə o, fikrindən yayınaraq geri qayıtmış, bu vaxt onu sərhəd xidmətinin əməkdaşı saxlamışdır, yəni o, sərhədi keçmək niyyətilə getmiş, lakin keçməyə cəhd etməmişdir. O, ailəlidir, üç yaşında bir övladı var, ailəsi İraq Respublikasının Bəsrə şəhərində yaşayır, valideynləri də İraq Respublikasında yaşayır, onu Azərbaycan Respublikası ilə bağlayan heç nə yoxdur, öz ölkəsində o hər hansı təqibə məruz qalmamış, cinayət törətməmiş və axtarışda deyildir. O, Azərbaycan Respublikasındakı iqtisadi, hüquqi vəziyyəti yaxşı hesab edir, Azərbaycanın tarixi abidələri onun xoşuna gəlir. O, özünü yaxşı insan, yaxşı vətəndaş ola biləcəyini hesab edir, Azərbaycanda qalaraq vətəndaşlıq almaq, bundan sonra isə ailəsini də öz yanına gətirmək istəyir. Ona görə də o, həbsdən azad edilməsini, həmçinin Azərbaycan Respublikasından çıxarılaraq öz ölkəsinə qaytarılmamasını xahiş edir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, yaşadığı İraq Respublikasında maddi vəziyyətinin yaxşı olmaması səbəbindən işləmək və yaşamaq üçün Finlandiyaya daha sonra isə Avropa ölkələrindən birinə getmək barədə fikirləşmiş, lakin Avropa ölkələrinə getmək üçün tələb edilən vizanı əldə etməyə maddi imkanının olmaması, həmçinin İraq Respublikasında tanışı olan “Həsən” adlı şəxsin Avropa ölkələrindən birinə getmək üçün qanuni şəkildə viza əldə edərək gedə biləcəyi Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhəddə yerləşdiyini ona bildirməsi və Azərbaycan Respublikasının ümumi xəritəsini “Google Earth” mobil tətbiqindən ekran şəkli kimi çəkərək ona göndərməsi, onun həmin xəritəyə baxdıqdan sonra təxmini olaraq Azərbaycan Respublikasının hansı rayonlarının Rusiya Federasiyası ilə sərhəddə yerləşdiyini müəyyən etməsi, həmçinin Rusiya Federasiyasının Finlandiya ilə sərhəddə yerləşdiyini bilməsi və daha sonra Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçəcəyi yeri müəyyən etməsi səbəblərindən, həmçinin Azərbaycan Respublikasına gəlmək üçün tələb olunan vizanın əldə edilməsi onun üçün asan olduğundan 21 aprel 2024-cü il tarixdə öz adına Azərbaycan Respublikasına gəlmək üçün tələb olunan vizanı rəsmiləşdirmiş və 6 may 2024-cü il tarixdə rəsmi qaydada İraq Respublikasının Bağdad şəhərindən Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində 12 may 2024-cü il tarixədək müxtəlif hostellərdə yaşamış, həmin vaxt ərzində Bakı şəhərini gəzmişdir. 12 may 2024-cü il tarixdə, saat 18 radələrində “Bakı-Quba” avtobusu vasitəsilə Quba rayonuna getmiş, daha sonra Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçmək məqsədilə “Google map” mobil tətbiqindən istifadə etməklə piyada Rusiya Federasiyası ilə sərhəddə yerləşən Xaçmaz rayonuna doğru hərəkət etməyə başlamışdır. Təxminən 2 saat piyada hərəkət etdikdən sonra qarşısına çıxan meşəlik ərazini keçdikdən sonra sərhəd zastavasının mühəndis texniki çəpərinin üzərindən tullanıb Rusiya Federasiyası istiqamətində hərəkətinə davam etmiş, 4-5 metr hərəkət etdikdən sonra dövlət sərhəd xəttindən 800 metr məsafədə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid2 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinin 1-ci sərhəd zastavasının texnik qrup komandiri, baş çavuşudur. 13 may 2024-cü il tarixdə, saat 02:00-dan 06:30-dək 1-ci sərhəd zastavasının 1- 31/23-25-ci sahələrində əsgər Şahid3la birlikdə “Gözətçi Dəstə/Sərhəd Gözətçisi” sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Saat 02:34-də rabitə vasitəsi ilə onlara sərhəd zastavasının 31-ci sahəsində 124 nömrəli sərhəd nişanı istiqamətində bir nəfər naməlum şəxsin Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə hərəkət etməsinin müşahidə olunması bildirilmiş, bundan sonra onlar şübhəli şəxsin müşahidə edildiyi ərazi istiqamətində hərəkət edərək həmin şəxsin axtarışını həyata keçirməyə başlamış və saat 03:10-də sərhəd zastavasının 20-ci sahəsində mühəndis texniki çəpərin üstündən tullanıb qarşı tərəfə keçərək təxminən 4-5 metr içəridə, yəni sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində hərəkət edən şəxsi müşahidə etmiş və dərhal “Dayan!” komandası vermiş və Təqsirləndirilən şəxs dayanaraq təslim olmuşdur. Dərhal bu barədə sərhəd zastavasının rəisinə məruzə etmişdir. Həmçinin bildirdi ki, onlara məlumat verildikdən sonra təqsirləndirilən şəxsi saxlamaq üçün getdikdə sonuncu gizlənmiş, sonra isə onlar onu aşkar etdikdə əmrə könüllü olaraq təslim olmuşdur. Təqsirləndirilən şəxs onlara qarşı heç bir təzyiq göstərməmişdir. Təqsirləndirilən şəxsin üzərində çanta və mobil telefon olmuş, lakin çantaya baxışda o iştirak etməmiş, təqsirləndirilən şəxsin üzrərində başqa əşyalar – üzük, saat olmamışdır, üzərindən heç nə götürməmişir. O, təqsirləndirilən şəxsi saxlayaraq sərhəd xitməninin avtomobili ilə gəlmiş əməkdaşlara təhvil vermişdir. Onlar təqsirləndirilən şəxsi saxlayarkən təqsirləndirilən şəxs mühəndis texniki çəpərdən keçərək Rusiya istiqamətində getmiş, lakin Rusiya sərhədinə daxil olmamış, neytral zonada olmuşdur. Təqsirləndirilən şəxsin keçdiyi mühəndis çəpəri tikanlı çəpər olmamış, sonuncu həmin çəpəri keçid qapısının yanından, qapıdan tutaraq çəpəri pilləkən kimi istifadə etməklə qalxıb şəpərin üstündən qarşı tərəfə tullanmışdır. Həmin ərazidə müşahidə kameraları mövcuddur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid3 ifadəsindən müəyyən edilir ki, o, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsin əlində çanta və mobil telefon olmuş, çantanın içərisinə isə baxmamışdır. Onlar təqsirləndirilən şəxsi saxladıqdan sonra sərhəd xidmətinin əməkdaşları avtomobillə gələrək təqsirləndiriləni zastavaya aparmışlar. Təqsirləndirilən şəxs sərhədin mühafizə zolağını keçmiş, Rusiya Federasiyası istiqamətində getməkdə olarkən saxlamışlar. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, 13 may 2024-cü il tarixdə 1-ci sərhəd zastavasının “Növbətçi operator” sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Saat 02:29 radələrində “PTZ” kamerası vasitəsilə sərhəd zastavasının 31-ci sahəsində 124 nömrəli sərhəd nişanı istiqamətində bir nəfər naməlum şəxsin Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə hərəkət etməsini müşahidə etmiş, bu barədə aidiyyəti üzrə sərhəd zastavasının rəisi, kapitan Çingiz İmanzadəyə məruzə etmiş, sərhəd zastavasının rəisi kapitan Çingiz İmanzadə aidiyyəti üzrə bu barədə sərhəd komendantlığına məruzə etmiş və sərhəd zastavasını “Silaha!” komandasına qaldıraraq hadisə yerinə hərəkət etmiş, sərhəd zastavasının şəxsi heyəti qeyd olunan şəxsin hərəkət istiqamətində irəliləmiş və saat 03:10 radələrində “Gözətçi Dəstə/Sərhəd Gözətçisi" sərhəd naryadı xidmətinə təyin edilmiş baş çavuş Şahid2 və əsgər Şahid3 dövlət sərhəd xəttindən 800 metr məsafədə Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində hərəkət edən Əlhəlbuş X1. İş materiallarında olan 13 may 2024-cü il tarixli “Şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” protokoldan müəyyən edilir ki, şəxsi axtarış zamanı inzibati qaydada tutulan Təqsirləndirilən şəxs üzərində 01 ədəd İR pasportu, 01 ədəd mobil telefon, 01 ədəd adapter, bel çantası, geyim dəstləri, təmizlik ləvazimatları, 3 AZN pul aşkar edilmişdir. İş materiallarında olan 15 may 2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “İnfinix” markalı mobil telefonun zənglər, mesaj, qalereya bölmələrinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən nəsə aşkar edilməmişdir. İş materiallarında olan 13 may 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, baxış keçirilən hadisə yeri Xaçmaz rayonunun Samurçay kəndi ərazisində yerləşən N nömrəli hərbi hissənin 1-ci sərhəd zastavasının 20-ci sahəsidir. Qeyd olunan yer zastavanın 20-ci sahəsində 129 nömrəli sərhəd nişanından 100 metr sağda, dövlət sərhəd xəttindən təxminən 800 metr aralıda, maneə çəpərindən 4-5 metr içəridə yerləşir. Ərazi hər tərəfdən ağaclıqla əhatə olunmuşdur. Sol tərəfə 2-ci sərhəd zastavasına torpaq yol uzanır. Müqabil tərəfdə Rusiya Federasiyası Dağıstan Respublikasının Məhərrəmkənd rayonu Primorski qəsəbəsi yerləşir. İş materiallarında olan dövlət sərhədindən giriş-çıxışa dair İAMAS məlumatından müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs 6 may 2024-cü il tarixdə, saat 00:28-də rəsmi qaydada (viza ilə) İraq Respublikasının Bağdad şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını və iş materiallarında olan digər sənədləri sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs (X6 Mahdi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxslərin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının dövlət sərhədi haqqında 9 dekabr 1991-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Həmin Qanunun 12-ci maddəsinə görə, Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxsləri Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququ barəsində etibarlı sənədlər əsasında sərhəd mühafizə orqanları buraxır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə həmin Məcəllənin 318.1-ci maddəsinin tərkibini yaradır. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə iclaslarında Təqsirləndirilən şəxs dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə niyyətində olmaması və keçməyə cəhd etməməsi barədə bildirdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu xüsusatları təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıdığı qənaətinə gəlir və bu xüsusatlar şahidlərin ifadələri, iş materiallarında olan sənədlərlə təkzib edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 318.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzaların çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, təqsirləndirilən şəxslərin cəzadan azad edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” və “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 13 may 2024-cü il tarixli protokollardan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli 4(009)-215/2024 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs (X6 Mahdi) barəsində həbsetmənin əvvəli 13 may 2024-cü il tarixdən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 may 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. İş materiallarında olan iş üzrə Təqsirləndirilən şəxs (X6 Mahdi) məxsus pasportdan müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs İraq Respublikasının vətəndaşıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxs əcnəbi vətəndaş olduğundan onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs (X6 Mahdi) əcnəbi vətəndaş olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını, həmçinin öz ölkəsində siyasi təqibə məruz qalmadığını, heç bir işgəncəyə və təqibə məruz qalmayacağını bildirməsini nəzərə alaraq hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılarkən onun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “İnfinix” markalı mavi rəngli mobil telefon, 01 ədəd həmin telefon üçün elektrik qidalandırıcısı (adapter), 01 ədəd qara rəngli qulaqcıq, 01 ədəd qəhvəyi rəngli pulqabı, 01 ədəd ********** nömrəli bank kartı, 01 ədəd **********46 nömrəli vəsiqə, 01 ədəd TEKF-0642 nömrəli kart, geyim dəstləri, təmizlik ləvazimatları və 3 AZN pul təqsirləndirilən şəxsin özünə qaytarılması məsələsinə baxılması üçün həbsdə saxlanıldığı Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilmişdir (təhvil verilmişdir). İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs (X6 Mahdi) Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29, 318.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs (X6 Mahdi) əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Hökmdən elan elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-144/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-144/2024
07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver