Məhkəmə qərarları › İş №1(067)-145/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-145/2023

14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-145/2023 14.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1975-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, iki yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq tərkibində sintetik narkotik vasitə olan metadon tabletlərini şəxsi istehlak miqdarından artıq miqdarda, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə o, Xaçmaz şəhəri, Səid Qurbanov küçəsində saxlanılıb xx.xx.2023-cü il tarixdə saat 00:41-dən 00:49-dək olan müddətdə Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qolsuz gödəkçəsinin sol yan cibindən üzərində “Methadone 40...Faran” əmtəə nişanı olan 1 ədəd blister kəsiyində üzərində “F/M40” yazısı həkk olunmuş hər tabletdə 0,04 qram olmaqla tərkibində təsiredici maddəsinin ümumu miqdarı 0,08 qram olan narkotik vasitə-metadon olan 2 ədəd dərman tableti aşkar edilərək götürülmüşdür. Bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, üzərindən aşkar olunmuş narkotik vasitə - 02 ədəd metadon həbini yerdən tapmış, baxdıqda həmin tabletlərin narkotik vasitə olduğunu bilmiş və üzərində saxlamışdır. Polis əməkdaşları küçədə ona yaxınlaşmışlar və onun üzərindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. O, metadon həblərindən əvvəllər də istifadə etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, törətdiyi cinayət əməlinə görə peşmandır. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz şəhəri, Səid Qurbanov küçəsi ev 37, mənzil 3-də ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. O, təxminən 1 ildir ki, narkotik vasitə olan metadon həblərindən istifadə edir. 17 aprel 2023-cü il tarixdə, səhər saat 12 radələrində yaşadığı küçədə piyada gəzişərkən yerdən 1 ədəd blister kəsiyində 2 ədəd metodon həbləri tapmışdır. O, metadon həblərindən daimi istifadə etdiyi üçün onun narkotik tərkibli olmasını bilirdi, çünki qablaşmanın üzərində də metadon yazısı da olmuşdur. O, həmin həbləri istifadə etmək üçün əynindəki qara rəngli qolsuz gödəkçəsinin sol yan cibinə qoymuşdur. 18 aprel 2023-cü il tarixdə, saat 23:50 radələrində yaşadığı S.Qurbanov küçəsində yerləşən «Al market»in yaxınlığında olduğu zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərinin Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını ona bildirib və narkotik vasitə gəzdirməkdə şübhəli olduğundan onu Xaçmaz RPŞ-yə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməmiş, onların təklifi ilə razılışıb polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Xaçmaz Rayon Polis Şöbəsində otaqların birində müdafiəçi Avçixan Avçixanovun iştirakı ilə polis əməkdaşı tərəfindən hüqüq və vəzifələri ona izah edilmişdir. Onun üzərinə vidoçəkilişlə şəxsi axtarış keçiriləcəyi deyildikdə o, buna etiraz etməmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı o, əynindəki qara rəngli qolsuz gödəkçəsinin sol yan cibindən 1 ədəd blister kəsiyində olan 2 ədəd metadon həblərini çıxardaraq masanın üzərinə qoymuşdur. Polis əməkdaşları həblərin nə olmasını ondan soruşduqda o, həmin həblərin narkotik tərkibli metadon həbləri olduğunu və onları istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Müstəntiq tərəfindən həmin 2 ədəd həb «Konstant» markalı elektron tərəzi ilə kağızı ilə birgə çəkilərkən ümumi çəkisinin 1,08 qram olması müəyyən olunmuşdur. Onun üzərindən aşkar edilmiş 2 ədəd həblər ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulub, qablaşdırılaraq möhürlənmişdir. Onlar zərfin üzərində imza etmişlər. Bu barədə protokol tərtib edildikdən sonra protokolu imzalarla təsdiq etmişlər. O, əvvəllər dəfələrlə metadon həblərindən istifadə etmiş, buna görə həmin həbi qablaşmasından tanıya bilir, həmçinin qablaşmanın üzərində də metadon yazısı olmuşdur. O, heç vaxt narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən ona heç bir təsir olunmamışdır. O, həmin həbləri saxlanmazdan bir gün əvvəl tapmışdır, istifadə etmək üçün üzərində saxlamışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona daxil olmuş əməliyyat məlumatını raport yazaraq rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və bu qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Xaçmaz RPŞnin Narkotiklərlə Mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 rəhbərliyi ilə onun da iştirakıla əməliyyat qrupu yaradılmışdır. Onlar əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmişlər və 18 aprel 2023-cü il tarixdə saat 23:50 radələrində Xaçmaz şəhəri, S.Qurbanov küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələri daşımaqda və istifadə etməkdə şübhəli olduğu üçün onu Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə Polis şöbəsinə gəlişdir. Yolda gələrkən Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir əşya varsa, onları özündən kənarlaşdıra bilməsin. Polis şöbəsində Xaçmaz RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Elşən Əliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl baş müstəntiq Elşən Əliyev tərəfindən Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etməsi təklif olunmuşdur. Müstəntiqin bu təklifindən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli qolsuz gödəkçəsinin sol yan cibindən üzərində “Methadone 40-Faran” əmtəə göstəriciləri olan 01 ədəd blister kəsiyində 02 ədəd metadon dərman tabletlərini çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin 2 (iki) ədəd tabletlərin narkotik tərkibli metadon tabletləri olduğunu, özünə məxsus olmasını, taparaq əldə etdiyini və özü narkotik alüdəçisi olduğundan həmin metadon tabletlərindən narkotik vasitə kimi öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi davam etdirilmiş, lakin onun üzərindən digər hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd metadon tabletləri maddi sübut kimi müstəntiq tərəfindən götürülmüş və ekspertizaya təqdim edilməsindən ötrü kağız zərfdə qablaşdırılaraq üzəri içtirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və protokol ucadan oxunduqdan sonra, protokolun doğru olmasını Təqsirləndirilən şəxs, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 19 aprel 2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın keçirilməsinin videoçəkilişinin qeydə alındığı DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi X4 RPŞ-nin NMQnun baş əməliyyat müvəkkili Şahid2, həmin NMQ-nin əməliyyat müvəkkili Şahid1, Xaçmaz RPŞ-nin Növbətçi hissəsinin sürücü polis nəfəri X5, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan hər hansı bir əşya vardırsa təqdim edilməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qolsuz gödəkçəsinin sol yan cibindən üzərində "Methadone 40-Faran” əmtəə göstəriciləri olan 01 ədəd blister kəsiyində 02 ədəd dərman tabletlərini təqdim edir. Həmin tabletlərin nə olduğunu ondan soruşduqda, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd tabletlərin narkotik tərkibli metadon həbləri olduğunu, özünə məxsus olmasını və taparaq əldə edərək öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd metadon tabletləri «Konstant» markalı elektron tərəzidə blister ilə birgə çəkilərkən ümumi çəkisinin 1,08 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi davam edirilmiş, lakin onun üzərindən başqa hər hansı bır əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd metadon tabletləri ekspertizaya göndərilməsi üçün bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Həmin zərfin üzəri Təqsirləndirilən şəxs və iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri polis nəfəri Rüfət Ağayev tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2023-cü il tarixli, 6/2298 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 156” möhür əksi “, ...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” qeydli zərfdəki üzərində “Methadone 40... Faran” əmtəə göstəriciləri olan 01 ədəd blister kəsiyində üzərlərində “F/M40” yazısı həkk olunmuş 02 ədəd dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram (hər tabletdə 0,04 qram) olan narkotik vasitə - metadon müəyyən edilmişdir. Təqdqiqata 01 tablet sərf edildikdən sonra qalıq 01 tablet təşkil etmişdir. İş materiallarında olan 23 aprel 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 06 iyul 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Methadone 40... Faran” əmtəə nişanı olan 01 ədəd blister kəsiyində üzərində “F/M40” yazısı həkk olunmuş hər tabletdə 0,04 qram olmaqla tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan narkotik vasitə - metadon olan 02 ədəd dərman tabletləri maddi sübut kimi tanınmış və həmin 02 ədəd tabeltdən 01 ədədi ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 01 ədəd tablet Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 24 may 2023-cü il tarixli, 3170 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs həmin narkotik tərkibli metadon dərman həblərini şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamışdır, onun narkotik vasitənin kimdənsə alması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə metadonun mənbəyini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə edilməmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, istifadə etməsi və daşıması barədə “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 18 aprel 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 06 iyul 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi köçürülmüş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan metadonun şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,02 qramdan qramdan artıq olması, külli miqdarı isə 1,6 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə metadonun ümumi təmiz miqdarı 0,08 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Xaçmaz Rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı idarəsi tərəfindən verilmiş arayışdan, həmçinin EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində xx.xx.2010 və xx.xx.2012-ci il təvəllüdlü olmaqla iki yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan həmin MKTİ tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir, iki övladı var. Onun barəsində MKTİ-yə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 19 aprel 2023-cü il tarixli protokoldan (saat 00:30), qətimkan tədbirinin seçilməsinə dair 20 aprel 2023-cü il tarixli qərardan (saat 18:10) və xx.xx.2023-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olma (tutulma) müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından müəyyən olunur ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Methadone 40... Faran” əmtəə nişanı olan 01 ədəd blister kəsiyində üzərində “F/M40” yazısı həkk olunmuş, hər tabletdə 0,04 qram olmaqla tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan narkotik vasitə metadon olan 02 ədəd dərman tabletlərindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd tablet Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış “Methadone 40... Faran” əmtəə nişanı olan 01 ədəd blister kəsiyində üzərində “F/M40” yazısı həkk olunmuş tərkibində metadon narkotik vasitəsi olan 01 (bir) ədəd tablet hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış “Methadone 40... Faran” əmtəə nişanı olan 01 ədəd blister kəsiyində üzərində “F/M40” yazısı həkk olunmuş tərkibində metadon narkotik vasitəsi olan 01 (bir) ədəd tablet hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar