Məhkəmə qərarları › İş №1(067)-145/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-145/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-145/2025 10.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1994-cü ildə Xaçmaz rayonunun Sayad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Sayad kəndində qeydiyyatda olmaqla yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdə, saat 18 radələrində Xaçmaz rayonu, Sayad kəndində 41,404024 °N (şimal enliyi), 48,947049 °E (şərq uzunluğu) koordinatlarında yerləşən özünə məxsus fərdi yaşayış evinin yataq otağında, qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı əvvəl sağ əli ilə onun sifət nahiyəsinə sillə, daha sonra baş və bel nahiyələrinə sağ əlin yumruğu ilə qəsdən bir neçə zərbə endirib əlləri ilə zərərçəkmiş şəxsin sol dirsək nahiyəsini qəsdən sıxmaqla Zərərçəkmiş şəxs “baş beyin silkələnməsi ilə müşayiət olunmuş ənsə nahiyəsinin şişkinliyi” kimi qəsdən sağlamlığa yüngül zərər vuran və “sağ göz və bel nahiyələrinin qançırları, sol dirsək oynağının sıyrığı” kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, bununla da o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, anası və Zərərçəkmiş şəxs eyni evdə yaşayırlar. Hazırkı iş üzrə əməli törətdiyi gün o, Xaçmaz şəhərindən yaşadığı evə gələrək anasına sözü olduğu üçün anasının otağına daxil olmuş, bu zaman Zərərçəkmiş şəxs həmin otağa gələrək onu anasının otağında olmasına görə nalayiq ifadələrlə söymüş, bu zəmində Şahanə ilə aralarında yaranmış mübahisə nəticəsində o, sonuncunu vuraraq xəsarət yetirmişdir. Həmçinin bildirdi ki, zərərçəkmiş şəxsin mübahisə zamanı ona dediyi təhqiramiz sözlərinə görə onların barışması mümkün deyildir. Onun bir uşağı vardır. Uşağı anasının, yəni zərərçəkmiş şəxsin yanında qalır. Uşağın saxlanılması üçün hazırda hər hansı köməklik etmir, lakin aliment tələb edərsə, ödəyər. O, törətdiyi əməldən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Sayad kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Subaydır və heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs ilə 2023-cü ilin oktyabr ayında ailə həyatı qursa da, rəsmi olaraq aralarında nikah bağlanmamışdır. Birlikdə yaşadıqları dövr ərzində Valeh adlı övladları dünyaya gəlmişdir. Birlikdə yaşadıqları ilk gündən etibarən Şahanə ilə yola getməmişlər və tez-tez aralarında mübahisələr yaşanmışdır. Buna görə də dəfələrlə Şahanə evdən çıxaraq atasının yaşadığı Xaçmaz rayonu, Məmmədxanlı kəndinə getmişdir. O da hər dəfəsində onu könüllü şəkildə atasının evindən götürərək yaşadıqları evə gətirmişdir. Axırıncı dəfə 2024-cü ilin yanvar ayının əvvəllərində aralarında baş vermiş münaqişəyə görə yenidən Şahanə atasının evinə getmiş, həmin ilin yay aylarında isə özü könüllü olaraq evinə gəlmişdir və həmin gündən etibarən də yenidən birlikdə yaşamağa başlamışlar. 2024-cü ilin yay aylarında evinə gəldikdən sonra isə bir daha Şahanə atasının evinə getməmişdir. Ancaq yenə də aralarında söz-söhbət düşürmüş. 14 fevral 2025-ci il tarixdə, günorta saatlarında şəxsi işləri ilə əlaqədar Xaçmaz şəhərinə gəlmişdir. Bu zaman da Xaçmaz şəhərində 1 ədəd şüşə butulkada pivə içmişdir. O, artıq evə gəldikdə saat 18 radələri olarmış. Evə getdikdən sonra isə yenidən Şahanə ilə aralarında mübahisə yaşanmışdır. Mübahisənin də yaşanmasının səbəbi həmin ərəfədə onun maddi vəziyyəti yaxşı deyilmiş, buna görə də Şahanəyə hədiyyə kimi aldığı “Redmi Note 9” markalı telefonu Şahanədən istəmişdir ki, onu satıb özünə cib xərcliyi etsin. Şahanə isə ona telefonu verməkdən imtina etmişdir. Buna görə də aralarında mübahisə yaşanmış və mübahisə zamanı onu nalayiq söyüşlərlə söyüb təhqir etməyə başlamışdır. Şahanənin onu söyməsindən əsəbləşdiyindən sonuncunun üzərinə gedib sol əli ilə Şahanənin saçından tutub sağ əli ilə onun sifətinə sillə, baş və bel nahiyələrinə isə yumruqla bir neçə zərbə endirmiş, bundan əlavə, onu vuran zaman da əlləri ilə onun sol dirsək nahiyəsindən də möhkəm sıxmışdır. Bütün bu proses təxminən 5-10 dəqiqə davam eləmiş, ardınca isə Şahanəni buraxmışdır. Daha sonra Şahanənin atası Talehə zəng edib gəlib qızını aparmasını deyərək telefonu söndürmüş və yaşadığı evdən küçəyə çıxıb kəndin içinə tərəf getmişdir. Təxminən saat 22 radələrində yaşadığı evə qayıdan zaman Şəhanənin evdə olmadığını görmüşdür. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsində bildirdiyi kimi baş vermişdir. Belə ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhərindən onların birgə yaşadıqları evə gəlmiş, həmin vaxt sonuncu içkili olmuş, aralarında mübahisə baş vermiş və təqsirləndirilən şəxs onu döymüşdür. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsin ona yetridiyi xəsarətlər ittihamda düzgün qeyd olunmuşdur. O, təqsirləndirilən şəxslə barışmır. Hadisə günü təqsirləndirilən şəxslə onun arasındakı mübahisənin yaranmasının səbəbi bu olmuşdur ki, təqsirləndirilən onun telefonunu istəmiş, o da telefonu uşağın harasa atdığını, yerini bilmədiyini demişdir. Həmin vaxt hər iki hal, yəni təqsirləndirilən şəxsin məhkəmə iclasında ifadəsində mübahisənin səbəbi kimi göstərdiyi və onun da ifadəsində göstərdiyi hallar baş vermişdir. Zərərçəkmiş şəxs iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Məmmədxanlı kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayırmış. Subaydır və rəsmi olaraq heç yerdə işləmirmiş. Təqsirləndirilən şəxs ilə 2023-cü ilin oktyabr ayında ailə həyatı qursa da, rəsmi olaraq aralarında nikah bağlanmamışdır. Onların yaşadıqları dövr ərzində Valeh adlı övladları dünyaya gəlmişdir. Onlar birlikdə yaşadıqları ilk gündən etibarən Murad ilə yola getməmiş və tez-tez aralarında mübahisələr yaşanmışdır. Buna görə də dəfələrlə evdən çıxaraq atasının yaşadığı Xaçmaz rayonu, Məmmədxanlı kəndinə getmişdir. Hər dəfəsində də Murad onu atasının evindən götürərək öz evinə gətirmişdir. Hər dəfəsində də o öz könüllü istəyi ilə Muradla birlikdə onun evinə qayıtmışdır. Valeh ilə birlikdə olanda onun ata evi olan Xaçmaz rayonu, Sayad kəndində yerləşən fərdi yaşayış evində qalmışlar. Axırıncı dəfə 2024-cü ilin yanvar ayının əvvəllərində aralarında baş vermiş münaqişəyə görə yenidən atasının evinə getmiş, həmin ilin yay aylarında isə yenidən könüllü olaraq Muradın evinə qayıtmış və həmin gündən etibarən də yenidən birlikdə yaşamağa başlamışlar. 2024-cü ilin yay aylarında Muradın evinə gəldikdən sonra isə bir daha atasının evinə getməmişdir. Ancaq yenə də onların aralarında söz-söhbət düşürmüş. 14 fevral 2025-ci il tarixdə, günorta saatlarında Murad şəxsi işləri ilə əlaqədar Xaçmaz şəhərinə getmişdir. Həmin gün saat 18 radələrində isə Murad evə gəlmiş, bu zaman Murad sərxoş imiş. Evə geldikdən sonra isə yenidən Murad ilə aralarında mübahisə yaşanmışdır. Mübahisənin də yaranmasının səbəbi isə Muradın ona hədiyyə kimi aldığı “Redmi Note 9” markalı telefonu istəməsidir. Belə ki, Muradın maddi imkanı olmadığına görə ondan telefonu istəmişdir ki, aparıb satsın. O isə Murada telefonu verməkdən imtina etmiş, bunun üstündə də mübahisələri düşmüşdür. Mübahisə zamanı da Murad sol əli ilə onun saçından tutub sağ əli ilə onun sifətinə sillə, baş və bel nahiyələrinə isə yumruqla bir neçə zərbə endirmiş, bundan əlavə, onu vuran zaman da əlləri ilə onun sol dirsək nahiyəsindən də möhkəm sıxmışdır. Bütün bu proses təxminən 5-10 dəqiqə davam eləmişdir. Daha sonra isə özü ondan aralanmış, buna görə də həmin gün axşam övladını və əşyalarını da götürərək həmin evi birdəfəlik tərk eləmişdir. Şahid iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Məmmədxanlı kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Evlidir və iki övladı var. Özü müxtəlif yerlərdə fəhləlik etməklə ailəsini dolandırır. Zərərçəkmiş şəxs doğma qızıdır. Şahanə 2023-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs ilə ailə həyatı qursa da, rəsmi olaraq aralarında nikah bağlanmamışdır. Onlar birlikdə yaşadıqları ilk gündən etibarən bir-biri ilə yola getməmişlər və tez-tez aralarında mübahisələr yaşanmışdır. Buna görə də dəfələrlə Şahanə evdən çıxaraq onun yaşadığı evə gəlmişdir. Ancaq bir müddət evində qaldıqdan sonra hər dəfəsində Murad onu könüllü şəkildə evindən götürərək yaşadıqları evə aparmışdır. Axırıncı dəfə 2024-cü ilin yanvar ayının əvvəllərində aralarında baş vermiş mübahisəyə görə yenidən Şahanə evinə gəlmiş, həmin ilin yay aylarında isə özü könüllü olaraq yenidən Muradın evinə getmişdir və həmin gündən etibarən də yenidən birlikdə yaşamağa başlamışlar. 2024-cü ilin yay aylarından bəri isə bir daha Şahanə evinə gəlməmişdir. 14 fevral 2025-ci il tarixdə, axşam saatlarında evdə olan zaman Murad ona zəng eləmiş, Muradla danışan zaman sonuncunun içkili olduğunu anlamışdır. Telefonda danışıq zamanı Murad ona qızı ilə yenidən mübahisə etdiyini və buna görə də qızını döydüyünü bildirmiş, daha sonradan isə telefonu söndürmüşdür. O da buna görə dərhal qızı ilə telefon əlaqəsi saxladıqda Şahanə telefonda ona Muradın onu döydüyünü, buna görə də övladını götürərək onun evinə gələcəyini bildirmiş və elə həmin gün də Şahanə övladını götürərək onun evinə gəlmiş və həmin gündən etibarən övladı və nəvəsi onun yanında qalırmış. İş materiallarında olan raportdan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə, saat 20:27 radələrində Şahid Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək Xaçmaz rayonunun Sayad kəndində yaşayan qızı Zərərçəkmiş şəxs qeyri-rəsmi yaşadığı əri Murad tərəfindən döyülüb xəsarət alması barədə bildirmişdir. İş materiallarında olan raportdan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə, saat 23:00 radələrində Xaçmaz RMX-nın tibb bacısı Osmanova Xaçmaz RPŞ-nin Növbətçi hissəsinə zəng edərək Xaçmaz rayonunun Sayad kəndində yaşayan Zərərçəkmiş şəxs “ənsə nahiyəsinin əzilmiş yarası, sağ göz yuvasının qançırı, döş qəfəsinin əzilməsi, kürək nahiyəsinin qançırı, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi” diaqnozu ilə xəstəxanaya daxil olması və xəstənin əri Murad tərəfindən döyülməsini bildirməsi barədə məlumat vermişdir. İş materiallarında olan 14 fevral 2025-ci il tarixli şifahi ərizə protokolundan müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə müraciət edərək, 14 fevral 2025-ci il tarixdə, saat 18 radələrində qeyri-rəsmi olaraq yaşadığı əri Təqsirləndirilən şəxs yaşadıqları Xaçmaz rayonunun Sayad kəndində yerləşən evdə şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı onu döyərək xəsarət yetirdiyi barədə bildirərək, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” 17 iyun 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yerinə baxış keçirən zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evi 41.404024°N (şimal enliyi), 48.947049°E (şərq uzunluğu) koordinatlarında yerləşir. Ev fərdi yaşayış evi olub iki mərtəbəlidir. Evin giriş darvazası dəmir materialdandır. Evin ətrafı daş ilə hasara alınmışdır. Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdə, saat 18 radələrində şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı qeyri-rəsmi arvadı Zərərçəkmiş şəxs ilə evin yataq otağında mübahisə etdiyini və mübahisə zamanı sol əli ilə Şahanənin saçından tutub sağ əli ilə onun sifətinə sillə, baş və bel nahiyələrinə isə yumruqla bir neçə zərbə endirdiyini, bundan əlavə, onu vuran zaman da əlləri ilə onun sol dirsək nahiyəsindən də möhkəm sıxdığını bildirərək törətdiyi cinayət əməlini əyani olaraq könüllü şəkildə göstərmişdir. Cinayət əməlinin törədildiyi otaq yataq otağı olub evin birinci mərtəbəsində yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 15 fevral 2025-ci il tarixli, 92 nömrəli rəyindən müəyyən edilir ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunmuş ənsə nahiyəsinin şişkinliyi, sağ göz və bel nahiyələrinin qançırları, sol dirsək oynağının sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2025ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən baş beyin silkələnməsi ilə müşayiət olunmuş ənsə nahiyəsinin şişkinliyi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ göz və bel nahiyələrinin qançırları, sol dirsək oynağının sıyrığı isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd olunan xəsarətlərin yerləşmə yeri və xarakterinə görə demək olar ki, həmin xəsarətlər özü-özünə yetirilməsi və yıxılma zamanı əmələ gəlməsi inkar olunur. İş materiallarında olan 07 iyul 2025-ci il tarixli “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən, Xaçmaz rayon İHB-nın Qalağan kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş arayışdan, həmçinin EMİSdən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs bir azyaşlı uşağı var. (xx.xx.2023-cü il təvəllüdlü) İş materiallarında olan Xaçmaz rayon İHB-nın Qalağan kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs sakit təbiətlidir, Nümayəndəliyin ictimai işlərində fəaldır. Barəsində kənd camaatı və əlaqədar təşkilatlar tərəfindən Nümayəndəliyə heç bir şikayət və mənfi məlumat daxil olmamışdır. Ailəlidir, bir övladı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs bir azyaşlı uşağının olmasını və ilk dəfə cinayət məsuliyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də zərərçəkmiş şəxslə barışıq əldə etməməsini (barışıq üçün səy göstərməməsini), işsiz olmaqla maddi vəziyyətini, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə qərardan və iltizamdan müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutun, mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar