Məhkəmə qərarları › İş №1(067)-146/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-146/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-146/2021 27.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Xaçmaz rayonu Hacıəbdürəhim-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Xaçmaz rayonunun Hacıəbdürəhim-oba kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixdə saat 20 radələrində ögey əmisi oğlu Zərərçəkmiş şəxs onun oğlu Şahid1 inəkləri özünə məxsus olan bağ sahəsində otarmasını irad bildirərək vurması, daha sonra onunla mobil telefonla əlaqə saxlayaraq nalayiq ifadələr işlətməsi səbəbindən şəxsi münasibətlər zəminində həmin gün saat 20 radələrində yaşadıqları Xaçmaz rayonunun Hacıəbdürəhim-oba kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus bağ sahəsinə gəldikdən sonra sonuncu ilə aralarında bağda və bağın qarışısındakı kənd yolunda yaranan münaqişə zamanı Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruq zərbələri vuraraq sol almacıq və sol orbita divarının sınıqları, sol göz ətrafının şişkinlik və qançırı, sağ əlin birinci barmağının şişkinliyi ilə müşayət olunan sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun ögey əmisi oğludur. Onun Hacıəbdürəhim-oba kəndi ərazisində yerləşən bağ sahəsi vardır. Şahid1 onun doğma oğlu olmaqla oğlu onlara məxsus olan iki baş inəyi mütəmadi olaraq həmin bağ sahəsində otarır. Onun bağ sahəsi ilə Bilalın qardaşının bağ sahəsi yaxındır. Həmin bağ sahəsindən sonra isə Bilalın bağ sahəsi vardır. 10 iyun 2021-ci il tarixdə saat 20 radələrində o, yaşadığı evdə olarkən oğlu Seyfulla onun mobil nömrəsinə zəng edərək Zərərçəkmiş şəxs onu üç dəfə başından şillə ilə vurduğunu, söyüb təhqir etdiyini və onunla danışmaq istədiyini bildirmişdir. Bu zaman Bilal oğlunun əlindən mobil telefonu alaraq ona nalayiq ifadələr işlətməyə başlamışdır. Bilal ona bağa gəlməsini deyərək yenidən nalayiq ifadə işlətmişdir. O, Bilalın nalayiq ifadələrinə qarşılıq vermiş və dərhal özünə məxsus olan avtomobillə bağa getmiş, bağa daxil olduğu zaman Bilalın üzərinə gəldiyini görmüşdür. Oğlu isə Bilaldan kənarda inəkləri geri qaytarırmışdır. Bilal ona yaxınlaşdığı zaman o Bilaldan nə baş verməsini soruşmuş, Bilal isə yenidən ona nalayiq ifadələr işlətmiş, üzərinə hücum çəkərək sağ əli ilə onun sol qulaq nahiyəsinə yumruq vurmuşdur. O isə Bilaldan yenidən nə baş verməsini soruşduqda onlar əlbəyaxa olmuşlar. Həmin zaman yanlarında oğlu Seyfulla olmuş, onların səs-küylərinə qardaşı Şahid2 da gəlmişdir. Zaur onları ayırmış, Bilal yaxınlıqda olan evinə getmişdir. O öz avtomobilinə minərək oradan uzaqlaşmaq istəyərkən Bilal evindən mobil telefonla danışaraq çıxmışdır. Sonradan Bilal onu yenə çağırdığından söz deyəcəyini fikirləşərək Bilala yaxınlaşmışdır. Lakin yaxınlaşdığı zaman Bilal üzünün sol hissəsinə sağ yumruğu ilə zərbə endirmişdir. O da Bilala qarşılıq verərək sağ yumruğu ilə bir dəfə üzünə vurmuşdur. Bundan sonra onlar ayrılmışlar. Törətmiş olduğu əmələ görə özünü təqsirli bilir və əməlindən peşmançılıq hissi keçirir. Etdiyi hərəkətə görə Zərərçəkmiş şəxs üzr istəmiş və hazırda onlar barışmışlar. Ona görə də barışmaları nəzərə alınmaqla barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, onun Xaçmaz rayonunun Hacıəbdürəhim-oba kəndində özünə məxsus olan evi və evin yaxınlığında bağ sahəsi vardır. 10 iyun 2021-ci il tarixdə saat 17 radələrində Xaçmaz rayonu Hacıabdurəhim-oba kəndinə, özünə məxsus fındıq bağına bağda təmizlik işləri aparıb otları biçmək məqsədilə getmiş, saat 19-20 radələrinə kimi otları biçmiş və istirahət etmək üçün bağının yaxınlığında yerləşən evinə çay içmək üçün keçmişdir. O, çay içib bağa qayıtdıqda bağının içində əmisi oğlu Təqsirləndirilən şəxs məxsus 2 baş inəyin olduğunu və Tərlanın azyaşlı oğlu Seyfullanın da orada olduğunu görmüşdür. Bu hal bir neçə dəfə təkrarlandığından o, əsəbiləşərək Seyfulladan nə səbəbə yenə inəklərini bağına buraxdığını soruşub iradını bildirmiş, Seyfulla ona atası Tərlanın malları ora aparıbgətirməsini tapşırdığını bildirmişdir. Bu vaxt Seyfullanın mobil telefonuna zəng gəlmiş və o, telefonla danışmağa başlamış, daha sonra Seyfulla ona tərəf gəlib mobil telefonunu uzadaraq demişdir ki, “atam səninlə danışmaq istəyir“. O, telefonu götürüb cavab verdikdə Tərlan ona uşağının üstünə qışqırdığı üçün söyüşlər söyərək indi gəlib onu döyəcəyini bildirib telefonu söndürmüşdür. Bir qədər sonra Tərlan onun bağına gəlib yaxınlaşıb onunla mübahisə etmiş, sonra gözlənilmədən yumruğu ilə onun sifətinin sol göz nahiyyəsinə bir zərbə vurmuşdur. Daha sonra ikinci yumruq zərbəsini onun başının sol tərəfmə vurmuş və o bir az geriyə çəkilmişdir. Onun geriyə çəkildiyini görən Tərlan ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Tərlan, onu söydüyü üçün o da Tərlana cavabını qaytarmışdır. Həmin vaxt oraya Tərlanın qardaşı Zaur gəlmiş Tərlanı oradan kənarlaşdırmaq istəmiş, lakin Tərlan getməmişdir. O bağdan çıxıb yaşadığı evə yaxınlaşmış, daha sonra Tərlana yaxınlaşıb «sən məni vurdun?» deyə sual edərkən Tərlan ona yaxınlaşıb sol qaş nahiyyəsinin üstünə daha bir zərbə vurmuş və həmin yer qanamışdır. Həmin vaxt orada olan qardaşı Zaur Tərlanı kənara çəkmişdir. O Tərlana baş qoşmayıb həyətinə girmiş və səhəri günü bu barədə polisə şikayət etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs etdiyi hərəkətə görə ondan üzr istəmiş və hal-hazırda onlar barışmışlar. Odur ki, barışmaları nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun ögey əmisi oğludur. Təqsirləndirilən şəxs isə onun doğma qardaşıdır. Onların hər üçünün Xaçmaz rayonunun Hacıəbdürəhim-oba kəndi ərazisində yerləşən bağ sahələri vardır. Həmin bağ sahələri bir-birləri ilə qonşuluqda yerləşir. X1 özlərinə məxsus olan inəkləri mütəmadi olaraq özlərinə məxsus olan bağ sahəsində otarır. 10 iyun 2021-ci il tarixdə saat 20 radələrində o, yaşadığı evdə olduğu zaman bağ sahələrindən səs küy gəldiyini eşidib həyət qapısından özünə məxsus olan bağ sahəsinə çıxdıqda bağın içərisində qardaşı Tərlanla Bilalın dava etdiklərini görmüşdür. O, dərhal onları ayırmaq məqsədilə yanlarına qaçmış, Bilal və Tərlanı ayırmışdır. Bu zaman Tərlanın oğlu Seyfulla da orada olmuşdur. Bilal və Tərlanı ayırdıqdan sonra hər ikisi yola çıxmışlar. Bilalı orada yerləşən evinə yollamış, Tərlanı da avtomobilinə mindirmişdir ki, oradan uzaqlaşsın. Tərlan həmin zaman avtomobildən düşmüş, onunla söhbət etmək istəmişdir. Bu zaman Bilal yaxınlaşaraq Tərlanı səsləmiş, "bir dəqiqə dayan səninlə işim var" demişdir. Tərlan Bilalı gözləmiş, Bilal yaxınlaşdığı zaman Tərlana yumruq atmışdır. Tərlan da bunun qarşılığında Bilala yumruq atmışdır. Bu zaman Bilalın üzü qanamışdır. Bundan sonra o, yenə onları ayırmış, onlar öz evlərinə getmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən X2 eyni məzmunlu ifadə vermişdir. İbtidai araşdırma zamanı qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma atasıdır. Zərərçəkmiş şəxs isə atasının ögey əmisi oğludur. Onların özlərinə məxsus olan 2 baş inəkləri vardır. O həmin inəkləri öz bağlarına apararaq orada otarır. Onların bağ sahələri ilə Bilalın qardaşının bağ sahəsi yanaşıdır. Həmin bağdan sonra isə Bilalın bağ sahəsi vardır. 10 iyun 2021-ci il tarixdə saat 21 radələrində o, öz bağlarında inəkləri otardığı zaman inəklərdən biri Bilalın qardaşının bağına keçmişdir. O tez bir şəkildə həmin inəyi onların bağından çıxararaq öz bağına keçirtmişdir. Lakin bu zaman Bilal bunu görmüş, ona nə üçün inəyin həmin bağa keçdiyini demiş, sol əli ilə onun başından 4-5 dəfə şillə ilə vurmuşdur. O, öz mobil telefonu ilə atasına zəng etmiş, Bilalın inəkləri qardaşının bağına keçdiyi üçün onu vurduğunu bildirmişdir. Bu zaman Bilal onun əlindən mobil telefonu almış və atası ilə danışaraq nalayiq söyüşlər söyərək onu bağa çağırmışdır. 10 dəqiqə sonra atası özünə məxsus olan avtomobillə bağa gəlmiş və bu zaman onların arasında mübahisə baş verməklə birbirllərini yumruqla vurmuşlar. Səsə oraya gələn əmisi Şahid2 onları ayırmışdır. Lakin Bilal evə girib geri qayıtdıqdan sonra atasına sözü olduğunu bildirərək yanına çağırmış və atasına bir dəfə yumruq zərbəsi endirmişdir. Atası Tərlan da həmin zaman Bilala bir dəfə yumruq vurmuşdur. Sonra əmisi Zaur yenə onları ayırmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin canlı şəxsin ekspertizasına dair 12.06.2021-ci il tarixli 310 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilən xəsarətlər- sol almacıq və sol orbita divarının sınıqları, sol göz ətrafının şişkinlik və qançırı, sağ əlin birinci barmağının şişkinliyi bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, 10 iyun 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-yə verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs oğlu ilə barışdığından, sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, iş üzrə icraata xitam verilməsini və onun bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının 12.06.2021-ci il tarixli 310 saylı rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə prosesində müəyyən olundu ki, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq hissi keçirir, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizələrindən müəyyən olunur ki, tərəflər barışıq əldə etmişlər və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1, 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verib, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilsin. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan qərar elan edildiyi andan 20 (iyirmi) gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar