Məhkəmə qərarları › İş №1(067)-147/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-147/2025

25.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-147/2025 25.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx xxxxxx 1994-cü il təvəllüdlü, Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Məhkəmə istitaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq qəsdən əldə etdiyi xeyli miqdarda narkotik vasitə heroini üzərində saxlamaqla daşımışdır. Bu fakt o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 13 mart 2025-ci il tarixdə saat 20:12-20:22 müddətində Xaçmaz şəhəri, S.Mehmandarov küçəsində yerləşən “Elay” gözəllik salonunun yaxınlığında yaxalanıb üstünün yoxlanılması zamanı əynindəki göy rəngli cins şalvarının sol yan cibindəki “West” markalı siqaret qutusunun üzərindəki şəffaf sellofan qoruyucu ilə həmin siqaret qutusunun arasından bir ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 0,953 qram çəkidə olan narkotik vasitə heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etsə də, sonradan uzaqlaşmaq istəmiş və 3-4 ay olar ki, istifadə etməmişdir. Törətdiyi əməl barədə onu dəyə bilər ki, həmin gün yaşadığı Xaçmaz şəhəri, Dağıstan küçəsində digər şəxslərlə toplaşmışlar. Onlardan ayrıldıqdan sonra evinə gələrkən yerdə bir ədəd sellofan büküm olduğunu görmüş və ona maraqlı gəldiyinə görə yerdən götürmüşdür. Həmin bükümü açaraq, içərisində narkotik vasitə olan heroinin olduğunu görmüş və onu şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Tapdığı narkotik vasitəni yerdən götürdüyü vaxtdan təxminən 20 dəqiqə sonra mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar. Səhhətində problemləri olduğundan, ağrıları olurmuş və buna görə də narkotik vasitədən istifadə etmişdir. Belə ki, qarnında olan yırtıqdan əziyyət çəkir. Hazırda ağrısı olmasa da, ağır fiziki işlə məşğul olduğu zaman ağrıları çox olur. Əməlindən çox peşmandır, ağılsızlıq edərək yerdə gördüyü narkotik vasitəni götürmüşdür. Ailəlidir və himayəsində iki azyaşlı uşağı vardır. Azadlıqdan məhrum ediləcəyi təqdirdə azyaşlı uşaqları və ailəsi ağır maddi duruma düşəcəkdir. Belə ki, ailəsinə yeganə qazanc gətirən şəxsdir. Bundan sonra belə əməl tutmayacağına dair söz verir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Xaçmaz şəhəri, Dağıstan küçəsi, ev 35 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Evlidir və iki övladı var. Mahiyyəti üzrə qeyd edir ki, rəsmi şəkildə evli olsa da şəxsiyyət vəsiqəsini dəyişdirmədiyinə görə orada ailə vəziyyəti subay göstərilirmişdir. Nikah haqqında şəhadətnamənin və övladlarının doğum haqqında şəhadətnamələrinin surətlərini də istintaqa təqdim etmişdir. Özü elektrikli avadanlıqların təmiri ilə məşğuldur. 4 ay olar ki, narkotik vasitə olan heroindən istifadə edirmiş. Mahiyyəti üzrə qeyd edir ki, 10 mart 2025-ci il tarixdə axşam saatlarında yaşadığı küçədə yəni, Xaçmaz şəhəri, Dağıstan küçəsində təkbaşına gəzən zaman yerdə 01 ədəd sellafon büküm olmasını görmüş və həmin büküm ona maraqlı gəldiyi üçün onu götürərək içərisinə baxan zaman içərisində narkotik vasitə olan heroin kütləsi'' - olmasını aşkar etmiş və həmin kütləni oradan götürərək üzərində saxlamışdır. Üzərində saxlamaqda da məqsədi şəxsi istifadə məqsədi olmuşdur. Həmin bükümü də üzərində olan “West” markalı siqaret qutusunun üzərindəki qoruyucu sellofan torba ilə qutunun arasında gizlətmişdir, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Xaçmaz şəhəri, S.Mehmandarov küçəsində yerləşən “Elay” gözəllik salonunun yaxınlığından keçən zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq Xaçmaz RPŞ-nin əməkdaşları olmalarını qeyd etmişlər və bildirmişlər ki, o, narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinir. Bundan sonra onun üstünü yoxlamışlar və əynində olan tünd rəngli cins şalvarın sol yan cibində saxladığı “West” markalı siqaret qutusunu özü könüllü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Əlavə olaraq bildirir ki, polis əməkdaşlarından biri videoçəkiliş aparırmışdır. Belə ki, onlar həmin siqaret qutusunun içərisində olan 01 ədəd bükümə baxış keçirmişlər və içərisində narkotik vasitə olan heroin kütləsini aşkar etmişlər. Ardınca isə həmin büküm polis əməkdaşı tərəfindən elektron tərəziyə qoyularaq çəkilmiş, bu zaman çəkisinin 1,02 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin sellofan bükümü kağız zərfə qoyaraq, möhürləyərək qablaşdırıb götürmüşlər. Bundan əlavə polis əməkdaşları tərəfindən üzəri yoxlanılarkən üzərindən özünə məxsus şəxsiyyət vəsiqəsi və yenə də özünə məxsus “İphone 7” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Ancaq daha sonradan şəxsiyyət vəsiqəsi və mobil telefon əhəmiyyət kəsb etmədiyinə görə onun özünə qaytarılmışdır. Daha sonra isə onu Xaçmaz RPŞ-yə gətirmişlər. Onu Xaçmaz RPŞ-yə gətirən polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən həmin 01 ədəd sellofan bükümə yenidən baxış keçirildikdən sonra təkrar olaraq möhürləyərək qablaşdırıb götürülmüşdür. Bundan əlavə yaxalandığı zaman və ondan sonrakı prosesin qeydə alındığı görüntülərin olduğu diskə də təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Ardınca isə təhqiqatçı tərəfindən hüquqları izah olunmaqla ona müdafiəçi təqdim olunmuş və o, şübhəli şəxs kimi tutulmuşdur. Məhkəmə istintaqında şahid qismində ifadəsi alınmış Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və əlavə olaraq ifadəsində göstərmişdir ki, o, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon X17 şəhəri, Dağıstan küçəsi ev 35 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyat məlumatından sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün qərar qəbul edilərək, əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, S.Mehmandarov küçəsində yerləşən “Elay” gözəllik salonunun yaxınlığında saxlamış və sonuncuya özlərini təqdim etdikdən sonra onun üzərində hər hansı narkotik vasitə və ya qanunsuz əşya olub-olmamasını soruşmuşlar. Bu zaman Təqsirləndirilən şəxs əməliyyat qrupuna heç bir tabesizlik göstərməmiş və üzərində narkotik vasitə olduğunu bildirərək, siqaret qutusunda olan narikotik vasitəni şalvarının cibindən çıxardaraq könüllü olaraq təqdim onlara etmiş və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Onlar qutuya baxış keçirən zaman qəhvəyi rəngli kütlə olan bir ədəd büküm aşkar etmiş və həmin kütləni elektron tərəzi vasitəsilə ölçərək, kütlənin 1.02 qram müəyyən etmişlər. Bundan sonra narkotik vasitə olan kütləni ağ zərfə qoyub qablaşdıraraq möhürləmiş və üzərini imzalamışlar. Həmin bu proses videçəkiliş vasitəsilə baş tutumuşdur. Bundan sonra onlar onu Xaçmaz rayon Polis şöbəsinə dəvət etmişlər. Məhkəmə istintaqında şahid qismində ifadəsi alınmış Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 istintaq orqanına verdiyi ifadəsində göstərdiyi xüsusatları məhkəmə iclasına bir daha təsdiq edərək, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Qadaşoba kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir və Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində işləyir. Xaçmaz şəhəri, Dağıstan küçəsi, ev 35 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri əldə etməsi və saxlaması barədə ona dəqiq və qərəzsiz məlumat daxil olduğundan bu səbəbdən də onun üzərinə baxış keçirmək haqqında qərar qəbul etmişdir. Buna görə də 13 mart 2025-ci il tarixdə, saat 20:12-də radəiərində Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 və Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis mayoru Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, S.Mehmandarov küçəsində yerləşən “Elay” gözəllik salonunun yaxınlığında saxlamışlar. O, və digər polis əməkdaşları özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud hər hansısa bir qanunsuz əşya olub-olmamasını sonuncudan soruşmuşlar, Təqsirləndirilən şəxs də üzərində narkotik tərkibli maddə olduğunu bildirmişdir. Daha sonra isə tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah olunmuş, yoxlanış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən “West” markalı 01 ədəd siqaret qutusunu könüllü şəkildə onlara təqdim etmişdir. Həmin siqaret qutusuna baxış keçirən zaman qutu ilə onun üzərindəki qoruyucu sellofan torba arasında içərisində qəhvəyi rəngli kütlə olan 01 ədəd bükümün olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu, onu tapdığını və şəxsi istifadə məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilən zaman çəkisinin 1,02 qram olması müəyyən edilmiş, bundan əlavə yoxlanış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “İphone 7” markalı mobil telefonu və özünə məxsus şəxsiyyət vəsiqəsini onlara təqdim etmişdir. Ardınca isə aşkar edilmiş kütlə tərəflərindən ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və imzalanmaqla baxış yekunlaşmışdır. Qeyd edir ki, bütün bu proses polis əməkdaşı Şahid3 tərəfindən videogörüntüyə alınmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefon və şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etmədiyinə görə şəxsin özünə qaytarılmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs RPŞ-yə dəvət etmiş, RPŞ-də olan zaman onu, onun üzərindən aşkar edilmiş bükümün içərisində olduğu zərfi və tutulan zaman videogörüntülərin olduğu 1 ədəd “DVD” formatlı diski təhqiqatçıya təqdim etmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs və onların iştirakı ilə ona təqdim edilən zərfə baxış keçirilmiş, bundan əlavə Təqsirləndirilən şəxs saxlanması zamanı qeydə alınan videogörüntülərin olduğu diskə də baxış keçirilmişdir. Ardınca isə Təqsirləndirilən şəxs hüquqları izah olunmaqla sonuncu müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan əlavə 13 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəzidə çəkilən zaman çəkisi “bir tam yüzdə iki” qram olaraq gəlmiş, sadəcə olaraq səhvən “bir tam yüzdə iki” qram əvəzinə “bir tam onda iki” qram sözünü işlətmişdir. Cinayət işinin materiallarında olan, şahid qismində ifadəsi alınmış Şahid3 və Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələrində Şahid2 istintaq orqanına verdiyi ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: Xaçmaz Rayon X9 bölməsinin sabiq təhqiqatçısı, polis mayoru X13 tərəfindən tərtib olunmuş baxış keçirilməsi haqqında 13 mart 2025-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindəki “West” markalı siqaret qutusunun üzərindəki şəffaf sellofan qoruyucu ilə həmin siqaret qutusunun arasından 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. «Şübhəli şəxs qismində tutma haqqında» Xaçmaz Rayon X9 bölməsinin sabiq təhqiqatçısı, polis mayoru X5 13 mart 2025-ci il tarixli qərarından və həmin tarixli protokolundan müəyyən edilir ki, H/K-1/641 nömrəli material üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində 13 mart 2025-ci il tarixdə, saat 21:35-də tutulmuşdur. «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 14 mart 2025-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 14 mart 2025-ci il tarixdə Xaçmaz rayon X9 Bölməsinin təhqiqatçısı, polis mayoru X13 tərəfindən cinayət işi başlanılmışdır. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» Xaçmaz rayon X10 Bölməsinin müstəntiqi, polis baş leytenantı X14 14 mart 2025-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. «Təqsirləndirilən şəxsin tutmadan azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltzam” qətimkan tədbirinin seçilməsi haqqında» Xaçmaz rayon X10 Bölməsinin müstəntiqi, polis baş leytenantı X14 14 mart 2025-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə (saat 19:30) tutmadan azad edilmiş və onun barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı qeydə alınmış videogörüntülər bir ədəd «DVD» formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Həmin diskə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə 20 mart 2025-ci il tarixdə Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin və üzərindən 1 ədəd bükümdə narkotik vasitə heroinin aşkar edilməsinin görüntüləri öz əksini tapmışdır. Xaçmaz rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 5(067)-80/2025 nömrəli qərarından müəyyən edilir ki, Xaçmaz rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı X2 “Əməliyyat tədbirinin keçirilməsi barədə” 13 mart 2025-ci il qərarı qanuni hesab edilmişdir. «Maddi sübut kimi tanınma haqqında» Xaçmaz rayon Polis Şöbəsinin müstəntiqi, polis baş leytenantı X14 18 mart 2025-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,953 qram olan narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut hesab edilmiş və həmin narkotik vasitənin ekspert tədqiqatından sonra qalıq qalmış 0.853 qramı saxlanılması üçün Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının video görüntülərinin köçürüldüyü 01 ədəd «DVD» formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Sumqayıt Regional Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 14 mart 2025-ci il tarixli, 20/83 nömrəli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 58” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,953 qram qəhvəyi rəngli maddə kustar üsuila hazırlanmış narkotik vasitə-heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X12 Hüquqi Şəxsin 08 may 2025-ci il tarixli 2693 nömrəli rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. DİN-nin BƏSİİ-nin tələbnaməsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Xaçmaz RİH başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 26 may 2025-ci il tarixli, 4155 nömrəli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Dağıstan küçəsi, ev 35 ünvanında yaşayır. “Elektron məhkəmə” informasiya sistemindən təqsirləndirilən şəxsin əldə olunmuş qohumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs X7 ilə birgə nikahından iki azyaşlı övladı – 10 iyun 2020-ci il təvəllüdlü X15 və 21 fevral 2022-ci il təvəllüdlü X6 anadan olmuşdur. Məhkəmənin mövqeyi: Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan baxış keçirilməsinə dair 01 ədəd DVD diski, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 4-cü bəndində izah edilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından xeyli miqadarı 0,15 qramdan, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə - heroinin ümumi təmiz miqdarı 0,953 qram, yəni xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirən şəxsə cəza növü təyin edərkən onun himayəsində iki azyaşlı övladının (10 iyun 2020-ci il təvəllüdlü X15 və 21 fevral 2022-ci il təvəllüdlü X6) olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, habelə təqsirləndirilən şəxsin məhkəmə istintaqında törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətlədirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Hazırki cinayət işinə əlavə edilmiş «şübhəli şəxs qismində tutma haqqında» 13 mart 2025-ci il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində 13 mart 2025-ci il tarixdə, saat 21:35-də tutulmuşdur. Bundan əlavə hazırki cinayət işinə əlavə edilmiş «təqsirləndirilən şəxsin tutmadan azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltzam” qətimkan tədbirinin seçilməsi haqqında» 14 mart 2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə (saat 19:30) tutmadan azad edilmiş və onun barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 01 (bir) gün müddət (13 mart 2025-ci il - 14 mart 2025-ci il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X12 Hüquqi Şəxsin 08 may 2025-ci il tarixli, 2693 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut - Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,853 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd «DVD» formatlı disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxsdan tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142593 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 01 (bir) gün müddət (13 mart 2025-ci il - 14 mart 2025-ci il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,853 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd «DVD» formatlı disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxsdan tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar