Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-149/2022 17.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1989-cu ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Xudat şəhəri, Azərbaycan küçəsi dalan 2, ev 7-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 17,15 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Xaçmaz rayon polis şöbəsi, Xudat polis bölməsinin əməkdaşları tərəfindən 16 iyun 2022-ci il tarixdə o, Xaçmaz rayonu, Xudat şəhəri O.Mirzəyev küçəsində saxlanılıb Xudat şəhəri, H.Əliyev küçəsi 1 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin Xudat polis bölməsinin inzibati binasına gətirilərək orada 16 iyun 2022-ci il tarixdə, saat 14:10-dan 14:20-dək olan müddətdə onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindəki iki ədəd kibrit qutusundan müvafiq olaraq içərilərində təmiz çəkiləri 8,5 qram və 8,65 qram olmaqla ümumilikdə təmiz çəkisi 17,15 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. 2022-ci ilin iyun ayında Xaçmaz rayonu, Xudat şəhərində yaşadığı küçə ilə gedərkən yerdən bir ədəd kağız büküm tapmış və həmin bükümün içərisindəki iki ədəd kibrit qutusundakı qurudulmuş marixuananı öz istifadəsi üçün cibinə qoyub saxlamışdır. O, marixuanadan əvvəllər də istifadə etdiyi üçün tapdığı həmin kütlənin marixuana olduğunu bilmişdir. Küçədə polis əməkdaşları ona yaxınlaşaraq polis bölməsinə aparmışlar və tapdığı həmin narkotik vasitəni üzərindən aşkar etmişlər. Həmçinin bildirmişdir ki, qurudulmuş marixuana narkotik vasitəsindən təxminən bir il olar ki, istifadə etmiş, həmin müddətdə təxminən beş-altı dəfə çəkərək istifadə etmişdir. O, marixuanadan savayı digər narkotik vasitədən istifadə etməmişdir. Bu vaxtadək istifadə etdiyi marixuananı heç kimdən almamışdır, tapmışdır. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Üç il olar ki, narkotik vasitə olan qurudulmuş marixuananı papirosa doldurmaq yolu ilə çəkir. 14 iyun 2022-ci il tarixdə, günorta saatlarında yaşadığı Xudat şəhəri, Azərbaycan küçəsi ilə gedərkən yerdə bir ədəd kağız büküm olduğunu görmüş və həmin kağız bükümü əlinə götürüb açanda içərisində iki ədəd kibrit qutusu, kibrit qutularını açıb baxdıqda isə içərilərində narkotik vasitə olan qurudulmuş marixuna olduğunu görmüşdür. Özü də narkotik vasitədən istifadə etdiyi üçün kibrit qutularında tapdığı qurudulmuş marixuananı atmayaraq əynində olan şalvarın sağ yan cibinə qoyub saxlamışdır ki, sonradan istifadə etsin. Ailə üzvlərinin görməməsi üçün tapdığı kibrit qutularında olan qurudulmuş marixuananı sonrakı günlərdə başqa yerə qoymayaraq şalvarının cibində saxlamışdır. 16 iyun 2022-ci il tarixdə, təxminən saat 12 radələrində yaşadığı evdən çıxıb piyada Xudat şəhər, O.Mirzəyev küçəsinə getmişdir. Həmin gün təxminən saat 12:50-də Xudat şəhəri, O.Mirzəyev küçəsində ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər. Onlar onun qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olmağını bildirmişlər və onu Xudat PB-yə dəvət etmişlər. O həmin zaman başa düşmüşdür ki, polis əməkdaşlarının onun cibində olan narkotik vasitə qurudulmuş marixuanadan məlumatı var. O, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xudat PB-yə getmişdir. Lakin polis əməkdaşları ilə birlikdə olduğudan həmin kibrit qutularını üzərindən ata bilməmişdir. Xudat PB-nin inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitələri əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müstəntiq tərəfindən ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o isə buna etiraz etməmişdir. Şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, əynində olan şalvarın sağ yan cibindən iki ədəd kibrit qutusunu çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərində başqa heç nə aşkar olunmamışdır. Müstəntiq kibrit qutularını açıb içərisində olan bitki kütləsinin nə olduğunu, haradan aldığını soruşmuş, o da hər şeyi könüllü olaraq etiraf etmiş və bildirmişdir ki, kibrit qutularında olan bitki kütləsi narkotik vasitə olan qurudulmuş marixuanadır, özünə məxsusdur, yerdən tapmışdır, üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. Sonra müstəntiq tərəfindən üzərində aşkar olunmuş kibrit qutularında olan qurudulmuş marixuana bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmişdir. O da üstündə aşkar olunmuş qurudulmuş marixuananın qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. Etdiyi hərəkətlərdən peşmandır, gələcəkdə belə işlərə yol verməyəcəkdir. O heç kimdən narkotik vasitə almamış və heç kimə də narkotik vasitə satmamışdır. Üstündə aşkar olunmuş qurudulmuş marixuananı isə 14 iyun 2022-ci il tarixdə yaşadığı Xudat şəhəri, Azərbaycan küçəsində tapmışdır. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Ona qarşı polis tərəfindən hər hansı təziq və ya hədə olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, təxminən 2022-ci ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. O və əməliyyat müvəkkili Şahid1 təqsirləndirilən şəxsi Xaçmaz rayonu, Xudat şəhəri, O.Mirzəyev küçəsində saxlayıb Xudat PB-yə aparmışlar. Polis bölməsində müstəntiqin, müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən üç ədəd kibrit qutusu aşkar olunmuş, bir kibrit qutusunda kibrit çöpləri, digər ikisinin içərisində isə qurudulmuş marixuana aşkar edilmiş və təqsirləndirilən həmin narkotik vasitəni özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsin narkotik satması barədə məlumat olmamış, əməliyyat məlumatı onun narkotik vasitə saxlaması, daşıması və istifadəsi barədə olmuşdur. Təqsirləndiriləni saxlayarkən sonuncu onlara qarşı heç bir müqavimət göstərməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz RPŞ-nin Xudat PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində olmaqla polis mayoru rütbəsindədir. 16 iyun 2022-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri, Azərbaycan küçəsi dalan 2, ev 7-də qeydiyyatda olmaqla, faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. O, dərhal bu məlumatı polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və Xaçmaz RPŞ-nin Xudat PB-nin manqa komandiri, polis baş serjantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə, yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 16 iyun 2022-ci il tarixdə, saat 12:50-də onlar Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Xudat şəhəri, O.Mirzəyev küçəsində olmasını müəyyən etmişlər və həmin yerdə sonuncuya yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması, avtomobillərin intensiv hərəkət etməsi və azyaşlı uşaqların olması səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin Xudat PB-yə dəvət etmişlər. Bundan sonra sonuncu onlarla Xudat PB-yə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl sonuncuya təklif olunmuşdur ki, üzərində nə varsa, hamısını çıxardaraq təqdim etsin. Bu təklifdən sonra Elnur könüllü olaraq üzərində olan üç ədəd kibrit qutusunu və bir ədəd bükümü çıxararaq təqdim etmişdir. Həmin kibrit qutularının içərisinə baxılan zaman onlardan birinin içərisində kibrit dənələrinin olması, digər ikisinin içərisində isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kibrit qutularında olan bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Təqsirləndirilən şəxs özünün narkotik vasitə istifadəçisi olduğunu və heç bir şəxsə narkotik vasitə satmadığını bildirmişdir. Həmin içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutuları ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, sonuncu və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs şifahi olaraq heç bir şəxsə narkotik vasitə satmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. İş materiallarında olan 16 iyun 2022-ci il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın keçirilməsinin videoçəkilişinin qeydə alındığı DVD diskə məhkəmə iclasında kompüter vasitəsilə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞnin İB-nın müstəntiqi X3, Xudat PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1, Xudat PBnin manqa komandiri Şahid2, Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Xaçmaz RPŞ-nin Xudat PB-nin inzibati binasındakı otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması, daşıması barədə məlumat daxil olduğu bildirilərək hüqüq və vəzifələri izah oldunmuş, iştirakçılar və hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi1 ona təqdim olunduqdan sonra təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya narkotik vasitə varsa özü könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan şalvarın sağ yan cibindən üç ədəd kibrit qutusunu, şalvarının sol yan cibindən isə bir ədəd bükümü çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutuları açıldıqda birinin içərisində kibrit dənələri, digər iki ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması, bükümün isə boş olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs kibrit qutularında olan bitki kütləsinin nə olduğu, haradan aldığı soruşulduqda o, bildirmişdir ki, kibrit qutularında olan bitki kütləsi narkotik vasitə olan qurudulmuş marixuanadır, onun özünə məxsusdur, tapmışdır və üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutularında olan bitki kütləsi özünün, vəkilin və digər iştirakçıların iştirakı ilə bir ədəd ağ rəngli paketdə qablaşdırılıb möhürlənərək götürülmüş, içərisində kibrit dənələri olan kibrit qutusu və büküm isə götürülməyərək Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz rayon polis şöbəsinin Xudat polis bölməsinin polis sahə rəisi, polis mayoru Fariz Həmidov tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2022-ci il tarixli, 7/644 nömrəli ekspert rəyindən müəyyən edilir ki, vətəndaş Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 8,5 qram və 8,65 qram, ümumi çəkisi 17,15 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qurudulmuş marixuanadan təqdqiqata ümumilikdə 0,1 qram sərf edildikdən sonra qalıq 17,05 qram təşkil etmişdir. İş materiallarında olan 20 iyun 2022-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və 06 sentyabr 2022-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 17,15 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 17,05 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni haradan əldə etməsini müəyyən etmək mümkün olmamış, həmçinin onun hər hansı bir şəxsə narkotik vasitə satması və onun başqa cinayət əməli törətməsi ilə bağlı hər hansı bir məlumat əldə edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 06 sentyabr 2022-ci il tarixli, 4985 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın keçirilməsinin videoçəkilişi qeyd olunmuş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 17,15 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Xudat şəhər İƏD-də nümayəndəsi tərəfindən verilmiş arayışdan, nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs evli olmaqla onun himayəsində bir azyaşlı uşağı var. İş materiallarında olan Xaçmaz RİHB-nın Xudat şəhər İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailəsi ilə birgə yaşayır, ailəlidir, bir övladı var. Hərbi xidmətdə olmuşdur. Xudat şəhərində yaşadığı müddətdə onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, evli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, o cümlədən, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını, barəsində cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 16 iyun 2022-ci il tarixli protokoldan, təqsirləndirilən şəxsin tutmadan azad olunmasına dair 17 iyun 2022-ci il tarixli qərardan və iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə, saat 12:50-dən xx.xx.2022-ci il tarixə, saat 17:15-dək olmaqla 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olma (tutulma) müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 00:00-dan növbəti gün saat 07:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş təmiz çəkisi 17,15 qram qurudulmuş marixuana narkotik vasitəsindən təqdqiqata ümumilikdə 0,1 qram sərf edildikdən sonra qalıq 17,05 qram təşkil etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 17,15 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 17,05 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 17,05 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 00:00-dan növbəti gün saat 07:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 17,05 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-149/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-149/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver