Məhkəmə qərarları › İş №1(067)-149/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-149/2023

29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-149/2023 29.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxx 1987-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Quba rayon məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(027)-37/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına hesablanmaqla, üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İsintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz şəhəri, Bakı prospektində saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Polis Şöbəsinə dəvət edilib şöbənin inzibati binasında onun üzərinə 26 fevral 2023-ci il tarixdə saat 12:50-13:00 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən bir ədəd folqa bükümdə 0,253 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülməklə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə heroindən istifadə edir. 26 fevral 2023-cü il tarixdə Quba şəhərindən çıxıb Xaçmaz şəhərinə gəlmiş, həmin vaxt 25 fevral 2023-cü il tarixdə Quba şəhərində tapdığı narkotik vasitə də üzərində olmuşdur. Həmçinin üzərində narkotik vasitə heroini qəbul etmək üçün istifadə etdiyi şpris və şüşə ampula da olmuş, onları şəffaf sellofana qoyub hamısını əynindəki gödəkcənin iç cibində saxlamışdır. Bir neçə saat Xaçmaz şəhərində olmuş, saat 12 radələrində isə Bakı prospektində piyada gəzərkən polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə dəvət edilmişdir. Şöbəyə gəldikdən sonra o, şübhəli şəxs qismində tutulmuş və müstəntiq tərəfindən müdafiəçinin iştirakı ilə hüquqları izah olunduqdan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində narkotik vasitə olduğunu etiraf edib əynindəki gödəkcənin sol iç cibində olan bir ədəd sellofan paketi çıxarıb masanın üzərinə qoymuşdur. Həmin sellofan açılarkən içərisindəki 2 ədəd şpris, 1 ədəd şüşə ampula və 1 ədəd gümüşü folqa bükümdə olan heroin aşkar edilmişdir. Aşkar edilmiş predmetlər qablaşdırılıb möhürlənərək müstəntiq tərəfindən götürülmüş, bu barədə protokol tərtib edilməklə, iştirakçılar tərəfindən imzlanmışdır. Əməlindən peşmandır, ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 göstərdi ki, 26 fevral 2023-cü il tarixdə Quba rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib, saxlamaqla, daşıması barədə Xaçmaz rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla şöbənin rəisinə məruzə edildikdən sonra, Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar müvafiq qaydada təsdiq edildikdən sonra şöbənin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvlərinə əməliyyat tədbiri zamanı davaranış xətti izah edilmişdir. 26 fevral 2023-cü il tarixdə onlar Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Bakı prospektində olmasını müəyyən edib, saat 11 radələrində ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlayaraq daşıması barədə Xaçmaz rayon Polis Şöbəsinə məlumat daxil olduğunu bildirməklə onu polis şöbəsinə dəvət etmişlər. X3 Bölməsinin müstəntiqi, Mətləb İsmayılovun xidməti iş otağında müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi prosesinə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud psixotrop maddə vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirərək əynindəki qara rəngli qış gödəkcəsinin sol iç cibindən bir ədəd şəffaf sellofan paket çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı üzərindən başqa hər-hansı əşya, predmet aşkar edilməmişdir. Aşkar edilmiş sellofan açılıb baxılarkən içərisində 2 ədəd üzərində heroinə bənzər izlər olan istifadə edilmiş şpris, 1 ədəd şüşə ampula və 1 ədəd gümüşü rəngli folqa aşkar edilmişdir. Həmin gümüşü folqa büküm açılıb baxılarkən içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Cəmil həmin narkotik vasitəni tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Narkotik vasitə heroinə bənzər kütlə, 2 ədəd şpiris və 1 ədəd şüşə ampula müstəntiq tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılmış və imzalanıb möhürlənərək götürülmüşdür. Daha sonra şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, o və şəxsi axtarışda iştirak edən digər şəxslər protokolu imzalarla təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materillarında olan şəxsi axtarış aparılması haqqında 26 fevral 2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilmiş Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə, videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirərək əynindəki qara rəngli qış gödəkcəsinin sol iç cibindən bir ədəd şəffaf sellofan paket çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə olmasını bildirmişdir. Aşkar edilmiş sellofan açılıb baxılan zaman içərisində 2 ədəd üzərində heroinə bənzər izlər olan istifadə edilmiş şpris, 1 ədəd şüşə ampula və 1 ədəd gümüşü rəngli folqa aşkar edilmişdir. Həmin gümüşü folqa büküm açılıb baxılan zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Narkotik vasitə heroinə bənzər kütlə, 2 ədəd şpiris və 1 ədəd şüşə ampula müstəntiq tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılmış və imzalanıb möhürlənərək götürülmüşdür. İş materiallarında olan DVD diskə baxış keçirilməsi barədə 15 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi görüntüləri əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə müstəntiq tərəfindən baxış keçirilmiş, baxış zamanı şəxsi axtarış aparılması haqqında 26 fevral 2023-cü il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2023-cü il tarixli, 6/1178 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,253 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 ədəd birdəfəlik şpris və bir ədəd sınıq şüşə ampuladan ekstraksiya olunmuş nümunələrin tərkiblərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. Tədqiqata sərfdən sonra heroinin qalıq çəkisi 0,203 qram təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 25 aprel 2023-cü il tarixli, 2415 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 15 aprel 2023-cü il tarixli qərardan müəyyən olunur ki, cinayət işinin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,253 qram narkotik vasitə heroin, üzərində heroinin izləri olan 2 ədəd birdəfəlik şpris və bir ədəd sınıq şüşə ampula, 01 ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, həmin narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 0,203 qram qalığı, üzərində heroinin izləri olan 2 ədəd birdəfəlik şpris və bir ədəd sınıq şüşə ampula saxlanılmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd disk isə 26 fevral 2023-cü il tarixli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokola əlavə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 5(067)-51/2023 saylı qərarından görünür ki, məhkəmənin həmin qərarına əsasən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 26 fevral 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Bakı şəhəri, Səbail rayon məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli, 1(009)-123/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayon məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli, 1(009)-129/2019 nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkdiyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 17 saylı Cəzaçəkmə Müəsisəsinin rəisinin 02 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində “08 noyabr- Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisininin 05 noyabr 2021-ci il tarixli qərarının 2.4-cü bəndi tətbiq edilməklə cəzadan azad edilmişdir. Bu qərarın 7-ci bəndinə əsasən cəzadan azad edilən şəxslərin üzərindən məhkumluq götürülür. Məhkəmə hesab edir ki, Amnistiya qərarının 7-ci bəndinə əsasən cəzadan azad edilən şəxslərin üzərindən məhkumluq götürüldüyündən Təqsirləndirilən şəxs hazırda həmin hökm üzrə məhkumluğu olmayan şəxs hesab edilir və odur ki, əməlində cinayətin residivi yoxdur. İş materiallarında olan Quba rayon məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(027)- 37/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(027)-37/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına hesablanmaqla, üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz şəhəri, Bakı prospektində saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Polis Şöbəsinə dəvət edilib şöbənin inzibati binasında onun üzərinə 26 fevral 2023-ci il tarixdə saat 12:50-13:00 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən bir ədəd folqa bükümdə 0,253 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülməklə təsdiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmədə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 04 aprel 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsi məqsədəmüvafiqdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 26 fevral 2023-ci il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, Xaçmaz rayon məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 4(067)-33/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2023-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 4(067)-33/2023 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti tutulduğu gündən, yəni 26 fevral 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 0,203 qram qalığı, üzərində heroin izləri olan 2 ədəd birdəfəlik şpris və 1 ədəd sınıq şüşə ampula məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd DVD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 81 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 04 aprel 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 26 fevral 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 0,203 qram qalığı, üzərində heroin izləri olan 2 ədəd birdəfəlik şpris və 1 ədəd sınıq şüşə ampula məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video çəkilişin köçürüldüyü bir ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar