Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-153/2022 30.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1999-cu ildə Qusar rayonunun Bədişqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Qusar rayonunun Bədişqala kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 05 mart 2022ci il tarixdə, saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə hasardan keçməklə Xaçmaz rayonu, Nərəcan kəndi ərazisində yerləşən Xaçmaz peşə məktəbinin həyətinə, daha sonra isə həmin məktəbin sağ yan tərəfində birinci mərtəbədə olan bir laylı taxta qapını açıb məktəbə qanunsuz daxil olaraq birinci mərtəbədə olan sinif otağının qapısının üzərində olan asma qıfılı bağlandığı yerdən çıxarıb açmaqla həmin sinif otağına daxil olub məktəbdə təmir işləri aparan "xxxx" QSC-yə aid hər biri 350 manat dəyərində olan 15 top ağ rəngli izolyasiyalı, 100 metr uzunluğunda 3x2,5 mm2 ölçülü “İpek kablo” markalı elektrik naqilini və hər biri 13 manat dəyərində olan 70 ədəd HS-MB001 model, 24W led spot lampaları götürüb aparmaqla ümumilikdə 6160 manat məbləğində oğurluq etmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Xaçmaz peşə məktəbindəki təmir işlərində istifadə olunmaq üçün olan əşyaların yığıldığı otağa daxil olaraq oradan zərərçəkmişə məxsus 15 bağlamada olan elektrik naqillərini və 70 ədəd spot lampasını oğurlamış, oğurladığı həmin əşyaları Bakı şəhərinə apararaq orada elektrik naqillərindən 07 bağlamanı və salamat qalmış 60 ədəd spot lampanı Əli adlı şəxsə, 08 bağlama elektrik naqilini isə tanımadığı şəxsə satmışdır. Həmçinin bildirmişdir ki, o, zərərçəkmiş "xxxx" QSC üçün məktəblərdə, həmçinin Xaçmaz peşə məktəbində elektrik xəttlərinin çəkilməsində usta kimi işləmiş, ona görə də onun oğurladığı həmin naqillərin və lampaların saxlanıldığı yerdən xəbəri olmuşdur. O, Xaçmaz peşə məktəbinə gecə saatlarında, tək özü daxil olaraq otaqdan həmin əşyaları oğurlamışdır. O, həmin məktəbin binasına hasardan aşaraq daxil olmuş, həmin vaxt məktəbin mühafizəçisinin ərazidən getməsini gözləmiş, mühafizəçi uzaqlaşdıqdan sonra o, məktəbə daxil olmuşdur. Onun mühafizəçi ilə tanışlığı, münasibəti olmamış, həmin elektrik naqillərini oğurlayaraq məktəbin hasarının üzərindən küçəyə keçirmiş, elektrik naqillərinin bir topunun çəkisi təxminən 6-7 kq olmuşdur. O, həmin oğurluq cinayətini 2022-ci ilin təxminən fevral-mart ayında etmiş, məktəbin binasından oğurluğu orada usta kimi işləməyi qurtardıqdan 15-20 gün sonra etmişdir. Oğurladığı əmlaklar hər biri 100 metr olmaqla 15 top elektrik naqilindən və 70 ədəd spot lampasından ibarət olmuşdur. Həmin əmlakların ittihamda qeyd olunan qiymətləri ilə bağlı etirazı olmamışdır. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Qusar rayonunun Bədişqala kəndində yaşayır. 2022-ci ilin yanvar ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində olan tikililərin birində "xxxx" QSC tərəfindən təmir işləri aparılmışdır və o, həmin tikilinin elektrik xətlərini çəkmişdir. 2022-ci ilin fevral ayının əvvəllərində o, Xaçmaz rayonunun Nərəcan kəndinə gəlmişdir ki, həmin kənd ərazisində yerləşən Xaçmaz peşə məktəbində elektrik xətlərini çəksin. Xaçmaz peşə məktəbinin təmiri də "xxxx" QSC tərəfindən aparılmışdır. Xaçmaz peşə məktəbində təmir işləri apararkən o, elektrik xəttlərini çəkmişdir və gecəni Xaçmaz peşə məktəbində olan otaqlardan birində qalmışdır. Peşə məktəbinin təmirində istifadə olunan əşyalar məktəbdə olan otaqlardan birinə yığılmışdır və həmin otağın qapısının açarı da onda olmuşdur. O özü hər gün təmir işlərində istifadə olunan əşyaların yığıldığı otağın qapısını açıb lazım olan əşyaları işçilərə vermiş, sonra isə qapını bağlayıb açarı özündə saxlamışdır. 2022-ci ilin fevral ayının sonlarında mühəndis Elşən müəllim onu Xaçmaz şəhərinə göndərmiş və o, Xaçmaz şəhərinə gəlib 8 və 9 saylı tam orta məktəblərdə elektrik xətlərini təmir etmişdir. Bu səbəbdən də o, Xaçmaz peşə məktəbində olan əşyaları və həmin əşyaların yığıldığı otağın açarını Xaçmaz peşə məktəbinin təsərrüfat müdiri Akifə təhvil vermişdir. Xaçmaz şəhər 8 və 9 saylı tam orta məktəblərdə elektrik naqillərini təmir edərkən qərara gəlmişdir ki. Xaçmaz peşə məktəbinin təmirində istifadə olunan elektrik naqillərini və spot lampalarını oğurlayıb satsın. 04 mart 2022-ci il tarixdə o, Qusar rayonunun Bədişqala kəndində olarkən qərara gəlmişdir ki, gecə gəlib Xaçmaz peşə məktəbinə daxil olaraq elektrik naqillərini və spot lampalarını oğurlayıb aparsın. 04 mart 2022-ci il tarixdə, təxminən saat 23 radələrində o, özü tək idarə etdiyi VAZ-2107 markalı, ** XY *** qeydiyyat nömrəli avtomobilə əyləşib Xaçmaz rayonuna yola düşmüşdür. 05 mart 2022-ci il tarixdə, təxminən saat 01 radələrində o, Xaçmaz rayonunun Nərəcan kəndinə çatıb Xaçmaz peşə məktəbindən təxminən 500-600 metr aralı məsafədə avtomobilini saxlamış və avtomobilin salonunda oturub gözətçinin yatmasını gözləmişdir. 05 mart 2022-ci il tarixdə, təxminən saat 02 radələrində o, avtomobilini idarə edib Xaçmaz peşə məktəbi ilə üzbəüz dayandıqda məktəbin sağ yan tərəfinə gələrək hasara yaxın yerdə saxlamış və avtomobildən düşüb əvvəlcə ətrafa nəzər yetirmişdir. Ətrafda tamamilə sakitçilik olduğuna əmin olduqdan sonra hasarın üstündən keçməklə məktəbin həyətinə daxil olmuş, sonra isə məktəbin sağ yan tərəfində birinci mərtəbədə olan qapıya yaxınlaşıb əli ilə çəkərək bir laylı taxta qapını açıb Xaçmaz peşə məktəbinin içərisinə daxil olub təmir işlərində istifadə olunan əşyaların yığıldığı birinci mərtəbədəki otağın giriş qapısına yaxınlaşmışdır. Otağın taxtadan olan qapısı asma qıfılla bağlanmışdır. O, asma qıfılın keçirildiyi dəmiri yerindən çıxarmaqla qapını açmış və həmin otağa daxil olub özü ilə gətirdiyi alışqanın fənərini yandırıb ətrafa baxmış, sonra isə sellofan bağlamalarda olmaqla hər biri 100 metr uzunluqda olan 15 ədəd elektrik naqillərini və üç ədəd qutuda olan 70 ədəd spot lampalarını götürüb içəri daxil olduğu qapıdan bayıra çıxararaq hasarın yaxınlığına aparmışdır. Bundan sonra o, elektrik naqillərini və üç ədəd qutuda olan spot lampalarını tək-tək götürüb hasarın üstünə yığmış, sonra isə hasarın üstündən küçə tərəfə keçərək elektrik naqillərini və üç qutuda olan spot lampalarını aparıb avtomobilinin yük yerinə yığdıqdan sonra avtomobilinə əyləşib Qusar rayonunun Bədişqala kəndinə, yaşadığı evə getmişdir. Xaçmaz peşə məktəbindən oğurladığı naqilləri və lampaları avtomobilinin yük yerində saxlamış, 06 mart 2022-ci il tarixdə isə o, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən bazara getmişdir. Bazarda tanımadığı şəxslə görüşərək demişdir ki, firmada elektrik işləyir, işlədiyi firma əmək haqqı əvəzinə elektrik naqilləri vermişdir, o, özündə olan elektrik naqillərini satır. Həmin şəxs ona inanmış və o, Xaçmaz peşə məktəbindən oğurladığı elektrik naqillərinin 8 ədədini həmin şəxsə satıb 800 manat pul almışdır. Bundan sonra o, həmin bazarda elektrik avadanlıqlarının satışı ilə məşğul olan Əli adlı şəxsə zəng vurub demişdir ki, firmada elektrik işləyir, işlədiyi firma əmək haqqı əvəzinə elektrik naqilləri və spot lampaları vermişdir, o özündə olan elektrik naqillərini və spot lampalarını satır. Əli onu tanıdığı üçün inanıb demişdir ki, naqilləri və lampaları gətirib ona satsın. O, gedib Əli ilə görüşmüş və Xaçmaz peşə məktəbindən oğurladığı naqilləri və spot lampalarını Əliyə göstərib demişdir ki, sellofan bağlamalarda olan naqillərin bir ədədini 100 manata, spot lampaların bir ədədini isə 3 manata satır. Əli onunla razılaşaraq 880 manat pul verib hər biri 100 metr uzunluqda olmaqla 07 ədəd bağlamada olan elektrik naqillərini və üç ədəd qutuda olan 60 ədəd spot lampalarını ondan almış, qalan 10 ədəd spot lampaları isə sındığı üçün o, onları atmışdır. Həmin gün o, Bakı şəhərində qalmış, səhəri gün isə qayıdıb yaşadığı Qusar rayonunun Bədişqala kəndinə getmişdir. Tanımadığı şəxsdən aldığı 800 manat pulu və Əlidan aldığı 880 manat pulu isə sonrakı günlərdə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. 14 may 2022-ci il tarixdə o, dəvət olunduğu üçün Xaçmaz RPŞ-yə gəlmişdir. Xaçmaz RPŞ-də ondan Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində yerləşən Xaçmaz peşə məktəbindən elektrik naqili və lampalar oğurlayıboğurlamadığı soruşulmuş, o da etiraf edərək bildirmişdir ki, 05 mart 2022-ci il tarixdə Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində yerləşən Xaçmaz peşə məktəbinə daxil olaraq 15 ədəd bağlamada elektrik naqillərini və 70 ədəd spot lampalarını oğurlamışdır. O, başqa yerdən oğurluq etməmişdir. O, ancaq Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində yerləşən Xaçmaz peşə məktəbinə daxil olaraq elektrik naqilləri və spot lampalarını oğurlamışdır. O, tanımadığı şəxsə və Əliyə isə zəng vurub demişdir ki, firmada elektrik işləyir, işlədiyi firma əmək haqqı əvəzinə elektrik naqilləri və lampalar vermişdir, o özündə olan elektrik naqillərini satır. Tanımadığı şəxs və Əli ona inanmışlar və o, Xaçmaz peşə məktəbindən oğurladığı elektrik naqillərinin 8 ədədini tanımadığı şəxsə, elektrik naqillərinin 7 ədədini və lampaların 60 ədədini isə Əliyə satmışdır. Satdığı elektrik naqillərini və lampaları Xaçmaz peşə məktəbindən oğurlamasından tanımadığı şəxsin və Əlinin məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, o, iş üzrə zərərçəkmiş şəxs "xxxx" QSC-də işləyir. "xxxx" QSC ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi arasında Quba, Qusar, Xaçmaz və Hacıqabul rayonlarının bir sıra məktəblərində istilik xətlərinin çəkilməsi və təmiri ilə əlaqədar 17 noyabr 2020-ci il tarixli 062-B/20 nömrəli müqavilə bağlanmışdır və həmin müqavilə əsasında "xxxx" QSC 2022-ci ilin yanvar ayından başlayaraq Xaçmaz rayonu ərazisində yerləşən bir sıra məktəblərdə, o cümlədən Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində yerləşən Xaçmaz peşə məktəbində təmir işlərinə başlamışdır. Xaçmaz peşə məktəbində aparılan təmir işləri "xxxx" QSC-nin rəhbərliyi tərəfindən göndərilmiş işçilər tərəfindən həyata keçirilmiş və təmirdə istifadə olunan bütün elektrik naqilləri, lampalar və digər materiallar "xxxx" QSC tərəfindən təmin olunmuşdur. 05 mart 2022-ci il tarixdə Xaçmaz peşə məktəbinin təsərrüfat müdiri Şahid1 "xxxx" QSC-yə məlumat verərək bildirmişdir ki, 2022-ci ilin mart ayının 04-dən 05-nə keçən gecə naməlum şəxs Xaçmaz peşə məktəbinə daxil olaraq 15 ədəd elektrik naqillərini və üç ədəd qutuda olan 70 ədəd spot lampalarını oğurlamışdır və o özü Xaçmaz RPŞ-yə gedib bununla bağlı şikayət ərizəsi yazmışdır. Sonradan isə məlum olmuşdur ki, Xaçmaz peşə məktəbindən elektrik naqillərini və spot lampalarını əvvəllər həmin peşə məktəbində elektrik işləmiş Təqsirləndirilən şəxs oğurlamışdır. Xaçmaz peşə məktəbinin təmiri "xxxx" QSC tərəfindən aparılmış, məktəbin təmirində istifadə olunan bütün əşyalar "xxxx" QSC tərəfindən alınaraq Xaçmaz peşə məktəbinə göndərilmiş, məktəbdən oğurlanmış elektrik naqilləri və spot lampaları ilə bağlı "xxxx" QSC-yə 6000 manatdan çox maddi ziyan dəymişdir. Həmçinin bildirmişdir ki, oğurlanan həmin əmlakdan 07 top elektrik naqili və 60 ədəd spot lampa maddi sübut kimi Xaçmaz RPŞ-də saxlanılır. Bununla da, təqsirləndirilən şəxs tərəfindən oğurlanan əmlaklardan tapılmayan 08 top naqilin ümumi qiyməti təxminən 2930 manat təşkil etmişdir. Həmçinin ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən Xaçmaz peşə məktəbində Təsərrüfat işləri üzrə direktor müavini işləmişdir. 2022-ci ilin mart ayının əvvəllərində, səhər saat 08 radələrində işlədiyi həmin məktəbə gəlmiş, gözətçi Nurandan digər gözətçi Seyranın harada olduğunu soruşmuş, Nuran isə 10-15 dəqiqə əvvəl gəldiyini, lakin Seyranı görmədiyini bildirmişdir. Bundan sonra o, məktəbin qapısını açaraq içəri daxil olanda məktəbin təmirində istifadə olunan əşyaların yığıldığı sinif otağının qapısının aralı olduğunu görmüşdür. O, həmin qapını açaraq içəri daxil olanda görmüşdür ki, elektrik naqillərinin və spot lampalarının bir hissəsi yoxdur. O, başa düşmüşdür ki, oğurluq hadisəsi baş verib. Bundan sonra o, bu barədə polisə məlumat vermişdir. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxs oğurluq əməlini törətməzdən bir müddət əvvəl həmin məktəbdə usta kimi işləmiş, oğurluq etdiyi ərəfələrdə isə işləməmişdir. Gözətçi ilə təqsirləndirilən şəxsin hər hansı münasibəti olmamışdır. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonunun Nərəcan kəndində yaşayır. Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində yerləşən Xaçmaz Peşə məktəbində Təsərrüfat işləri üzrə direktor müavini işləyir. Təhsil Nazirliyinin göstərişi ilə 2022-ci ilin yanvar ayının ortalarından başlayaraq Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində yerləşən Xaçmaz peşə məktəbində təmir işləri aparılır. Xaçmaz peşə məktəbinin təmiri ilə bağlı elan edilmiş tenderin qalibi "xxxx" QSC olduğuna görə Xaçmaz peşə məktəbinin təmiri "xxxx" QSC-nin rəhbərliyi tərəfindən göndərilmiş işçilər tərəfindən həyata keçirilr. Təmir işlərinin aparıldığı ilk günlərdə o özü aradabir gəlib məktəbə baxmış və qayıdıb yaşadığı evə getmişdir. 2022-ci ilin fevral ayının ortalarında isə Xaçmaz peşə məktəbinə Təqsirləndirilən şəxs və başqa işçilər gəlib elektrik xətlərini çəkmişlər. Peşə məktəbinin təmirində istifadə olunan əşyalar məktəbin birinci mərtəbəsində sağ yan tərəfdə olan sinif otaqlarından birinə yığılmışdır və həmin otağın qapısının açarı da Pirmuradın özündə olmuşdur. 2022-ci ilin fevral ayının sonlarında Pirmurad yaşadığı evə gedəcəyini deyərək məktəbin təmirində istifadə olunan əşyaların yığıldığı sinif otağının açarını ona vermişdir. Pirmuraddan açarı aldıqdan sonra o, başqa asma qıfıl alıb təmirdə istifadə olunan əşyaların yığıldığı sinif otağının qapısını yeni aldığı asma qıfılla bağlamışdır. Həmin gündən sonra o, hər gün səhər saat 08 radələrində Xaçmaz peşə məktəbinə gəlib qapını açmış və məktəbdə işləyən fəhlələrə lazım olan əşyaları verdikdən sonra təmirdə istifadə olunan əşyaların yığıldığı sinif otağının qapısını bağlayıb evə getmiş, saat 17 radələrində isə yenidən məktəbə gəlmiş və fəhlələr işlərini qutardıqdan sonra bütün sinif otaqlarını nəzərdən keçirib qapını bağlayaraq gözətçilər Müslüm, Nuran və Seyrana diqqətli olmaları ilə bağlı göstərişlərini verib yaşadığı evə getmişdir. Həmişə olduğu kimi 04 mart 2022-ci il tarixdə, səhər saat 08 radələrində Xaçmaz peşə məktəbinə gələrək qapını açıb fəhlələrə lazım olan əşyaları verdikdən sonra təmirdə istifadə olunan əşyaların yığıldığı sinif otağının qapısını bağlayıb evə getmiş, saat 17 radələrində isə yenidən məktəbə gəlmişdir. Fəhlələr işlərini qutardıqdan sonra bütün sinif otaqlarına baxmış və qapını bağlayıb həmin gün növbədə olan gözətçi Seyrana diqqətli olması ilə bağlı göstərişlərini verərək yaşadığı evə getmişdir. 05 mart 2022-ci il tarixdə, səhər saat 08 radələrində Xaçmaz peşə məktəbinin qarşısına gələndə görmüşdür ki, Nuran məktəbin qarşısında gəzir. Nurandan Seyranın harada olduğunu soruşduqda demişdir ki, 10-15 dəqiqə olar ki, gəlmişdir, Seyran yoxdur, Seyranın harada olduğunu bilmir. O, qapını açıb məktəbin içərisinə daxil olanda görmüşdür ki, məktəbin təmirində istifadə olunan əşyaların yığıldığı sinif otağının qapısı aralıdır. Qapını açıb sinif otağına daxil olanda görmüşdür ki, elektrik naqillərinin və qutularda olan spot lampalarının bir hissəsi yoxdur. Elektrik naqillərinin və spot lampalarının oğurlandığını başa düşmüş və bayıra çıxıb məktəbin sağ yan tərəfinə gələndə görmüşdür ki, həmin tərəfdə birinci mərtəbədə olan bir laylı taxta qapı da açıqdır. Bundan sonra o, əvvəlcə həmin gün gözətçi olmuş Seyrana zəng vurmuş, sonra isə zəng vurub bu barədə Nərəcan kəndinin polis sahə rəisi Fikrət müəllimə məlumat vermişdir. Fikrət müəllim də ona demişdir ki, Xaçmaz RPŞ-yə gəlib ərizə ilə müraciət etsin. Bir qədər keçdikdən sonra Seyran məktəbə gəlmiş və onlar sinif otağında olan elektrik naqillərini və spot lampalarını saydıqda məlum olmuşdur ki, sellofan torbalarda olmaqla hər biri 100 metr uzunluqda olan 15 ədəd elektrik naqilləri və üç ədəd qutuda olan 70 ədəd spot lampaları oğurlanıb. Bundan sonra o, Xaçmaz RPŞ-yə gəlib ərizə yazaraq Xaçmaz peşə məktəbinin sinif otağından elektrik naqillərinin və spot lampalarının oğurlanması barədə məlumat vermiş, sonra isə polis əməkdaşları onunla birlikdə Nərəcan kəndinə gedərək Xaçmaz peşə məktəbinə baxış keçirmişlər. Sonradan eşitmişdir ki, Xaçmaz peşə məktəbindən elektrik naqillərini və spot lampalarını peşə məktəbində elektrik xətlərini çəkən Pirmurad oğurlamışdır. Xaçmaz peşə məktəbinin təmiri "xxxx" QSC tərəfindən aparılmış, məktəbin təmirində istifadə olunan bütün əşyalar "xxxx" QSC-nin əməkdaşları tərəfindən gətirilmiş, məktəbdən oğurlanmış elektrik naqilləri və spot lampaları ilə bağlı maddi ziyan "xxxx" QSC-yə dəymişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, o, Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən Xaçmaz Peşə məktəbində gözətçi işləmişdir. Hazırkı cinayət işi ilə bağlı oğurluq hadisəsinin baş verdiyi gün o, həmin məktəbdə gözətçilik növbəsində olmuş, yəni həmin oğurluq cinayəti onun növbəsi zamanı baş vermişdir. Belə ki, o, həmin vaxt axşam saatlarında gözətçi üçün ayrılmış otağa gedərək orada yatmışdır. Səhəri gün ona bildirmişlər ki, həmin məktəbin sinif otağında saxlanılan naqillər və lampalar oğurlanmışdır. Ona gözətçilik növbəsi təhvil verilərkən elektrik naqillərinin, lampaların olması barədə məlumat verilməmiş, ümumiyyətlə, onun həmin otaqda bu kimi əşyaların olduğundan xəbəri olmamışdır. Həmçinin bildirmişdir ki, o, təqsirləndirilən şəxsi tanımamış, sonuncu ilə heç bir əlaqəsi, münasibəti olmamışdır. Həmçinin ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağ evi 1300-da qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 4, mənzil 120-də yaşayır. Bakı şəhəri, Nizami rayonu ərazisində olan bazarda elektrik avadanlıqlarının satışı ilə məşğul olur. Satdığı elektrik avadanlıqlarını ayrı-ayrı firmalardan, bəzən isə vətəndaşlardan alır. Dəqiq tarixi xatırlamır, 2022-ci ilin mart ayının əvvəlləri olardı, təxminən saat 13-14 radələrində tanımadığı 25-30 yaşlarında bir nəfər onun yanına gələrək demişdir ki, firmada elektrik işləyir, işlədiyi firma əmək haqqı əvəzinə ona elektrik naqilləri və spot lampaları vermişdir, o özündə olan elektrik naqillərini və lampaları satır. O, ondan kim olduğunu, elektrik naqillərini və spot lampalarını neçəyə satdığını soruşduqda demişdir ki, adı Pirmuraddır, lampaların bir ədədini 3 manata, elektrik naqillərinin bir bağlamasını isə 100 manata satır. O, Pirmurada satdığı naqilləri və lampaları almaq istədiyini bildirmiş, sonuncu gedib tez də onun yanına gələndə görmüşdür ki, onun əlində yeddi ədəd sellofan torbalarda elektrik naqilləri və üç ədəd qutuda spot lampaları var. O, hər bağlamada 100 metr naqil olmaqla yeddi ədəd bağlamada olan elektrik naqillərini və hər qutuda 20 ədəd olmaqla ümumilikdə 60 ədəd spot lampalarını 880 manat pul verib Pirmuraddan almışdır. Pirmuraddan aldığı elektrik naqilləri və spot lampaları hal-hazırda ondadır və o, onları istintaqa təqdim edə bilər. Pirmurad ona demişdir ki, satdığı elektrik naqilləri və lampalar işlədiyi firma tərəfindən ona əmək haqqı əvəzinə verilmişdir. O da Pirmurada inanıb onun satdığı elektrik naqillərini və spot lampalarını almışdır. Əgər Pirmuradın ona satdığı elektrik naqillərinin və lampaların oğurluq yolu ilə əldə edildiyini bilsəydi, heç vaxt Pirmuradla razılaşıb onları almazdı. Məhkəmə istintaqı zamanı ifadələri elan edilərək tədqiq edilmiş şahidlər X2 və X5 ibtidai istintaq zamanı verdikləri ifadələrindən müəyyən edilir ki, onlar şahidlər Şahid1 və Şahid3 ifadələri ilə oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarında olan 05 mart 2022-ci il tarixli ərizədən və izahatdan müəyyən olunur ki, Şahid1 Xaçmaz RPŞ-yə müraciət edərək xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən Xaçmaz Peşə məktəbinin binasının içərisindən həmin məktəbdə təmir işləri aparan "xxxx" QSC-yə məxsus 15 ədəd bağlamada olan elektrik naqillərinin və 70 ədəd spot lampaların naməlum şəxs və ya şəxlər tərəfindən oğurlanması barədə bildirmişdir. İş materiallarında olan 05 mart 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, Xaçmaz rayonu, Nərəcan kəndi ərazisində yerləşən Xaçmaz Peşə məktəbinə baxış keçirilmişdir. Xaçmaz Peşə məktəbi Xaçmaz rayonu, Nərəcan kəndi ərazisində, Xaçmaz-Xudat avtomobil yolundan şərq istiqamətində 100 metr aralı məsafədə yerləşir. Məktəbin ətrafı mişar daşından inşa edilmiş hasarla əhatə olunmuşdur, giriş qapısı isə iki laylı dəmir qapıdır. Xaçmaz peşə məktəbi beş mərtəbəli olmaqla mişar daşından inşa edilmişdir, giriş qapısı iki laylı plastik qapıdır, qapının üzərinə isə qırmızı rəngli hərflərlə «Xoş gəlmisiniz» sözləri yazılmışdır. Məktəblə üzbəüz dayandıqda sağ yan tərəfində birinci mərtəbədə bir laylı taxta qapı vardır və həmin qapı açıq vəziyyətdədir. Baxışda iştirak edən Şahid1 bir laylı taxta qapını göstərərək bildirdi ki, naməlum şəxs həmin qapını açmaqla məktəbin içərisinə daxil olmuşdur. Bundan sonra baxışda iştirak edən şəxslər məktəbin ön tərəfində olan giriş qapısından məktəbin içərisinə daxil olmuş və Şahid1 sağ yan tərəfdə olan sinif otağını göstərərək bildirmişdir ki, 2022-ci ilin mart ayının 04-dən 05-ə keçən gecə həmin sinif otağından 15 ədəd bağlamada elektrik naqilləri və 70 ədəd spot lampaları oğurlanmışdır. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 14 may 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Xaçmaz RPŞdə iş üzrə Təqsirləndirilən şəxs elekrik naqillərini və spot lampalarını oğurladığı məktəbi göstərməsi təklif olunmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, o, elektrik naqillərini və spot lampalarını Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində yerləşən Xaçmaz peşə məktəbindən oğurlamışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs təklifi ilə avtomobilə əyləşib Xaçmaz-Xudat kənd yolu ilə Xaçmaz rayonu, Nərəcan kəndi istiqamətində getmişlər. Xaçmaz rayonunun Nərəcan kəndi ərazisinə çatanda Təqsirləndirilən şəxs sağa dönüb məhəlləarası daşlıq yolla getməyin lazım olduğunu bildirmişdir. Onlar sağa dönüb məhəlləarası daşlıq yolla 100 metr getmişlər və Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində yerləşən binanı göstərərək bildirmişdir ki, həmin bina Xaçmaz peşə məktəbinin binasıdır, 05 mart 2022-ci il tarixdə, saat 02 radələrində o, məktəbin sağ yan tərəfində olan hasarın üstündən keçməklə məktəbin həyətinə daxil olmuşdur. Polis əməkdaşları Təqsirləndirilən şəxs təklifi ilə məktəbin sağ yan tərəfinə gəlmiş və Təqsirləndirilən şəxs həmin tərəfdə birinci mərtəbədə mişar daşı ilə hörülmüş yeri göstərib bildirmişdir ki, əvvəllər həmin yerdə bir laylı taxta qapı olmuşdur və o, həmin yerdə olan qapını açıb məktəbin içərisinə daxil olmuşdur. Bundan sonra polis əməkdaşları Xaçmaz peşə məktəbinin içərisinə daxil olmuş və Təqsirləndirilən şəxs birinci mərtəbədə sağ yan tərəfdə olan sinif otağını göstərərək bildirmişdir ki, o, elektrik naqillərini və lampaları həmin sinif otağından oğurlamışdır. İş materiallarında olan 15 may 2022-ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Xaçmaz RPŞ-yə dəvət olunmuş Şahid2 07 ədəd bağlamada olan elektrik naqillərini və iki ədəd qutuda olan 60 ədəd spot lampalarını təqdim edərək 2022-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs 880 manata aldığını bildirmişdir. Təqdim olunmuş ağ rəngli izolyasiyalı elektrik naqilləri polietilen bağlamalarda olmaqla üzərində ağ-sarı rəngli etiket olmuşdur. Etiket üzərinə «3x2,5mm, İpek kablo, 450/750V, 100m, QOST 16442-08” sözləri və rəqəmləri yazılmışdır. Təqdim olunmuş lampalar göy rəngli kağız qutularda olmaqla üzərinə “LED PANEL LİGHT, LED SUPER BRİGHT, 80% ENERGY SAVİNG” sözləri yazılmışdır. Qutular açıldıqda içərisində ağ rəngli dairəvi lampalar olmuşdur. Protokol tərtib olunan zaman Şahid2 təqdim etdiyi 07 ədəd bağlamada olan elektrik naqillərini və iki ədəd qutuda olan 60 ədəd spot lampalarını 2022-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs 880 manata aldığını, Şahid1 isə lampaların qutusu üzərinə diyircəkli qələmlə qoyulmuş işarələri göstərərək Şahid2 təqdim etdiyi elektrik naqillərinin və spot lampalarının 05 mart 2022-ci il tarixdə Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində yerləşən Xaçmaz peşə məktəbindən oğurlandığını bildirmişdir. İş materiallarında olan 20 iyul 2022-ci il tarixli “Maddi sübutun tanınması barədə” qərardan və 08 sentyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan müəyyən edilir ki, Şahid2 təqdim etdiyi 07 top ağ rəngli izolyasiyalı, hər topda 100 metr uzunluğunda 3x2,5 mm2 ölçülü, “İpek kablo” markalı elektrik naqilləri və 60 ədəd HS- MB001 model, 24W led spot lampaları maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-də saxlanılır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 iyul 2022-ci il tarxli, 9/4442 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: 1. 01 top ağ rəngli izolyasiyalı, 100 m. uzunluğunda, 3x2,5 mm2 ölçülü "İpek kablo” markalı, mis əsaslı ərintidən hazırlanmış elektrik naqili - 350 manat, 2. 01 ədəd HS-MB001 model, 24W led spot lampa -13,00 manat. İş materiallarında olan 08 sentyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan müəyyən edilir ki, Şahid2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194-cü maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs, X2, X4 və Şahid3 əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan müqavilənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə "xxxx" QSC arasında 17 noyabr 2020-ci il tarixli 062-B/20 nömrəli təhsil müəssisələrinin istiliklə təchizatına dair birbaşa müqavilə bağlanmışdır. İş materiallarında olan qiymətlərin razılaşma protokolunun təsdiqlənmiş surətindən müəyyən edilir ki, 17 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə "xxxx" QSC arasında Quba, Qusar, Xaçmaz və Hacıqabul rayonlarının bir sıra məktəblərində istilik xətlərinin çəkilməsi və təmiri ilə əlaqədar qiymətlərin razılaşma protokolu imzalanmışdır. İş materiallarında olan müqavilənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, "xxxx" QSC ilə “RRM Təmir-Tikinti” QSM arasında 10 yanvar 2022-ci il tarixli MTT/RRM- 003/22 nömrəli mühəndislik xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan Qusar rayon İHB-nın Gədəzeyxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı kənddə sakinlər arasında hörmət qazanmış, münasibət qurmağı bacarmışdır. İşgüzar və zəhmətsevərdir. Nümayəndəliyə onun barəsində onu tanıyanlardan, yaxın qohumlardan heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş 16 noyabr 2022-ci il tarixli ərizədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş zərərin məbləği tam olaraq ödənilmiş, zərərçəkmişin təqsirləndirilənə qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu zərəri tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, o cümlədən, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, gənc olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qusar rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 14 may 2022-ci il tarixli protokoldan, şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə 16 may 2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olma (tutulma) müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarından müəyyən edilir ki, 07 top ağ rəngli izolyasiyalı, hər topda 100 metr uzunluğunda, 3x2,5 mm2 ölçülü, "İpek kablo” markalı, mis əsaslı ərintidən hazırlanmış elektrik naqilləri; 60 ədəd HS-MB001 model, 24W led spot lampalar maddi sübut kimi Xaçmaz RPŞ-də saxlanılır. İş üzrə maddi sübutlar – Xaçmaz RPŞ-də saxlanılan 07 top (bağlama) ağ rəngli izolyasiyalı, hər topda 100 metr uzunluğunda, 3x2,5 mm2 ölçülü, "İpek kablo” markalı, mis əsaslı ərintidən hazırlanmış elektrik naqilləri; 60 ədəd HS-MB001 model, 24W led spot lampalar hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxs "xxxx" QSC-yə qaytarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Xaçmaz RPŞ-də saxlanılan 07 top (bağlama) ağ rəngli izolyasiyalı, hər topda 100 metr uzunluğunda, 3x2,5 mm2 ölçülü, "İpek kablo” markalı, mis əsaslı ərintidən hazırlanmış elektrik naqilləri; 60 ədəd HS-MB001 model, 24W led spot lampalar hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxs "xxxx" QSC-yə qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə, həmçinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-153/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-153/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver