Məhkəmə qərarları › İş №1(067)-154/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-154/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-154/2022 15.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Həbibullayeva (Baxşıyeva) Ayqız Fikrət qızının, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Xaçmaz rayonu, Laman kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu, Laman kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında müvəqqəti yaşayan, 05 avqust 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında qapalı məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, 30 sentyabr 2019-cu il tarixdən başlayaraq, övladı, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140,00 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Həbibullayevə (Baxşıyevə) Ayqız Fikrət qızına ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(067)-3019/2019 saylı qanuni qüvvəyə 'minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüzrsəbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021 -ci il tarixdə xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2022-ci il tarixədək 3410,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Həbibullayevə (Baxşıyevə) Ayqız Fikrət qızının xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq, qəsdən icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bilib, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirsə də, məhkəmə iclasında ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Həbibullayeva (Baxşıyeva) Ayqız Fikrət qızı bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikadan xx.xx.2014-cü il təvəllüdlü Kamil adlı uşaqları doğulmuşdur. Evləndikdən sonra səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Faktiki olaraq ayrı yaşadığı müddətdə Süleyman uşaqı ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Odur ki, nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(067)-3019/2019 saylı qətnaməsinə əsasən cavabdeh kimi Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq, övladı, xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay 140,00 manat məbləğində, alimentin tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhərində yerləşən avtoyuma məntəqəsində yuyucu işləyir, aylıq 400-500 manat qazanc əldə edir, lakin qazancını özünə xərcləyir, uşaqın saxlanması üçün ona maddi yardım göstərmir. İcra məmurları tərəfindən dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Maddi vəziyyəti zəif olduğundan aliment borcunu tam olaraq nağd şəkildə tələb edir. Odur ki, aliment üzrə toplanmış 3410 manat pulun Təqsirləndirilən şəxs alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 oğlu bildirdi ki, Xaçmaz Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(067)-3019/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq, övladı, xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay 140 manat məbləğində sabit alimenti tələbkar Həbibullayevə (Baxşıyevə) Äyqız Fikrət qızının xeyrinə ödəməmişdir. Həmin qətnamə üzrə borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə cəmi 510 manat məbləğində aliment pulu ödəmiş və cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün təqdimat verilən 11,02.2022-ci il tarixədək 3410 manat məbləğində aliment borcu yaranmışdır. Sözügedən qətnamə icra edilməsi üçün Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməyinə, izahatı alınıb məsulliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1 -ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs təqdimat verilən xx.xx.2022-ci il tarixədək 3410 manat məbləğində aliment borcunu tələbkarın xeyrinə qərəzli olaraq ödəməmişdir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi məqsədi ilə zəruri icra hərəkətləri həyata keçirilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. X4 (Baxşıyevə) Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən borcun ödənilməsini, əks halda onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid2, Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon məhkəməsinin 2(060)-3019/2019 saylı 25 oktyabr 2019-cu tarixli qətnaməsi ilə 30 sentyabr 2019-cu il tarixdən hesablanmaqla 27 oktyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 140 manat pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq Həbibullayeva (Baxşıyeva) Ayqız Fikrət qızına verilməsi qət edilmişdir. İş materiallarına əlavə və məhkəmə istintaqında tədqiq olunan edilmiş Xaçmaz rayon məhkəməsinin 02 mart 2020-ci il tarixli, 3(067)-255/2020 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-3019/2019 saylı 25 oktyabr 2019-cu il tarixli icra vərəqəsini icra etməmiş, bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 500 (beş) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 8(067)-189/2020 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon məhkəməsinin 29 mart 2021-ci il tarixli, 3(067)-247/2021 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-3019/2019 saylı 25 oktyabr 2019-cu il tarixli icra vərəqəsini icra etməmiş, bu səbəbdən bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 500 (beş) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 3(067)-867/2021 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-3019/2021 saylı 25 oktyabr 2019-cu il tarixli icra vərəqəsini icra etməmiş, bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin 9 saylı Ərazi Məşğulluq Filialınınn 26 yanvar 2022-ci il tarixli, **********0 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin sorğusuna əsasən şəxsin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Məşğulluq” altsistemində 28 yanvar 2019-cu il tarixindən işaxtaran, 12 aprel 2020-ci il tarixində işsiz kimi qeydiyyatda olduğu bildirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 01 fevral 2022-ci il tarixli Xaçmaz rayon İcra Hakimiyyət Başçısının Qaraçı kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 05 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasını və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışlına hüquq" xəyali xarakter alacaqdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Xaçmaz rayon Məhkəməsinin inzibati xəta haqqında 02 mart 2020-ci il tarixli, 29 mart 2021-ci il tarixli və 16 sentyabr 2021-ci il tarixli qərarlarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Xaçmaz Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(067)- 3019/2019 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün, zərərçəkmişin, şahidlərin ifadələri, iş materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə də, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, islah olunması məqsədilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbacan Respublikası CM-nin 306.1-ci maddsəinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 10 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınmalı və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib, ona 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzanın əvvəli 15 noyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar