Məhkəmə qərarları › İş №1(067)-154/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-154/2025

14.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-154/2025 14.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi: Əliyeva Aynur Məhəmməd qızının sədrliyi Məhkəmə iclasının katibi: X8 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi: Xaçmaz rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1978-ci ildə Xaçmaz rayonu, İlxıçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əməllərində cinayətlərin residivi olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Xaçmaz rayonu, Çarxı kəndində qeydiyyatda olmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 23 gün hissəsindən şərti olaraq vaxtından əvvəl cəzadan azad edilməsinə baxmayaraq məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq qəsdən əldə etdiyi xeyli miqdarda psixotrop maddə metamfetamini üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 19 iyun 2025-ci il tarixdə saat 18:34-18:45 müddətində Xaçmaz şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən X9 və Təhsil İdarəsinin Xaçmaz təhsil sektorunun inzibati binasının arxa tərəfindəki saxlanc yeri kimi istifadə olunan hasarlanmış açıq sahədə yaxalanıb üstünün yoxlanılması zamanı əynindəki tünd göy rəngli şalvarın sol yan cibindəki “Winston” markalı siqaret qutusunun içərisindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,270 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 19 iyun 2025-ci il tarixdə Xaçmaz şəhəri, H.Əliyev prospekti, 7 ünvanında yerləşən X9 və Təhsil İdarəsinin Xaçmaz təhsil sektorunun inzibati binasının arxa tərəfindəki saxlanc yeri kimi istifadə olunan hasarlanmış açıq sahədə polis əməkdaşları ona yaxınlaşmışlar. Bundan sonra o, üzərində olan metamfetamini polis əməkdaşlarına təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-yə aparmışlar. Həmçinin 3-4 ildir ki, narkotikdən istifadə edir və həmin psixotrop maddəni karusellər olan ərazidən tapmışdır. İlk əvvəl istifadə etdiyi marixuananı haradan əldə etdiyini isə xatırlamır. O, etdiyim cinayət əməlinə görə peşmandır. Məhkəmə iclasında ifadə verən şahidlərin bildirdikləri sözlər hamısı doğrudur. Ona qarşı hər hasnı təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşıması barədə məhkəmə istintaqında verdiyi ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə şahidlərin ifadələrini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki,19 iyun 2025-ci il tarixdə Xaçmaz RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili Şahid3 Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Şahid3 əməliyyat məlumatı barədə şöbə rəhbərliyinə raportla məruzə etmiş və bundan sonra əməliyyat tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunun üzvlərindən biri də o olmuşdur. Həmçinin əməliyyatın keçirlməsi anını videogörüntüyə alan şəxs o olmuşdur. Baş əməliyyat müvəkkili Şahid3 tərəfindən Təqsirləndirilən şəxs yeri X9 və Təhsil İdarəsinin Xaçmaz təhsil sektorunun arxa hissəsindəki boş ərazidə müəyyən edildikdən sonra onlar həmin əraziyə gedərək Təqsirləndirilən şəxs orada görüb yaxınlaşmışlar. Həmin anların görüntüləri onun tərəfindən qeydə alınmışdır. Əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə şübhələr olması barədə məlumat verərək üzərində qanunla qadağan olunmuş predmet varsa təqdim etməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən siqaret qutusunu çıxarmış və siqaret qutusunun içərisinə baxış keçirilərkən bir ədəd büküm aşkar olunmuşdur. Həmin büküm barəsində soruşulduğundaTəqsirləndirilən şəxs “patı”, yəni psixotrop maddə olan metamfetin olduğunu, həmçinin tapdığını və özünün istifadəsi üçün üzərində saxladığını onlara bildirmişdir. Daha sonra Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən pul və açar aşkar olunmuş, lakin əhəmiyyət kəsb etmədiyi üçün təqsirləndirilən şəxsə qaytarılmışdır. Psixotrop maddə orada olan şəxslərin iştirakı ilə qablaşdırılıb, imzalanıb, möhürləndikdən sonra götürülmüşdür. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, ona Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olmuş və Təqsirləndirilən şəxs yeri Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən X9 və Təhsil İdarəsinin Xaçmaz təhsil sektorunun arxa hissəsindəki boş ərazidə müəyyən edilmişdir. O, baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb üzərində narkotik vasitənin olub olmaması barədə soruşduqları zaman Təqsirləndirilən şəxs üzərində olan tünd göy rəngli şalvarın sol cibindən “Winston” siqaret qutusunda çıxardaraq təqdim etmişdir. Onlar satışı barədə soruşduqlarında Təqsirləndirilən şəxs özünün istifadəsi üçün üzərində gəzdirdiyini satmaq məqsədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş büküm ekspertiza rəyinə əsasən metamfetamin olması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 və Şahid3 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Cinayət işi başlanması və icraata qəbul etmək haqqında” qərardan (cild 01, vərəq 01) müəyyən edilmişdir ki, Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanması və icraatına qəbul edilərək istintaqı aparılması barədə qərar qəbul olunmuşdur. - xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan, audio-video diskdən və “Əməliyyat –axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokol”dan (cild 01, vərəq 10-13) müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən, yəni əynindəki göy rəngli şalvarın sol yan cibindəki “Winston” markalı siqaret qutusunun içərisindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. - “Şübhəli şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 26) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 19 iyun 2025-ci il tarixdə, saat 20:20-də tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinin 20 iyun 2025-ci il tarixli, 20/529 nömrəli ekspert rəyindən (cild 01, vərəq 39) müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün № 58” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminə bənzər kütlə 01 ədəd sellofan bükümdə; 1) /imza/ Təqsirləndirilən şəxs; 2) /imza/ Şahid3; 3) /imza/ Şahid2; 4) /imza/ Şahid1; Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı /imza/ K.Zeynalov; xx.xx.2025” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,270 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamindən tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq çəkisi 0,220 qram qalmışdır. - xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 64) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X11 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. - xx.xx.2025-ci il tarixli “Diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 76) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı qeydə alınmış diskə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X11 tərəfindən 21 iyun 2025-ci il tarixdə baxış keçirilərkən sonuncunun üzərində 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin olmasının görüntüləri öz əksini tapmış, baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdəki şəxsin özü olduğunu vurğulamışdır. - Xaçmaz rayon məhkəməsinin 4(067)-98/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 19 iyun 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - xx.xx.2025-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 90, 137) müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspert tədqiqatından sonra qalıq qalmış 0,220 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut hesab edilməklə saxlanılması üçün Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı çəkilmiş video görüntünün köçürüldüyü 01 (bir) ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. - Xaçmaz rayon məhkəməsinin 5(067)-151/2025 nömrəli, xx.xx.2025-ci il tarixliqərarından (cild 01, vərəq 93) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 “əməliyyat tədbirinin keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarı qanuni hesab edilmişdir. - Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən və Xaçmaz rayon məhkəməsinin 1(067)-37/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən (cild 01, vərəq 112, 119) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 93.1.2-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-1844/2023 nömrəli qərarına (cild 01, vərəq 125) əsasən 01 ay 23 gününü çəkməkdən vaxtından əvvəl şərti azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən cinayətlərin residivi vardır. - “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 30 iyun 2025-ci il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də “Narkomaniya” diaqnozu ilə həkim-narkoloqun qeydiyyatındadır, həkim-psixatrın qeydiyyatında yoxdur. - Xaçmaz RİHB-nin Çarxı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 160 nömrəli, xx.xx.2025-ci il tarixli ”Arayış”dan (cild 01, vərəq 128) müəyyən edilir ki, Xaçmaz rayonu, Çarxı kəndində yaşayan Təqsirləndirilən şəxs xx.xx.1985-ci il təvəllüdlü X3, xx.xx.2004-cü il tarixli X6, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X12 adında ailə üzvləri vardır. - Xaçmaz RİHB-nin Çarxı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş “Xasiyyətnamə”dən (cild 01, vərəq 129) müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə özünü daim qeyri etik pis vərdişli bir insan kimi tanıtmışdır. Dəfələrlə məhkumluq həyatı yaşamışdır. Çarxı kənd icra nümayəndəliyinə Təqsirləndirilən şəxs barəsində onu tanıyanlardan, dostlarından, ailə üzvlərindən, kənd camaatı tərəfindən daim şikayət xarakterli məlumatlar daxil olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 PHŞin 3951 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən (cild 01, vərəq 130) müəyyən edilir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən RNM-da (F15x2) Psixostimulyatorların qəbulu nəticəsində asılılıq diaqnozu ilə 5 il ərzində dispanser qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasınaəsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasınımüəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Qanunun 21.2-ci maddasinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 0,270 qram yəni xeyli miqdarda olmuşdur. Qeyd olunan siyahılara əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahidlərin ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsifedilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən və Xaçmaz rayon məhkəməsinin 1(067)-37/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən (cild 01, vərəq 112, 119) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 93.1.2-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-1844/2023 nömrəli qərarına (cild 01, vərəq 125) əsasən 01 ay 23 gününü çəkməkdən vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən cinayətlərin residivi vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nin Çarxı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 160 nömrəli, xx.xx.2025-ci il tarixli ”Arayış”dan (cild 01, vərəq 128) müəyyən edilir ki, Xaçmaz rayonu, Çarxı kəndində yaşayan Təqsirləndirilən şəxs xx.xx.1985-ci il təvəllüdlü X3, xx.xx.2004-cü il tarixli X6, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X12 adında ailə üzvləri vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nin Çarxı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş “Xasiyyətnamə”dən (cild 01, vərəq 129) müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə özünü daim qeyri etik pis vərdişli bir insan kimi tanıtmışdır. Dəfələrlə məhkumluq həyatı yaşamışdır. Çarxı kənd icra nümayəndəliyinə Təqsirləndirilən şəxs barəsində onu tanıyanlardan, dostlarından, ailə üzvlərindən, kənd camaatı tərəfindən daim şikayət xarakterli məlumatlar daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-ninÜmumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuşşəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilibedilmədiyinimüəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidi. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halı, yəni törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, cəzasını ağırlaşdıran halı, yəni əməllərində cinayətlərin residivi olmasını, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmənin əvvəli 19 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Respublika Narkoloji Mərkəzində (F15x2) Psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq diaqnozu ilə 5 il ərzində dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,220 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı çəkilmiş videogörüntünün köçürüldüyü 01 ədəd “DVD” formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə xərci kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN**********, AZ41NABZ013601**********3944, SFİFTBİKCTREAZ22 (büdcə təsnifatının kodu 142593) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356-cı və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 19 iyun 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Respublika Narkoloji Mərkəzində (F15x2) Psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq diaqnozu ilə 5 il ərzində dispanser qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,220 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı çəkilmiş videogörüntünün köçürüldüyü 01 ədəd “DVD” formatlı disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN**********, AZ41NABZ013601**********3944, SFİFTBİKCTREAZ22 (büdcə təsnifatının kodu 142593) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar