Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-156/2025 07.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı Məhkəmə iclasının katibi: X7 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Xaçmaz rayon vəkil bürosunun vəkili X4 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Xaçmaz rayonu, Qaracik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Xaçmaz rayonu, Qaracik kəndində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Qobuqıraq kəndində yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2025-ci ilin mart ayının əvvəllərində səhər saatlarında tanışı Şahid2 Həbibulla oğlunun yaşadığı ünvan 1 ünvanında yerləşən evinə sonuncunun icazəsi ilə daxil olduqdan sonra Şahid2 digər otaqda olmasından istifadə edərək evin yataq otağına girib oradakı şkafın sağ tərəfində paltarların asılması üçün nəzərdə tutulan hissəsindən Zərərçəkmiş şəxs məxsus həmin dövrün məzənnəsinə əsasən 22100 manat ekvivalentində olan 13000 ABŞ dolları məbləğində pul vəsaitini, həmin şkafın sol yuxarı tərəfində olan gözlük hissəsindən 2000 manat pul vəsaitini, daha sonra isə yataq otağındakı kiçik güzgülü şkafın orta hissəsindəki siyirməsindən 6600 manat dəyərində 41,10 qram çəkidə 585 əyarlı bir ədəd qızıl “sünbül” boyunbağını, ümumi dəyəri 1953 manat olan 17,76 qram çəkidə 585 əyarlı iki ədəd qızıl boyunbağını və 800 manat pul vəsaitini qanunsuz olaraq götürüb apararaq Zərərçəkmiş şəxs ümumilikdə 33453 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, yəni xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, səhər saatlarında zərərçəkmiş şəxsin atası Şahid2 xəstəxanaya - işə apararkən çantalarını daşımaqda köməklik göstərmək niyyətilə evinə daxil olmuş və 15 gün əvvəldən yerini bildiyi evin otağında olan şkafdakı pulları və qızılları ehtiyacı olduğu üçün sonradan qaytarıb yerinə qoyacağını ehtimal edərək götürmüşdür. O, pulların və qızılların yerini bildiyi üçün evin başqa hissələrini axtarmamışdır. Lakin həmin pulların və qızılların dəyəri onun ehtiyacı olan məbləğdən çox təşkil etmişdir. Zərərçəkmiş şəxsin evindən oğurluq hadisəsini törətməsini əvvəldən planlaşdırmamışdır. Evə girib-çıxan kənar şəxsin təkcə o olması səbəbindən qızılları və pulları onun tərəfindən oğurladığı anlaşılmışdır. O, hadisəni tək halda törətmiş, ona heç kim köməklik göstərməmişdir. Oğurladığı pulların saxlanılması üçün heç kimə verməmiş, evində gizlədərək bir qədər xərcləmişdir. Hadisənin üstü açılanadək isə bu barədə heç kimin məlumatı olmamışdır. Qızılları satdığı şəxs isə qızılların oğurluq olmasından xəbərsiz olmuşdur. Həmçinin onun 4 aylıq oğlu var, törətdiyi əməldən peşmandır. Eyni zamanda zərərçəkmiş şəxsdən etdiyi əmələ görə üzr istəmiş və ailəsinə, övladına görə həmçinin, dəymiş ziyanı tam olaraq ödədiyi üçün zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmuşdur. Lakin o, zərərçəkmiş şəxsin yerində olsa idi oğurluq edən şəxsi bağışlamazdı. Hadisənin bu yerə gəlib çatmasından sonra vicdan əzabı çəkdiyini özündə hiss etmişdir, əməlindən peşmandır. Aoləsinin yeganə qazanc gətirənidir. Onun həbs olunması ailəsinin maddi maddi məhrumiyyətlərlə üzləşməsinə səbəb olacaqdır. Ona görə də xahiş etmişdir ki, barəsində yüngül cəza tətbiq edilsin. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun atasının sürücüsü kimi xəstəxanada fəaliyyət göstərməsi barədə onun məlumatı olmuşdur. Eyni zamanda təqsirləndirilən şəxs iki il müddətdir ki, evə gəlib gedən adamdır və lazım olduğu təqdirdə atasının bazarlığını həyata keçirtmişdir. Lakin o, təqsirləndirilən şəxsin barəsində hadisəni törətməzdən əvvəl də mənfi fikirdə olmuş, valideynlərinə də bu barədə bildirməsinə baxmayaraq, onu dinləməmişlər. Hadisə barədə məlumatı olduqdan sonra onun ilk şübhələndiyi şəxs Təqsirləndirilən şəxs olmuş və bu barədə polis əməkdaşlarına da məlumat vermişdir. Eyni zamanda təqsirləndirilən şəxs atası ilə anasının birgə söhbəti əsnasında atasının saat neçədə çıxacağı barədə soruşduğu zaman təqsirləndirilən şəxs eşitmiş, evin boş vaxtında evə tək halda daxil olub cinayət əməlini törətmişdir. Lakin zərərçəkmiş şəxsin üzrxahlığını və azyaşlı uşağının olmasını, həmçinin, dəymiş maddi ziyanı tam ödədiyini nəzərə alaraq barəsində şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı Şahid1 Rahim oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs mart ayında 3 ədəd qızıl sepi ona tək halda yaxınlaşaraq 4700 manat pulun qarşılığında satmışdır. Belə ki, o, işlədiyi Lombardın içərisində qızılları təqsirləndirilən şəxsdən almış olsa idi qızıl kreditə cəlb olunub lombardda qalmalı olacaqdı. Lakin təqsirləndirilən şəxs qızılları satmaq istədiyini bildirdiyinə görə həmin qızılları özü üçün lombardın çölündə təqsirləndirilən şəxsdən şəxsiyyət vəsiqəsinin surətini əldə etməklə almış, evdə ailə üzvlərinə qızılları göstərdiyində ailə üzvləri tərəfindən bəyənilmədiyi üçün aparıb satmışdır. Lakin o, əvvəldən qızılların oğurluq olduğunu bilməmişdir. Həmçinin işlədiyi Lombard VÖEN əsasında fəaliyyət göstərir və həmin Lombardda qızıl satışı həyata keçirilmir. Şahid2 tərəfindən Xaçmaz rayon məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli “Teleqram”lardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilə bağlı 1(067)-156/2025 saylı cinayət işi üzrə şahid qismində dəvət olunduğu prosesə hərəkət məhdudiyyəti səhhətində ciddi problemlər olduğuna görə iştirak edə bilməyəcəkdir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmiş və ifadəyə əlavə şikayəti yoxdur. Prosesin onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, ünvan 1 ünvanında yaşamışdır. Təqsirləndirilən şəxs qulluğunda durmuş, şəxsi ehtiyaclarına kömək etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə rahat girib çıxa bilmişdir. Ev işlərində kömək etmişdir. 2025-ci ilin fevral ayından xəstəliyi ağırlaşmış, Faiq həmin vaxtdan yaşadığı evə daha çox gəlib getmişdir. Evdə oğlunun saxlamaq üçün verdiyi 13000 ABŞ dollarını, 2000 manat pulu və qızıl zinyət əşyalarını yataq otağında saxlamışdır. Faiq həmin evə rahat gəlib gedən adam olduğu üçün bundan istifadə edib, birlikdə evdə olan zaman yataq otağından əmlakı oğurlamışdır. 19 mart 2025-ci il tarixdə həmin əmlakın oğurlanmasını aşkar etmiş, sonradan bu barədə oğlu Elvirə məlumat vermişdir. Elvir bu barədə polisə məlumat vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 01) müəyyən edilmişdir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X5 tərəfindən toplanmış materiallar üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır. - xx.xx.2025-ci il tarixli “Raport”dan (cild 01, vərəq 03) müəyyən edilir ki, həmin tarixdə, saat 14:19-da vətəndaş Zərərçəkmiş şəxs **********44 nömrədən Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək xx.xx.2025-ci il tarixdə özünə məxsus ünvan 3 ünvanında 13.000 dollar pul, 7.000 dollar məbləğində qızıl-ziynət əşyasının oğurlanması barədə məlumat vermişdir. Hadisədə sürücü Faiq adlı şəxsdən şübhələndiyini qeyd etmişdir. Vətəndaşın yaşadığı ünvan: Bakı şəhəri /Yasamal rayonu/ A.Abbasov 13, binanın girəcəyi. ********** nömrəsi ilə Xaçmaz RPŞ-nin Növbətçi Hissəsində qeydiyyata alınmışdır. - xx.xx.2025-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən (cild 01, vərəq 05, 07) müəyyən edilir ki, Zərərçəkmiş şəxs əmlakının oğurlandığı ev ünvan 1 ünvanında yerləşir. Həmin evin giriş qapısı qara rəngli dəmir materialından olmaqla, içəri doğru açılır. Evə daxil olduqdan sonra Zərərçəkmiş şəxs evin yataq otağına daxil oldu, həmin yataq otağında olan şkafın paltar asılmaq üçün nəzərdə tutulan hissəsində saxladığı 13000 ABŞ dolların yerini, həmin şkafın sol yuxarı saxlanc yerində olan yerdən 2000 manat pulun yerini və yataq otağında saxlanc yerində olan 03 ədəd qızıl boyunbağının yerini göstərərək, naməlum şəxs(lərin) tərəfindən həmin əşyaların oğurlanmasını bildirdi. Həmin yerdən hər hansı əl barmaq izi götürülmədi. - xx.xx.2025-ci il tarixli “Əməliyyat tapşırığı”ndan və “Raport”dan (cild 01, vərəq 11, 21) müəyyən edilir ki, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs xx xxx 1995-ci il təvəllüdlü, Xaçmaz rayonu, Qobuqıraq kənd sakini Təqsirləndirilən şəxs olması müəyyən edilərək, həmin şəxs İstintaq bölməsinə gəlməsi təmin edilmişdir. - xx.xx.2025-ci il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan (cild 01, vərəq 12) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X5 tərəfindən icraatında olan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs iş üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2025-ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən (cild 01, vərəq 25, 27) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Qobuqıraq kəndində yaşadığı evin dəhlizində Zərərçəkmiş şəxs məxsus əmlakı oğurlamasını, həmin oğurladığı pulların bir qismini ehtiyaclarına xərclədiyini, bir qismini yaşadığı evdə saxladığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən pul əskinaslarını gətirərək təqdim etdi. Həmin pullara baxış keçirilən zaman 34 ədəd üzərində C 10564532, C 01483048, D 03472255, D 13029888, C 00990552, C 93384203, C 77500160, C 80465798, C 02586238, C 88187419, C 30822348, C 30822351, C 30822347, C 67833182, A 59537128, C 14163820, A 53894777, A 04333656, C 43879770, C 68453729, A 35938925, A 04333656, A 50819187, C 98914326, C 37703985, C 16476675, D 03525900, C 72333439, A 47362884, A 26716224, A 35675757, D 08934202, A 13396304, C 77163354 nömrələri yazılmış 100 manatlıq əskinaslar, 02 ədəd üzərlərində PE 28713004D, MB 68515952E nömrələri yazılmış 100 ABŞ dolları, 11 ədəd üzərlərində A 35503738, A 73628387, A 11622725, A 39858210, A 67645100, A 77645100, A 67645001, A 67645002, A 67645098, A 03531339, A 59775903 nömrələri yazılmış 20 manatlıq əskinas olmaqla, ümumilikdə 3620 manat və 200 ABŞ dolları məbləğində pul vəsaiti olması müəyyən edildi. Təqsirləndirilən şəxs pulların oğurluq nəticəsində əldə etdiyi pullar olmasını bildirdi. Həmin pullar maddi sübut əhəmiyyəti kəsb etdiyi üçünXaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X5 tərəfindən götürüldü. - “Şübhəli şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 44) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 22 mart 2025-ci il tarixdə, saat 21:05-də tutulmuşdur. - xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 49) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X5 tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. - xx.xx.2025-ci il tarixli “Şahidin dindirilməsi” protokoluna əlavə edilmiş qəbzdən (cild 01, vərəq 66) müəyyən edilir ki, Şahid1 təqsirləndirilən şəxsin ona satdığı 500 əyyar, 41.10 qram çəkidə, 3111 manat dəyərində sepi və 2 ədəd 585 əyyar, 17.76 qram çəkidə 1589 manat dəyərində sepi istintaqa təhvil verərək onun müqabilində təqsirləndirilən şəxsə verdiyi 4700 manat pulu təhvil almışdır. - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin tutmadan azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında” qərardan və “İltizam”dan (cild 01, vərəq 67-69) müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutmadan azad edilmiş və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” qərardan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 01, vərəq 75-76) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-də təklif olundu ki, Zərərçəkmiş şəxs məxsus əmlakın ünvan 1 üvanında yerləşən fərdi yaşayış evindən oğurlamasını bilavasitə hadisə yerinə çımaqla göstərsin. Təqsirləndirilən şəxs bu təkliflə razılaşdı və birlikdə hadisə yerinə getmişlər. Həmin yer ünvan 1 nvanında yerləşən fərdi yaşayış evidir. Həmin evə daxil olduqdan sonra Təqsirləndirilən şəxs irəli gedərək, sola dönüb evin yataq otağına daxil oldu. Həmin otaqda Təqsirləndirilən şəxs əli ilə hadisə yerlərini göstərdi. Otaqda olan dolabın paltar asılan hissəsindən 13000 ABŞ dolları və dolabın sol tərəfində yuxarı hissəndən 2000 manat pulu, bundan başqa otaqdakı digər dolabın saxlanc yerindən qızıl zinyət əşyalarını oğurlamasını, qızılları "xxxx" lombarda 4700 manat qarşlığında satmasını, qalan digər pulları isə öz şəxsi ehtiyaclarına xərcləməsini bildirdi. Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayəti faktı ilə bağlı istintaqa verdiyi ifadəsindəki halları yerində yoxlanılarkən bilavasitə çətinlik çəkmədən göstərə bilmiş və törətmiş olduğu cinayəti bir daha təsdiq etmişdir. - xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə ünvanladığı “Ərizə”dən (cild 01, vərəq 84) müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən ona məxsus olan 3 ədəd qızıl zinət əşyası əvəzində dəymiş zərər, yəni 8500 manat tam olaraq ödənmiş, bundan başqa 24100 AZN pul vəsaiti tam olaraq ödənilmişdir. Buna görə də o, Təqsirləndirilən şəxslə barışmış, dəymiş ziyan tam olaraq ödənildiyindən barəsində şikayət və tələbi yoxdur. - Azərbaycan Respublikası DİN Baş Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 88) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - xx.xx.2025-ci il tarixli “Maddi sübutun tanınması haqqında” qərardan və xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 90, 156) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" lombard MMC-nin Xaçmaz filialının işçisi Şahid1 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini və satılan qızılların miqdarını və çəkisini özündə əks etdirən bir ədəd kserosurət vərəqə maddi sübut hesab edilməklə cinayət işi materiallarında saxlanılmışdır. Eyni zamanda cinayət işi üzrə maddi sübut hesab edilən pul vəsaitlərinin maddi sübut hesab edilməsi və Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınması qərara alınmışdır. - xx.xx.2025-ci il tarixli “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən təqdim edilmiş məktubdan müəyyən edilir ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanası PHŞ-də həkim-narkoloqun və həkim psixatrın qeydiyyatında yoxdur. - Xaçmaz RİHB-nin Hülövlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş “Arayış”dan (cild 01, vərəq 94) müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.1998-ci il təvəllüdlü X3 ilə ailəlidir və onun xx.xx.2025-ci il təvəllüdlü X6 adında övladı vardır. - Xaçmaz RİHB-nin Hülövlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş “Xasiyyətnamə”dən (cild 01, vərəq 95) müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu. Qobuqıraq kəndində kənd sakinləri ilə yaxşı münasibətdədir. Onun barəsində İcra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. O, əməksevərdir, işgüzardır, ailəcanlıdır. İcra nümayəndəsi Təqsirləndirilən şəxs barəsində müsbət rəydədir. - xx.xx.2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş Mərkəzi Bankın AZN məzənnəsinin siyahısından (cild 01, vərəq 96-97) müəyyən edilir ki, həmin sayta Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X5 xitməti iş otağında olan HP markalı kompyuterdən istifadə etməklə “Google Chrome" proqrami vasitəsilə www.cbar.az yazmaqla daxil olmuşdur. Həmin saytın yuxarı sol hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbi, həmçinin “Azərbaycan Respublikasının Mərkəzi Bankı” yazısı əks olunmuşdur. Saytın yuxarı hissəsində “Komnunikasiya”, “İstehlakçıların və invetorların hüquqları”, “Maliyyə sektorunun inkişaf Stretegiyası”, “Maliyyə savadlılığı”, “Dayanıqlı Maliyyə”, “Beynəlxalq əməkdaşlıq”, “İnsan resursları”, “Məlumatların yayımlanması qrafiki”, “Sual-cavab”, “İstinadlar”, “Naxçıxan Muxtar Respublikası İdarəsi” bölmələri vardır. Bir qədər aşağı hissədə isə “AZN Məzənnəsi” yazılan bölmə, həmin bölmənin altında təqvim və pul vahidlərinin əks olunduğu görünür. Təqvimdə 2025-ci ilin mart ayının müxtəlif günlərini, valyutada isə “1 ABŞ dolları”-nı qeyd edib axtarış düyməsini sıxdıqdan sonra aşağı hissədə “1 ABŞ dolları, tarixlər və kurs 1.7000” yazılarının çıxması müəyyən olundu. Bununla da həmin internet səhifəsinə baxış zamanı məlum oldu ki, 2025-ci ilin mart ayında 1 ABŞ dollarının milli valyutaya nisbətdə kursu 1.7 manat təşkil etmişdir. - Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə ünvanladığı xx.xx.2025-ci il tarixli “Ərizə”dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ona məxsus olan əmlakı oğurladığı üçün həmin şəxsdən şikayətçi olmuşdur. Həmin şəxs barəsində ibtidai istintaq dövründə ona məlum olan başqa bir epizod üzrə pul-qabından əlavə olaraq 800 AZN pul vəsaitini oğurlamışdır. Təqsirləndirilən şəxs barəsində ona və valideynlərinə vurduğu maddi zərəri tam ödəmədiyinə görə, mənəvi zərərə görə isə onu bağışlamadığına görə seçilmiş qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmasına göstəriş verilməsini xahiş etmişdir. - xx.xx.2025-ci il tarixli “Vəsatətə baxılması haqqında” qərardan (cild 01, vərəq 103) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi vəsatət təmin edilmişdir. - xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsin axtarışının elan edilməsi və icraatın dayandırılması haqqında” qərardan (cild 01, vərəq 108) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. - Zərərçəkmiş şəxsin Xaçmaz RPŞ-yə təqdim etdiyi xx.xx.2025-ci il tarixli “Ərizə”dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulan 800 AZN ziyan tamamilə ödənmişdir. Buna görə də həmin şəxslə barışmış, həmin şəxsin barəsində aparılan cinayət işi üzrə indi və gələcəkdə şikayəti yoxdur və olmayacaqdır. - xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan (cild 01, vərəq 113) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. - xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan (cild 01, vərəq 115) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək o, həmin Məcəllənin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin Məcəllənin eyni maddəsi ilə yeni məzmunda yenidən ittiham elan olunmuşdur. - xx.xx.2025-ci il tarixli “İbtidai istintaq müddətinin uzadılması barədə” qərardan (cild 01, vərəq 131) müəyyən edilir ki, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən Xaçmaz RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay olmaqla 05 (beş) ayadək, yəni 02 iyul 2025-ci il tarixdən 02 sentyabr 2025-ci il tarixədək uzadılmışdır. - "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qiymətləndirmənin hesabatından müəyyən edilir ki, aparılan araşdırmalar, təhlillər və hesablamalar nəticəsində qızıl-zinət əşyalarının 2025-ci ilin mart ayına analoji orta bazaar dəyəri 6474 manat müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan (cild 01, vərəq 143) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X5 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək ona həmin maddə ilə yeni məzmunda yenidən ittiham elan edilmişdir. - Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X2 Xaçmaz rayon məhkəməsinə təqdim etdiyi və cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Arayış”dan müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə istintaq aparılan zaman iş materiallarında Şahid2 ata adı Ağaddin olduğu halda sonuncunun ata adı texniki səhv olaraq Həbibulla olaraq yazılmış və portal məlumatlarında yanlışlığa yol verilmişdir. Həmin texniki səhvə dörə cinayət işi materiallarında həmin ad Həbibulla kimi qeyd edilmişdir. Lakin iş üzrə Şahid2 ata adı rəsmi olaraq Ağaddin olmuş, buna görə də Şahid2 olaraq tanınmalıdır. - Şahid2 tərəfindən Xaçmaz rayon məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli “Teleqram”lardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilə bağlı 1(067)-156/2025 saylı cinayət işi üzrə şahid qismində dəvət olunduğu prosesə hərəkət məhdudiyyəti səhhətində ciddi problemlər olduğuna görə iştirak edə bilməyəcəkdir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmiş və ifadəyə əlavə şikayəti yoxdur. Prosesin onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. - Xaçmaz Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2025-ci il tarixli “Arayış”dan və xəstəlik tarixində “Çıxarış”dan müəyyən edilir ki, xx.xx.1956-cı il təvəllüdlü Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi. Ev 3 ünvanında qeydiyyatda olan Şahid2 ondan ötrü ki, o, həqiqətən “Şəkərli diabet İ tip, insulindən asılı forma. Ensefalopatiya. Sağ masilar sinuslaretension kist.Vertikuloesensial spinal şunt. Essensial hipertenziya.” Diaqnozları ilə “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də qeydiyyatdadır. Səhhəti ilə əlaqədar xəstəyə həyəcan, gərginlik, əsəb və stress əks göstərişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsinə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: - Azərbaycan Respublikası DİN Baş Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 88) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə ünvanladığı “Ərizə”dən (cild 01, vərəq 84) müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən ona məxsus olan 3 ədəd qızıl zinət əşyası əvəzində dəymiş zərər, yəni 8500 manat tam olaraq ödənmiş, bundan başqa 24100 AZN pul vəsaiti də tam olaraq ödənilmişdir. Buna görə də o, Təqsirləndirilən şəxslə barışmış, dəymiş ziyan tam olaraq ödənildiyindən barəsində şikayət və tələbi yoxdur. - Xaçmaz RİHB-nin Hülövlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş “Arayış”dan (cild 01, vərəq 94) müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.1998-ci il təvəllüdlü X3 ilə ailəlidir və onun xx.xx.2025-ci il təvəllüdlü X6 adında övladı vardır. . - Xaçmaz RİHB-nin Hülövlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş “Xasiyyətnamə”dən (cild 01, vərəq 95) müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu. Qobuqıraq kəndində kənd sakinləri ilə yaxşı münasibətdədir. Onun barəsində İcra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. O, əməksevərdir, işgüzardır, ailəcanlıdır. İcra nümayəndəsi Təqsirləndirilən şəxs barəsində müsbət rəydədir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, eyni zamanda himayəsində bir azyaşlı uşağının olmasını və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzansını yüngülləşdirən halları, o cümlədən, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin şikayətçi olmamasını, məhkumluğunun və barəsində cəzasını ağırlaşdıran halların olmamasını, eyni zamanda himayəsində bir azyaşlı uşağının olmasını, həmçinin ailəsinə yeganə qazanc gətirən şəxs olması müsbət səciyyələndirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; 52-1.3. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı əlavə vəzifələri yerinə yetirməlidir: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.4-cü maddəsinə əsasən məhkum islah olunmasına kömək edən digər vəzifələri yerinə yetirməlidir: 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 02 (iki) gün müddətdə həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs tutularaq həbsdə saxlanılma müddəti, yəni cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı əlavə vəzifələr qoyulmalıdır: -Kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. -Onun davranışına nəzarəti həyata keçirən orqanın nəzarət telefon zənglərinə və ya digər nəzarət siqnallarına cavab vermək. -Onun davranışına nəzarəti həyata keçirən orqana müəyyən edilmiş vaxtda zəng etmək, yaxud şəxsən gəlmək. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə dəymiş maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 236 (iki yüz otuz altı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, Bank rekvizitləri: "xxxx" ASC-nin “İnşaatçılar” filialı, H/h AZ53AİİB400600C**********226, M/h AZ37NABZ********************, Kod 201360, SWİFT: AİİBAZ2X, VÖEN ********** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356cı və 384-cü maddələrini rəhbərtutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 mart 2025-ci il tarixdən 24 mart 2025-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə (cəmi 04 gün) hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı əlavə vəzifələr qoyulsun: Kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Onun davranışına nəzarəti həyata keçirən orqanın nəzarət telefon zənglərinə və ya digər nəzarət siqnallarına cavab vermək. Onun davranışına nəzarəti həyata keçirən orqana müəyyən edilmiş vaxtda zəng etmək, yaxud şəxsən gəlmək. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə dəymiş maddi ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 236 (iki yüz otuz altı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, Bank rekvizitləri: "xxxx" ASC-nin “İnşaatçılar” filialı, H/h AZ53AİİB400600C**********226, M/h AZ37NABZ********************, Kod 201360, SWİFT: AİİBAZ2X, VÖEN ********** nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən şikayət və ya protest verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №1(067)-156/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-156/2025
07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver