Məhkəmə qərarları › İş №1(067)-157/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-157/2021

02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-157/2021 02.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1997-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 23 iyul 2021-ci il tarixdə, saat 10 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində arvadı X3 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə nəticəsində sonuncuya qəsdən təpik zərbələri vurmaqla sol bud nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən 01 ədəd, sol said nahiyəsinin şişkinliyi, sol dirsək sümüyünün qapalı sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid 02 ədəd xəsarət yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqı zamanı dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, son bir ildə ailədə olan maddi çətinliklərə görə arvadı Zərərçəkmiş şəxs ilə aralarında söz-söhbətlər yaranmış və bu səbədən 2021-ci ilin yay aylarından faktiki olaraq ayrılmışlar. 23 iyul 2021-ci il saat 10 radələrində yuxudan durub eyvanda çay içmək üçün masa arxasına oturduqda arvadı Şəbinə ona telefonunda xalan oğlu Natiq ilə yazışmağını oxudum, sən xalan oğluna yazmısan ki, Bakı şəhərinə onun yanına işləməyə gedəcəksən, sən işləməyə yox, avaraçılğa görə gedirsən, Bakıya getmə, burada iş tap işlə” demişdir. Həmçinin Şəbinə ona qarşı ağır nalayiq ifadələr işlətdiyindən əsəbləşərək masadan qalxıb Səbinənin üzünə əlinin içi ilə bir sillə vurmuş, Şəbinə ona qarşı nalayiq ifadələr işlətməkdə davam etdiyindən Səbinənin çənəsindən əli ilə tutub başa salmağa çalışmışdır ki, söyüş söyməsin. Şəbinə yerdə oturmuş vəziyyətdə onu söyməkdə davam etdiyindən Səbinənin sol ayağının bud nahiyəsinə, sonra da qol nahiyəsinə təpiklə vurmuşdur. Bu zaman bacısı mübahisə səslərini eşidib içəriyə daxil olmuş və Səbinəni döydüyünü görüb onları ayırmışdır. 26 iyul 2021-ci il tarixdə Səbinəni uşaqları ilə birlikdə anasının evinə aparmışdır. Polis Şöbəsinə dəvət edilərkən Səbinənin ondan şikayət etdiyi bilmişdir. Bununla bağlı təhqiqat bölməsinə izahat vermiş, ekspertiza müayinəsindən sonra məlum olmuşdur ki, arvadının qolunda sınıq vardır. Törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirir və barəsində “8 Noyabr- Zəfər Günü münasibətilə elan edilmiş Amnistiya aktının tətbiq edilməklə onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxs X3 göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. 23 iyul 2021-ci il tarixdə saat 10 radələrində yaşadıqları evdə olarkən əri Təqsirləndirilən şəxs çay süzmüş, onlar evin mətbəx kimi düzəldib istifadə etdiyi eyvan hissəsində yerdə oturub çay içimişlər. Yunus onun mobil telefonundan xalası oğlu Natiqə mesaj yazmış, mesajlara baxdıqda Yunusun Natiqə “ola bilsin 25 iyul tarixində Bakı şəhərinə gəldim” sözlərini yazdığını görmüşdür. O da Yunusa həmin mesaja görə “Bakı şəhərinə nə üçün gedirsən?” demişdir. Yunus ona kobud şəkildə cavab verərək “sənin nəyinə lazımdır, mənim hara getməyimi niyə soruşursan” demiş və bu zəmində aralarında mübahisə düşmüşdür. Yunus onun və anasının ünvanına nalayiq ifadələr işlətmiş, o, yerdə oturmuş vəziyyətdə ağladığı zaman üstünə gələrək təpiklə onun sol qoluna və sol bud nahiyəsinə zərbə vurmuşdur. Zərbədən sonra o, qolunda bərk ağrı hiss etmiş, lakin qolunun sınmasını düşünməmişdir. Yunus onu vurduqdan sonra geri çəkilmiş, həmin anda Yunusun bacısı İlqarə gəlib Yunusa onu vurmamasını demişdir. Yunusgil onun qolunu tutub dayandığını görüb qoluna sarğı qoymağa kömək etmiş və Yunus çıxıb getmişdir. 3 gün evdə qalmış, lakin həkimə getməmiş, qolunun əzildiyini və sınmadığını düşünmüş, sonra qolunda ağrıların azalmadığını görüb 26 iyul 2021-ci il tarixdə Yunusa onu təcili anasının evinə aparmasını xahiş etmişdir. Yunus həmin gün onu anasının qaldığı evə aparmış, evdə anasına olanları danışmış və anası 102 xidmətinə zəng edib şikayət etməsini bildirmişdir. O da 102 xidmətinə zəng edərək şikayət etmişdir. Bundan sonra həkim müayinəsinə getmiş və sol qolunun sındığı ona məlum olmuşdur. Təqsirləndirilən şəxs barəsində şikayətçidir, onunla barışmır və barəsində qanuni cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 göstərdi ki, qızı Şəbinə Məmmədova 2018-ci ildən Təqsirləndirilən şəxs ilə evlidir, onların bu evlilikdən 2 övladı olmuşdur. 26 iyul 2021-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs qızı Səbinəni övladları ilə birlikdə onlara gətirmişdir. Səbinə evin həyətinə daxil olduqda sol qolunda sarğı olduğunu görmüşdür. O, elə Yunusun yanında Səbinədən qoluna nə olduğunu soruşmuş, Şəbinə də Yunusun onu döydüyünü demişdir. Sonra Səbinədən nə baş verdiyini ətraflı soruşduqda səbinə ona Yunusla yaşadıqları evdə aralarında mübahisə olduğunu, mübahisə zamanı Yunusun onu təpiklə vuraraq döydüyünü bildirmişdir. O, bunu öyrənən kimi Səbinəyə 102 xidmətinə zəng edərək məlumat verməsini demiş, Şəbinə də dərhal 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonra qızı Səbinə məhkəmə-tibbi ekspertizasından keçirilmiş və müayinə zamanı sol dirsək nahiyəsində sınıq olması müəyyən olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid2 göstərmişdir ki, 23 iyul 2021-ci il saat 10 radələrində yaşadığı evdə hamamda əlini yuyarkən qardaşı Yunusla arvadı Səbinənin mübahisə səslərini eşitmiş, mətbəxə daxil olduğu zaman Yunusun Səbinəni döydüyünü, Şəbinənin yerdə oturmuş vəziyyətdə olmaqla ağladığını, əli ilə qolunu tutduğunu görmüşdür. O, Yunusu kənara çəkmiş və xahiş etmişdir ki, Səbinəni vurmasın. Onlar elə bilmişlər ki, Səbinənin sol biləyi çıxıb, buna görə Səbinənin qolunu parça ilə bağlamışlar, lakin ciddi xəsrət olmasını düşünməmişlər. 2 gün ərzində Şəbinə evdə olsa da ciddi xəsarətinin olmasını düşünmədiklərindən xəstəxanaya aparmamışlar. 26 iyul 2021 -ci il tarixdə Şəbinə Yunusa anasıgilə getmək istədiyini bildirməklə onu anasıgilə aparmasını xahiş etmişdir. Bu səbəbdən də Yunus Səbinəni anasıgilə aparmış, Səbinəni apardıqdan sonra isə Yunusu Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər və qardaşı şöbəyə gedib gəldikdən sonra demişdir ki, Şəbinə onun barəsində şikayət etmişdir. İş materiallarında olan 26 iyul 2021-ci il tarixli “Şifahi ərizə protokolu”ndan müəyyən edilir ki, zərərçəkmiş şəxs X1 rayon Polis Şöbəsinə müraciət edərək 23 iyul 2021-ci il tarixdə keçmiş əri Təqsirləndirilən şəxs onu yaşadıqları evdə döyüb xəsarət yetirdiyini bildirərək, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi tərəfindən verilmiş 26 iyul 2021 -ci il tarixli 463 nömrəli ekspert rəyindən müəyyən olunur ki, 2000-ci il təvəllüdlü X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol said nahiyəsinin şişkinliyi, sol dirsək sümüyünün qapalı sınığı və sol bud nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi 23.07.2021-ci il tarixə uyğun gəlir və bu xəsarətlərdən sol said nahiyəsinin şişkinliyi, sol dirsək sümüyünün sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir, sol bud nahiyəsinin qançırı isə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilmir. İş materiallarında olan 09 avqust 2019-cu il tarixli, AZ-İİ seriyalı, 953369 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs 09 avqust 2019-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. İş materiallarında olan 15 oktyabr 2019-cu il tarixli, AZ-İV seriyalı, 289264 nömrəli və 12 iyun 2020-ci il tarixli, AZ-İV seriyalı, 447299 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs birgə nikahlarından 02 may 2019-cu ildə anadan olmuş Ayla və 08 iyun 2020-ci ildə anadan olmuş Humay adlı 2 nəfər azyaşlı uşaqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-yə verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəmnində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 23 iyul 2021 -ci il tarixdə, saat 10 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində arvadı X3 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə nəticəsində sonuncuya qəsdən təpik zərbələri vurmaqla sol bud nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən 01 ədəd, sol said nahiyəsinin şişkinliyi, sol dirsək sümüyünün qapalı sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid 02 ədəd xəsarət yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, təqsirləndirilən şəxs və müdafiəçisi məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının tətbiq edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində amnistiya aktının tətbiq edilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxs barəsində şikayətçi olmaqla onun barəsində qanuni cəza təyin olunmasını xahiş etmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndində göstərilir ki, məhkəmələr icraatlarında olan və bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Qərarın 1-ci hissəsində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 127.1-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma kimi törədilmiş cinayət əməlinə görə şəxs iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Cinayət hadisəsi nəticəsində maddi ziyan vurulmamışdır. Müdafiə tərəfi amnistiya aktının tətbiq edilməsi barədə ərizə (vəsatət) vermişdir. Buna görə də “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346, 347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutub qərara aldı: “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar