Məhkəmə qərarları › İş №1(067)-159/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-159/2021

01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-159/2021 01.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1992-ci ildə Quba rayonunun Barlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz rayonunun Armudpadar kəndində qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasının nəticələrinə dair yekun protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2021-ci il tarixdə, saat 10 radələrində Xaçmaz rayonunun Armudpadar kəndində yaşadığı evdə qısqanclıq zəminində onunla bir evdə yaşayan keçmiş arvadı Zərərçəkmiş şəxs döyərək sonuncuya qəsdən sağlamlığa yüngül zərər vurmaya səbəb olan xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs keçmiş arvadıdır. Onlar 2014-cü ildə rəsmi olaraq ailə həyatı qurmuş və birgə nikahlarından bir övladları var. O, Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən ata evində yaşamış, həmin evdə onunla bərabər həmçinin qardaşı Asiman da yaşamışdır. 2015-ci ildə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan əməli törətdiyinə görə həmin il Xaçmaz rayon məhkəməsinin hökmünə əsasən beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2019-cu ilin yay aylarında o, həbsdən azad olunub evə qayıtmışdır. O, evə gəldikdən sonra Həmidənin ona qarşı dəyişdiyini və soyuduğunu hiss etmişdir. Bir gün isə evdə olan xalçanın altından telefon üçün nəzərdə tutulmuş yaddaş kartı tapmış və kartı yoxlatdırdıqda qardaşı Asimanla Həmidənin dəniz kənarında yarıçılpaq şəkillərinin olduğunu görmüşdür. Bu səbəbdən də o, 2019-cu ildə boşanmaq üçün Xaçmaz rayon məhkəməsinə müraciət etmiş və Həmidə ilə o ayrılmışlar. Lakin bir müddət sonra Həmidə ona zəng edərək barışmaq və evinə qayıtmaq istədiyini bildirmiş, Asimanla daha danışmayacağına söz vermişdir. O da Həmidəni götürüb evinə gətirmişdir. Lakin o, Həmidənin evə gəldikdən sonra qardaşı Asimanla bir neçə dəfə danışdığını görmüş, bu zəmində aralarında bir neçə dəfə mübahisə baş vermişdir. 08 oktyabr 2021-ci il tarixdə, səhər saat 05 radələrində o, yuxudan oyanaraq işə getmək adı ilə yataq otağından çıxmış və eyvanda olan çarpayının altında gizlənmişdir. Saat 09:30 radələrində Həmidə yuxudan oyandıqdan sonra yataq otağından çıxmış və Asimanın otağına boylanaraq “balam, yuxudan durmusan” demişdir. Həmin vaxt Həmidə 6 yaşlı qızını əlüzünü yumaq üçün həyətə göndərmiş, qardaşı Asiman isə Həmidəyə “balam, gəl səni öpüm” demişdir. Həmidə Asimana yaxınlaşmış və onlar öpüşərək divana uzanmışlar. Həmin vaxt o, çarpayının altından çıxmış, Həmidə onu görən kimi üstünə gəlmiş və evdən qovmaması üçün ona yalvarmağa başlamış, Asiman isə küçəyə qaçmışdır. O, Həmidənin sifət nahiyəsindən iki dəfə sillə ilə vurmuşdurm. Daha sonra o, Həmidəyə sonuncunu evdən qovacağını və daha bağışlamayacağını demişdir. Bu səbəbdən də Həmidə polisə gedərək onun barəsində şikayət etmişdir. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirmişdir. Həmçinin barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs keçmiş əridir. Onlar 2014-cü ildə rəsmi olaraq ailə qurmuş və birgə nikahlarından bir övladları var. O, Xaçmaz rayonunun Armudpadar kəndində Şahinlə birlikdə sonuncunun ata evində yaşamış, həmin evdə həmçinin Şahinin qardaşı Asiman da yaşamışdır. 2015-ci ildə Şahin törətdiyi cinayətə görə Xaçmaz rayon məhkəməsinin hökmünə əsasən beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2019-cu ilin yay aylarında Şahin həbsdən azad olunub evə qayıtmışdır. Şahin evə gəldikdən bir-iki ay sonra onu qardaşı Asimana qısqandığı üçün və Asimanla aralarında yaxınlığın olmasını ehtimal edərək 2019-cu ildə Şahin boşanmaq üçün məhkəməyə müraciət etmiş və onlar ayrılmışlar. Onlar ayrılandan sonra o, azyaşlı qızı ilə birlikdə atasının evinə, Baraxum kəndinə getmiş, bir neçə ay sonra Şahin onunla barışmış və onlar Xaçmaz şəhərində kirayə ev tutub yaşamağa başlamışlar. Bir müddət Xaçmaz şəhərində yaşadıqdan sonra dolanışıqları çətin olduğu üçün yenidən Xaçmaz rayonunun Armudpadar kəndinə Şahinin ata evinə qayıtmışlar. Şahin ona qardaşı Asimanla danışmağı qadağa qoymuşdur. Şahin bir neçə dəfə onu Asimanla söhbət edən zaman gördüyündən evdə onunla mübahisə etmiş və qardaşı Asimana da onunla danışacağı təqdirdə məhv edəcəyini demişdidir. 08 oktyabr 2021-ci il tarixdə, saat 10 radələrində yaşadıqları evdə Şahin yenə onun Asimanla söhbət etməsini görüb onları güdmək üçün eyvanda olan çarpayının altından çıxıb onu söymüş və onlara yaxınlaşanda o, Şahini qucaqlamış və həmin vaxt Asiman evdən həyətə qaçmışdır. Asiman evdən çıxıb gedəndən sonra Şahin onun sifət nahiyəsinə əli ilə 4-5 zərbə vurmuş və zərbələrdən sol gözünün altı və dodağının sol nahiyəsindən xəsarətlər almışdır. Hazıradək təqsirləndirilən şəxslə barışmamışdır. İş materiallarında olan 08 oktyabr 2021-ci il tarixli “Şifahi ərizə protokolu”ndan müəyyən edilir ki, Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə müraciət edərək həmin tarixdə keçmiş əri Təqsirləndirilən şəxs onu yaşadıqları Xaçmaz rayonunun Armudpadar kəndindəki evdə döyərək xəsarət yetirdiyini bildirərək, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi tərəfindən verilmiş 09 oktyabr 2021-ci il tarixli, 654 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol tərəf sifət nahiyəsinin şişkinlik və qançırı, üst dodağın selikli qişasının cırılmış yarası bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, 08.10.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan 10.03.2021-ci il tarixli məhkəmə qətnaməsinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasındakı nikah həmin qətnaməyə əsasən pozulmuşdur. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəmnində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 08 oktyabr 2021-ci il tarixdə, saat 10 radələrində Xaçmaz rayonunun Armudpadar kəndində yaşadığı evdə qısqanclıq zəminində onunla bir evdə yaşayan keçmiş arvadı Zərərçəkmiş şəxs döyərək sonuncuya qəsdən sağlamlığa yüngül zərər vurmaya səbəb olan xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş materiallarında olan Xaçmaz RİHB-nın Yergüc kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı kənddə kənd sakinləri ilə, xüsusən həmyaşıdları ilə yaxşı münasibətdədir. Onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, təqsirləndirilən şəxs və müdafiəçisi məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibi üzrə icraata “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının tətbiq edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində amnistiya aktının tətbiq edilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin barəsində amnistiya aktının tətbiq edilməsinə etiraz etmişdir. Həmçinin bildirmişdir ki, hazıradək təqsirləndirilən şəxslə barışmamışdır. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndində göstərilir ki, məhkəmələr icraatlarında olan və bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Qərarın 1-ci hissəsində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Cinayət hadisəsi nəticəsində maddi ziyan vurulmamışdır. Müdafiə tərəfi amnistiya aktının tətbiq edilməsi barədə ərizə (vəsatət) vermişdir. Buna görə də “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346, 347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutub qərara aldı: “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar