Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-159/2024 09.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1977-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, özünün deməsinə görə evli və fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1-da qeydiyyatda olmaqla yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 11 aprel 2024-cü il tarixdə, axşam saat 23 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mətbəxində arvadı Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəmnində yaranmış mübahisə zamanı əvvəl sağ əli ilə Zərərçəkmiş şəxs sifətinin sağ nahiyəsinə, sonra isə yenə də sağ əli ilə sonuncunun döş nahiyəsinə qəsdən sillə vurmaqla ona “sağ gözün alt qapaq və döş qəfəsi nahiyələrinin qançırları, sağ göz almasına qansızma” kimi qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində (xx.xx.2024) göstərdi ki, zərərçəkmiş şəxslə o, ər-arvadırlar, birgə nikahlarından övladları var. Zərərçəkmiş şəxs ona aqressiv cavab qaytardığı üçün aralarında mübahisə yaranmışdır, zərərçəkmişlə anlaşmırlar, zərərçəkmiş şəxs söz başa düşmür və aralarındakı danışıq hay-küylə nəticələnir. Onlar bir-birini anlamırlar, zərərçəkmiş şəxsə söz deyəndə ona kobud cavab qaytarır və aralarında mübahisə yaranır. O, hadisənin necə baş verdiyini hazırda tam xatırlamır. Həmçinin bildirdi ki, o, zərərçəkmiş şəxsi əli ilə itələmişdir, sonuncunun gözünün altının zədələnərək qaralması halı isə olmamışdır. O, zərərçəkmiş şəxsi əli ilə sinə nahiyəsindən itələmişdir. O, zərərçəkmiş şəxsin başqa nahiyəsinə vurmamış, yalnız sinəsinə əli ilə vurub itələmişdir. O, ibtidai istintaq orqanında tərtib edilərək iş materiallarında olan ifadəsi ilə razı deyil, o, elə bir ifadə verməmişdir, müstəntiq ondan ifadə almamış, onu çağıraraq hansısa sənədlərə imzalar etdirmişdir. O, tutularaq polis şöbəsinə aparılmış və qarşısına imzalamaq üçün sənədlər qoyulmuş, o, həmin sənədlər barədə müstəntiqdən soruşmuş, sonuncu həmin sənədlərin onun məhkəməyə gəlməməsi ilə bağlı sənədlər olduğunu, narahat olmamasını bildirmişdir, ona ittiham elan olunmasından da xəbəri olmamışdır. O, zərərçəkmiş şəxslə aralarında olan mübahisə nəticəsində övladlarından ayrı qalmasına görə peşmandır. Əlavə olaraq bildirdi ki, o, zərərçəkmişin ifadəsində bildirdiyi kimi, sonuncunu xəyanətdə ittiham etmişdir, belə ki, onun xasiyyəti belədir, o, dəfələrlə zərərçəkmişdən işə getməməsini tələb etmiş, lakin sonuncunun anası gələrək zərərçəkmişi özü ilə götürüb aparmış, uşaqları onun yanında qoyaraq getmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli məhkəmə baxışı iclasında bildirdi ki, o, səhv əməl etdiyini başa düşür, bir daha bu kimi hərəkətlərə yol verməməyə çalışacaqdır. O, zərərçəkmiş şəxslə barışmışdır. Cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, əməlindən səmimi peşman olduğunu bildirməklə göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Belə ki, Zərərçəkmiş şəxs ilə 2016-ci ilin may ayında evlənmiş və onunla olan nikahından da 2 övladı var. Evliliklərinin ilk illərində onların münasibətləri normal olmuş, ancaq son 4 ildir ki, arvadı ilə münasibətləri pisləşmişdir. Belə ki, Rəfiqə biraz acıdil imiş, o da biraz qısqanc. Buna görə də aralarında tez-tez mübahisələr düşürmüş. Hadisə baş verən gün, yəni 11 aprel 2024-cü il tarixdə, axşam saat 23 radələrində Rəfiqə və ailəsinin digər üzvləri, yəni övladları və anası yaşadıqları evdə yatmışdır. O isə həmin vaxtı mətbəxdə imiş. Həmin günü də günorta saatlarında o, xatırlamadığı səbəb üzündən Rəfiqə ilə mübahisə eləmiş və sonuncu da ona aqressiv olaraq cavab vermişdir. Buna görə də əsəbləşmiş və bu barədə Rəfiqə ilə oturub söhbət etmək istəyirmiş. Ancaq günorta saatlarında evdə ailə üzvləri olduğuna görə gecəni gözləmişdir. Bundan əlavə o, biraz da qısqanc adam imiş və Rəfiqənin də işləməsini istəmirmiş. Həmin günü axşam saat 23 radələrində yataq otağına daxil olaraq Rəfiqəni durquzaraq onunla söhbət etmək istədiyini söyləmiş və onu mətbəxə çağırmışdır. Rəfiqə də onun çağırışı əsasında mətbəxə keçmiş, mətbəxə keçdikdən sonra soyuducunu açaraq qarşısına yemək qoymuş və yemək yeməyə başlamışdır. Yemək yeyən zaman Rəfiqəyə niyə onunla aqressiv olaraq danışdığını soruşmuş, bundan əlavə onun artıq məktəbdə işləmək istəmədiyini, məktəbdə bir çox kişilərin işlədiyini və onu qısqandığını söyləmişdir. Rəfiqə isə yenidən ona aqressiv formada cavab vermiş və yenə də aralarında mübahisə etməyə başlamışlar. O isə yenidən Rəfiqə ona acıqlı şəkildə cavab verdiyinə görə əsəbləşərək bir anda sağ əli ilə onun sifətinin sağ nahiyəsindən şillə ilə vurmuş, sillə isə onun sağ gözünə dəymişdir. Ardınca isə yenidən sağ əli ilə onun döş nahiyəsindən sillə ilə vurmuş, zərbələrin təsirindən Rəfiqə qışqıraraq ağlamağa başlamış, aralarındakı səs-küyə isə anası Əsimə yataqdan duraraq gəlmiş və onları ayırmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində (xx.xx.2024) göstərdi ki, o, təqsirləndirilən şəxslə ər-arvaddırlar, ailəvi olaraq birlikdə yaşayırlar. Təqsirləndirilən şəxslə aralarındakı münasibət 2018-2019-cu illərdən pozulmuşdur. Belə ki, təqsirləndirilən şəxs onu əsassız olaraq qısqanır, başqa kişilərin ona baxmasını irad tutur, gecələr onu yatmağa qoymur, yuxudan oyadaraq qısqanclığı zəmnində onunla söhbət edərək mübahisə edir. Təqsirləndirilən şəxs onu dəfələrlə döymüş, lakin o, hüquq-mühafizə orqanlarına şikayət etməmiş, bu dəfə isə artıq məcbur olaraq şikayət etmişdir. Təqsirləndirilən şəxs onu qısqanaraq əsassız olaraq xəyanətdə ittiham etmiş, evdə təkləyərək döymüş, hazırda isə o istəyir ki, təqsirləndirilən onu ittiham etdiyi məsələlər barədə məhkəmə iclasında da bildirsin. Təqsirləndirilən şəxsin ifadəsində onu döyməməsi ilə bağlı dedikləri yalandır. Hazırkı cinayət işi üzrə hadisə vaxtı təqsirləndirilən şəxs onu vurmuş, əlləri ilə boğmuş, onun qışqırığına qayınanası oyanaraq gəlmişdir. O, təqsirləndirilən şəxslə yaşadıqları evi tərk etməyə məcbur olmuş, gah atasının, gah da qardaşının evində yaşayır, uşaqlarını da özü ilə işə gedəndə aparıb-gətirir. O çox istəyir ki, özü, qız övladı onların öz evində yaşasınlar, lakin təqsirləndirilən şəxsin hərəkətlərinə görə evlərinə qayıda bilmirlər. Hadisə baş verən gün də təqsirləndirilən şəxs onu yuxudan oyadaraq ona hansısa şəxsləri qısqanaraq onu sorğu-sual etməyə, həmin şəxslərin onun işlədiyi yerə ona görə gəldiklərini deməyə başlamış, o da bu kimi yalan ittihamlara etirazını bildirmiş və aralarındakı mübahisə böyümüşdür. Təqsirləndirilən şəxs ifadəsində deyir ki, guya o, söz başa düşmür və buna görə də aralarındakı məsələlər hay-küylə nəticələnir. O, təqsirləndirilən şəxsin onu başqa kişilərlə şübhələnməsini necə başa düşüb iradlarına etiraz etməməlidir?! 2021-ci ilin noyabr ayından təqsirləndirilən şəxs onu döyür. Həmçinin bildirdi ki, hadisə vaxtı təqsirləndirilən şəxs əli onun sinə və sifət nahiyəsindən vurmuşdur. O, təqsirləndirilən şəxsin narkotik vasitə istifadəçisi olduğunu bildikdən sonra, maddi vəziyyətlə bağlı, uşaqlarını saxlamaq üçün işləməyə məcbur olmuşdur. Onlar boşanmamışlar, lakin təqsirləndirilən şəxs təyin edilmiş alimenti də ödəyə bilmir. Belə olan halda o, işləməyə məcburdur, təqsirləndirilən isə ondan işləməməsini tələb edir. Təqsirləndirilən şəxslə o halda barışar ki, sonuncu onu ittiham etdiyi əsassız məsələlərdə haqsız olduğunu bildirsin, ondan üzr istəmiş olsun. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli məhkəmə baxışı iclasında bildirdi ki, təqsirləndirilən şəxs hazırda ondan barışması üçün xahiş etmiş, bir daha ona əsassız olaraq qısqanıb mübahisə yaratmayacağı, döyməyəcəyinə dair söz vermiş, bundan əlavə, o da uşaqları ilə birlikdə öz evində ailəvi şəkildə yaşamaq istədiyindən təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Evlidir və iki övladı var. 2014-cü ilin fevral ayından etibarən Xaçmaz şəhəri 7 saylı tam orta məktəbdə katibə vəzifəsində işləyir. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əridir, onunla düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxsla 2016-ci ilin may ayında evlənmişdir. Evliliklərinin ilk illərində onların münasibətləri normal olmuş, ancaq son 4 ildir ki, əri ilə münasibətləri pisləşmişdir. Belə ki, Nəbi həddindən artıq qısqanc imiş. Buna görə də Nəbi mütəmadi olaraq, əsassız yerə onunla mübahisə edirmiş. Hadisə baş verən günü, yəni 11 aprel 2024-cü il tarixdə, axşam saat 23 radələrində o, yaşadığı evdə yatmışdır. Bu zaman Nəbi yataq otağına daxil olaraq onu durğuzmuş və onunla söhbət etmək istədiyini söyləyərək onu mətbəxə çağırmışdır. O da Nəbinin çağırışı əsasında mətbəxə keçmiş, mətbəxə keçdikdən sonra Nəbi soyuducunu açaraq qarşısına yemək qoyaraq yemək yeməyə başlamışdır. Yemək yeyən zaman Nəbi yenidən onunla səbəbsiz yerə mübahisə etməyə başlamış, mübahisənin də səbəbi guya ki, o, müxtəlif şəxslərlə görüşür. O isə Nəbiyə dəfələrlə heç kimlə görüşmədiyini və onu aldatmadığını söyləmiş, Nəbi isə ona inanmadığını söyləyərək bir anda sağ əli ilə sağ gözündən sillə vurmuş, ardınca isə sağ əli ilə döş nahiyəsindən sillə vurmuşdur. Zərbələrin təsirindən o, qışqıraraq ağlamağa başlamış, aralarındakı səs-küyə isə qayınanası Əsimə yataqdan duraraq gəlmiş və onları ayırmışdır. O, ərindən şikayətçidir və onunla da barışmaq niyyəti yoxdur. Əri onu döydükdən sonra artıq o, onunla eyni evdə qalmır, övladlarını da götürərək ata evində yaşayır. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərdi ki, iş üzrə təqsirləndirilən şəxs onun doğma oğludur. O, oğlu Təqsirləndirilən şəxs etdiyi əməllərdən narazıdır. Oğlu əməllərində yaxşı olsaydı, zərərçəkmiş şəxs yaşadıqları evi tərk etməzdi. Oğlu Nəbinin cinayət əməllərinə görə o da hüquq-mühafizə orqanlarına gedib-gəlməyə məcbur olmuşdur. Hazırkı cinayət işi üzrə hadisənin baş verdiyi vaxt, yəni oğlu Nəbi gəlni Rəfiqəni sonuncu dəfə axşam saatlarında yaşadıqları evin mətbəxində döymüş, o, yuxudan səsə ayılaraq onların arasına girib ayırmışdır. O, istəyir ki, gəlni evə qayıdaraq oğlu ilə ailəvi mehriban şəkildə yaşasınlar. Şahid iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. X2 2016-ci ilin iyul ayında vəfat etmişdir və onunla olan nikahından da 3 övladı var. Təqsirləndirilən şəxs onun oğludur və o da 2016-ci ildən etibarən Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Onların da iki övladı var. Onun oğlu bir az qısqancdır, buna görə də teztez arvadı ilə mübahisə edir. Sonuncu dəfə hadisə baş verən günü, yəni 11 aprel 2024-cü il tarixdə, axşam saat 23 radələrində o, yaşadığı evdə yatmışdır. Bu zaman anidən evin mətbəxindən qışqırıq səsləri gəlmişdir. O da buna görə dərhal mətbəxə keçmişdir. O, mətbəxə keçən zaman Nəbinin Rəfiqəni döydüyünü görmüşdür. Buna görə də o, onların arasına girərək ayırmışdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Rəfiqənin bildirdikləri, yəni 11 aprel 2024-cü il tarixdə, axşam saat 23 radələrində Nəbinin Rəfiqənin sifət və sinə nahiyələrinə sillə ilə vurması doğrudur. İş materiallarında olan 12 aprel 2024-cü il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə, saat 11:42-də iş üzrə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, əri Təqsirləndirilən şəxs onu döyməsi barədə məlumat vermişdir. İş materiallarında olan 12 aprel 2024-cü il tarixli ərizədən müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə müraciət edərək, 11 aprel 2024-cü il tarixdə ünvan 1 ünvanında yaşadığı evdə əri Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirməsini bildirib Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 15 aprel 2024-cü il tarixli, 159 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ gözün alt qapaq və döş qəfəsi nahiyələrinin qançırları, sağ göz almasına qansızma bərk küt əşya (əşyaliar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına sabəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” 22 iyul 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində, yəni hazırkı iş üzrə cinayət hadisəsinin baş verdiyi yerdə Təqsirləndirilən şəxs ifadəsi müdafiəçinin də iştirakı ilə yerində yoxlanılmış, təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri göstərərək xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində arvadı Zərərçəkmiş şəxs ilə evin mətbəxində aralarında qısqanclıq zəmnində yaranmış mübahisə zamanı arvadını sağ əli ilə sağ göz və döş nahiyələrinə sillə vurduğunu bildirmişdir. Protokol təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 11 aprel 2024-cü il tarixdə, axşam saat 23 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mətbəxində arvadı Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəmnində yaranmış mübahisə zamanı əvvəl sağ əli ilə Zərərçəkmiş şəxs sifətinin sağ nahiyəsinə, sonra isə yenə də sağ əli ilə sonuncunun döş nahiyəsinə qəsdən sillə vurmaqla ona “sağ gözün alt qapaq və döş qəfəsi nahiyələrinin qançırları, sağ göz almasına qansızma” kimi qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş materiallarında olan “Nikah haqqında” Şəhadətnamənin surətindən, Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan, həmçinin EMİS-dən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs ər-arvad olmaqla, ünvan 4-da yaşamaqla xx.xx.2016 və xx.xx.2018-ci il təvəllüdlü uşaqları var. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirərək təqsirləndirilən şəxslə barışdığından sonuncunun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Həmçinin bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Dövlət ittihamçısı məhkəmə prosesi zamanı çıxışında zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqlarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsinə əsasən iş üzrə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işininin icraatına xitam verilməsini təklif etmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə prosesi zamanı zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqlarından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi halı olmamışdır. Beləliklə, məhkəmə iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 43, 344-347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza xərcinin, mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Qərardan elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-159/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-159/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver