Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-162/2023 26.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1998-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz şəhəri, Atatürk küçəsi ev 79-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımışdır Belə ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə o, Xaçmaz şəhəri, Atatürk küçəsində saxlanılıb həmin tarixdə saat 10:41-dən 10:51dək olan müddətdə Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qolsuz gödəkçəsinin sol iç cibində saxladığı “Veqas” markalı siqaret qutusunun üzərindəki sellofanının altında olan bir ədəd bükümdə 0,416 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, üzərindən aşkar edilmiş mütamfetamin psixotrop maddəsini Bakı şəhərində olarkən 05 iyun 2023-cü il tarixdə yerdən tapmışdır. 06 iyun 2023-cü il tarixdə Xaçmaz şəhərinə gəldikdə isə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş və üzərindən həmin psixotrop maddə aşkar edilmişdir. Həmçinin bildirdi ki, ona həmin metamfetaminin yerini kimsə deməmiş, təsadüfən tapmışdır. O, yalnız metamfetamin olmaqla bir ilə yaxındır ki, istifadə edir. O, tapdığı həmin metamfetamindən Bakı şəhərində olarkən az miqdarda istifadə etmişdir. Həmin metamfetaminin onda olmasından heç kimi xəbəri olmamışdır. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz şəhəri, Atatürk küçəsi ev 79-da ailəsilə birlikdə yaşayır, fərdi qaydada günəmuzd işləməklə ailəsini saxlayır. O, təxminən 4-5 aydır ki, psixotrop maddə metamfetamindən istifadə edir. 05 iyun 2023-cü il tarixdə Bakı şəhərində olduğu zaman təsdüfən yerdə 1 ədəd büküm görmüş, həmin bükümü götürüb içinə baxdıqda içində “patı” kimi tanıdığı metamfetamin olmasını görmüşdür. O, həmin 1 ədəd bükümdəki psixotrop maddədən istifadə etmək üçün bükümü cibindəki «Veqas» markalı siqaret qutusunun üzərindəki sellofanın altına yerləşdirib cibinə qoymuşdur. O, həmin metamfetamindən istifadə etmək üçün sonradan aptekdən 1 ədəd şpris və 1 ədəd apmula da alıb cibinə qoymuşdur, hətta 1 dəfə istifadə də etmişdir. 06 iyun 2023-cü il tarixdə, saat 09:20 radələrində yaşadığı Xaçmaz şəhəri, Atatürk küsəsində olduğu zaman mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq özlərinin Xaçmaz RPŞ- nin əməkdaşları olduqlarını bildirib onu şöbəyə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyərək onların təklifi ilə razılışıb polis əməkdaşları ilə birlikdə şöbəyə gəlmişdir. Xaçmaz RPŞ-də hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. Bundan sonra Xaçmaz rayon polis şöbəsində üzərinə Xaçmaz rayon vəkil bürosunun vəkilinin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli qolsuz gödəkçəsinin sol iç cibindən 1 qutu «Veqas» markalı siqaret qutusunu, sol yan cibindən 1 ədəd ampula və 1 ədəd şprisi çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin «Veqas» markalı siqaret qutusunun üzərindəki sellofanın altında 1 ədəd büküm olması məlum olmuşdur. Həmin büküm açıldıqda onun içində ağ rəngli kütlə aşkar edilmişdir. Həmin ağ rəngli kütlənin nə olmasını müstəntiq ondan soruşduqda o, həmin bükümdəki kütlənin “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu və onu taparaq istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Həmin 1 ədəd büküm elektron tərəzidə çəkilərkən onun çəkisinin 0,5 qram olması məlum olmuşdur. Bundan sonra onun üzərindən aşkar edilmiş 1 ədəd büküm, 1 ədəd ampula və 1 ədəd şpris bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri imzalanıb möhürlənərək götürülmüş və bununla əlaqədar protokol tərtib edildikdən sonra protokolu imzaları ilə təsdiq etmişlər. Üzərindən aşkar edilmiş metamfetamini o, Bakı şəhərindən tapmışdır. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Üzərindən aşkar edilmiş şprisdən və sınıq ampuladan narkotik və psixotrop maddə qəbul etmək üçün istifadə etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatını raport yazaraq rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və bu qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əmrə əsasən əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Xaçmaz RPŞ-nin Narkotiklərlə Mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakı ilə onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Onlar əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmişlər və 06 iyun 2023-cü il tarixdə, saat 09:20 radələrində Xaçmaz şəhəri, Atatürk küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələri daşımaqda və istifadə etməkdə şübhəli olduğu üçün onu Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Yolda gələrkən Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir əşya varsa, onları özündən kənarlaşdıra bilməsin. Polis şöbəsində Xaçmaz RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Elşən Əliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarışın aparılacağı izah olunmuşdur və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl baş müstəntiq Elşən Əliyev tərəfindən Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etməsi təklif olunmuşdur. Müstəntiqin bu təklifindən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli qolsuz gödəkçəsinin sol iç cibindən 1 qutu «Veqas» markalı siqaret qutusunu və sol yan cibindən isə 1 ədəd sınıq ampula və 1 ədəd istifadə olunmuş şprisi çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. “Veqas» markalı siqaret qutusunu üzərindəki sellofanın altında 1 ədəd sarı rəngli sellofan bükümün olması müəyyən edilmişdir. Həmin sellofan büküm müstəntiq tərəfindən açılıb içərisinə baxılan zaman içərisində psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli, kristalşəkilli kütlənin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün içərisindəki kütlənin «patı», yəni psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni taparaq əldə etdiyini və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sınıq ampulada psixotrop maddə istifadə etdiyini və 1 ədəd şpris vasitəsilə isə narkotik vasitə heroin istifadə etdiyini bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilsə də, sonuncunun üzərindən başqa hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd sellofan büküm elekton tərəzidə çəkilən zaman çəkisinin 0,5 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli kristalşəkilli kütlə olan bir ədəd sellofan büküm və 1 ədəd sınıq ampula, 1 ədəd şpris bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb, möhürlənərək müstəntiq tərəfindən ekspertizaya təqdim edilməsindən ötrü maddi sübut kimi götürülmüş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 qutu «Veqas» markalı siqaret qutusu onun özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və protokol ucadan oxunduqdan sonra, protokolun doğru olmasını Təqsirləndirilən şəxs, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsi saxlayarkən sonuncunun yanında kimsə olmamışdır. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 06 iyun 2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X4 RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2, həmin NMQ-nun əməliyyat müvəkkili Şahid1, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl müstəntiq Elşən Əliyev tərəfindən Təqsirləndirilən şəxs qanunvercilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs əynində qara rəngli qolsuz gödəkçə, xaki rəngli qısaqol köynək, qara rəngli cins şalvar və ayağında qara rəngli ayaqqabılar olmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkçəsinin sol iç cibindən 1 qutu «Veqas» markalı siqaret qutusu, sol yan cibindən 1 ədəd ampula və 1 ədəd şpris aşkar olunmuşdur. «Veqas» markalı siqaret qutusunun üzərindəki sellofanın altında 1 ədəd sarı rəngli sellofan bükümün olması müşahidə olunmuş, aşkar edilmiş həmin 1 ədəd büküm açıldıqda onun içində ağ rəngli kütlələrin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 1 ədəd bükümdə «patı», yəni psixotrop maddə metamfetamin olduğunu və onu taparaq istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs cibindən aşkar edilmiş 1 ədəd ampula və 1 ədəd şprisi üzərində gəzdirməkdə məqsədi inyeksiya yolu ilə üzərindən aşkar edilmiş psixotrop vasitəyə bənzər kütlədən istifadə etmək olduğunu bildirmişdir. Bundan başqa ampulanın içində xırda ağ kütlələrin olması müşahidə olunduğundan onun içindəki kütlənin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda o, kütlənin limon duzu olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd büküm içindəki metmfetaminlə birlikdə elektron tərəzidə çəkilərkən bükümün ümumi çəkisinin 0,5 qram olması məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sarı rəngli büküm, 1 ədəd ampula və 1 ədəd şpris ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Ondan aşkar edilmiş 1 qutu «Veqas» markalı siqaret qutusu onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri X6 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2023-cü il tarixli, 6/3225 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 58” dairəvi möhür əksləri olan, “xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar... ” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,416 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqdim edilmiş 1 (bir) ədəd qırıq vəziyyətdə olan ampulun içərisində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. Təqdim edilmiş 1 (bir) ədəd 1 ml həcmli boş şprisin içərisində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün deyildir. Təqdqiqata metamfetamin psixotrop maddəsindən 0,050 qram sərf edildikdən sonra qalıq – 0,366 qram təşkil etmişdir. İş materiallarında olan 10 iyun 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və 19 avqust 2023-cü il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,416 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,366 qram təşkil edən metamfetamin psixotrop maddəsi, içərisində psixotrop maddə metamfetaminə məxsus izlər olan 01 ədəd qırıq ampul və içərisində narkotik vasitə heroin izləri olan 01 ədəd 1 ml həcmli boş şpris maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 03 avqust 2023-cü il tarixli, 4940 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı təsdiq olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamışdır, onun psixotrop maddənin kimdənsə alması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə edilməmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 5(067)- 122/2023 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsi barədə “Əməliyyat tədbirinin keçirilməsi haqqında” 06 iyun 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 19 avqust 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi köçürülmüş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,416 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs bir azyaşlı uşağı var. Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Çalışmışdır ki, qohumqonşular ondan narazı qalmasınlar. Onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək cinayət əməlindən peşman olmasını, bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 06 iyun 2023-cü il tarixli protokoldan (saat 10:05), 07 iyun 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan (saat 18:30) və xx.xx.2023-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş təmiz çəkisi 0,416 qram olan psixotrop maddə metamfetamindən təqdqiqata 0,050 qram sərf edildikdən sonra qalıq 0,366 qram təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,416 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,366 qram təşkil edən metamfetamin psixotrop maddəsi, həmçinin içərisində psixotrop maddə metamfetaminə məxsus izlər olan 01 ədəd qırıq ampul və içərisində narkotik vasitə heroin izləri olan 01 ədəd 1 ml həcmli boş şpris maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,366 qram təşkil edən metamfetamin psixotrop maddəsi və içərisində psixotrop maddə metamfetaminə məxsus izlər olan 01 ədəd qırıq ampul və içərisində narkotik vasitə heroin izləri olan 01 ədəd 1 ml həcmli boş şpris hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq 06 iyun 2023-cü il tarixdən 07 iyun 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən - 26 sentyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,366 qram təşkil edən metamfetamin psixotrop maddəsi və içərisində psixotrop maddə metamfetaminə məxsus izlər olan 01 ədəd qırıq ampul və içərisində narkotik vasitə heroin izləri olan 01 ədəd 1 ml həcmli boş şpris hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü (01 ədəd videofayl) və maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-162/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-162/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver