Məhkəmə qərarları › İş №1(067)-166/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-166/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-166/2024 10.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X9 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs - Mirzəliyeva (Muradova) Fəridə Məmmədəli qızının, müdafiəçisi - Müdafiəçi, təqsirlənidirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əməllərində cinayətin residivi olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Xaçmaz rayonu, Hacıəhməd-oba kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 21 aprel 2014-cü il tarixdən başlayaraq övladı, 19 oktyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103,00 manat sabit pul məbləğində alimentin alınaraq zərərçəkmiş şəxs Muradova (Mirzəliyeva) Fəridə Məmmədəli qızına ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli, 2(060)-1880/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlığdan məhrumetmə cəzasına məhkum edilməsinə, eləcə də Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətində inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərədə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, ilkin təqdimat verilən xx.xx.2021-ci il tarixdən sonuncu təqdimat verilən xx.xx.2023-cü il tarixədək 3090,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Mirzəliyeva (Muradova) Fəridə Məmmədəli qızının xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq, qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, etdiyi cinayət əməlindən peşmandır və yaranmış aliment borcunu ödəməkdən boyun qaçırmır. Lakin hazırda işləmir, maddi imkanı yoxdur. O, 15-20 gün vaxt verilərsə təxminən 250-300 manat məbləğ də ödəniş edə bilər. İbtiadi istintaqa verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs yekun məhkəmə baxışı iclasında tikintidə işlədiyini və hazırda işdən çıxaraq məhkəmə prosesinə gəldiyini bildirərək yaranmış aliment borcundan yerindəcə 300 manat məbləğində pul ödəniş edə biləcəyini bildirmişdir. Barəsində cəza təyin edilərkən azyaşlı uşaqlarının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Mirzəliyeva (Muradova) Fəridə Məmmədəli qızı bildirdi ki, təqsirləndirilən şəxsin barəsində olan əvvəlki cinayət işi üzrə də, aliment borcu vardır. O, alimentin artırılması üçün məhkəməyə müraciət etməmişdir. Təqsirləndirilən şəxslə birgə nikahlarından dünyaya gələn övladının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 103 manat sabit pul məbləğində aliment alınaraq ona verilməlidir. Övladının 16 yaşı var və 6 fənndən əlavə müəllim yanına hazırlığa gedir. Lakin təqsirləndirilən şəxs ödəniş etmir. Təqsirləndirilən şəxs yaranmış aliment borcundan ödədiyi 2000 manat məbləğdə pulu ibtidai istintaq vaxtı ödəmişdir. Lakin barəsində cinayət işi məhkəməyə daxil olduqdan sonra heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxsin torpaq sahələri var, istəyərsə qalıq 1000 manat məbləğində aliment borcunu ödəyə bilər. Təqsirləndirilən şəxslə əvvəldən qohumluq əlaqələri olduğundan evlərini 60 min manat pula sataraq Xaçmaz rayonundan ev almaları barədə məlumatlıdır. Belə ki, təqsirləndirilən şəxs onun xalası oğludur. Lakin təqsirləndirilən şəxs həmin məlumatların həqiqəti əks etdirdiyini etiraf etmir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 2000 manat məbləğində aliment borcunu təxminən 3 ay əvvəl ödəmişdir. Təqsirləndirilən şəxs ona 15 gün vaxt verilərsə ödəniş edə biləcəyini demişdir. Lakin təqsirləndirilən şəxs hər dəfə eyni vədləri verir. Təqsirləndirilən şəxs ödənilməmiş qalan aliment borcunu tam olaraq ödəsə şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli, 2(060)- 1880/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 08 ay müddətinə azadlığdan məhrumetmə cəzasına məhkum edilməsinə, eləcə də Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən AR İXN-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətində inzibati qaydada həbs olunmasına baxmayaraq icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Təqsirləndirilən şəxsin ümumilikdə 3090 manat aliment borcu vardır. Lakin təqsirləndirilən şəxsin ibtidai istintaq müddətində yaranmış aliment borcundan 2000 manat ödəniş etməsi barədə şifahi məlumatı olmasına baxmayaraq rəsmi məlumat yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunduqdan sonra 530 manat məbləğində pul ödənişi etmiş, həmin məbləğ əvvəlki borcundan çıxılmışdır. Lakin təyin edilmiş hər ay 103 manat sabit pul məbləğində aliment ödənişi etməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 bildirdi ki, qeyd olunan icra sənədi Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icraatına 2014-cü il tarixdə daxil olmuşdur. İcra sənədi üzrə Təqsirləndirilən şəxs hər ay 103 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra məmuru tərəfindən icra sənədi üzrə tərəfə icraata başlamaq haqqında qərar və bildiriş təqdim olunmuşdur. Buna baxmayaraq borclu ödənişlər etmədiyi üçün barəsində Xaçmaz rayon məhkəməsinin qərarı ilə inzibati həbs tətbiq olunmuşdur. Bundan sonra borclunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən təqdimat hazırlanaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Cəzaçəkmə Müəssisəsindən azadlığa çıxdıqdan sonra borcunu ödəmədiyi üçün yenidən barəsində 2023-cü ilin fevral ayında Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmiş və Xaçmaz rayon məhkəməsinin qərarına əsasən 08 (səkkiz) gün müddətinə inzibati həbs olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs barəsində ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Xaçmaz rayon məhkəməsinə təqdimat göndərilmiş və məhkəmənin qərardadına əsasən borclunun ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs barəsində göndərilmiş təqdimatda tələbkarın xeyrinə 3090 manat ödənilməmiş aliment borcu yaranmışdır. Qətnamənin icrası ilk olaraq icra məmuru Natiq Şəfiyevin icraatında olub, lakin hazırda böyük icra məmuru Şahid1 icraatındadır. Təqsirləndirilən şəxs barəsində təqdimatla müraciət edilənədək sonuncu yaranmış aliment borcundan 530 manat ödəniş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 12 fevral 2024-cü il tarixli “Cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 01) müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi istintaqı davam etdirilməsi üçün icraata qəbul edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin “Cinayət məsuliyyətinə cəlb etmə haqqında” təqdimatından (cild 01, vərəq 07) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması məqsədilə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İstintaq İdarəsinə cinayət məsuliyyətinə cəlb etmə haqqında təqdimatla müraciət olunmuşdur. - Sumqayıt şəhər məhkəməsinin 2(060)-1880/2014 saylı, 21 aprel 2014-cü il tarixli qətnaməsindən və 13 iyun 2014-cü il tarixli icra vərəqəsindən (cild 01, vərəq 09-11) müəyyən edilir ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-1880/2014 saylı, 21 aprel 2014cü il tarixli qətnaməsi ilə 21 aprel 2014-cü il tarixdən hesablanmaqla 19 oktyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 103 manat pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq Mirzəliyeva (Murdaova) Fəridə Məmmədəli qızına verilməsi qət edilmişdir. - 03 iyul 2014-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan (cild 01, vərəq 12) görünür ki, Xaçmaz şəhəri, S.Qurbanov küçəsi, ev 14, mənzil 2-də yaşayan Təqsirləndirilən şəxs barəsində olan icra vərəqəsi onun icraatına daxil olmuş və iş üzrə icraata başlanılmışdır. - 03 iyul 2014-cü il tarixdə Xaçmaz rayon İcra Şöbəsinin icra məmuru Şahid1 tərəfindən tərtib olunmuş “Tələbin könüllü icrası haqqında” bildirişdən (cild 01, vərəq 13) görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, o, 10 gün müddətində icranı könüllü təmin etsin. - Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” təqdimatının və Xaçmaz Rayon Məhkəməsinin 28 aprel 2014-cü il tarixli, 8(067)-113/2020 saylı qərardadının təsdiqlənmiş surətlərindən (cild 01, vərəq 15-17) müəyyən edilir ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - Xaçmaz rayon məhkəməsinin 1(067)-39/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən (cild 01, vərəq 22) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikaı CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib, cəzasının əvvəli 10 mart 2022-ci il tarixdən hesablanmaqla ona 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. - Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 30 noyabr 2022-ci il tarixli “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən (cild 01, vərəq 25) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 2(060)-1880/2014 saylı, 13 iyun 2014-cü il tarixli icra sənədinin icrası ilə bağlı xx.xx.2022-ci il tarixdə, saat 10:00-da Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuş, gəlmədiyi halda Polis vasitəsilə məcburi qaydada gətiriləcəyi və barəsində icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - Təqsirləndirilən şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatının təsdiqlənmiş surətindən (cild 01, vərəq 26) müəyyən edilir ki, o, Sumqayıt şəhər məhkəməsinin 2(060)-1880/2014 saylı, 13 iyun 2014-cü il tarixli icra sənədinə əsasən 1 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 21 aprel 2014-cü il tarixdən başlayaraq hər ay 103 manat məbləğində aliment pulunu tələbkar Zərərçəkmiş şəxs ödəməlidir. Aliment borcunu ödəmədiyi üçün o, cinayət məsuliyyətinə cəlb olunmuş, 10 noyabr 2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Həmin vaxtdan heç bir ödəniş etməmişdir. Yaranmış 4650 manat məbləğində aliment borcundan heç bir ödəniş edə bilməmişdir. - 17 fevral 2023-cü il tarixli “İnzibati xəta haqqında protokol”unun təsdiqlənmiş surətindən (cild 01, vərəq 28) müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs 4650 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələbini yerinə yetirmədiyindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə müraciət edilmişdir. - Xaçmaz rayon məhkəməsinin 3(067)-242/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından (cild 01, vərəq 30) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib həmin tarixdən başlayaraq barəsində 08 (səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. - Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 17 aprel 2023-cü il tarixli “Cinayət Xəbərdarlığ”ın təsdiqlənmiş surətindən (cild 01, vərəq 32) müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs həmin tarixədək yaranmış 4829 manat aliment borcunu 10 gün müddətində tələbkar Zərərçəkmiş şəxs (Mirzəliyevaya) ödəməsi, ödəməyəcəyi təqdirdə, barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat veriləcəyi barədə xəbərdarlıq edilmişdir. - Təqsirləndirilən şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatının təsdiqlənmiş surətindən (cild 01, vərəq 33) müəyyən edilir ki, o, Sumqayıt şəhər məhkəməsinin 2(060)-1880/2014 saylı, 13 iyun 2014-cü il tarixli icra sənədinə əsasən 1 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 21 aprel 2014-cü il tarixdən başlayaraq hər ay 103 manat məbləğində aliment pulunu tələbkar Zərərçəkmiş şəxs ödəmədiyi üçün 17 fevral 2023-cü il tarixdə inzibati məsuliyyətə cəlb olunmuşdur. İnzibati məsuliyyətə cəlb edildikdən sonra tələbkarın xeyrinə 530 manat məbləğində pul ödənişi etmişdir. Hazırda 4738 manat aliment borcu yaranmışdır. Avqust ayının sonuna qədər yaranmış aliment borcundan 500 manat ödəniş edəcəkdir. - xx.xx.2023-cü il tarixli “Ərizə”dən (cild 01, vərəq 37) müəyyən edilmişdir ki, Mirzəliyeva (Muradova) X7 rayon İcra və Probasiya Şöbəsinə ərizə ünvanlayaraq borclu Təqsirləndirilən şəxs 5047 manat məbləğində aliment borcunu ödəməkdən yayındığı üçün barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar olaraq təqdimatla Azərbaycan Respublikası Ədliyyə Nazirliyin İstintaq İdarəsinə müraciət edilməsini xahiş etmişdir. - X20 İnkişaf Mərkəzi tərəfindən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş məktubun əsli ilə təsdiqlənmiş surətindən (cild 01, vərəq 38) müəyyən edilir ki, Təqsirləndirilən şəxs adına Quba DAİM X13 Sektorunun daşınar əmlakın rəsmi reyestrində mexaniki nəqliyyat vasitələri və k/t texnikaları qeydiyyata alınmamışdır. - Xaçmaz rayonu, Əhmədoba bələdiyyəsi tərəfindən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizəsinin təsdiqlənmiş surətindən (cild 01, vərəq 39) müəyyən edilir ki, Xaçmaz rayonu, Hacıəhmədoba kəndində yaşayan Təqsirləndirilən şəxs mülkiyyətində 0,63 ha pay torpaq sahəsi vardır. - Xaçmaz rayon İHB-nin Əhmədoba kənd İƏD nümayəndəliyi tərəfindən daxil olmuş “Xasiyyətnamə”nin əsli ilə təsdiqlənmiş surətindən (cild 01, vərəq 41) müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs evlidir. O, 2016-cı ildən Xaçmaz rayonu, Hacəhmədoba kəndinə köçüb və ailə üzvüləri ilə birgə yaşayır. Təqsirləndirilən şəxs barəsində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən şifahi sorğular daxil olmuşdur. xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək həbsdə olmuşdur. Anasının nümayəndəliyə verdiyi məlumatına əsasən Xaçmaz rayonunda müxtəlif yerlərdə tikintilərdə işləyir. Onun barəsində Xaçmaz RİHB-nın Əhmədoba kənd İƏD üzrə nümayəndəliyinə vətəndaşlar tərəfindən şifahi və ya yazılı şikayət daxil olmamışdır. - X5 X4 Filialı tərəfindən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 28 noyabr 2022-ci il tarixli məktubun əsli ilə təsdiqlənmiş surətindən (cild 01, vərəq 43) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində iş axtaran və ya işsiz kimi qeydiyyatı yoxdur. - Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 01 dekabr 2023-cü il tarixli “Akt”ın əsli ilə təsdiqlənmiş surətindən (cild 01, vərəq 44) müəyyən edilmişdir ki, icra sənədi üzrə aliment borcunun ödənişi ilə bağlı borclu Təqsirləndirilən şəxs 055 521 07 48 nömrəli mobil telefonu ilə əlaqə saxlanılmış və borclu aliment borcundan heç bir ödəniş etmədiyini bildirmişdir. - Borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının olmaması və ya yetərli olmamasının müəyyən edilməsi haqqında 01 dekabr 2023-cü il tarixli “Akt”dan (cild 01, vərəq 45) müəyyən edilmişdir ki, baxış zamanı həmin ünvanda qanunla tələbə yönəldilə bilən borcluya məxsus hər hansı bir əmlakı olmadığı müəyyən edilmişdir. - Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 05 dekabr 2023-cü il tarixli “Cinayət məsuliyyətinə cəlb olunması haqqında” xəbərdarlığın təsdiqlənmiş surətindən (cild 01, vərəq 46) müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixədək tələbkara ödəməli olduğu 3090 manat aliment pulundan cəmi hissə-hissə 530 manat ödəmiş, yaranmış 2560 manat aliment borcu olmaqla ümumilikdə 5253 manat ödənilməmiş aliment borcu vardır. - Borclu (təqsirləndirilən şəxs) barəsində məlumatları elektron sorğulaması sənədlərindən (cild 01, vərəq 48) adında hər hansı məlumat müəyyən edilməmişdir. - X6 barəsində məlumatları elektron sorğulaması sənədlərindən (cild 01, vərəq 50) adında hər hansı məlumat müəyyən edilməmişdir. - “Aliment borcunun hesablanması haqqında” qərardan və ödənilən (ödənilməyən) aliment ödənişləri cədvəlindən (cild 01, vərəq 54-56) müəyyən edilmişdir ki, borclu Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə ödənilməli məbləğ 3090 manat, qalıq borc 2560 manat və ödənilmiş 530 manat məbləğlər göstərilmişdir. - Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi 12 fevral 2024-cü il tarixli tələbnamədən (cild 01, vərəq 59) müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1(067)-39/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 68) müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinin müstəntiqi, l dərəcəli ədliyyə qulluqçusu X11 tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaqı davam edilmişdir. - 15 mart 2024-cü il tarixli “Zərərçəkmiş şəxs kimi tanımaq haqqında” qərardan (cild 01, vərəq 70) müəyyən edilir ki, Mirzəliyeva (Muradova) Fəridə Məmmədəli qızı zərərçəkmiş şəxs qismində tanınmışdır. - 01 may 2024-cü il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan (cild 01, vərəq 86) müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. - 30 iyul 2024-cü il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə” qərardan (cild 01, vərəq 89) müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir və ibtidai istintaq davam edilmişdir. - Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Xaçmaz regional ədliyyə idarəsinə ünvanlandığı “Ərizə”dən və “Müdafiəçi dəvət edilməsi haqqında” qərardan (cild 01, vərəq 91-92) müəyyən edilmişdir ki, Ədliyyə Nazirliyinin İstintaq İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması zamanı maddi vəziyyətinin pis olmasını nəzərə alaraq, hüquqlarının müdafiəsi üçün ona dövlət hesabına müdafiəçi təyin edilməsini xahiş etmiş və ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham elan edildiyi andan Xaçmaz rayon Vəkil Bürosundan hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi X15 təyin edilmişdir. - 30 iyul 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 103) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona ittiham elan olunmuşdur. - Ödəniş qəbzinin ksero qəbzindən (cild 01, vərəq 111) müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən terminaldan (Hesab nömrəsi: ********************; Əməliyyat nömrəsi: **********) 2000 manat məbləğində ödəniş edilmişdir. - 30 iyul 2024-cü il tarixli “Qətimkan tədbiri seçmək haqqında” qərardan və “Başqa yerə getməmək haqqında” iltizamdan (cild 01, vərəq 112-115) müəyyən edilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - 31 iyul 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilmişdir ki, X3 Zərərçəkmiş şəxs ilə eyni şəxs olduğundan Mirzəliyeva (Muradova) Fəridə Məmmədəli qızı kimi qəbul edilərək yazılıb oxunmalıdır. - Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxsin qohumluq məlumatlarının sorğulanması barədə “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X10 adlı bir azyaşlı övladı vardır. Məhkəmə istintaq hərəkətlərinin protokollarını, proses iştirakçılarının ifadələrini, iş materiallarında olan sənədləri məcmu halda nəzərdən keçirərək sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli Qərarında göstərilir ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında zərərçəkmiş şəxsə qalan aliment borcundan 300 manat ödəməyə hazır olduğunu, lakin qalan aliment borcunu tam olaraq ödəyə bilmədiyini söyləmişdir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası İcra haqqında Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasını və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışlına hüquq" xəyali xarakter alacaqdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: - Xaçmaz rayon məhkəməsinin 3(067)-242/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından (cild 01, vərəq 30) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib həmin tarixdən başlayaraq barəsində 08 (səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. - Xaçmaz rayon İHB-nin Əhmədoba kənd İƏD nümayəndəliyi tərəfindən daxil olmuş “Xasiyyətnamə”nin əsli ilə təsdiqlənmiş surətindən (cild 01, vərəq 41) müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs evlidir. O, 2016-cı ildən Xaçmaz rayonu, Hacəhmədoba kəndinə köçüb və ailə üzvüləri ilə birgə yaşayır. Təqsirləndirilən şəxs barəsində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən şifahi sorğular daxil olmuşdur. xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək həbsdə olmuşdur. Anasının nümayəndəliyə verdiyi məlumatına əsasən Xaçmaz rayonunda müxtəlif yerlərdə tikintilərdə işləyir. Onun barəsində Xaçmaz RİHB-nın Əhmədoba kənd İƏD üzrə nümayəndəliyinə vətəndaşlar tərəfindən şifahi və ya yazılı şikayət daxil olmamışdır. - “Aliment borcunun hesablanması haqqında” qərardan və ödənilən (ödənilməyən) aliment ödənişləri cədvəlindən (cild 01, vərəq 54-56) müəyyən edilmişdir ki, borclu Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə ödənilməli məbləğ 3090 manat, qalıq borc 2560 manat və ödənilmiş 530 manat məbləğlər göstərilmişdir. - Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi 12 fevral 2024-cü il tarixli tələbnamədən (cild 01, vərəq 59) müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1(067)-39/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Ödəniş qəbzinin ksero qəbzindən (cild 01, vərəq 111) müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən terminaldan (Hesab nömrəsi: ********************; Əməliyyat nömrəsi: **********) 2000 manat məbləğində ödəniş edilmişdir. - Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxsin qohumluq məlumatlarının sorğulanması barədə “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X10 adlı bir azyaşlı övladı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyandan qismən ödəniş etməsini, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində, cinayətlərin residivinin olmasını Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir və cəzanın təyin edilməsində nəzərə alır. Belə ki, cinayət işi materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1(067)-39/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən təqsirli bilinib, 10 mart 2022ci il tarixdən hesablanmaqla 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq iki il keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Cinayət Məcəlləsinin 83.3 və 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-nin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilibedilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidi. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 10 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 10 oktyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin, «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə edilsin. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar