Məhkəmə qərarları › İş №1(067)-167/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-167/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-167/2022 16.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1985-ci ildə Xaçmaz rayonunun Rəhim-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər bir neçə dəfə məhkum olunmuş, Xaçmaz rayonunun Rəhim-oba kəndində qeydiyyatda olmaqla Xaçmaz şəhəri, Vidadi küçəsi, ev 7-də yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, 01 oktyabr 2022-ci il tarixdə, saat 23:30 radələrində Xaçmaz şəhəri, Vidadi küçəsi ev 7-də yaşayan Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs yaşadıqları evdə döyərək sonuncuya «sağ göz ətrafının, sağ tərəf sifətin qançırları, sağ göz almasına geniş qansızma» ilə müşayiət olunan sağlamlığa qəsdən yüngül zərərvurmaya səbəb olan xəsarət yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı iş üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi yaşamış, onların iki uşağı var. Onlar Xaçmaz şəhəri, Vidadi küçəsi ev 7-də birlikdə yaşamışlar. O, spirtli içki aludəçisidir, daim spirtli içki qəbul edir. İçki qəbul etməyəndə özünü pis hiss edir. O, 2022-ci ilin oktyabr ayında, saat 23 radələrində yaşadıqları həmin ünvanda, evdə spirtli içki almaq üçün Humaydan 10 manat pul istəmiş, Humay isə 10 manat pulunun olmadığını bildirmiş, buna görə də evin içərisində mübahisələri yaranmış və o, Humayın sifətinə yumruqla vurmuş, Humay yataq otağında yerə yıxılmış və ayağa qalxaraq qaçıb həyətə getmişdir. O, içkili olduğundan zərərçəkmişi vurmuşdur, bir daha etməyəcəkdir. Həmçinin bildirmişdir ki, ibtidai araşdırmada verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmişi vurmasının səbəbi sonuncudan spirtli içki üçün pul istəməsi və zərərçəkmişin ona pul verməməsi olmuşdur. O, içkili olmasaydı, bu əməli törətməzdi. Zərərçəkmişlə doqquz ildir, bir yerdə yaşamışlar, iki uşaqları var, uşaqlarından birini uşaq evinə vermişlər, digər uşaq isə onlarla qalmışdır. Zərərçəkmişlə barışmaq üçün sonuncudan xahiş etmişdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmiş, barəsində islah işləri cəzası, azadlığın məhdudlaşdırılması cəzası təyin edilərsə, zərərçəkmişlə yaşadığı evdən paltarlarını götürərək gedəcəyini, zərərçəkmişi bir daha narahat etməyəcəyini söz verdiyini deyərək barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməməsini xahiş etmişdir. Həmçinin barəsində olan digər cinayət işi üzrə olan hökmlə ona təyin edilmiş 3800 manat cərimə cəzasını beş ildir, icra etmədiyini və bundan sonra da icra etməyəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla doqquz ildir, qeyri-rəsmi yaşayırlar, onların iki övladı var. Onlar Xaçmaz şəhəri, Vidadi küçəsi ev 7-də birlikdə yaşamışlar. Hazırda o, ayrı evdə yaşayır. Təqsirləndirilən şəxs hər gün spirtli içki qəbul etmiş, heç bir səbəb olmadan hər gün evdə münaqişə yaratmış, tez-tez ondan spirtli içki almaq üçün pul istəmişdir. 01 oktyabr 2022-ci il tarixdə, saat 23:30 radələrində təqsirləndirilən yaşadıqları evə yenə içkili vəziyyətdə gələrək ondan 10 manat pul istəmiş, o, pulunun olmadığını bildirdikdə isə təqsirləndirilən onu evin içində yerə yıxaraq yumruq-təpiklə döyməyə başlamışdır. Təqsirləndirilən dünən, yəni xx.xx.2022-ci il tarixdə də yaşadıqları evə gəlib onu hədələyərək ərizəsini geri götürməsini, barışıq ərizəsi verməsini tələb etmiş, o, təqsirləndirilənə polis şöbəsinə gedəcəyini deyəndə kruşka (çaşka) ilə onun başına vuraraq getməyəcəyini, gedib barışıq ərizəsi verməsini ondan tələb etmişdir. Təqsirləndirilənin hazırda məhkəmə iclasında sakit oturmasına baxmayaraq, təqsirləndirilən doqquz ildə ona zülm etmişdir. Uşaqlarının birini uşaq evinə verməyə məcbur olmuşdur. Çünki atası, yəni təqsirləndirilən heç yerdə işləmir, uşağa baxmır, o, süpürgəçi işləyərək çox çətinliklə qazanır. Həmçinin bildirmişdir ki, ibtidai araşdırmada verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilənlə aralarında münaqişə əvvəllər də, həmişə olmuş, təqsirləndirilən əvvəllər də onu dəfələrlə döymüş, o, “102” xidmətinə zənglər edib məlumat vermiş, bununla bağlı polis şöbəsində də olmuşdur. Təqsirləndirilən ona ərizəsini geri götürməsini tələb edəndə, əgər barışmazsa, onu öldürəcəyi ilə hədələmişdir. Təqsirləndirilənə qarşı şikayətçi olduğunu, təqsirləndirilənin həbs olunmasını xahiş etmişdir. İş materiallarında olan 03 oktyabr 2022-ci il tarixli “şifahi ərizə protokolu”ndan və həmin tarixli izahatdan müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə müraciət edərək 01 oktyabr 2022-ci il tarixdə, saat 23:30 radələrində iş üzrə Təqsirləndirilən şəxs yaşadıqları Xaçmaz şəhəri, Vidadi küçəsi ev 7-də onun sifət nahiyəsinə yumruq və təpiklə vurması barədə məlumat vermiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 04 oktyabr 2022-ci il tarixli, 551 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ göz ətrafının, sağ tərəf sifətin qançırları, sağ göz almasına geniş qansızma bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 21 oktyabr 2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin faktla bağlı barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəmnində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmün təsdiqlənmiş surətindən və Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən və iş materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 16 noyabr 2022-ci il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(067)-182/2017 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3800 (üç min səkkiz yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, o, cərimə cəzasından heç bir məbləğ ödəməmişdir. O, həmçinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə də məhkum olunmuşdur. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs bundan əvvəl cərimə cəzasına məhkum edilmiş, həmin cəzasını çəkib qurtarmamış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ödənilməmiş məhkumluğunun olmasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını, eləcə də zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmaqla barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın ən aşağı həddə təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(067)-182/2017 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3800 (üç min səkkiz yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, o, cərimə cəzasından heç bir məbləğ ödəməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə görə, cərimə növündə cəza azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(067)-182/2017 saylı hökmü ilə təyin edilmiş və ödənilməmiş 3800 (üç min səkkiz yüz) manat məbləğində cərimə cəzası hazırkı hökmlə təyin ediləcək cəzaya tamamilə birləşdirilməli və həmin cəzalar müstəqil icra olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 16 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəzaya Xaçmaz rayon məhkəməsinin 07 dekabr 2017-ci il tarixli, 1(067)-182/2017 saylı hökmü ilə təyin edilmiş və ödənilməmiş qalan 3800 (üç min səkkiz yüz) manat məbləğində cərimə cəzası tamamilə birləşdirilərək ona qəti olaraq 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 3800 (üç min səkkiz yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə və cərimə növündə cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsunlar. Azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 16 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. (hökmün bu hissədə icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın) Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar