Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-169/2023 17.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1974-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, deməsinə görə fərdi əməklə məşğul olan, evli, bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, Xaçmaz şəhəri, S.Mehmandarov küçəsi, ev 30-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə - metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə o, Xaçmaz şəhəri, Q.Qarayev küçəsində saxlanılıb həmin tarixdə saat 12:25-dən 12:35-dək olan müddətdə Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli kağız bükümdə 0,330 qram çəkidə psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu polis şöbəsinə apararaq üzərindən narkotik vasitə aşkar edilməsini onun boynuna qoymuşlar, o da polis tərəfindən ona təqdim edilən sənədləri imzalamışdır. Həmçinin bildirdi ki, o, ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə ifadə vermişdir. Onun üzərinə şəxsi axtarış videoçəkiliş vasitəsilə keçirilmişdir. Lakin o, bildirdiyi kimi, üzərində narkotik vasitə aşkar olunmasının polis tərəfindən boynuna qoyulmasını ibtidai istintaq zamanı bildirməmişdir. Bu cinayət əməlini törətməsini onun boynuna qoyan polis əməkdaşlarınını kimliyini deməkdən imtina edir. O, narkotik vasitələrdən, əsasən marixuandan istifadə etmiş, psixotrop maddələrdən isə dörd-beş il əvvəl istifadə etmiş, son vaxtlar isə həmin maddələrdən istifadə etməmişdir. O, sonuncu dəfə narkotik vasitədən nə vaxt istifadə etdiyini xatırlamır. Ona cəza təyin edilərkən barəsində olan yüngülləşdirici halların nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz şəhəri S.Mehmandarov küçəsi ev 30-da ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. O, təxminən 1 ildir ki, psixotrop maddə metamfetamindən istifadə edir. 05 iyun 2023-cü il tarixdə günorta saatlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində olduğu zaman yerdən 1 ədəd büküm taparaq götürmüş və içinə baxdıqda içində “patı”, yəni metamfetamin olmasını görmüşdür. O, həmin 1 ədəd bükümdəki psixotop maddədən nə vaxtsa istifadə etmək üçün həmin bükümü əynindəki cins şalvarın sağ yan cibinə qoyaraq çıxıb getmişdir. 06 iyun 2023-cü il tarixdə, saat 11:20 radələrində Xaçmaz şəhəri, Q.Qarayev küsəsində olduğu zaman mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq özlərinin Xaçmaz RPŞ-nin olduqlarını ona bildirərək RPŞ-nə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyərək onların təklifi ilə razılışıb və polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmişdir. Tapdığı psixotrop maddə bükümü də həmin vaxt üzərində olmuş, polislər ona nəzarət etdiyindən onu üzərindən ata bilməmişdir. Xaçmaz RPŞ-də hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. Bundan sonra Xaçmaz Rayon Polis Şöbəsində üzərinə Xaçmaz rayon vəkil bürosunun vəkilinin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 qutu «Arqo» markalı siqaret qutusu və 1 ədəd gümüşü rəngli bükümü çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin 1 ədəd büküm açıldıqda onun içində ağ rəngli kütlə aşkar edilmişdir. Həmin ağ rəngli kütlənin nə olmasını polis əməkdaşları ondan soruşduqda o, həmin bükümdəki kütlənin psixotrop maddə metamfetamin olduğunu və onu taparaq istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Həmin 1 ədəd büküm elektron tərəzidə çəkilərkən onun çəkisinin 0,4 qram olması məlum olmuşdur. Bundan sonra onun üzərindən aşkar edilmiş 1 ədəd büküm, 1 ədəd zərfə qoyularaq qablaşdırılıb imzalanmaqla götürülmüş və bununla əlaqədar protokol tərtib edildikdən sonra protokolu imzaları ilə təsdiq etmişlər. Əlavə olaraq qeyd etmişdir ki, üzərindən aşkar edilmiş metamfetamini heç kimdən almamış, onu tapmışdır. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Polis əməkdaşları tərəfindən ona heç bir təsir olunmamışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatını raport yazaraq rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və bu qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əmrə əsasən əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Onlar əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmişlər və 06 iyun 2023-cü il tarixdə, səhər saatlarında, Xaçmaz şəhəri ərazisində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələri daşımaqda və istifadə etməkdə şübhəli olduğu üçün onu Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Xaçmaz RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Elşən Əliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarışın aparılacağı izah olunmuş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etməsi təklif olunmuşdur. Müstəntiqin bu təklifindən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki şalvarın cibindən 1 qutu siqaret qutusu, 1 ədəd alışqan və 1 ədəd kağız bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd büküm müstəntiq tərəfindən açılıb içərisinə baxılan zaman içərisində psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli kristalşəkilli kütlənin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün içərisindəki kütlənin “patı”, yəni psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni taparaq əldə etdiyini və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan kağız büküm elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb, möhürlənərək müstəntiq tərəfindən ekspertizaya təqdim edilməsindən ötrü maddi sübut kimi götürülmüş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin bildirdi ki, onlar Təqsirləndirilən şəxs saxlayarkən sonuncu tək olmuş, yanında kimsə olmamışdır. Təqsirləndirilən şəxsi xx.xx.2023-cü il tarixdə, saat təxminən 11-12 radələrində saxlayaraq polis şöbəsinə gətirmişlər. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 06 iyun 2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın keçirilməsinin videoçəkilişinin qeydə alındığı DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın baş müstəntiqi X3 RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, X4, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru Elşən Əliyev tərəfindən Təqsirləndirilən şəxs qanunvercilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs əyinində qara rəngli uzunqol köynək, qara rəngli cins şalvar və ayağında isə qara rəngli ayaqqabı olmuşdur. Təqsirləndirilən şəxs əyinində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 qutu «Arqo» markalı siqaret qutusu, 1 ədəd alışqan və 1 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqdim etdiyi həmin gümüşü rəngli 1 ədəd büküm açıldıqda onun içində ağ rəngli kütlələrin olması məyyən olunmuş, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 1 ədəd bükümdə “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu və onu taparaq ələ edib öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd büküm içindəki metmfetaminlə birlikdə elektron tərəzidə çəkilərkən bükümün ümumi çəkisinin 0,4 qram olması məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində metamfetaminə bənzər maddə olan 1 ədəd gümüşü rəngli büküm ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Ondan aşkar edilmiş 1 qutu “Arqo” markalı siqaret qutusu və alışqan onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri əməliyyat müvəkkili Zaur Mirzəyev tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2023-cü il tarixli, 6/3226 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №58” dairəvi möhür əksləri olan, “xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar... ” sözləri, soyad və imzalar olan bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,330 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin psixotrop maddəsindən təqdqiqata 0,050 qram sərf edildikdən sonra qalıq 0,280 qram təşkil etmişdir. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 23 avqust 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,330 qram təşkil etmiş metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 0,280 qram çəkidə qalıq qalmış həmin psixotrop maddə Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 06 iyul 2023-cü il tarixli, 4206 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamışdır, onun psixotrop maddənin kimdənsə alması müəyyən edilməmişdir. Həmin psixotrop maddənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə edilməmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 5(067)- 121/2023 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması barədə “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 06 iyun 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 23 avqust 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşaraq, bu ifadəni təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi köçürülmüş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 №-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,330 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. İş materiallarında olan Xaçmaz Rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan, həmçinin EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü olmaqla bir azyaşlı uşağı var. İş materiallarında olan Xaçmaz Rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs işləmir. Son bir il ərzində onun barəsində MKTİ-yə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan hökmün və qərarın surətlərindən, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan, tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 1(067)-105/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 7(067)-70/2021 saylı qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilərək ona Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Bununla da, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halı, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 06 iyun 2023-cü il tarixli protokoldan, qətimkan tədbirinin seçilməsi barədə 08 iyun 2023-cü il tarixli qərardan və xx.xx.2023-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. İş materiallarından müəyyən olunur ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,330 qram psixotrop maddə - metamfetamin Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,280 qram metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 09 (doqquz) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,280 qram metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına və Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-169/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-169/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver