Məhkəmə qərarları › İş №1(067)-17/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-17/2021

11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-17/2021 11.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi –Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1994-cü ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Qobuqıraq kəndində qeydiyyatda olan, ünvan 1-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2017-ci il tarixdə, saat 21 radələrində yaşadığı ünvan 1 ünvanında qarşılıqlı razılığa əsasən ailə həyatı qurmaq məqsədi ilə özündən 8 (səkkiz) yaş kiçik olan xx xxxx 2002-ci ildə anadan olmaqla on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaqla on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs 2016-cı ilin yay aylarından görmüş və tanımışdır. Nəzrinin anası Rəna ilə atası Talehin boşandıqlarını və atası Talehin sonradan başqa bir qadınla ailə qurduğunu bilmişdir. Nəzrinlə tanışlıqdan sonra aralarında sevgi münasibətləri yaranmış və onlar qarşılıqlı olaraq bir-birini sevməyə başlamış, bir-birlərini sevmələrini evlərində hər iki tərəfin valideynləri də bilmiş, hətta 2017-ci ilin təxminən avqust ayında valideynləri Nəzrin üçün elçi getmiş və hər iki tərəfin valideynlərinin razılığı ilə onlar nişanlanmışlar. Həmin vaxt Nəzrinin on altı yaşının tamam olmadığını bilmiş, buna baxmayaraq, xx xxxxxx 2017-ci il tarixdə Nəzrinlə o, aralarında ailə qurmaq barədə razılaşmış və o, Nəzrinə bu məqsədlə onların evinə getməyi təklif etmişdir. Nəzrin etiraz etməmiş və həmin tarixdə sonuncu özü könüllü olaraq onunla birlikdə yaşadığı Xaçmaz şəhəri, Turan küçəsi 3 saylı evə gəlmişdir. Həmin gün, yəni xx xxxxxx 2017-ci il tarixdə, təxminən saat 21 radələrində o öz yaşadığı evdə Nəzrinin razılığına əsasən sonuncu ilə təbii yolla cinsi əlaqədə olmuş və qızlıq bəkarətini pozmuşdur. Bunu həm onun, həm də Nəzrinin valideynləri bilmiş və hər iki tərəfin valideynləri onların ər-arvad kimi birgə yaşamalarına etiraz etməmişlər. Bundan sonra həmin tarixdən 2019-cu ilin oktyabr ayına kimi valideynlərinə məxsus qeyd olunan ünvanda yerləşən evdə, 2019-cu ilin oktyabr ayından 2020-ci ilin mart ayınadək isə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində kirayə tutduğu evdə Nəzrinlə o, qeyri-rəsmi olaraq ər-arvad kimi birgə yaşamışdır. Hətta sonradan Nəzrinin valideynləri müəyyən cehizlik əşyalar da vermişdir. 2020-ci ilin təxminən fevral-mart aylarında kirayədə qaldıqları evdə Nəzrin onunla kobud davrandığından bununla bağlı Nəzrinə öz iradını bildirmiş və buna görə də sonuncu küsərək anası Rənanın yanına getmişdir. Nəzrin çıxıb gedəndən sonra o da öz evlərinə qayıtmış və kirayə pulunu verə bilmədiyindən Nəzrinin cehizlik əşyaları kirayədə yaşadıqları evdə qalmışdır. Bundan sonra Nəzrin bir neçə dəfə cehiz əşyalarını həmin evdən götürüb sonuncuya qaytarmasını tələb etmiş, o, Nəzrindən ona bir qədər vaxt verməsini xahiş edərək imkan olan kimi evin kirayə pulunu ödəyib əşyalarını oradan götürəcəyini demişdir. Lakin Nəzrin ona inanmayıb küsmüş və Xaçmaz rayon prokurorluğuna onun barəsində şikayət etmişdir. O, zərərçəkmiş şəxslə ilk dəfə cinsi əlaqədə olarkən sonuncunun cinsiyyət orqanında qan olmuşdur. O, zərərçəkmiş şəxslə cinsi əlaqədə olmamışdan əvvəl sonuncunun on altı yaşı tamam olmadığını bilmişdir. Hazıradək zərərçəkmiş şəxslə rəsmi nikah qeyd etdirməməsinin səbəbini sənədlərindəki çatışmazlıqlarla bağlı olduğunu demişdir. Lakin hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmiş, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkən şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2013-cü ildə atası X3 ilə anası Şahid1 rəsmi olaraq boşanmışlar, buna baxmayaraq, onların hər ikisi ilə münasibəti yaxşı olmuşdur və həm atasıgildə, həm də anası ilə birlikdə qalmışdır. Təqsirləndirilən şəxs 2017-ci ildən tanımışdır. Tanışlıqdan sonra onların münasibətləri sevgi münasibətlərinə çevrilmiş və onlar qarşılıqlı olaraq bir-birini sevməyə başlamış, hətta həmin ərəfələrdə Asimin valideynləri onların evinə elçi də gəlmiş, lakin o, azyaşlı olduğundan valideynləri onların evlənmələrinə razılıq verməmişdir. Buna baxmayaraq, xx xxxxxx 2017-ci il tarixdə o Asimlə öz aralarında ailə həyatı qurmaq barədə danışıb razılaşmış və bu məqsədlə həmin gün o özü könüllü olaraq Asimə qoşulub birlikdə sonuncunun yaşadığı Xaçmaz şəhəri, Turan küçəsində yerləşən 3 saylı evə getmişdir. Asim evdə öz valideynlərinə ailə həyatı qurmaq istədiklərini və onun evə bu məqsədlə gəldiyini demiş, o özü də Asimin valideynlərinə Asimlə bir-birini sevdiklərini və buna görə də ailə həyatı qurmaq məqsədi ilə könüllü olaraq Asimə qoşulub onların evinə gəldiyini bildirmişdir. Bundan sonra Asimin valideynləri onu qəbul etmiş və onların ailə həyatı qurmalarına etiraz etməmişlər. Həmin gün, yəni xx xxxxxx 2017-ci il tarixdə, saat 21 radələrində Asim yaşadıqları qeyd olunan ünvanda yerləşən evdə özünün razılığına əsasən onunla cinsi əlaqədə olaraq bakirəliyini pozmuşdur. Asim onun xx xxxx 2002-ci ildə anadan olmasını, xx xxxxxx 2017-ci il tarixdə onların evinə gedəndə və həmin tarixdə öz razılığına əsasən Asimlə cinsi əlaqədə olanda da onun on altı yaşına çatmadığını bilmişdir. Bir neçə gündən sonra onun valideynləri Asimgilin evinə, onun yanına gəlmiş, söhbət əsnasında öz valideynlərinə də Asimlə bir-birini sevdiklərini və buna görə də özünün könüllü olaraq Asimə qoşulub evlərinə gəldiyini bildirmişdir. Anası Rəna onun vəziyyətini və evlərinə qayıtmaq istəyib-istəmədiyini soruşanda o, anasına hər şeyin yaxşı olduğunu, orada ona yaxşı baxıldığını və geri, öz evlərinə qayıtmaq istəmədiyini demişdir. Sonradan Asim evlərində onlar üçün ayrılmış otağı təmir etdirmiş və həmin otaqda ər-arvad kimi birgə yaşamağa başlamışlar. 2019-cu ilin oktyabr ayında Asimin anası Afət onları yola vermədiyindən onların evindən çıxıb Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən evlərdən birində kirayədə yaşamağa başlamış və sonradan Asim qaldıqları evin kirayə pulunu ödəyə bilmədiyindən onu atıb yenidən valideynlərinin yaşadığı evə qayıtmışdır. 2020ci ilin fevral ayında anası Rəna bundan xəbər tutub gəlib onu öz yanına aparmış və bundan sonra o, xx xxx 2020-ci il tarixdə Asimin barəsində Xaçmaz rayon prokurorluğuna şikayət ərizəsi vermişdir. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxs onunla xx.xx.2017-ci il tarixdə cinsi əlaqədə olaraq bakirəliyini pozmuşdur, belə bir hadisə onun üçün əlamətdar olduğundan həmin tarixi unutmamışdır. Asimlə ailə qurmaq üçün özü könüllü olaraq ilk dəfə evi tərk etdiyi xx xxxxxx 2017-ci il tarixdə atasının onun axtarışı barədə polis şöbəsinə müraciət etdiyini Asim ona demiş və həmin tarixdə Asim onu polis şöbəsinə gətirmişdir. Asimin anası Afət ilə onun münasibətləri əvvəllər yaxşı olmuş, lakin sonradan Afət ilə əri Səmid arasında baş verən mübahisələr, söhbətlər barədə Asimə məlumat verməsini Afət bilmiş və bunula da münasibətləri korlanmışdır. Daha sonra Afət onu on səkkiz yaşı tamam olandan sonra valideynlərinin evinə geri qaytaracağını demişdir. Təqsirləndirilən şəxs ərarvad münasibətlərini rəsmiləşdirmək məqsədi ilə nikah qeydi üçün cəhdlər etməmiş, hazırkı işlə bağlı məhkəmə prosesi zamanı guya cəhdlər etməyə başlamış, hazırda da rəsmi nikah bağlanmamışdır. Təqsirləndirilən şəxslə barışmamış, ona qarşı şikayətçidir. Təqsirləndirilən şəxsin barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, 2001-ci ildə Şahid3 Əskər oğlu ilə ailə həyatı qurmuş, onunla birgə nikahından Nəzrin, Nərmin və Sahilə adlı üç qız övladı anadan olmuşdur. Hazırkı məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs onun qızıdır, qızının bu taleyi yaşaması onu çox məyus edir. Əvvəllər Talehlə münasibətləri yaxşı olsa da, sonradan aralarında müəyyən söz-söhbətlər yaranmağa başlamış və bu səbəbdən münasibətləri korlanmış, buna görə də 2013-cü ildə onlar rəsmi olaraq boşanmışlar. Talehlə boşansalar da, qızlarının ataları ilə münasibətləri yaxşı olmuş və onlar Talehin, həm də onun yanında olmuşlar. Təqsirləndirilən şəxs 2017-ci ildən tanımış və onun xx xxxx 2002-ci ildə anadan olmaqla həmin vaxtlar on altı yaşına çatmayan qızı Nəzrinlə qarşılıqlı olaraq birbirlərini sevdiklərini bilmiş və hətta Asimin valideynləri bir neçə dəfə Nəzrin üçün onların evinə elçi gəlmişdir. Lakin o, Nəzrinin azyaşlı olmaqla məktəbli olduğunu bildirib onlara etiraz etmiş, bütün bunlara baxmayaraq, xx xxxxxx 2017-ci il tarixdə qızı Nəzrinin ailə həyatı qurmaq məqsədi ilə Asimə qoşulub sonuncunun evlərinə getdiyi ona məlum olmuş və bundan bir neçə gün sonra o, Asimin yaşadığı evə gedib orada qızı Nəzrinlə görüşmüşdür. Söhbət əsnasında Nəzrin ona ailə həyatı qurmaq məqsədi ilə özünün könüllü olaraq Asimlə sonuncunun evinə gəldiyini, bununla bağlı Asim tərəfindən ona qarşı zor tətbiq edilmədiyini və Asimgilin evlərində ona yaxşı münasibət göstərildiyini demişdir. Orada artıq Asimin qızı Nəzrinlə cinsi əlaqədə olaraq sonuncunun bakirəliyini pozması ona məlum olmuş, bundan sonra o, məcbur olub onların ailəsini dağıtmaq istəməmiş və buna görə də heç yerə şikayət etməmişdir. Sonradan Asimin anası Afət Nəzrinlə yola getmədiyindən 2019-cu ilin oktyabr ayında Asim Xaçmaz şəhəri, N.Nərimanov küçəsində ev tutmuş və Nəzrinlə birlikdə həmin evdə yaşamağa başlamışlar. Onlar kirayə tutduqları evdə yaşadıqları müddət ərzində arabir o özü onlara maddi köməklik etmiş, lakin 2020-ci ilin fevral ayında Asimin qızı Nəzrini atıb anası Afətin yanına qayıtması və kirayə haqqını da ödəmədiyi ona məlum olmuşdur.Buna görə də o, məcbur olub Nəzrini götürüb öz evinə aparmış, lakin Asim kirayə qaldıqları evin pulunu ödəmədiyindən ev sahibi Nəzrinin əşyalarını onlara verməmişdir. Hətta sonradan Nəzrin bir neçə dəfə Asimə zəng edib kirayə qaldıqları evdən onun əşyalarını götürüb qaytarmasını tələb etmiş, Asim isə hər dəfə əşyaları götürüb qaytaracağına söz versə də, buna əməl etməmiş, buna görə də xx xxx 2020-ci il tarixdə qızı Nəzrinlə birlikdə Xaçmaz rayon prokurorluğuna getmiş və Nəzrin Asimin barəsində şikayət ərizəsi vermişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs doğma oğlu olmaqla böyük övladıdır, münasibətləri yaxşı olmuş və aralarında hər hansı bir narazılıq olmamışdır. xx xxxx 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 2017-ci ilin avqust ayından tanımış və həmin ərəfələrdə oğlu Asimlə Nəzrinin bir-birini sevdiklərini bilmişdir. Hətta oğlu Asim onları Nəzringilin evinə elçi göndərmiş, elçilik zamanı Nəzrinin özünün və valideynlərinin razılığına əsasən Nəzrini oğlu Asimə nişanlamış və Nəzrin nikah yaşına çatandan sonra onları evləndirmək barədə razılaşmış, lakin buna baxmayaraq, xx xxxxxx 2017-ci il tarixdə axşam saatlarında Nəzrin oğlu Asimlə birlikdə onların evinə gəlmişdir. Söhbət əsnasında Asim Nəzrinlə öz aralarında ailə həyatı qurmaq barədə danışıb razılaşdıqlarını və Nəzrinin də bu məqsədlə onların evinə gəldiyini demişdir. Nəzrinin özündən bu barədə soruşanda o özü də Asimlə qarşılıqlı olaraq bir-birini sevdiklərini demiş və buna görə də ailə həyatı qurmaq məqsədi ilə könüllü olaraq Asimlə onların evinə gəldiyini, bununla bağlı Asim tərəfindən ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra o, Nəzrinlə Asimə heç nə deməmiş, hətta Nəzrinin nikah yaşına çatmadığını bildiyi üçün bir müddət onu öz yanında yatırtmışdır. Lakin Nəzrin onların evinə gələn gün, yəni xx xxxxxx 2017-ci il tarixdə oğlu Asimlə Nəzrinin razılığı əsasında onların evində cinsi əlaqədə olmaları sonradan ona məlum olmuş və bundan sonra Asimlə Nəzrin onun evində ər-arvad kimi birgə yaşamağa başlamışlar. Sonradan Nəzrinin anası Rəna və digər qohumları onların evinə gələrək Nəzrini evlərinə aparmaq istəmiş, lakin Nəzrin onlara da ailə qurmaq məqsədi ilə könüllü olaraq Asimlə gəldiyini demiş və geri qayıtmaq fikrinin olmadığını bildirmişdir. Bundan sonra Nəzrinin valideynləri heç bir söz deməyib çıxıb getmiş, hətta sonradan sonuncular Nəzrinə müəyyən cehizlik əşyalar da vermiş və bundan sonra həmin vaxtdan 2019-cu ilin oktyabr ayına kimi Nəzrinlə Asim onun evində ər-arvad kimi birgə yaşamış, sonradan isə onlar Xaçmaz şəhəri, N.Nərimanov küçəsində kirayə ev tutub ayrı yaşamağa başlamışlar. 2020-ci ilin təxminən mart ayında oğlu Asim özü tək qayıdıb evlərinə gəlmiş, Asimdən Nəzrini soruşanda sonuncunun küsüb anası Rənanın evinə getdiyini demiş, Nəzrinlə aralarında nə baş verdiyini soruşanda isə Nəzrinin onunla kobud davrandığını və yola getmədiklərini bildirmişdir. Lakin şəxsən özü onların arasında dəqiq olaraq nələr baş verdiyini bilməmişdir. Sonradan Nəzrin bir neçə dəfə Asimə zəng edib kirayədə yaşadıqları evdə qalmış cehizlik əşyalarını götürüb qaytarmasını tələb etməyə başlamış, lakin maddi imkanları olmadığından kirayə haqqını ödəyə bilməmiş və Nəzrinin cehizlik əşyaları kirayədə yaşadıqları evdə qalmışdır. Buna görə də Nəzrin Asimin barəsində Xaçmaz rayon prokurorluğuna şikayət etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 Əskər oğlu ifadəsində göstərdi ki, 2001-ci ildə Şahid1 ilə ailə qurmuş, birgə nikahlarından Nəzrin, Nərmin və Sahilə adlı üç qız övladları var. Hazırkı məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs onun qızıdır, qızının bu taleyi yaşaması onu çox məyus edir. Rəna ilə münasibətləri pozulduğundan 2013-cü ildə onlar rəsmi olaraq ayrılmışlar. Onun övladları ilə münasibətləri yaxşı olmuş və onlar hərdən gəlib onun yanında da qalmışlar. Təqsirləndirilən şəxs 2017-ci ildən tanımış və sonuncunun xx xxxx 2002-ci ildə anadan olmaqla həmin vaxtlar on altı yaşına çatmayan qızı Nəzrinlə bir-birini sevdiklərini bilmiş, hətta Asimin valideynləri bir neçə dəfə Nəzrin üçün elçi də gəlmiş, lakin onlar Nəzrinin azyaşlı olduğunu bildirib Asimin valideynlərinə etirazlarını bildirmişlər. Bunlara baxmayaraq, xx xxxxxx 2017-ci il tarixdə qızı Nəzrinin ailə qurmaq məqsədilə Təqsirləndirilən şəxs qoşulub sonuncunun evlərinə getməsi ona məlum olmuş, bundan bir neçə gün sonra Rənanın Təqsirləndirilən şəxs yaşadığı evə gedib orada qızları Nəzrinlə görüşüb söhbət etdiyini, Nəzrinin anasına ailə həyatı qurmaq məqsədi ilə könüllü olaraq Asimə qoşulub sonuncunun evinə gəldiyini və Asimgilin evində ona yaxşı münasibət göstərildiyini dediyini bilmişdir. Bundan sonra onlar məcbur olub Nəzrinin ailəsini dağıtmaq istəməmiş və buna görə də heç yerə şikayət etməmişlər. Sonradan Asimin anası Afət Nəzrinlə yola getmədiyindən 2019-cu ilin oktyabr ayında Asim Xaçmaz şəhəri, N.Nərimanov küçəsində kirayə ev tutmuş və Nəzrinlə birlikdə həmin evdə yaşamağa başlamışlar. Kirayə tutduqları evdə yaşadıqları müddət ərzində hərdən bir Rəna və o özü Nəzrinlə Asimə maddi köməklik etmişlər. Lakin 2020-ci ilin fevral ayında Asim qızı Nəzrini atıb anası Afətin yanına qayıtdığından və evin kirayə haqqını ödəmədiyindən Rənanın Nəzrini götürüb öz evinə aparması və sonradan xx xxx 2020-ci il tarixdə Nəzrinin anası Rəna ilə birlikdə Xaçmaz rayon prokurorluğuna Asimin barəsində şikayət ərizəsi verməsini sonradan bilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs xx xxxx 2002-ci ildə anadan olmuşdur. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli ərizədən və izahatdan müəyyən edilir ki, zərərçəkmiş şəxsin atası Baxışov X4 RPŞ-nə müraciət edərək xx.xx.2002-ci il təvəllüdlü qızı Zərərçəkmiş şəxs onun yaşadığı ünvandan paltarlarını da yığıb götürərək xəbərsiz çıxıb naməlum istiqamətdə getməsini və geri qayıtmadığını bildirərək qızının tapılmasını xahiş etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin xx xxxxxx 2017-ci il tarixli izahatından müəyyən edilir ki, o, xx.xx.2017-ci il tarixdə atasının yaşadığı ünvandan paltarlarını çantaya yığaraq evi özü tərk etmiş, axşam saatlarınadək Xaçmaz şəhərində “Şəxsiyyətlər” parkında olmuş, Təqsirləndirilən şəxs zəng edərək yerini demiş, Asim həmin yerə gələrək valideynlərinin polis şöbəsinə onun axtarışı ilə bağlı müraciət etdiklərini demiş və o, polis şöbəsinə gəlmişdir. Onu heç kimin qaçırmadığını, evi özünün tərk etdiyini, heç kimə qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli ərizədən müəyyən edilir ki, zərərçəkmiş şəxsin atası Şahid3 qızı Zərərçəkmiş şəxs polis şöbəsi tərəfindən sağ və salamat şəkildə ona təhvil verildiyini, xx.xx.2017-ci il tarixli müraciəti ilə əlaqədar heç bir şikayəti və tələbinin olmadığını bildirərək araşdırmanın dayandırılmasını xahiş etmişdir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli qərardan müəyyən edilir ki, Şahid3 Xaçmaz rayon polis şöbəsinə etdiyi xx.xx.2017-ci il tarixli müraciət əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli ərizədən müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs Xaçmaz rayon prokurorluğuna ərizə ilə müraciət edərək xx xxxxxx 2017-ci il tarixdə, yəni onun on altı yaşı olmamış, on beş yaşı olarkən iş üzrə Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olmasını bildirərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Həmçinin ilk dəfə xx.xx.2017-ci il tarixdə evdən Təqsirləndirilən şəxs olan sevgi münasibətinə görə qaçdığı vaxt Asimlə cinsi əlaqədə olmadığını, sonuncu ilə ilk dəfə cinsi əlaqədə xx.xx.2017-ci il tarixdə olduğunu bildirmişdir. İş materiallarında olan Xaçmaz rayon prokurorluğunun xx xxxx 2020-ci il tarixli qərarından müəyyən edilir ki, Xaçmaz RPŞ-nin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş və fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci madəsi ilə cinayət işinin başlanması qərara alınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Xaçmaz rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli, 379 №-li rəyindən müəyyən edilir ki, iş üzrə zərərçəkmiş şəxs xx.xx.2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı müəyyən edilmişdir ki:

1. bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmiş;

2. qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur, pozulma müddəti 2 (iki) həftədən çoxdur;

3. qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Xaçmaz rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 572 №-li rəyindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə əsasən:

1. bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir;

2. cinsi əlaqədə olma qabiliyyətinə maneçilik törədən xarici cinsiyyət üzvləri nahiyəsində mexaniki maneələr, anadangəlmə qüsurlar, onların inkişafı, xəstəliklər və xəsarətlər nəticəsində törənmiş çapıqlar və digər dəyişikliklər aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X2 publik hüquqi şəxsin xx xxxx 2020-ci il tarixli, 1260 №-li rəyindən müəyyən edilir ki:

1. Zərərçəkmiş şəxs ünsiyyətçillik, aktivlik, təmkinlilik, düşdüyü mühitə tez uyğunlaşmaq, konfliktə meylli olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir;

2. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur;

3. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğun olduğundan, hadisə zamanı o öz hərəkətlərinin mənasını dərk edə bilərdi;

4. Zərərçəkmiş şəxs yaş və fərdi-psixi xüsusiyyətlərindən asılı olaraq, ona qarşı qeyd olunan cinsi akt hallarına müqavimət göstərə bilərdi.

5. Nazrin Baxşiyevada iş üçün əhəmiyyət kəsb edən halları özündən uydurmağa meyllilik əlamətləri aşkar edilməmişdir. İş materiallrında olan xx xxxxxxxx 2020-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Xaçmaz RPŞdə Zərərçəkmiş şəxs xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxsla cinsi əlaqədə olduqları yeri əyani olaraq göstərməsi təklif edilmiş, zərərçəkmiş şəxslə birlikdə onun göstərdiyi istiqamətlərlə gedilmiş və Xaçmaz şəhəri, Turan küçəsi 3 saylı evin qarşısında zərərçəkmiş şəxs avtomobili saxlatdıraraq Təqsirləndirilən şəxs yaşadığı həmin evi göstərərək sonuncu ilə cinsi əlaqədə həmin evdə olduqlarını bildirmiş, bundan sonra evə daxil olmuşlar, zərərçəkmiş şəxs evə daxil olanda girişdən sağ tərəfdəki otağı göstrərək qeyd olunan tarixdə Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olaraq bakirəliyini həmin otaqdakı yataqda pozduğunu bildirmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3 və 149.2.3-cü maddələrinin tərkibi olmadığından barəsində həmin maddələrlə cinayət təqibinə xitam verilmişdir. Həmin qərardan həmçinin müəyyən edilir ki, Zərərçəkmiş şəxs və Şahid1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsinin tərkibi olmadığından barələrində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini və hazırkı cinayət işi üzrə digər sənədləri sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulmuş cinayətin bilavasitə obyekti şəxsiyyətin cinsi toxunulmazlığıdır. Bu cinayətdən zərərçəkmiş şəxs qismində həm kişi, həm də qadın cinsindən olan və cinayət törədilənədək 16 yaşına çatmamış şəxslər çıxış edə bilər. Həmin növ cinayət obyektiv cəhətdən 16 yaşına (CM 152.1) çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər (uşaqbazlıq, lesbiyanlıq və s.) etmədə ifadə olunur. Bu maddə ilə məsuliyyətin yaranması üçün 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər könüllü həyata keçirilməlidir. Belə hərəkətlərin könüllü deyil, zorakı üsullarla törədilməsi müvafiq əlamətlər üzrə Cinayət Məcəlləsinin 149 və ya 150-ci maddələri ilə cinayət məsuliyyətinə səbəb olur. 16 yaşına çatmamış zərərçəkmiş şəxs ağıl zəifliyi, fiziki və psixi qüsurları, digər xəstəlik vəziyyəti ilə əlaqədar onun barəsində edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk edə bilmirsə və bu fakt təqsirkar tərəfindən dərk edilirsə, belə hal zərərçəkmiş şəxsin köməksiz vəziyyəti kimi qiymətləndirilir və təqsirkarın əməli Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə deyil, 149-cu və ya 150-ci maddəsi ilə tövsif edilməlidir. Bu cinayət formal tərkiblidir və təqsirkarın 16 yaşına çatmayan şəxslə cinsi əlaqəyə girdiyi və ya onun barəsində seksual xarakterli hərəkətlər etdiyi andan başa çatmış sayılır. Bu cinayət subyektiv cəhətdən təqsirin birbaşa qəsd növü ilə xarakterizə olunur. Təqsirkar 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olduğunu və ya seksual xarakterli digər hərəkətlər etdiyini dərk edir və bunu arzu edir. Motiv cinsi ehtirasın təmin edilməsidir. Cinayət Məcəlləsinin 152.1-ci maddəsi üzrə cinayətin subyekti cinayət törədilərkən 16 yaşdan artıq yaşda olan, Cinayət Məcəlləsinin 152.2-ci maddəsi üzrə isə 16 yaşı tamam olmuş kişi və ya qadın cinsindən olan anlaqlı şəxs ola bilər. Cinayət Məcəlləsinin 152-ci maddəsinin qeyd hissəsinə görə, Məcəllənin 152.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət törədən şəxsin cinayət törədilərkən minimum yaşı 16 yaş 01 gün olmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 152.1 və 152.2-ci maddələrindən o qənaət irəli gəlir ki, həmin maddə üzrə zərərçəkmişin minimum 14 yaşı olmalıdır. Başqa sözlə, cinayət törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olmalıdır. Cinayət Məcəlləsinin 20-ci madəsinə görə, 152-ci maddədə təsbit olunan cinayətə görə məsuliyyət 16 yaşı tamam olan şəxslər üçün yaranır. İş materiallarında olan zərərmçəkmiş şəxsin və təqsirləndirilən şəxsin şəxsiyyət vəsiqələrindən müəyyən olunur ki, zərərçəkmiş şəxs xx xxxx 2002-ci il təvəllüdlü, təqsirləndirilən şəxs isə xx xxxx 1994-cü il təvəllüdlü olmaqla, onların arasındakı yaş fərqi səkkiz ildir və təqsirləndirilən zərərçəkmişlə xx.xx.2017-ci il tarixdə cinsi əlaqədə olan zaman sonuncu 15 yaşında olmuşdur, yəni zərərçəkmiş 16 yaşına çatmamış şəxs olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə Cinayət Məcəlləsinin 152.1ci maddəsinin tərkibini yaradır. Həmin Məcəllənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 152 və ya 153-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxxx 2017-ci il tarixdə, saat 21 radələrində yaşadığı ünvan 1 ünvanında qarşılıqlı razılığa əsasən ailə həyatı qurmaq məqsədi ilə özündən 8 (səkkiz) yaş kiçik olan xx xxxx 2002-ci ildə anadan olmaqla on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən tərtib edilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş zərərçəkən şəxs Zərərçəkmiş şəxs ərizəsindən müəyyən edilir ki, o, təqsirləndirilən şəxslə barışmamış, ona qarşı şikayətçidir. Təqsirləndirilən şəxsin barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlinə görə peşman olduğunu, gənc olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi hallarını, həmçinin zərərçəkmiş şəxslə hazıradək ər-arvad münasibətlərini rəsmiləşdirməməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olması hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan və həmin tarixli “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi barədə qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 (bir) gün müddətdə tutularaq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar