Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-171/2023 07.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1975-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, özünün deməsinə görə fərdi əməklə məşğul olan, evli, məhkumluğu olan, Xaçmaz şəhəri, Ş.Sultanov küçəsi ev 5A-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Əzizov X10 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmaqla 27 may 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,279 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 07 iyun 2023-cü il tarixdə o, Xaçmaz şəhəri, Ş.Sultanov küçəsində saxlanılıb Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək həmin gün saat 13:55-dən 14:05-dək olan müddətdə onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindəki 1 ədəd gümüşü rəngli kağız bükümdən təmiz çəkisi 0,279 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, dəmiryolunun kənarı ilə gedərkən polis əməkdaşları ona yaxınlaşaraq şübhəli şəxs kimi onu polis şöbəsinə aparmışlar və üzərində saxladığı metamfetamin psixotrop maddəsi polis şöbəsində aşkar edilərək götürülmüşdür. Həmçinin bildirdi ki, o, həmin psixotrop maddəni dəmiryolunun kənarından tapmış, ona həmin maddənin orada olması barədə kimsə deməmiş, təsadüfən tapmış, o, bu barədə kimsəyə deməmiş, tapdığı həmin psixotrop maddədən polis əməkdaşları onu saxladıqları üçün istifadə edə bilməmişdir. Onun dörd uşağı var, uşaqlarından biri beş yaşlıdır, digəri isə orta məktəbdə üçüncü sinifdə oxuyur. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək, azyaşlı uşaqlarının olmasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, bir neçə dəfə narkotik vasitə heroindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Xaçmaz şəhərində piyada hərəkət edirmiş. O yaxınlıqda olan dəmiryoluna tərəf keçən zaman dəmiryolunun yanında yerdə bir ədəd qızılı rəngli kağız bükümü görmüşdür. O, həmin kağız bükümünü açıb içinə baxdıqda içərisində psixotrop maddə metamfetamin olmasını görmüşdür. Buna görə həmin bükümü əynindəki şalvarın cibinə qoyub saxlamışdır ki, nə zamansa istifadə edər. xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində Xaçmaz şəhəri, Ş.Sultanov küçəsində dayandığı vaxt polis işçiləri ona yaxınlaşıb qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli olduğunu bildirib onu rayon polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının onun üzərindəki psixotrop maddədən məlumatlı olmalarını başa düşüb razılaşaraq rayon polis şöbəsinə gəlmişdir. Onlar şöbəyə gəldikdən sonra o, şübhəli şəxs qismində tutulmuş və müstəntiq müdafiəçinin iştirakı ilə hüquqlarıı izah olunmaqla videoçəkilişə üzərinə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı o, üzərində psixotrop maddə olmasını etiraf edib əynindəki idman şalvarının sağ yan cibində olan bükümü masanın üzərinə qoymuşdur. Üzərinə şəxsi axtarış davam etdirilmiş, qanunsuz başqa heç nə aşkar edilməmişdir. Daha sonra müstəntiq tərəfindən həmin bükülü açılıb baxılmış və içərisində psixotrop maddə metamfetamin olması məlum olduğundan götürülmüş və o, həmin metamfetamini tapdığını, şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Metamfetamin elektron tərəzidə bükülü ilə birlikdə çəkilmiş və çəkisi 0,4 qram gəlmişdir. Həmin metamfetamin bükümü bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalanaraq müstəntiq tərəfindən götürülmüşdür. O heç kimə narkotik vasitə satmamışdır. Ona qarşı heç bir qanunsuz hərəkət edilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili olmaqla polis kapitanı rütbəsindədir. Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Onun tərəfindən bu məlumat polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili olmuş Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvlərinə, yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 07 iyun 2023-cü il tarixdə, saat 13:00-da onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Ş.Sultanov küçəsində olmasını müəyyən etmişlər və həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması, avtomobillərin intensiv hərəkət etməsi və azyaşlı uşaqların olması səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-yə dəvət etmişlər. Bundan sonra sonuncu onlarla Xaçmaz RPŞ-yə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərindəkiləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmiş və içərisində patı olmasını bildirmişdir. Həmin kağız bükümün içərisinə baxılan zaman içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müşahidə edilmişdir. Həmin bir ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm elektron tərəzidə çəkisi ölçüldükdə 0,4 qram olması müəyyən edilmişdir. Daha sonra həmin maddənin psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni dəmiryolunun yaxınlığından tapmasını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə üzərindən qanunsuz başqa əşya aşkar edilməmişdir. Həmin içərisində psixotrop maddə metamfetamin olan kağız büküm ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddəni dəmiryolu yaxınlığından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxslə aralarında hər hansı ədavət və düşmənçilik yoxdur. Onlar təqsirləndirilən şəxsi saxlayarkən sonuncu tək olmuş, ətrafda insanlar olduğundan təqsirləndirilən şəxs özü könüllü olaraq onlara yaxınlaşaraq onlarla polis şöbəsinə getmişdir. Onlar təqsirləndirilən şəxsi yaşadığı küçədə, evinin qarşısında saxlamışlar, sonuncunun üzərində elə həmin yerdə axtarış keçirməmələrinin səbəbi o olmuşdur ki, həmin vaxt yaxınlıqda ətrafda insanlar olmuş, asayişi pozmaq istəməmişlər, bundan başqa, təqsirləndirilən şəxs özü könüllü olaraq onlara yaxınlaşıb polis şöbəsinə getmiş, həmçinin təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 07 iyun 2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi X1 RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid1, X7, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümünü çıxarıb masanın üzərinə qoyub təqdim etmiş və bükümün içərisində metamfetamin olmasını bildirmişdir. Həmin 01 ədəd gümüşü rəngli kağız büküm açılıb baxılan zaman içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni Xaçmaz şəhərində dəmiryolunun yaxınlığından tapmasını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş psixotrop maddəyə bənzər kütlə müstəntiq tərəfindən bükülü ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,4 qram olması müəyyən olunmuşdur. Həmin büküm müstəntiq tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılmış və imzalanıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən qanunsuz başqa hər harsı əşya, predmet aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri əməliyyat müvəkkili Kamran Bayramov tərəfindən videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2023-cü il tarixli, 6/3242 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 58” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,279 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatına metamfetamindən 0,05 qram sərf edildikdən sonra qalıq çəkisi 0,229 qram təşkil etmişdir. İş materiallarında olan 14 iyun 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və 24 avqust 2023-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,279 qram çəkidə psixotrop maddə - metamfetamin maddi sübut kimi tanınmış və həmin psixotrop maddədən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 0,229 qram metamfetamin Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 03 avqust 2023-cü il tarixli, 4950 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə və yaxud psixotrop maddə satması və onun başqa cinayət əməli törətməsi ilə bağlı hər hansı bir məlumat əldə edilməmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 5(067)- 125/2023 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması barədə “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 07 iyun 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair 24 avqust 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,279 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmün, qərarın surətlərindən və Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs Əzizov X10 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(067)- 122/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; o, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(067)- 50/2021 saylı hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən ona xx.xx.2019-cu il tarixli, 1(067)-122/2019 saylı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan müddəti xx.xx.2021ci il tarixli hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəza ilə qismən birləşdirilməklə hökmlərin məcmusu üzrə ona qəti olaraq 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti cəza 01 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan, həmçinin EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs bir yetkinlik yaşına çatmayan uşağı var. (xx.xx.2012-ci il təvəllüdlü) İş materiallarında olan Xaçmaz rayon İHB-nın İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi halını müəyyən etdi. Belə ki, iş materiallarında olan hökmün və qərarın surətlərindən, həmçinin tələbnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs Əzizov X10 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 67.1, 68.1.1-1, 69.3-cü maddələrinə əsasən üzərində qəti cəza 01 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış; Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 7(002)-1206/2021 saylı qərarına əsasən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, ona Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış; Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının sonu ilə xx.xx.2022-ci il tarixdə azad edilsə də, iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin maddənin 2-ci bəndinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halı, barəsində cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivinin olmasını və cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 07 iyun 2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə 09 iyun 2023-cü il tarixli qərardan və xx.xx.2023-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə tutularaq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, 02 (iki) gün müddət, ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Cəzaçəkmə müddətinin əvvəli 07 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. İş materiallarından müəyyən olunur ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,229 qram psixotrop maddə - metamfetamin Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,229 qram metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142593) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,229 qram metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142593) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-171/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-171/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver