Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-175/2023 02.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Xaçmaz rayonunun İlxıçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonunun İlxıçı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 390 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz şəhəri, R.Behbudov küçəsində saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib polis şöbəsinin inzibati binasında onun üzərinə 11 iyul 2023-cü il tarixdə saat 12:25-dən 12:35-dək olan vaxt müddətində şəxsi axtarış keçirilərkən sol əlində tutduğu göy rəngli sellofan torbanın içərisindən 390 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülməklə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, narkotik vasitə qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. 10 iyul 2023-cü il tarixdə, səhər saatlarında yaşadığı Xaçmaz rayonunun İlxıçı kəndində olduğu zaman Xaçmaz-Niyazoba yolunun kənddən keçən hissəsində yolun kənarında göy rəngli sellofan torba tapmış, torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduöunu görmüş, narkotik vasitə istifadəçisi olduğundan həmin sellofan torbanı özü ilə götürmüşdür. Torbada olan narkotik vasitə qurudulmuş marixuanadan elə həmin gün yaşadığı kənddə evinin yaxınlığında bir qədər istifadə etmiş, torbanı isə evinin yaxınlığında olan kolluqda gizlədərək yaşadığı evə getmişdir. Növbəti gün səhər saatlarında tutulmaqdan qorxduğuna görə həmin narkotik vasitəni atmaq qərarına gəlmiş, bu məqsədlə torbanı özü ilə götürərək yaşadığı evdən uzaqlaşmışdır. Lakin evdən çıxdıqdan sonra Xaçmaz şəhərinə getmək qərarına gəlmiş, həmin gün, yəni 11 iyul 2023-cü il tarixdə saat 11 radələrində Xaçmaz şəhəri, R.Behbudov küçəsində olduğu zaman iki nəfər polis əməkdaşı onu saxlayıb Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan, içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torbanı təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə marixuana polis əməkdaşı tərəfindən götürülərək müvafiq qaydada qablaşdırılıb götürülmüş, sonra bu barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar həmin protokola imza etmişlər. Əməlindən peşman olmaqla ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X8-Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid1 göstərdi ki, Xaçmaz rayonunun İlxıçı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə Xaçmaz rayon Polis Şöbəsinə daxil olmuş məlumatla əlaqədar 11 iyul 2023-cü il tarixdə, saat 11:30 radələrində Xaçmaz rayon Polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid2 rəhbərliyi altında Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edərək onu Xaçmaz şəhəri, R.Behbudov küçəsində saxlayıb rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və hüquqlarının müdafiəsi məqsədilə vəkil dəvət olunmuş, bundan sonra vəkilin iştirakı ilə videoçəkilişlə müstəntiq tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sol əlində tutduğu və təqdim etdiyi sellofan torbanın içərisində narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni tapdığını bildirmişdir. Aşkar edilmiş bükümün tərkibinin və çəkisinin müəyyən edilməsi məqsədilə ekspetizaya göndərilməsi üçün müstəntiq tərəfindən qablaşdırılmış və protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Xaçmaz rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid2 göstərmişdir ki, Xaçmaz rayonunun İlxıçı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat aparatına dəqiq və qərəzsiz məlumat daxil olduğundan həmin şəxsi saxlamaq qərarına gəlmişlər. Buna görə də 11 iyul 2023-cü il tarixdə, saat 11:30 radələrində Xaçmaz rayon X10-patrul xidməti bölməsinin polis nəfəri, polis serjantı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, R.Behbudov küçəsində tərəflərindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi və hüquqlarının müdafiəsi məqsədilə vəkil dəvət olunmuş, Təqsirləndirilən şəxs hüquqları izah olunduqdan sonra vəkilin iştirakı ilə müstəntiq tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sol əlində tutduğu sellofan torbanın içərisində narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni tapdığını bildirmişdir. Daha sonra aşkar edilmiş bükümün tərkibinin və çəkisinin müəyyən edilməsi məqsədilə ekspetizaya göndərilməsi üçün müstəntiq tərəfindən qablaşdırılmış və protokol tərtib edilərək tərəflərindən imzalanmışdır. İş materiallarında olan şəxsi axtarış aparılması haqqında 11 iyul 2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə saat 12:25-dən 12:35-dək olan vaxt müddətində Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə Xaçmaz rayon X5 Bölməsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən şəxsi axtarış keçirilərkən sonuncunun sol əlində tutduğu göy rəngli sellofan torbanın içərisindən ümumi təmiz çəkisi 390 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada götürülmüşdür.. İş materiallarında olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə 30 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi görüntüləri əks olunan disk daşıyıcıya 30 avqust 2023-cü il tarixdə baxış keçirilərkən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və sonuncunun sol əlində tutduğu göy rəngli sellofan torbanın içərisindən yaşıl rəngli sellofan torbanın çıxması, onun içərisindən isə narkotik vasitə olan qurudulmuş marixuana olmasının görüntüləri əksini tapmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2023-cü il tarixli 3-16-16-2-7/1006 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs....» yazısı və imzalar olan göy rəngli polietilen bağlamadakı 01 (bir) ədəd yaşıl rəngli polietilen bağlamada təmiz çəkisi 390 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata sərfdən sonra marixuananın qalıq çəkisi 389,8 qram təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 29 avqust 2023-cü il tarixli 5537 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 15 iyul 2023-cü il qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 389,9 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən bir ədəd disk daşıyıcı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə qurudulmuş marixuana saxlanmasından ötrü Xaçmaz rayon polis şöbəsinin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcısı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 17 avqust 2023-cü il tarixli, 727 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 10 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, azadlığın məhdudlaşdırılması cəzası xx.xx.2021-ci il tarixdə başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. DİN-nin BƏSİİ-nin tələbnaməsindən və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin məktubdan göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyinə görə sonuncu məhkumluğu olmayan şəxs hesab edilir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Niyazoba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 18 avqust 202-cü il tarixli, 334 nömrəli arayışdan və ailə vəziyyəti barədə Elektron Məhkəmə sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla ailə tərkibi arvadı X3, uşaqlarıxx.xx.2011-ci il təvəllüdlü Nurgül Şıxıyeva və xx.xx.2014-cü il təvəllüdlü Yaqub Şıxıyevdən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrinin idarəetmə birliyi” Publik Hüquqi şəxs “Xaçmaz rayon mərkəzi xəstəxanası “Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-43/2-2411/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həkim-narkoloqun və həkim-psixiatrın qeydiyyatında yoxdur. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 390 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz şəhəri, R.Behbudov küçəsində saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib polis şöbəsinin inzibati binasında onun üzərinə 11 iyul 2023-cü il tarixdə saat 12:25-dən 12:35-dək olan vaxt müddətində şəxsi axtarış keçirilərkən sol əlində tutduğu göy rəngli sellofan torbanın içərisindən 390 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülməklə təsdiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində iki nəfər uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, əldə etdiyi narkotik vasitənin külli miqdara yaxın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 11 iyul 2023-cü il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında 13 iyul 2023-cü il tarixli qərarından və həmin tarixli “Başqa yerə getməmək haqqında iltizam”dan görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 13 iyul 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdən 13 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 02 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi 389,8 qram təşkil edən qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 78 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdən 13 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 02 noyabr 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 389,8 qram təşkil edən qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının xərci olan 78 (yetmiş səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №1(067)-175/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-175/2023
02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver