Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-176/2023 25.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1958-ci ildə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, özünün deməsinə görə subay, Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdib üzərində gəzdirdiyi soyuq silah hesab edilən kustar üsülla hazırlanmış, 277 mm uzunluqda tiyə və 113 mm uzunluqda dəstək hissələrdən ibarət olmaqla ümumi uzunluğu 390 mm, hər iki tərəli kəsici, ucu deşici xassəyə malik olan xəncərlə 30 aprel 2023-cü il tarixdə, saat 16:30 radələrində Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndi, Sovxoz küçəsi, 72 nömrəli evin yaxınlığında Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-21063 markalı, ** BC *** qeydiyyat nömrə nişanlı avtomobilin salonunda heç bir əsaslı səbəb olmadan qəsdən Zərərçəkmiş şəxs sağ və sol əlinə vurmaqla sonuncuya sağ əlin ovuc və sağ əlin İİİ barmağı nahiyələrinin və sağ əlin İİ, İV və sol əlin İ barmaqlarının kəsilmiş yaraları kimi qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuş, bununla da o, qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmiş, habelə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq etməklə ifadəsində göstərdi ki, o, Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində tək yaşayır. Xaçmaz şəhəri, A.Babayev küçəsi, ev 10-da yaşayan Zərərçəkmiş şəxs bacısı əri Mütəllimin dayısı oğludur. Onun Mövludla münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. O, aradabir spirtli içki qəbul edir. 30 aprel 2023-cü il tarixdə, təxminən saat 14 radələrində yaşadığı evdə özü tək 0,5 litrlik araq içmiş, sonra isə bir müddət evdə dincəlmişdir. Özünə yemək almağa pulu olmadığına görə qərara gəlmişdir ki, evdə olan xəncəri götürüb satsın və əldə etdiyi pula mağazadan özü üçün yemək alsın. Bu məqsədlə də yaşadığı evdə saxladığı xəncəri götürüb sağ ayağına geyindiyi corabın içəri tərəfinə qoyaraq evdən çıxıb bir qədər küçədə piyada gəzmişdir. Həmin xəncəri isə təxminən 7-8 il əvvəl Rusiya Federasiyasında olarkən mağazadan alıb gətirmişdir. Bir müddət küçədə gəzdikdən sonra tanımadığı şəxsin idarə etdiyi taksi avtomobilinə əyləşib Mövludun yaşadığı evin qarşısına getmişdir. Məqsədi Mövludla görüşüb söhbət etmək olmuşdur. Mövludun yaşadığı evin qarşısında avtomobildən düşdükdən sonra sürücü avtomobili hərəkətə gətirib getmiş, o isə Mövludun yaşadığı evin həyət qapısını döymüşdür. Qapını Mövlud özü açmış və onun sərxoş vəziyyətdə olduğunu hiss edib çalışmışdır ki, onu yaşadığı evə yola salsın. Mövluda onunla söhbət etmək istədiyini bildirmiş, Mövlud da onu yaşadığı evə dəvət etmiş və onlar içəri gedib bir stol arxasında oturmuşlar. Mövlud gətirib onun qarşısına yemək qoymuş və onlar bir qədər söhbət etmişlər. Ancaq o, Mövludla nə barədə söhbət etdiyini dəqiq xatırlamır. Bir qədər Mövludun yaşadığı evdə olduqdan sonra birlikdə küçəyə çıxmışlar və o, Mövludun idarə etdiyi VAZ-21063 markalı avtomobilin ön sağ oturacağında, Mövlud isə sükan arxasında əyləşib avtomobili idarə edərək onu Sovxoz küçəsinə gətirib həmin küçədə yerləşən 72 nömrəli evin yaxınlığında avtomobili saxlamışdır. Təxminən saat 16:30 radələrində Sovxoz küçəsi 72 nömrəli evin yaxınlığında Mövlud avtomobili saxlayanda o, sağ ayağına geyindiyi corabın içərisində saxladığı xəncəri çıxarmışdır ki, Mövluda göstərib desin ki, satmaq istəyir, almaq istəyirsə sonuncuya satsın. Mövlud onun əlində xəncəri görmüş və onun bilmədiyi səbəbdən iki əllə xəncərin tiyəsindən tutmuşdur. Mövludun nəyə görə belə etdiyini bilməmiş və özünü itirib xəncəri özünə tərəf çəkmişdir ki, Mövludun əlindən alsın. O, xəncəri özünə tərəf çəkəndə xəncərin tiyəsi Mövludun əlini kəsmiş və o, Mövludun əlindən qan axdığını görüb xəncəri avtomobilin ön sağ oturacağının üstünə qoyaraq avtomobildən düşüb getmişdir. Sonradan Xaçmaz RPŞ-yə dəvət olunanda bilmişdir ki, Mövlud onun barəsində şikayət edib. O, xəncərlə Mövludu vurmaq və ya ona xəsarət yetirmək istəməmişdir. O, Xəncəri o məqsədlə çıxarmışdır ki, Mövluda göstərsin, almaq istəsə həmin xəncəri sonuncuya satsın. Mövludun onun barəsində göstərdikləri düz deyildir. O, xəncəri çıxararkən Mövludu vurmaq niyyəti olmamış və xəncəri corabının içərisindən çıxardıqdan sonra o, Mövludun qarın nahiyəsinə tərəf zərbə atmamışdır. O, xəncəri corabının içərisindən çıxarıb Mövluda göstərmək istəyərkən bilmədiyi səbəbdən sonuncu əli ilə xəncərin tiyəsindən tutmuş, o, xəncəri çəkib onun əlindən almaq istəyəndə isə xəncərin tiyəsi Mövludun əlini kəsmişdir. Həmçinin bildirdi ki, o, həmin bıçağı RF-da mağazadan almış, həmin bıçaq kustar üsulla hazırlanmamışdır. Hazırda onun ayağında qəza nəticəsində xasarət vardır, lakin bu xəsarət o, zərərçəkmiş şəxsə qarşı hazırkı cinayət əməlini törədən zaman olmamışdır. O, hazırkı cinayət əməlini sərxoş olduğundan törətmişdir. Əlavə olaraq bildirdi ki, ona zərərçəkmiş şəxsə xəsarəti yetirməsi üçün heç kim tapşırmamışdır. O, səhhətinin, tək yaşamasının və heç kiminin olmamasının nəzərə alınaraq barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Quba rayonu, Ərməki-qışlaq kəndində qeydiyyatda olsa da ailəsi ilə birlikdə Xaçmaz şəhəri, A.Babayev küçəsi, ev 10-da yaşayır. O, 1981-ci ildən 2011-ci ilədək DİO-da işləmişdir. O, Xaçmaz şəhəri, Sovxoz küçəsi, ev 32-də yaşayan Təqsirləndirilən şəxs təxminən 30 il olar ki, tanıyır. Yusuf bibisi oğlu Mütəllimin qaynıdır. Onun Yusufla münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Yusuf tək yaşayır və mütəmadi olaraq spirtli içki qəbul edir. 30 aprel 2023-cü il tarixdə, təxminən saat 16 radələrində yaşadığı evin həyət qapısı döyülmüş və o, qapını açanda görmüşdür ki, qapını döyən Yusufdur. Yusufdan nə lazım olduğunu soruşmaq üçün küçəyə çıxanda Yusufdan təxminən 15 metr aralı məsafədə VAZ-2115 markalı avtomobilin dayandığını görüb başa düşmüşdür ki, Yusuf həmin avtomobillə gəlib. Yusufun sərxoş vəziyyətdə olduğunu hiss edib çalışmışdır ki, sonuncunu öz evinə yola salsın. Yusuf onunla işi olduğunu bildirmiş, o isə əvvəlcə çalışmışdır ki, Yusufu yaşadığı evə buraxmasın. Yusuf getmək istəməyərək ona demişdir ki, evdə oturub onunla söhbət etmək istəyir, o, ona yemək və çay versin. O, Yusufu yaşadığı evə dəvət etmiş və onlar içəri gedib bir stol arxasında oturmuşlar. O, gətirib Yusufun qarşısına yemək qoymuş və Yusuf yemək yeyərkən ona demişdir ki, guya o, polisdə işləyərkən ondan pul almışdır. O, Yusufa ondan pul almadığını, qohum olduqlarını bildirərək demişdir ki, ona böhtan atmasın. Yusuf sərxoş vəziyyətdə olduğu üçün onu dinləmək istəməmiş və o özü də həmin gün şəxsi işi ilə bağlı Quba rayonuna getmək istədiyinə görə Yusufa demişdir ki, şəxsi işi ilə bağlı Quba rayonuna getməlidir, tələsir, onu yaşadığı evin qarşısında düşürsün, ayılanda gələr söhbət edərlər. Yusuf onunla razılaşaraq küçəyə çıxıb ona məxsus VAZ-21063 markalı, ** BC *** qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağına, o özü isə sükan arxasına əyləşmiş və avtomobili idarə edib Yusufun yaşadığı ev istiqamətində getmişdir. Yol boyu Yusuf sağ ayağının qaşındığını deyərək tez-tez əlini sağ ayağının topuq nahiyəsinə aparmış, o, Yusufun sağ ayağının qaşınmasını deməsinə inanmış və təxminən saat 16:30 radələrində Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndi, Sovxoz küçəsinə çatanda avtomobili həmin küçədə yerləşən 72 nömrəli evin yaxınlığında saxlayıb ona demişdir ki, düş get, ayılanda görüşüb söhbət edərik. Yusuf avtomobildən düşmək istəməmiş və o, Yusufa tərəfə əyilərək içəridən avtomobilin qabaq sağ qapısını açmışdır ki, Yusuf düşüb getsin. Həmin anda Yusuf şalvarının sağ ayağının balağını yuxarı qaldırmış və oradan çıxardığı xəncərlə onun qarın nahiyəsinə vurmaq istəmişdir. Yusufun onu vura bilməməsi üçün tez iki əllə xəncərin tiyəsindən tutub saxlayaraq ona xəncəri buraxmasını bildirmiş, Yusuf çəkərək xəncəri onun əlindən almağa cəhd etdikdə xəncərin tiyəsi onun hər iki əlini kəsmişdir. O, Yusufa xəncəri buraxmasını və avtomobildən düşüb getməsini bildirmiş, özü isə avtomobilin ön sol qapısını açıb yerə düşmüşdür. Yerə düşəndən sonra Yusufa xəncəri yerə qoymasını demiş, Yusuf da heç bir söz demədən xəncəri ön sağ oturacağın üstünə qoyaraq avtomobildən düşüb getmişdir. Bundan sonra o, xəncəri götürüb avtomobilinin yük yerinə qoymuş və avtomobilinə əyləşərək Xaçmaz RPŞ-yə gəlib Yusuf barəsində şikayət ərizəsi yazmış, sonra isə tibbi yardım almaqdan ötrü Xaçmaz RMX-yə getmişdir. Xəstəxanada ona tibbi yardım göstərildikdən sonra o, evə buraxılmışdır. Yusufun ona xəsarət yetirdiyi xəncəri isə təhqiqatçıya təqdim etmişdir. Əvvəllər Yusufla aralarında mübahisə olmamışdır. Yusuf onun idarə etdiyi VAZ-2106 markalı, ** BC *** qeydiyyat nişanlı avtomobilin salonunda xəncərlə onun qarın nahiyəsinə vurmaq istəyərkən o, iki əllə xəncərin tiyəsindən tutub saxlamış və həmin vaxt xəncər onun hər iki əlini kəsmişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsin xəncərlə ona xəsarət yetirməsindən sonra o, avtomobildən aşağı düşmüş, təqsirləndirilən şəxs də onun tələb və təkidlərindən sonra bıçağı avtomobilin içərisinə əlindən yerə qoymuş, o, xəsarət aldıqdan sonra avtomobildən düşüb təqsirləndirilənə bıçağı əlindən qoymasını tələb etdikdə sonuncunun qonşuları da onları görmüş, lakin həmin şəxslər təqsirləndirilən şəxsdən çəkindikləri, ehtiyat etdikləri üçün, yəni şahid qismində ifadə versələr, təqsirləndirilənin onlara qarşı qanunsuz hərəkətlər edəcəyini bildiklərini deyərək ondan onların adlarının çəkilməməsini istəmişlər. Yusufla aralarında olan mübahisə əvvəldən axıradək təxminən 3-4 dəqiqə davam etmişdir. O, Yusufun üzərində gəzdirdiyi xəncərlə onu vurmaq istəməsinin səbəbini bilməmiş, hazırda da bunun səbəbini aydınlaşdıra bilməmişdir. O, təqsirləndirilən şəxsin onu vurmasının səbəbini sonuncuya bu barədə kiminsə göstəriş verdiyini düşünür, bu barədə təqsirləndirilən şəxsdən ibtidai istintaq zamanı da dəfələrlə soruşmuşdur. Lakin onun ona xəsarət yetirməyi təqsirləndirilənə kimin tapşırması barədə hər hansı fikri yoxdur, yəni elə bir şəxs ağlına gəmir. Avtomobilin içərisində təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirən zaman o, bıçaqdan tutub saxlamış, avtomobildən düşdükdən sonra bıçaqdan əllərini buraxmış və yerdən kiçik beton parçası götürərək təqsirləndirilən şəxsə əlindəki bıçağı əlindən yerə qoymasını tələb etmiş, bundan sonra təqsirləndirilən şəxs əlindəki bıçağı yerə qoymuşdur. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədən anadək sonuncu ilə onun arasında heç bir mübahisə olmamış, həmçinin təqsirləndirilən şəxs onu hədələməmiş, ondan heç nə tələb etməmişdir. Onunla təqsirləndirilən şəxsin arasında heç bir düşmənçilik və qərəz olmamışdır. O, təqsirləndirilən şəxsi idarə etdiyi avtomobillə sonuncunun yaşadığı evə apararkən, yəni o, avtomobili idarə etdiyi müddətdə təqsirləndirilən şəxs özünü sakit aparmış, şübhəli hərəkətlər etməmiş, təqsirləndirilənin yaşadığı evin qarşısına çatıb avtomobili təqsirləndirilənin düşməsi üçün saxlayanda sonuncu düşmədiyi üçün o özü içəridə əyilərək təqsirləndirilənin avtomobildə oturduğu yerin qapısını açmaq istəyəndə sonuncu gözlənilmədən bıçağı çıxararaq onu vurmaq istəmiş, o isə əlləri ilə bıçağı tutub saxlamışdır. O, təqsirləndirilən şəxsi hadisədən əvvvəl sonuncu dəfə 1990-cı illərin sonunda, təqsirləndirilən şəxsin qızının toy mərasimi ilə əlaqədar görmüşdür. O, dövlət ittihamçısının təklif etdiyi cəza ilə razı olduğunu bildirərək, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş edir. İş materiallarında olan 30 aprel 2023-cü il tarixli ərizədən və izahatdan müəyyən olunur ki, iş üzrə Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə müraciət edərək xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs onu bıçaqla vurmaq istəyərkən onun buna mane olması və nəticədə onun hər iki əlindən bıçaqla kəsik xəsarətləri alması barədə məlumat verərək, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 30 aprel 2023-cü il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə, saat 23:42 radələrində Xaçmaz RMX-nın tibb bacısı Ramazanova Xaçmaz RPŞnin Növbətçi hissəsinə zəng edərək iş üzrə Zərərçəkmiş şəxs “Sağ əlin ovuc səthinin 3cü barmağının, sol əlin çoxsaylı kəsilmələri xəncərlə” diaqnozu ilə xəstəxanaya daxil olması, həmçinin xəstənin həmin xəsarətləri ona Təqsirləndirilən şəxs yetirməsini deməsi barədə məlumat vermişdir. İş materiallarında olan 30 aprel 2023-cü il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, 30 aprel 2023-cü il tarixdə Xaçmaz RPŞ-yə gəlmiş Zərərçəkmiş şəxs bir ədəd xəncəri təqdim edərək 30 aprel 2023-cü il tarixdə, saat 16:30 radələrində Xaçmaz rayonu, Köhnə- Xaçmaz kəndi, Sovxoz küçəsində Təqsirləndirilən şəxs Ağa oğlunun həmin xəncərlə onun əlinə xəsarət yetirdiyini bildirmişdir. Təqdim olunmuş xəncər tiyə və dəstəkdən ibarət olmaqla qatlanmır, ümumi uzunluğu 39 sm-dir. Xəncərin tiyəsi boz rəngli metaldan olmaqla hər iki tərfi kəsici, ucu batıcı xassəyə malikdir. Kəsici kənarın hər iki üzü itilənmişdir. Tiyənin ucu kəsici tərəflərin düz formada bir-birinə doğru əyilərək birləşməsi nəticəsində əmələ gəlmişdir və orta xətt üzərində yerləşir. Tiyənin hər iki üzündə novlar vardır. Tiyənin uzunluğu 27,7 sm, orta hissədə eni 3,2 sm, qalınlığı isə 3,9 mm-dir. Xəncərin dəstəyi tiyənin davamı olmaqla boz rəngli metaldandır və üzərində naxışlar olmaqla plastmasa oxşar materialdan hazırlanmış üzlüyə kip oturdularaq bərkidilmişdir. Dəstəyin uzunluğu 11,3 sm, orta hissədə eni 1,8 sm, orta hissədə qalınlığı 1,6 sm-dir. Protokol tərtib olunan zaman Zərərçəkmiş şəxs təqdim etdiyi xəncərlə 30 aprel 2023-cü il tarixdə, saat 16:30 radələrində Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndi, Sovxoz küçəsində Təqsirləndirilən şəxs onun əlinə xəsarət yetirdiyini, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs təqdim etdiyi xəncərin ona məxsus olduğunu və həmin xəncərlə Zərərçəkmiş şəxs əlinə xəsarət yetirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd xəncər sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılıb möhürlənərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 01 may 2023-cü il tarixli, 192 nömrəli rəyindən müəyyən edilir ki, 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ əlin ovuc və sağ əlin İİİ barmağı nahiyələrinin və sağ əlin İİ, İV və sol əlin İ barmaqlarının kəsilmiş yaraları iti kənarlı və ya iti uclu kəsici əşya (alət) təsirindən törənməklə, ekspertizaya təqdim edilmiş xəncərlə də yetirilə bilərdi, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan 12 sentyabr 2023-cü il tarixli “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu bıçaqla vuraraq xəsarət yetirməsi barədə ifadəsi hadisənin baş verdiyi yerdə yoxlanılmış və zərərçəkmiş şəxs ifadəsində bildirdiyi xüsusatları hadisə yerində bir daha göstərərək təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2023-cü il tarixli, 3/874 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilən 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncərdir, soyuq silah hesab edilir, üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və ya dəyişikliklər edilməmişdir. İş materiallarında olan 14 sentyabr 2023-cü il tarixli “Maddi sübutun tanınması” barədə qərardan, “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs iş üzrə təqdim etdiyi 01 (bir) ədəd kustar üsulla hazırlanmış xəncər maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-də saxlanılır. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirməsini görmüş şahidlərin dairəsinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq, müsbət nəticə əldə olunmamışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair 15 sentyabr 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin, 29,120.1-ci maddəsinin və 134-cü maddəsinin tərkibi olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş şəxsi vuraraq xəsarət yetirmək məqsədi olmadığını, bıçağı zərərçəkmiş şəxsə satmaq məqsədilə göstərdiyini bildirməsi xüsusatına tənqidi yanaşaraq, bu ifadəni təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə (milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) həmin Məcəllənin 228.4-cü maddəsinin tərkibini yaradır. Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 №-li qərarında göstərilir ki, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, silah dedikdə, canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və yaxud işarə vermə üçün nəzərədə tutulmuş, lakin canlı qüvvənin və digər obyektivlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir. Odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular və soyuq silah həm sənaye, həm də kustar üsulla istehsal edilə bilər. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 228.4cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən və “Cinayət işi üzrə icraata xitam edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş (xx.xx.1999), həmçinin xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, lakin ibtidai araşdırma orqanında Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş; Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, lakin ibtidai araşdırma orqanında Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Müşkür kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ərazidə kənd sakinləri və qonşularla həmişə normaldır. Onun barəsində hüquqmühafizə orqanları tərəfindən Nümayəndəliyə heç bir sorğu daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən və barəsində cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmasını, eləcə də cinayət əməllərinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza, Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona azadlıqdan məhrumetmə növündə qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə maddi sübut – kustar üsulla hazırlanmış, soyuq silah olan 01 (bir) ədəd xəncər Xaçmaz RPŞ-də saxlanılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-də saxlanılan, kustar üsulla hazırlanmış, soyuq silah olan 01 (bir) ədəd xəncər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-də saxlanılan, kustar üsulla hazırlanmış, soyuq silah olan 01 (bir) ədəd xəncər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə, Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-176/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-176/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver