Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-176/2025 06.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi - Əliyeva Aynur Məhəmməd qızı məhkəmə iclasının katibi - X6 dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs tərcüməçi - Naz Zarminanın iştirakları ilə 06 iyul 2002-ci ildə Pakistan İslam Respublikasının X17 şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Pakistan İslam Respublikasının X16 şəhərində pasport qeydiyyatında olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 10 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikasına qanuni olaraq gəldikdən sonra Rusiya Federasiyasına getmək qərarına gəlmiş, Azərbaycan Respublikasında qaldığı müddətdə özünə məxsus olan pasportu istintaqa məlum olmayan şəraitdə və vaxtda itirdiyi üçün, qanunla müəyyən edilmiş qaydada gedə bilmədiyinə görə Rusiya Federasiyasına qanunsuz yolla getmək məqsədi ilə 26 avqust 2025-ci il tarixdə, saat 07 radələrində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində hərəkət edən yük qatarına qanunsuz olaraq daxil olmaqla qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Xaçmaz rayonu, Xanoba kəndi ərazisindən Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd göstərmiş, lakin həmin vaxt "xxxx" QSC-nin əməkdaşı tərəfindən gizləndiyi yük qatarında aşkar edilməsi nəticəsində sonuncunun onu çağırıb səsləməsini görüb qaçaraq ərazidən uzaqlaşdığından öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmiş, daha sonra 27 avqust 2025-ci il tarixdə, saat 21 radələrində qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Xaçmaz rayonu, Xanoba kəndi ərazisində yerləşən 1-ci sərhəd komendantlığının xidməti sahəsindən piyada hərəkət etməklə Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində təkrar keçməyə cəhd göstərmiş, lakin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edildiyini görüb qaçaraq ərazidən uzaqlaşmaq istədikdə saxlanıldığından, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 10 avqust 2025-ci il tarixdə rəsmi qaydada “X8 Hava Limanı”nın keçid məntəqəsindən keçməklə X2 Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycan Respublikasına gəldikdən sonra Bakı şəhərində bir neçə gün hostellərdə qalmış və gəzmək üçün 24 avqust 2025-ci il tarixdə, saat 11 radələrində Quba-Xaçmaz rayonları istiqamətində getmişdir. O, içərisində pulu, mobil telefonu və şəxsi əşyaları olan çantasını taksidə unutduğundan geriyə Bakı şəhərinə qayıda bilməmişdir. Bunun üçün də bir neçə gün Xaçmaz rayonu ərazisində gəzməyə və vaxt keçirməyə başlamışdır. 27 avqust 2025-ci il tarixdə, saat 21 radələrində Xaçmaz rayonu, Xanoba kəndi ərazisində olduğu zaman kiminsə uca səslə qışqırdığını görüb qorxaraq ərazidən qaçmaq istədikdə sərhədçilər tərəfindən saxlanılmışdır. Saxlanılan zaman, yaxud saxlanıldıqdan sonra onu döyüb incidən, təhqir edən, fiziki yaxud psixoloji təzyiq edən olmamışdır. O, etdiyi əməlin yanlış olduğunu anlayır və cəzasını da çəkməkdədir. Həmçinin atası ağır xəstədir və belə olan halda onun valideynlərinin yanında olması çox vacibdir. O, çəkdiyi cəzasının nəzərə alınaraq, bununla kifayətlənib cəzasının sonu ilə azadlığa buraxılmasını məhkəmədən xahiş etmişdir. Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Reshman Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq təkrar keçməyə cəhd etməsi barədə məhkəmə istintaqında verdiyi ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə şahidlərin ifadələrini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə, saat 20:00-dan saat 00:00-dək N nömrəli hərbi hissənin 1-ci sərhəd komendantlığının “Komendantlıq Gözətçisi” sərhəd naryadına təyin olunmuşdur. Xidmətin təşkilinə dair müvafiq təlimat aldıqdan, təhlükəsizlik qaydaları ilə tanış edildikdən və silahlandıqdan sonra xidmət yerinə yollanmış, xidmətin təşkili zamanı 27 avqust 2025-ci il tarixdə, saat 21 radələrində 1 (bir) nəfər şəxsin sərhəd komendantlığının xidməti sahəsindən, dəmir yolu istiqamətindən hərəkət etdiyini görüb həmin şəxsin havanın qaranlıq vaxtında hərəkətini nəzərə alaraq onun dövlət sərhədindən qanunsuz yolla keçib Rusiya Federasiyasına gedəcəyi ehtimalına qarşı bu barədə dərhal sərhəd komendantlığı üzrə həmin gün cavabdeh xidmətində olan gizir Şahid2 məruzə etmiş, sonuncu da, öz növbəsində bu hadisə barədə aidiyyəti şəxsləri məlumatlandırmışdır. Qeyd olunan şəxsin saxlanılması üçün 1-ci sərhəd komendantlığının komendantı olan mayor Şahid3 və gizir Şahid2 sərhəd komendantlığının inzibati binasını tərk etmiş, bir qədər sonra mayor Şahid3 və gizir Şahid2 tərəfindən həmin şəxs saxlanılaraq sərhəd komendantlığına gətirilmişdir. Sonradan ona məlum olmuşdur ki, qeyd olunan şəxs Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxsdır və sonuncu, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının arasında olan dövlət sərhəd xəttinin yaxınlığında, sərhəd xətti yaxınlığı ilə hərəkət edən zaman saxlanılmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə N nömrəli hərbi hissənin 1-ci sərhəd komendantlığı üzrə cavabdeh xidmətinə təyin edilmişdir. Həmin gün, saat 21 radələrində “Komendantlıq Gözətçisi” sərhəd naryadına təyin olunmuş olan əsgər Şahid1 məruzə edərək 1 (bir) nəfər şəxsin sərhəd komendantlığının xidməti sahəsindən, dəmir yolu istiqamətindən hərəkət etdiyini gördüyünü bildirmişdir. O, həmin şəxsin havanın qaranlıq vaxtında hərəkətini nəzərə alaraq onun dövlət sərhədindən qanunsuz yolla keçib Rusiya Federasiyasına gedəcəyi ehtimalına qarşı bu barədə dərhal sərhəd komendantlığının komendantı olan mayor Şahid3 məruzə etmiş, sonuncu da öz növbəsində bu hadisə barədə aidiyyəti şəxsləri məlumatlandırmışdır. Həmin şəxsin saxlanılması üçün 1-ci sərhəd komendantlığının komendantı olan mayor Şahid3 ilə birlikdə sərhəd komendantlığının inzibati binasını tərk etmişlər. Bir qədər sonra 1-ci sərhəd komendantlığının xidməti sahəsində, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının arasında olan dövlət sərhəd xəttinin yaxınlığında, Rusiya Federasiyası istiqamətində 1 (nəfər) şəxsin itisurətli addımlarla hərəkət etdiyini görüb, onun dövlət sərhədini müqabil ölkə Rusiya Federasiyası ərazisinə keçəcəyini və tərəflərindən tutulmasının mümkün olmayacağını fikirləşərək “Dayan!” çağırış komandası verilmiş və həmin şəxsi dövlət sərhəd xəttindən təxminən 300 metr aralıda, xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində saxlamışlar. Qeyd olunan şəxsi saxladıqdan sonra onun Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olması onlara məlum olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsindən müəyyən edilir ki, digər Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsindən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə, saat 20:00-dan xx.xx.2025-ci il saat 08:00-dək Azərdəmiryol QSC-nin “Yalama” stansiyasında xidmət yerində olmuşdur. Qatar qəbuledicisi kimi işi ondan ibarətdir ki, stansiyaya gələn yük qatarlarına vizual baxış keçirərək qatarda olan blompların mövcudluğunu və tamlığını yoxlasın, qapılarda olan qıfılların mövcudluğuna baxsın, hər hansısa bir çatışmazlıq aşkar etdikdə bununla bağlı akt tərtib etsin. Bu məqsədlə də 26 avqust 2025-ci il tarixdə xidmətini təhvil verməzdən əvvəl, təxminən saat 07 radələrində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində hərəkət edən yük qatarına baxış keçirən zaman qatara qoşqu olan axırdan ikinci vaqonun içindəki su (benzin, yağ və s.) çəni ilə həmin çənin üzərində olduğu qoşqunun arasındakı yerdə bir nəfər qara dərili şəxsin uzandığını görmüşdür. Bu hal onun diqqətini çəkdiyindən dərhal uca səslə həmin şəxs istiqamətində qışqırıb onun orada nə etdiyini soruşmuş, bu vaxt qeyd olunan şəxs ayağa qalxıb ətrafa baxıb, yanında olan bel çantasını götürmüşdür. Həmin şəxsin sanki hərəkətdə olan qatardan tullanmaq istədiyini görüb özünün üsdünə gəlmə ehtimalına qarşı bir qədər geri qayıdıb yaxınlıqda olan xidməti otağına doğru irəliləmişdir ki, oradan həmin şəxsin üzərinə hücum etmə ehtimalına qarşı özünü müdafiə üçün əlinə nəsə götürsün. Bunun üçün də yaxınlıqda olan xidməti otağına gedib oradan əlinə keçən nəsə götürüb geri qayıtdıqda həmin şəxsin üzərində olduğu qoşquda olmadığını görüb fikirləşmişdir ki, qeyd olunan şəxs artıq qatardan düşüb ərazidən uzaqlaşıb və yaxınlıqda olan meşəlik ərazidə gözdən itmişdir. 27 avqust 2025-ci il tarixdə ona məlum olmuşdur ki, özünün bir gün əvvəl qatarda uzanmış halda gördüyü qara dərili şəxs sərhədçilər tərəfindən saxlanılıb və sonuncunun Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olması müəyyən edilib. Özünün yoxlama apardığı, sərbəst ifadənizdə qeyd etdiyi kimi qara dərili şəxsin üzərində uzandığı yük qatarı həmin vaxt Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində hərəkətdə olmaqla, qatarın surəti təxminən 10-15 km/saat təşkil etmişdir. Yük qatarında qeyd olunan şəxsi gördüyü yer Xaçmaz rayonu, Xanoba kəndi ərazisi olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 01) müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, ədliyyə kapitanı X4 tərəfindən Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddəsi ilə cinayət işi başlanmış və cinayət işi ********* nömrəsi altında qeydiyyata alınmışdır. - xx.xx.2025-ci il tarixli “Tərcüməçinin təyin edilməsi haqqında” qərardan (cild 01, vərəq 05) müəyyən edilir ki, inzibati xətaya dair iş üzrə latın və urdu qrafikalı azərbaycan əlifbasında sərbəst yazıb oxuya bilən X10 tərcüməçi qismində təyin olunmuşdur. - “İnzibati qaydada tutma haqqında” protokoldan (cild 01, vərəq 14) müəyyən edilir ki, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 28 avqust 2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. - xx.xx.2025-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan (cild 01, iş vərəq 18) müəyyən edilir ki, N nömrəli hərbi hissənin şəxsi heyət üzrə şöbənin baş zabiti, mayor Elçin Novruzov tərəfindən hal şahidləri X5 və X7 iştirakları ilə xx.xx.2025-ci il tarixdə Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Rəhmanın N nömrəli hərbi hissənin Xaçmaz rayonu ərazisində yerləşən 1-ci sərhəd komendantlığının xidməti ərazisindən Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd etdiyi hadisə yerinə baxış keçirilmişdir. - xx.xx.2025-c il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 01, vərəq 28-30) müəyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı, qara rəngli mobil telefonun – eni 7,3 sm. Uzunluğu 15,9 sm, qalınlığı 0,8 sm-dır, arxa hissəsində “Redmi” sözü yazılmışdır. Mobil telefonun açılış parolu “7526” rəqəmlərindən ibarətdir. Qeyd olunan mobil telefonda olan proqramlardan “Photos” proqramına giriş edərkən orada olan şəkillərdən birinin Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının dövlət sərhədinin “Google Map” proqramından “Screen” edilmiş şəklinin olması aşkar edilmiş və həmin fotoşəkil çap edilərək protokola əlavə edilmişdir. Bundan başqa “Photos” proqramına giriş edərkən orada olan “Collections” bölməsindəki səhifələrdən birində “visa” yazısı olduğu, həmin qovluğa daxil olduqda isə üzərində Təqsirləndirilən şəxs məxsus fotoşəkil yapışdırılmış və sonuncunun adına rəsmiləşdirilmiş Rusiya Federasiyası viza olması aşkar edilmiş və həmin fotoşəkil çap edilərək protokola əlavə edilmişdir. Qeyd olunan mobil telefonun zənglər, mesaj, qalareya bölmələrinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən başqa nəsə aşkar edilməmişdir. - “Şübhəli olan şəxsin tutulması haqqında” qərardan (cild 01, vərəq 31) müəyyən edilir ki, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 28 avqust 2025ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - xx.xx.2025-ci il tarixli “Tərcüməçinin təyin edilməsi haqqında” qərardan (cild 01, vərəq 34) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə urdu və azərbaycan dillərini sərbəst bilən X3 tərcüməçi qismində təyin olunmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 66) müəyyən edilir ki, Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 29 avqust 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məvəlləsinin 29, 318.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(009)-462/2025 saylı qərarından müəyyən edilir ki, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə, yəni 28 avqust 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən (cild 01, vərəq 101) müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmaması barədə məlumat tapılmamışdır. - xx.xx.2025-ci il tarixli məktubdan (cild 01, vərəq 105) müəyyən edilir ki, 30 avqust 2025-ci il tarixdə təxminən saat 15:20 radələrində DİN-nin Nərimanov RPİ-nin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı İstintaq təcridxanasına təhvil verilmiş Pakistan İslam Respublikası vətəndaşı, Azərbaycan Respublikası DSX-nın İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsi tərəfindən, Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş və Səbail rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda cinayət işi Azərbaycan Respublikası DSX-nın İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin icraatında olan Təqsirləndirilən şəxs, xx.xx.2025-ci il tarixdə müəssisənin Tibb-sanitar hissəsində müayinədən keçirilən zaman sol diz oynağında sıyrılmış qərtməkli yara xəsarətlər aşkar olunmuşdur. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin səxarəti həbs olunmamışdan əvvəl almışdır. - xx.xx.2025-ci il tarixli “Tərcüməçinin təyin edilməsi haqqında” qərardan (cild 01, vərəq 127) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə latın və urdu qrafikalı azərbaycan əlifbasında sərbəst yazıb oxuya bilən X10 tərcüməçi qismində təyin olunmuşdur. - xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 136) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,318.1-ci maddəsi ilə elan olunmuş ittiham öz qüvvəsində saxlanılmaqla barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs ifadələrində özünün dövlət sərhədindən Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində qanunsuz yolla keçmək niyyətində olmadığı bildirsə də, həmin xüsusat onun öz ifadəsindən başqa cinayət işinin digər materialları ilə öz təsdiqini tapmadığından, inandırıcı olmadığından, işin faktiki hallarına uyğun gəlmədiyindən, şahid ifadələrinə, hadisə yerinə baxış keçirilməsi haqqında protokola, mobil telefona baxış keçirilməsi haqqında protokola, şəxsin fotoşəkil üzrə tanınması haqqında protokola əsasən təkzib edildiyindən həmin xüsusat üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ifadələrində şəxsiyyətləri istintaqa Əsəd, Şüeyd və Əlihəsən adları ilə məlum olan Pakistan İslam Respublikası vətəndaşlarının dövlət sərhədindən Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində qanunsuz yolla keçdiklərini bildirsə də, həmin xüsusat onun öz ifadəsindən başqa cinayət işinin digər materialları ilə öz təsdiqini tapmadığından, inandırıcı olmadığından, işin faktiki hallarına uyğun gəlmədiyindən, həmin xüsusat üzrə Azərbaycan Respublikası CPM-in 39.2- ci maddəsinə əsasən şəxsiyyətləri istintaqa Əsəd, Şüeyd və Əlihəsən adları ilə məlum olan şəxslərin barələrində cinayət təqibinə xitam verilsin. Cinayət işi üzrə Təqsirləndirilən şəxs qismən etirafedici ifadələri, şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, mobil telefona baxış keçirilməsi haqqında protokol, şəxsin fotoşəkil üzrə tanınması haqqında protokol və cinayət işi üzrə digər sənədlər Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə sübut növü kimi qəbul edilsin. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını və iş materiallarında olan digər sənədləri sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Azərbaycan Respublikasının dövlət sərhədi” haqqında 9 dekabr 1991-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Həmin Qanunun 12-ci maddəsinə görə, Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxsləri Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququ barəsində etibarlı sənədlər əsasında sərhəd mühafizə orqanları buraxır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə həmin Məcəllənin 318.1-ci maddəsinin tərkibini yaradır. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə cəhd etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətməyə cəhd etmişdir. Onun əməli başa çatmamışdır, cinayət etməyə cəhddir və cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət məcəlləsinin 318-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasının yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 318.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan 28 avqust 2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan, “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-462/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 avqust 2025-ci il tarixdən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxs əcnəbi vətəndaşı olduğundan onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs əcnəbi vətəndaş olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluqları ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılmalıdır. İş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29, 318.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Cəzaçəkmə müddətinin əvvəli 28 avqust 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsınlar, məhkumluqları ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılsın. Cinayət işi üzrə maddi sübutun, mülki iddianın və xüsusi müsadirə olunması təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №1(067)-176/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-176/2025
06.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver