Məhkəmə qərarları › İş №1(067)-179/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-179/2025

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-179/2025 28.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1970-ci ildə Xaçmaz rayonu Qalağan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu Qalağan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi narkotik tərkibli çətənə bitkisinin toxumlarını 2025ci ilin yaz-yay əkin mövsümündə Xaçmaz rayonu Qalağan kəndində yerləşən evinin həyətyanı sahəsində qanunsuz olaraq qəsdən əkərək onlara aqrotexniki qaydada qulluq edib yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, bu fakt 17 iyul 2025-ci il tarixdə saat 18:03-18:20 müddətində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Qalağan kəndində 41°2521.9” N, 48°5324.3”E koordinatda yerləşən evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan torpaqda əkilmiş olan ümumi təmiz çəkisi 29,545 qram olan əkilibbecərilməsi qadağan olunmuş 08 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir (əkmiş və yetişdirmişdir). Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, son bir ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. İstifadə etdiyi marixuanalardan topladığı səkkiz ədəd toxumu şəxsi istifadəsi üçün əkmək qərarına gəlmişdir. Bu məqsədlə həmin toxumları Xaçmaz rayonu, Qalağan kəndində yerləşən ona məxsus olan fərdi yaşayış evinin həyətyanı sahəsində 2025-ci ilin aprel ayının əvvəllərində əkmişdir. Həmin toxumlara mütəmadi olaraq qulluq etmiş, sulamış və diblərini təmizləyib yetişmələri üçün şərait yaratmışdır. xx.xx.2025-ci il tarixdə Xaçmaz rayonu, Qalağan kəndində yaşadığı evin qarşısında, küçədə olan zaman bir neçə nəfər yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərinin polis əməkdaşları olduqlarını qeyd etdikdən sonra, ona yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli olduğunu bildirmişlər. Bu barədə ondan soruşduqda yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri əkib-becərdiyini etiraf etmiş və həmin bitkiləri əkdiyi yeri göstərə biləcəyini demişdir. O, polis əməkdaşlarının və aqronomun yaşadığı evin həyətində baxış keçirmələrinə etiraz etməmi, bu zaman saat 18 radələri olarmış. O, polis əməkdaşlarının və aqronomun iştirakı ilə yaşadığı evin həyətyanı sahəsində torpaqda əkdiyi 08(səkkiz) ədəd çətənə bitkisinin olduğu yerə gəlmişdir. Həmin 08(səkkiz) ədəd çətənə bitkisinə baxış keçirilmiş, köklərindən çıxarılaraq qablaşdırılaraq götürülmüşdür. Onun yaşadığı evin həyətyanı sahəsində aşkarlanmış 08 ədəd narkotik tərkibli çətənə bitkiləri özünə məxsusdur və şəxsi istfadəsi üçün əkmişdir. Bu barədə ailə üzvlərinin məlumatı olmamışdır. Həyətyanı sahəyə baxış keçirildikdən sonra Xaçmaz RPŞ-yə dəvət edilmiş, Xaçmaz RPŞ-də müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı Şahid2 ifadə verərək göstərdi ki, o, Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri yaşadığı evin həyətyanı sahəsində kultivasiya etməsi barədə daxil olan əməliyyat məlumatı raport yazılaraq rəhbərliyə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və bu qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əmrə əsasən əməliyyat tədbirlərinin keçirilməsindən ötrü onun və digər əməkdaşların iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etdikdən sonra 17 iyul 2025-ci il tarixdə Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 və aqronom-mütəxəssis Şahid4 iştirakı ilə saat 18 radələrində Xaçmaz rayonu Qalağan kəndi ərazisində Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə onun tərəfindən videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin əkilməsi barədə məlumat əldə edildiyi və əraziyə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin fərdi yaşayış evinin özünə məxsus olmasını, həyətyanı sahəyə baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirtmiş, baxış keçirilən zaman həyətyanı sahədən 08(səkkiz) ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Şahid4 tərəfindən həmin bitkilər 08 (səkkiz) ədəd sayılmaqla ağ rəngli sintetik kisəyə qoyularaq üzəri möhürlənməklə bağlanmışdır. Baxış əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmış və görüntülərin köçürüldüyü 01 ədəd disk protokola əlavə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə gətirilərək Növbətçi hissəyə təhvil verilmişdir. Şahid1 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Şahid3 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz RİH Xaçmaz MKTİ aqronomu vəzifəsində çalışır. xx.xx.2025-ci il tarixdə Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı Nurlan Qurbanovun qərarına əsasən Xaçmaz rayonu Qalağan kəndində həyətyanı əraziyə baxış keçirilməsində iştirak etmək üçün gəlmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə etiraz etməyərək narkotik tərkibli bitkiləri kultivasiya etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs icazəsi ilə yaşadığı evin həyətinə daxil olmuşlar və Nadir onlara həyətyanı sahədə çətənə bitkilərini əkdiyi ərazini göstərmişdir. Baxış zamanı torpaq sahədə əkilmiş olan 08 ədəd çətənə kolları aşkarlanmış. Aşkarlanmış bitkilərə baxış keçirən zaman həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyi və yetişdirildiyini müəyyən etmiş və bu barədə rəy vermişdir. Baxış zamanı aşkarlanmış çətənə bitkiləri torbaya qoyulmaqla qablaşdırılmış, bu barədə videoçəkiliş aparılmış, baxış keçirilməsinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Qurbanov Nurlan oğlunun xx.xx.2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2025-ci il tarixdə Xaçmaz rayonu, Qalağan kəndində 41°2521.9” N, 48°5324.3”E koordinatda yerləşən həyətyanı sahəsinə baxış keçirilmişdir. Əməliyyat qrupunun üzvləri videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs baxış keçirilməzdən əvəvl ondan həmin fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin əkilməsi barədə məlumat əldə edildiyi və əraziyə baxış keçirilməsinə etirazın olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs həmin fərdi yaşayış evinin özünə məxsus olmasını, həyətyanı sahəyə baxış keçirilməsinə heç bir etirazının olmamasım bildirmişdir. Təqsirləndirilən şəxs bitkiləri təqdim etmək üçün əraziyə daxil olmuş, həmçinin iştirakçılarda həmin ərziyə gəlmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus fərdi yaşayış evinin arxa tərəfinə gələrək 08 ədəd əkilmiş çətənə bitkilərinə bənzər kolları təqdim edərək, həmin ərazidə 08 ədəd çətənə bitkisini əkdiyii bildirmişdir. X2 həmin bitkilərə baxaraq onların çətənə bitkiləri olmasını, aqrotexniki qaydada qulluq edildiyini, diblərinin yumşaldılmasmı və suvarılmasını bildirmişdir. Şahid4 həmin bitkiləri 08 ədəd sayaraq sintetik torbaya qoymuş və təhqiqatçı Nurlan Qurbanov tərəfindən möhürlənmiş, imzalanaraq baxış yekunlaşmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq əkib-becərdiyi ümumi təmiz çəkisi 29,545 qram olmaqla 08 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri xx.xx.2025-ci il tarixli qərarla maddi sübut kimi tanınması və çətənə bitkilərinin ekspert tədqiqatından sonra qalıq qalmış 29,385 qramı saxlanılması üçün Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən qərardan görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsi zamanı qeydə alınmış video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, üzərində hadisənin izlərinin saxlanıldığına görə xx.xx.2025-ci il tarixli qərarla maddi sübut kimi tanınması və həmin 01 ədəd DVD diskin cinayət işi materiallarında saxlanılır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2025-ci il tarixli 4776 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Təqsirləndirilən şəxs üzərinin yoxlanması zaman aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd DVD diskə tərəfimdən xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı yuxarıda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı diskə baxış keçirildiyini, yenidən baxış keçirilməsinə ehtiyacın olmadığını və görüntülərdə onun özünün olmasını bildirmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan baxış keçirilməsinin videoçəkilişi köçürülmüş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə) həmin Məcəllənin 237.1-ci maddəsinin tərkibini yaradır. Elmi mənada “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı madəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 21-ci bəndində izah edilir ki, CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİİ Siyahı), qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarı 3-15 ədəd (6-30 hissə), külli miqdarı 16-800 ədəd (31-1550 hissə) kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin kultivasiya etdiyi tərkibində narkotik maddələr olan bitki - çətənə (kannabis) bitkisi 08 (səkkiz) ədəd olmuşdur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, həmin Qərarın 5.1-ci bəndinə görə, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, həmçinin EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan uşağı vardır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 6-cı hissəsinə əsasən, “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. Bundan başqa, Təqsirləndirilən şəxs törətdiyi cinayət həmin Qərarın 7-ci hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər sırasına aid deyildir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilmiş, barəsində 19 dekabr 2025-ci il tarixli Amnistiya Qərarının tətbiq edilməsini xahiş etmiş, eyni zamanda, müdafiəçisi Təqsirləndirilən şəxs barəsində qeyd olunan amnistiya qərarının tətbiq edilməsinə etirazının olmadığını bildirmişdir. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin təsiri altına düşməklə, o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən, onun ərazi narkoloji tibb müəssisəsində profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı ünvanda yerləşən torpaq sahəsindən aşkar edilərək götürülmüş 08 ədəd olmaqla, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 29,385 qram təşkil edən çətənə (kannabis) bitkiləri qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs çətənə bitkilərini əkib yetişdirdiyi yaşadığı ünvandakı torpaq sahəsinə keçirilmiş baxışın videoçəkilişinin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk maddi sübut kimi cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional bölməsinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 132 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı ünvanda yerləşən torpaq sahəsindən aşkar edilərək götürülmüş 08 ədəd olmaqla, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 29,385 qram təşkil edən çətənə (kannabis) bitkiləri qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs çətənə bitkilərini əkib yetişdirdiyi yaşadığı ünvandakı torpaq sahəsinə keçirilmiş baxışın videoçəkilişinin (bir ədəd videofayl) köçürüldüyü 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional bölməsinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Qərardan elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar