Məhkəmə qərarları › İş №1(067)-189/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-189/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-189/2023 22.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ə.Vahid küçəsi ev 30-da qeydiyyatda olan, əvvəllər məhkum olunmuş, əməllərində cinayətlərin residivi olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş –hazırda 03 saylıİstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinib 03 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və cəzasının sonu ilə xx.xx.2022-ci il tarixdə azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda oğurluq, yəni özgə əmlakını gizli olaraq talama məqsədi ilə 29 iyun 2023-cü il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs məxsus Xaçmaz rayonu, Çinartala kəndi ərazisində, Xaçmaz –Xudat yolunun sağında yerləşən “Zümrüd” şadlıq sarayından Xudat şəhəri istiqamətinə doğru 100 metr məsafədə yolun solundakı küçədən kəndin içərisinə doğru 50 metr məsafədə yerləşən evinin hasarını aşaraq həyətyanı sahəyə, evin pəncərəsindən isə evə yəni yaşayış sahəsinə qanunsuz daxil olaraq evin yataq otağında olan paltar rəfinin sol üst ikinci gözündəki paltarların altından 921 manat, qonaq otağında olan pulqabından 29 manat pul vəsaitini, habelə həmin pulqabından 25 manat dəyərində “Nokia 215 Dual Sim” markalı mobil telefonu qanunsuz götürüb aparmaqla ümumilikdə 975 (doqquz yüz yetmiş beş) manat məbləğində ziyan vurub yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 29 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus evin həyətyanı hasarını aşaraq həyət evinin pəncərəsindən evə daxil olmuş, yataq otağında olan paltar şkafından 921 manat məbləğində pul digər otaqdan mobil telefon və pulqabından az miqdarda pul götürmüşdür. Ailəlidir və himayəsində iki azyaşlı övladı var. Uşağı dil qüsurlu olduğundan həmin vaxt ona müalicə üçün pul lazım olmuş, imkansızlıqdan həmin cinayət əməlini törətmişdir. Götürdüyü həmin məbləğdə pulu uşağının xəstəlik xərcləri üçün istifadə etmişdir. O, azadlıqda olarsa bir ay yarım, iki ay vaxt müddətində həmin məbləğdə pulu zərərçəkmişə qaytaracaqdır. Qardaşı zərərçəkmiş şəxsə 400 manat, anası isə pensiyasından 200 manat vermək istəmiş, lakin zərərçəkmiş şəxs qəbul etməmişdir. Etdiyi cinayət əməlindən peşman olduğunu, evli və himayəsində 2 (iki) uşağının olduğunu bildirərək barəsində aşağı həddə cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs gizli olaraq talama yolu ilə özgənin əmlakını ələ keçirərək oğurluq cinayətini törətməsi barədə məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 29 iyun 2023cü il tarixdə evdən çıxaraq ailə üzvləri ilə birlikdə bağa məhsul yığmağa getmişlər. Həmin gün nəvəsinin məclisi olduğu üçün məhsulu satdığı müştəridən xahiş edərək yığdığı məhsulu saat 12 radələrində gəlib aparmasını xahiş etmişdir. Onlar saat 11:30 radələrində bağdan evə qayıtmışlar. Evə qayıtdıqlarında kiçik pəncərənin açıq olduğunu görmüşlər. Birinci olaraq gəlini çölə çıxıb evə oğru girdiyini ona bildirmişdir.O, yığdığı və xərclədiyi pulların dəqiq məbləği yadında qalmadığından DİN-nin 102 xidmətinə zəng edərək evindən 2000 manat məbləğində pulun oğurlanması barədə məlumat vermişdir. Polis əməkdaşları gəlib evdə araşdırma aparmışlar. Polislər araşdırma apardıqdan sonra məlum olmuşdur ki, evdən 921 manat məbləğdə və həmçinin 29 manat məbləğdə pul isə pul qabından oğurlanmışdır. O, hərəsinin içində 20 manat olmaqla ********** və ******* nömrələri olan “Nokia” markalı mobil telefonunun da oğurlandığını, təqsirləndirilən şəxsin pulların yerini axtarmaq niyyətilə evdə olan servantın qapısını sındırdığını, yorğan-döşəyi dağıdaraq ümumilikdə təqsirləndirilən şəxsin 1000 manat civarında maddi ziyan vurduğunu, lakin dəymiş ziyanı ödəyərsə, şikayətçi olmayacağını bildirmişdir. Baş vermiş hadisədən sonra nəvələri otaqda tək qalıb dərs oxumağa qorxurlar, psixoloji sarsıntı keçirmişlər. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, 29 iyun 2023-cü il tarixdə, saat 09 radələrində ailə üzvləri ilə birlikdə özlərinə məxsus bağa məhsul yığmağa getmişlər. Bağdan qayıtdıqlarında oğlunun çağırması ilə evə daxil olduğunda qapının açıq olduğunu və otağın dağılmış vəziyyətdə olduğunu görmüşdür. Yataq otağında pulları qoyduğu yerə baxdıqda pulların yerində olmadığını, oğurlandığını anlamışdır. Pulları həmin yerə özüqoymuşdur ki, lazım olanda götürüb istifadə etsinlər. Həmin pullar bağdan yığıb satdıqları məhsulun puludur. Polis əməkdaşlarına ilk dəfə oğurlanan pulların məbləğini 1200 manat olduğunu demiş, lakin sonradan hesabladıqda təxmini olaraq 900 manat civarında pulun və 01 ədəd telefonun oğurlandığını bildirmişdir. Təqsirləndirilən şəxsin təxmini olaraq 1000 manat məbləğində maddi ziyan vurduğunu bildirmişdir. O, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, ilk dəfədir ki, görmüşdür. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki,29 iyun 2023-cü il tarixdə səhər saatlarında həyat yoldaşı ilə birlikdə bağa məhsul yığmağa getmişlər. Valideynləri isə səhər saat 09:00-dan sonra uşaqları da götürüb bağa getmişlər. Bacısı uşağının məclisi olduğu üçün saat 12 radələrində məclisdə iştirak etmək məqsədilə evə qayıtmışlar. O, evə daxil olarkən pəncərənin açıq olduğunu görmüşdür. O, həyat yoldaşının evdən yad ətir iyinin gəldiyini bildirdiyində, otaqlara nəzər yetirmiş, hərşeyin qaydasında olduğunu, lakin valideynlərinin otağının dağınıq vəziyyətdə olduğunu görmüşdür. Valideynləri evə daxil olduqdan sonra pulların oğurlandığını bildirmişlər. O, daha sonra özünün yataq otağına keçdikdə orada qoyduğu 50 manat dəyərində olan “Nokia” markalı telefonun oğurlandığını müəyyən etmişdir. Həmin telefonun üzərində, təxminən birində 21 manat, ikinci nömrədə isə 19 manat məbləğində pul olmaqla iki nömrə olmuşdur. Həmin nömrələrdən biri işə aid şirkət nömrəsidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 iyul 2023-cü il tarixli qərardan(cild 1, iş vərəqə 22) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsində şübhəli bilindiyinə görə şübhəli şəxs qismində tutulması barədə qərar qəbul olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 33) görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 20:25-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, (cild 1, iş vərəqə 49), həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittiham elan olunmuş və o, həmin maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 4(067)-99/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 ay müddətinə, yəni 25 iyul 2023-cü il tarixdən 25 avqust 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz Rayon Məhkəməsinin 20 avqust 2023-cü il tarixli, 4(067)-109/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay, yəni 25 avqust 2023-cü il tarixdən 25 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən və Xaçmaz Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixli hökmünə əsasən Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına əsasən vaxtından əvvəl şərti azad olunmuşdur. O, 21 may 2019-cu il tarixdən hesablanmaqla Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinib 03 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmədaktiloskopik ekspertizasının 30 avqust 2023-cü il tarixli 3-16-16/2-3/1306 saylı rəyinə əsasən təqdim edilmiş 1,3,9 saylı daktilolentlərin səthindəki ovuc izləri və 4,5,6 saylı daktilolentlərin səthindəki əl barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1,2,3,4,5,6,7,8,9 saylı daktilolentlərinsəthlərindəkipapilyar naxışlar yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə, kifayət qədər xüsusi əlamətə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Təqdim edilmiş 1,3 saylı daktilolentlərin səthindəki ovuc izləri Təqsirləndirilən şəxs sağ ovcunun tenar hissəsindən, 4 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sağ əlinin adsız barmağından, 5-6 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri onun sağ əlinin böyük barmağından qalmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 18 sentyabr 2023-cü il tarixli 9/6372 saylı rəyinə əsasən təqdim edilməmiş 01 ədəd “Nokia 215 Dual Sim” markalı mobil telefonun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyun ayına olan bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 25 manat müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 07 oktyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 134-137) görünür ki, Xaçmaz RPŞ-də iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Çinartala kəndində yerləşən evdən pul oğurlaması ilə bağlı hadisə yerini göstərməsi təklif edilmiş, Təqsirləndirilən şəxs bu təkliflə razılaşmış və Zərərçəkmiş şəxs, Xaçmaz RPŞ-nin konvoy hissəsinin polis nəfəri X8, müdafiəçi X5 ilə birlikdə avtomobilə əyləşdikdən sonra avtomobili Xaçmaz rayonu, Çinartala kəndində Zərərçəkmiş şəxs məxsus evin qarşısına çatan zaman avtomobili saxlamağı bildirdi. O, Mizafəddin Şükürova məxsus evi göstərərək 29 iyun 2023-cü il tarixdə saat 10 radələrində həmin evin yaxınlığına gəldiyini, həyət qapısında olan qıfılı görərək evin boş olmasını bildiyini, hasardan aşaraq həyətyanı sahəyə daha sonra isə pəncərədən evə daxil olmasını bildirdi. O, evin otağındakı şkafdan pulları və qonaq otağındakı pulqabından pul və mobil telefonu götürdüyünü bildirdi. O, bildirdiklərini əyani olaraq təqdim etmişdir. İfadə yerində yoxlanılması zamanı protokola əlavə edilməsi məqsədilə “ Redmi Note 10 pro” markalı mobil telefonun fotokamerasından istifadə edilməklə fotoşəkillər çəkilmişdir. Protokol tərtib olunaraq ucadan oxunmuş, iştirakçılar tərəfindən əlavə və düzəliş təklif olunmamış, şikayət və etiraz daxil olmamışdır. Protokol təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş materiallardan görünür ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Quba Rayon X1 və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına sorğu göndərilmiş, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs Quba rayon PNRM-nə müraciət etmədiyi və Xaçmaz RMX PHŞ-də həkim-narkoloqun və həkim-psixatrın qeydiyyatında olmadığı müəyyən olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki(cild 1, iş vərəqə 6-9),baxış zamanı götürülmüş 9 ədəd üzərində barmaq izləri olan daktilolentlərdən 1,3,4,5,6 saylı daktilolentlər 05 oktyabr 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış, həmin daktilolentlər və maddi sübut kimi tanınmamış 2,7,8,9 saylı daktilolentlər cinayət işində olan sözügedən hadisə yerinə baxış protokoluna əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş materiallardan görünür ki, 08 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yeni məzmunda yenidən ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 4(067)-139/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ay, yəni 25 oktyabr 2023-cü il tarixdən 25 noyabr 2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Həbib oğlu Zərərçəkmiş şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla sonuncunun əmlakını gizli yolla talamışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Həbib oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Həbib Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin Məcəllənin 177.2.3-cü maddəsinin tərkibini yaradır. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə Sumqayıt ŞPİ tərəfindən həbs edilərək o, xx.xx.2010-cu il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına əsasən vaxtından əvvəl şərti azad olunmuşdur. O, 21 may 2019-cu il tarixdən hesablanaraq Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinib 03 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və cəzasının sonu ilə xx.xx.2022-ci il tarixdə azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda əməllərində cinayətin residivi yaranmaqla Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq hadisəsini törətmişdir. Cinayət işinin materiallarında olan Xaçmaz rayon İHB-nın Qımılqışlaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan və xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs həmin ünvanda qeydiyyatsız yaşayır. Qımılqışlaq kənd İƏD-nə Təqsirləndirilən şəxs barəsində heç bir sorğu və şikayət daxil olmamışdır. Onun xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X4 adında iki azyaşlı uşağının olduğu qeyd olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxshimayəsində iki azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlinə görə peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində, cinayətlərin residivinin olmasını Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir və cəzanın təyin edilməsində nəzərə alır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 21 may 2019cu il tarixdən hesablanmaqla Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinib 03 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunduqdan sonra 29 iyun 2023-cü il tarixdə iki il keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Cinayət Məcəlləsinin 83.3 və 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halı, yəni cinayətlərin residivini, cinayət əməlinin törədilməsi hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Bundan başqa, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesabedir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 25 iyul 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 115,29(yüz on beş manat iyirmi doqquz qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT(SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Bundan başqa, Zərərçəkmiş şəxs cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə cinayət mühakimə icraatı zamanı Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs təqsirləndirilənşəxsin cinayət əməli nəticəsində vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı , 358-ci və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxsunun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 25 iyul 2023-cü il tarixdən tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) İş üzrə 1,3,4,5,6 saylı daktilolentlər maddi sübut kimi tanınmış, həmin daktilolentlər və maddi sübut kimi tanınmamış 2,7,8,9 saylı daktilolentlər cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 115,29 (yüz on beş manat iyirmi doqquz qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT(SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs cinayət əməli nəticəsində vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surətinin ona verildiyi) andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar