Məhkəmə qərarları › İş №1(067)-189/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-189/2025

22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-189/2025 22.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, iclas katibi Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (X1) iştirakı ilə xx xxxx 1971-ci ildə Qusar rayonunun Kuzunqışlaq kəndində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, Qusar rayonunun Kuzunqışlaq kəndində müvəqqəti qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq qəsdən əldə etdiyi psixotrop maddə - metamfetamini üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 25 iyun 2025-ci il tarixdə, saat 21:12-21:27 müddətində ünvan 1 ünvanının yaxınlığında yaxalanıb üstünün yoxlanılması zamanı əynində olan boz rəngli şalvarın sol yan cibində olan bir ədəd “Keno” markalı siqaret qutusunda 01 ədəd bükümdə 0,458 qram psixotrop maddə olan metamfetamin aşkar edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs (X1) ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, törətdiyi cinayət əməlinin səhv hərəkət olduğunu anlayır, bundan sonra bu kimi əməllərə yol verməməyə çalışacaqdır. O, bu yaşında belə bir əmələ yol vermək istəməzdi. Həmçinin bildirdi ki, o, törətdiyi cinayət əməlindən peşmandır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025ci il tarixli Qərarının tətbiq edilərək barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Qusar rayonu Kuzunqışlaq kəndində yaşayır, Qusar rayonu Kuzunqışlaq kəndində anadan olmuş, həmin kənddə orta məktəbi oxuyub bitirmiş, Azərbaycan dilində sərbəst danışıb, oxuya bilir, lakin son illərdə Rusiya Federasiyası ərazisində yaşadığı üçün Azərbaycan dilində olan bəzi sözləri başa düşməkdə çətinliyi olur. Hərbi xidmətə çağırılan zaman Qusar rayonundan getmiş, lakin hərbi xidmətdən sonra Rusiya Federasiyasında qalmış və vətəndaşlığı qəbul etmişdir. Hazırda heç bir rəsmi dövlət işində işləmir, himayəsində 2 azyaşlı övladı var, evlidir, arvadı Xaçmaz şəhərindəndir. Arvadının ailə üzvləri və qohumları hazırda Xaçmaz şəhərində yaşayırlar. Buna görə də mütəmadi olaraq Qusar rayonundan Xaçmaz rayonuna gəlib gedirlər. Təxminən 1 ildir ki, narkotik vasitə olan marixuanadan, 2 aydır da daş adı ilə tanıdığı psixotrop maddə metamfetamindən istifadə edir. xx.xx.2025-ci il tarixdə Xaçmaz şəhərində olan zaman təxminən günorta saatlarından sonra Xaçmaz şəhəri, Bakı prospektində avtomobil dairəsinin yaxınlığında olarkən yerdən “Keno” markalı siqaret qutusunun içərisində gümüşü rəngli büküm falqa aşkar etmiş, həmin falqanın içərisinə baxan zaman narkotik vasitə istifadəçisi olduğu üçün qutunun içərisində kristal formasında metamfetamin olduğunu görmüş, həmin kütləni istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımağa başlamışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində evinə, yəni Qusar rayonu Kuzunqışlaq kəndinə gedərkən Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək, Xaçmaz RPŞ-nin əməkdaşları olmalarını qeyd edib, ona narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə etmə, saxlama və daşımada şübhəli olduğunu bildirmişlər. Bundan sonra o, könüllü surətdə üzərində daşıdığı və içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd bükümü “Keno” markalı siqaret qutusunun içərisində polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi siqaret qutusunun içərisindəki bükümdə olan kütlənin psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Əlavə olaraq polis əməkdaşlarından birinin videoçəkiliş apardığını qeyd etmişdir. Həmin büküm açılaraq baxış keçirilmiş və içərisindəki psixotrop maddə melamfetamin aşkar edilmişdir. Həmin büküm içərisində olan metamfetaminlə birlikdə elektron tərəzidə ölçüldükdən sonra kağız zərfə qoyaraq möhürləyərək qablaşdırmışlar. Zərfin üzəri yazıldıqdan sonra polis əməkdaşları və onun tərəfindən imzalanmış, götürülmüşdür. Həmçinin üzərinə baxış zamanı aşkarlanmış 01 ədəd alışqan, 01 ədəd İtel markalı mobil telefon və ümumilikdə 62 manat pul baxış keçirildikdən sonra özünə qaytarılmışdır. Baxış yekunlaşdıqdan sonra onu Xaçmaz RPŞ-yə dəvət etmişlər. Xaçmaz RPŞ-də təhqiqatçı tərəfindən həmin “01” ədəd zərfə baxış keçirildikdən sonra təkrar olaraq möhürləyərək qablaşdırılıb götürülmüşdür. Bundan sonra o, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, Qusar rayonu, Kuzunqışlaq kəndində müvəqqəti qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat aparatına dəqiq və qərəzsiz məlumat daxil olduğundan Təqsirləndirilən şəxs saxlamaq üçün şöbə rəisinin əmri ilə Xaçmaz RPŞ-nin CAB- nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində o, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edib saxlaması və daşımasında şübhəli olmasını bildirmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq, üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olmasını bildirmiş və əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd “Keno” markalı siqaret qutusunun içərisində gümüşü rəngli 01 ədəd falqa bükümündə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Həmin kütlənin metamfetamin olmasını, Xaçmaz şəhəri, Bakı prospektində avtomobil dairəsinin yaxınlığında yerdən tapmasını, öz istifadəsi üçün saxlamasını, heç kimə narkotik vasitə satmamasmı bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd falqa bükümdə olan kütlə bükümlə birlikdə elektron tərəzi ilə çəkilmiş və çəkisinin 0,65 qram olması müəyyən edilmişdir. Bundan sonra qeyd edilən 01 ədəd bükümdə olan kütlə bükümlə birgə ağ zərfə qoyularaq qablaşdırılmş, iştirakçılar tərəfindən üzəri imzalanmış və zərf götürülmüşdür. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına etirazının olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış 01 ədəd alışqan, 01 İtel markalı mobil telelfon, 62 manat pul və “Keno” markalı boş siqaret qutusu baxış keçirildikdən sonra özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə dəvət edilmiş, burada təhqiqatçı tərəfindən iştirakları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütləyə baxış keçirilmiş, yenidən qabalaşdırılaraq təhqiqatçı tərəfindən götürülmüşdür. Şahidlər Şahid2 və Şahid3 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdikləri ifadələrdən müəyyən edilir ki, onlar Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarında olan 25 iyun 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan və həmin əməliyyat-axtarış tədbirinin videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Təqsirləndirilən şəxs (X1) 25 iyun 2025-ci il tarixdə, saat 21:12-də Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və CAB-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən ünvan 1 ünvanının yaxınlığında saxlanılmış və əməliyyat qrupunun üzvləri tərəfindən videoçəkiliş aparılmaqla üstü yoxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əynində boz rəngli qısaqol köynək, boz rəngli şalvar və ayağında qara rəngli ayaqqabı olmuşdur. Polis əməkdaşları özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra üzərində narkotik vasitə və yaxud hər hansısa qanunsuz əşya olub-olmamasını sonuncudan soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra Şahid2 tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah olunmuş, Təqsirləndirilən şəxs boz rəngli şalvarının sol yan cibində saxladığı “Keno” markalı siqaret qutusunun içərisndəki 01 ədəd falqa bükümü təqdim etmişdir. Şahid2 falqa bükümün içərisində nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs falqa bükümdə psixotrop maddə metamfetamin olduğunu, Xaçmaz şəhəri Bakı küçəsində avtomobil dairəsinin yaxınlığında yerdən taparaq əldə etdiyini və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şahid2 həmin kütləni falqa bükümlə birlikdə elektron tərəzidə çəkən zaman kütlənin çəkisi qutu ilə birlikdə 0,65 qram olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində metamfetamin olan falqa büküm bir ədəd ağ rəngli zərfdə qablaşdırılıb möhürlənməklə bağlanmış və iştirakçılar tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış 01 ədəd alışqan, 01 ədəd “İtel” markalı mobil telefon, 62 manat pul və 01 ədəd “Keno” markalı boş siqaret qutusu baxış keçirilərək Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının görüntüləri əməliyyat müvəkkili Şahid3 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsilə qeydə alınmışdır. İş materiallarında olan 25 iyun 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan müəyyən edilir ki, 25 iyun 2025-ci il tarixdə Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərəfindən Xaçmaz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı X3 Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən “01” ədəd kağız zərf təhqiqata təqdim edilərək həmin zərfin içərisində olan “01” ədəd falqa bükümün Təqsirləndirilən şəxs götürüldüyünü və qutunun içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olduğunu bildirmişdir. Təqdim edilmiş zərfin üzərinə “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə, 1.Zeynal Məstanov, 2.Şahid1, 3.Şahid2, 4.Şahid3” sözləri yazılaraq imza edilmişdir və zərf möhürlənmişdir. Təhqiqatçı tərəfindən zərf qayçı ilə yan hissədən kəsilərək içərisinə baxılmış və içərisində “01” ədəd falqa bükümün olması aşkar edilmişdir. Həmin bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin metamfetaminə bənzər kütlə falqa bükümü ilə birlikdə tərəzi ilə çəkilmiş və kütlənin falqa bükümlə birlikdə çəkisinin 0,65 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunan həmin 01” ədəd “Keno” markalı siqaret qutusunun içərisindəki falqa bükümdə olan metamfetamindir, ona məxsusdur və həmin metamfetamini “Keno” markalı siqaret qutusunun içərisində falqa bükümdə olmaqla Xaçmaz şəhəri, Bakı prospektində avtomobil dairəsinin yaxınlığında olarkən yerdən tapmış və gələcəkdə özünün istifadə etməsi üçün saxlamışdır. Təqdim olunan “01” ədəd “Keno” markalı siqaret qutusunun içərisində falqa bükümdə olmaqla metamfetaminə bənzər kütlə iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılıb ekspertizaya təqdim edilməsindən ötrü üzəri möhürlənib götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, təqdim olunan bir ədəd DVD formatlı diskə təhqiqatçı tərəfindən iştirakçılarla birlikdə baxış keçirilmiş və keçirilmiş əməliyyat-axtarış tədbirinin əvvəldən sonadək fasiləsiz şəkildə video qeydiyyata alındığı müəyyən edilmişdir. DVD disk təkrar qablaşdırılıb möhürlənmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 27 iyun 2025-ci il tarixli, 5(067)-154/2025 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs (X1) narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, daşıması, saxlaması və istifadə etməsi barədə əməliyyat tədbirinin keçirilməsi haqqında 25 iyun 2025-ci il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi Sumqayıt Regional bölməsinin 26 iyun 2025-ci il tarixli, 20/546 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “Zərflər üçün № 58” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin” əl yazıları olan 01 ədəd zərfdəki 01 ədəd falqa bükümdə təmiz çəkisi 0,458 qram olan ağ rəngli kristalşəkilli kütlə psixotrop maddə – metamfetamindir. Metamfetamin psixotrop maddəsindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,408 qram təşkil etmişdir. İş materiallarında olan 27 iyun 2025-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 24 oktyabr 2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,458 qram təşkil etmiş psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 0,408 qram çəkidə qalıq qalmış həmin psixotrop maddə Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 07 iyul 2025-ci il tarixli, 4253 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Məcvəddin oğlunda psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs Məcvəddin oğlunda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Məcvəddin oğlunun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini o, şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamışdır, onun psixotrop maddəni kimdənsə alması müəyyən edilməmiş, həmin maddənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə edilməmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 24 oktyabr 2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsin üstünün yoxlanılmasının videoçəkilişi köçürülmüş DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs (X1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,458 qram, yəni xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 16-cı bəndində izah edilir ki, satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (X1) “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, həmin Qərarın 5.1-ci bəndinə görə, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013 və xx.xx.2015-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan uşaqları vardır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 6-cı hissəsinə əsasən, “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. Bundan başqa, Təqsirləndirilən şəxs törətdiyi cinayət həmin Qərarın 7-ci hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər sırasına aid deyildir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmiş, barəsində 19 dekabr 2025-ci il tarixli Amnistiya Qərarının tətbiq edilməsini xahiş etmiş, eyni zamanda, müdafiəçisi Təqsirləndirilən şəxs barəsində qeyd olunan amnistiya qərarının tətbiq edilməsinə etirazının olmadığını bildirmişdir. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin təsiri altına düşməklə, o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən, ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınmasını məqsədə müvafiq sayır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,408 qram təşkil edən metamfetamin psixotrop maddəsi qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk maddi sübut kimi cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs (X1) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional bölməsinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 132 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs (X1) “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs (X1) ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,408 qram təşkil edən metamfetamin psixotrop maddəsi qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs (X1) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional bölməsinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülsün.. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Qərardan elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar