Məhkəmə qərarları › İş №1(067)-19/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-19/2022

24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-19/2022 24.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1969-cu ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər bir neçə dəfə məhkum olunmuş, Xaçmaz şəhəri, Bünyatzadə küçəsi ev 5-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisasalaşdırılmış müalicə müəssisəsində müalicə alan və cəza çəkən - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 03 may 2021ci il tarixdə, saat 05:00 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz dəmir yolu stansiyasının ərazisində "xxxx" QSC-nin balansında olan, ümumi dəyəri 1433,80 manat təşkil edən – 17 ədəd 1394,17 manat dəyərində R-65 tipli rels yanlığı və 13 ədəd 39,63 manat dəyərində calaq boltu detallarını söküb aparmaq istəyərkən Xaçmaz dəmir yolu stansiyasının ərazisində Xaçmaz st. X8 Post Patrul Xidməti manqasının polis nəfərləri Şahid2 və X5 tərəfindən aşkar edilməsi səbəbindən bilavasitə oğurluğa yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək dəmir yolu xəttlərinə münasibətdə oğurluğa, yəni dəmir yolu xəttlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs işin 02.12.2021-ci il tarixli məhkəmə iclasındakı ifadəsində göstərmişdir ki, tarixi dəqiq xatırlamır, saat təxminən axşam 5-6 radələrində Xaçmaz rayonunda dəmiryolu ərazisində dəmiryolu relslərinin yaxınlığından təxminən 10 ədəd rels yanlığını götürüb dörd ədəd kisəyə yığmış, sonra Ramiz adlı taksi sürücüsünü çağırmış və onun avtomobili ilə həmin rels yanlıqlarını aparıb metal qəbulu məntəqəsinə 54 manata satmışdır. Taksi sürücüsü Ramizə isə 5 manat pul, bir ədəd “bizon” içkisi və bir qutu “prima” siqareti alıb vermişdir. Ramiz kisələrdə metal olduğunu bilmiş, lakin həmin metalların rels yanlıqları və oğurluq olduğunu bilməmişdir. Həmin rels yanlıqlarını götürərək satdıqdan iki gün sonra Xaçmaz rayonunda bazarın yaxınlığında polis serjantı Rəşad ona yaxınlaşaraq demişdir ki, “Ayıb olsun sənə, rels yanlıqlarını aparmısan”. O isə Rəşada demişdir ki, həmin relsləri metal qəbulu məntəqəsinə satmışdır, qaytara bilər. Bundan sonra onlar polis şöbəsinə, daha sonra polis əməkdaşları ilə birlikdə relsləri satdığı metal qəbulu məntəqəsinə getmişlər və həmin rels yanlıqlarını geri qaytarmışlar. Həmçinin bildirmişdir ki, rels yanlıqlarını satdığı metal qəbulu məntəqəsindəki fəhlənin kimliyini bilmir. Ramiz adlı taksi sürücüsü isə vəfat etmişdir. Bundan sonra təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək və bu ərizəsini müdafiə edərək təkrar ifadəsində göstərmişdir ki, 02.12.2021-ci il tarixli məhkəmə iclasında 17 ədəd rels yanlığından 10 ədədini oğurlayaraq satdığını, daha sonra polis əməmkdaşları ilə həmin rels yanlıqlarını satdığı yerdən geri götürüldüyü barədə verdiyi ifadə yanlış olmuşdur. Həmin iclasda yalan deməsinin səbəbi o olmuşdur ki, o, işin məhkəmə baxışında vaxt udmaq istəmişdir. Belə ki, o, başqa bir cinayət əməlinə görə cəza çəkir. Cəzaçəkmə müəssisəsində olarkən dustaq yoldaşları ona oğurluğa cəhd əməlinə görə amnistiya tətbiq olunması üçün məhkəmə baxışında işin ibtidai istintaqa qaytarılmasını məsləhət görmüşlər. Sonra o özü-özünə fikirləşmişdir ki, vaxt udmaqla öz işini daha da qəlizləşdirib ağırlaşdırmışdır. Buna görə də məhkəmədən üzr istəmiş, ibtidai istintaq zamanı verdiyi ifadələrdə olanları təsdiqlədiyini, 02.12.2021-ci il tarixli məhkəmə iclasında dediklərinin isə yalan olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək barəsində oğurluğa cəhdə görə hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaqdakı ifadəsindən isə müəyyən edilir ki, 02.05.2021 -ci il tarixdə, axşam saatlarında Xaçmaz dəmir yolu stansiyası ərazisindən keçərkən orada vaqonlara yüklənmiş dəmir yolu xətlərinə aid olan detalların olmasını görmüş, həmin vaxt cibində bir qəpik də olsa cib xərci olmadığı üçün oradan dəmir yolu xətlərinə aid olan detallardan götürüb metal qəbulu məntəqələrinə təhvil verərərək pul əldə etmək qərarına gəlmişdir. Buna görə də o, dörd beş ədəd boş un kisəsi taparaq 03 may 2021-ci il tarixdə saat 05 radələrində Xaçmaz dəmir yolu stansiyası ərazisində duran dəmir yolu xətlərinə aid olan detallar yüklənmiş vaqonların yanma getmişdir. Orada əvvəl o, onu hər hansı bir şəxsin görməməsi üçün ətrafa baxmış, sonra vaqonlardan 15 ədəd rels yanlığını və 13 ədəd calaq boltunu yerə düşürdərək vaqondan təxminən 20-22 metr məsafədə olan kol-kosluq ərazidə olan kisələrə yığmağa başlamışdır. Sonra gedib vaqondan daha iki ədəd rels yanlığını çıxardaraq kol-kosluq olan ərazidəki kisələr tərəfə aparmaq istəmiş, bu vaxt uzaqdan polis əməkdaşlarının onun istiqamətində gəldiklərini görmüş, buna görə də o, duraraq hərəkətini dayandırmış və polis tərəfindən ifşa olunduğunu başa düşüb olduğu yerdə, vaqonun yanında durmuşdur. Bu vaxt polis əməkdaşları ona yaxınlaşmış, nə etdiyini və detalları hara aparmaq istədiyini ondan soruşmuşlar. O da hər şeyi olduğu kimi polis əməkdaşlarına danışmış, sonra onu aşkar edən polis əməkdaşlarından biri rəhbərliyinə barəsində məlumat vermiş və bir qədər sonra onun olduğu yerə Xaçmaz st. XPŞ-nin təhqiqatçısı gəlib həmin yerə və aparmaq istədiyi dəmir yolu xətlərinə aid olan detallara dəvət edilmiş hal şahidlərinin işrirakı ilə baxış keçirmiş, hadisə yerinin fotoşəkillərini çəkmişdir. Sonra o, polis əməkdaşları tərəfindən Xaçmaz st. XPŞ-yə dəvət edilmiş və izahatı alınarkən o, hər şeyi olduğu kimi danışmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, o, "xxxx" QSC-də dispetçer işləyir. İşlədiyi həmin Cəmiyyət şirkət olaraq dəmir yolu xətlərinin tikintisi və bina-qurğuların layihələndirilməsi ilə məşğul olur. Onlar vaqonlardan rels yanlıqlarının çatışmazlığını aşkar edib bu barədə məlumat vermişlər. Daha sonra onlara Xaçmaz st. XPŞ tərəfindən məlumat verilmişdir ki, oğurlanmış 17 ədəd rels yanlığı və 13 ədəd calaq boltları tapılmış və onlar öz avtomobilləri ilə həmin 17 ədəd rels yanlığı və 13 ədəd calaq boltlarını polis şöbəsindən 28.11.2021-ci il tarixdə təhvil almışlar. Məhkəmə istintaqı zamanı şahid X5 ifadəsində göstərdi ki, 02 may 2021-ci il saat 21:00-dan 03 may 2021-ci il saat 09:00-dək Xaçmaz st. XPŞ-nin PPXM-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Xaçmaz dəmir yolu stansiyası ərazisində xidmətdə olmuşlar. 03 may 2021-ci il tarixdə, saat 05 radələrində bir nəfər şəxsin Xaçmaz dəmir yolu stansiyası ərazisində yerləşən yük daşıma vaqonlarından dəmir yolu xətləri üçün nəzərdə tutulmuş rels yanlıqlarını və digər detalları vaqondan düşürərək yaxınlıqdakı kolkosluq əraziyə yığdığını görmüşlər. Buna görə də həmin vaxt o, polis nəfəri Şahid2la həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edərək həmin şəxsdən orada nə etdiyini soruşmuşlar, həmin şəxs hərəkətlərini dayandıraraq detalları gizli yığdığı yerdə durmuş, bu vaxt onlar həmin şəxsə yaxınlaşanda onun əlində ağ rəngli kisə və kisənin içərisində dəmir yolu xətlərinə aid olan detallar olmuşdur. Bu vaxt həmin şəxs bir qədər durduqdan sonra etiraf edərək vaqonlardan yığdığı rels yanlıqlarını və calaq boltlarını gizli yığıb apararaq metal qəbulu məntəqəsinə satıb pul əldə etmək istədiyini demişdir. Sonra o, yanında olan polis nəfəri Şahid2la Xaçmaz st. XPŞ-nin rəhbərliyi ilə əlaqə saxlayıb baş vermiş hadisə barədə məlumat vermişlər. Bir neçə dəqiqə sonra olduqları yerə Xaçmaz st. XPŞ-nin baş təhqiqatçısı Nadir Məmmədov gəlmiş və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirməyə başlamışdır. Baxış zamanı təhqiqatçı tərəfindən hadisə yerinin fotoşəkilləri də çəkilmişdir. Sonra onlar oğurluğa cəhd edən həmin şəxsi Xaçmaz st. XPŞyə aparılan araşdırma ilə əlaqədar dəvət etmişlər, o da etiraz etmədən onlarla birlikdə şöbəyə getmişdir. Şöbədə həmin şəxsin iş üzrə Təqsirləndirilən şəxs olması dəqiq məlum olandan sonra təhqiqatçı tərəfindən izahatı alınmışdır. Əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin 10 ədəd rels yanlığını oğurlayaraq taksi ilə aparması halı baş verməmişdir. Təqsirləndirilən şəxsi saxlayarkən onun oğurlaması üçün kənara yığdığı rels yanlıqlarının sayı 17 ədəd, calaq boltlarının sayı isə 13 ədəd olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, şahid Fərdi Əkbərovun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 03 may 2021-ci il tarixli raportdan müəyyən olunur ki, həmin tarixdə Xaçmaz st. XPŞ-nin PPXM-nın polis nəfəri Şahid2 raportla müraciət edərək bildirmişdir ki, tərtib edilmiş cədvələ əsasən 02.05.2021-ci il tarixdə saat 21:00-dan 03.05.2021-ci il tarixə saat 09:00-dək polis serjantı Fərdi Əkbərov ilə Xaçmaz dəmir yolu stansiyası ərazisində xidmətdə olan zaman saat 05 radələrində bir nəfər şəxsin, yəni şəxsiyyəti sonradan müəyyən edilmiş Təqsirləndirilən şəxs dəmir yolu xəttlərində durmuş vaqonun üzərindən nəsə yığdığını müşahidə etmişlər və dərhal həmin şəxsə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs dəmir yolu xəttlərinə aid olan detalları, 02 ədəd rels yanlığını götürərək yığdığını görüb sonuncuya yaxınlaşanda onları görüb hərəkətlərini dayandırmışdır. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 03 may 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, həmin tarixdə Azərbaycan Dəmir Yolları QSC-nin Xaçmaz dəmir yolu stansiyası ərazisində olan yük qatarlarının yanında keçirilən baxış zamanı Təqsirləndirilən şəxs 03.05.2021-ci il tarixdə, saat 05 radələrində yük vaqonundan gizli olaraq düşürdərkən onda aşkar edilmiş 02 ədəd rels yanlığını oğurladığını və 22 metr məsafədə kolların arasında kisələrə gizli hissə-hissə yığdığı dəmir yolu xəttlərinə aid olan detalların yanına aparmaq istədiyini, daha sonra ümumi yığdığı həmin detalları aparıb metal qəbulu məntəqəsinə satmaq niyyəti olduğunu, lakin o, polis tərəfindən aşkar edildiyini bildirmişdir. Hadisə yerində təqsirləndirilən şəxsdən aşkar edilmiş 02 ədəd R-65 tipli, 80 sm uzunluğunda olan rels yanlığı maddi sübut kimi götürülmüşdür. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 03 may 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, həmin tarixdə Azərbaycan Dəmir Yolları QSC-nin Xaçmaz dəmir yolu stansiyasının yük həyətində, dəmir yolu xəttlərinin kənarında olduqda Təqsirləndirilən şəxs 03.05.2021-ci il tarixdə, saat 05 radələrində 22 metr məsafədə yerləşən yük vaqonundan oğurladığı və kolların arasında gizlətdiyi 03 ədəd ağ rəngli kisəni təqdim edərək həmin kisələrdə stansiya ərazisində dayanmış vaqonların üzərindən 15 ədəd rels yanlığı və 13 ədəd calaq boltlarını çıxardığı detallar olmasını bildirmişdir. 03 ədəd kisədə olan detallar yerə boşaldıldıqda içərisində 15 ədəd, 80 sm uzunluğunda R-65 tipli rels yanlığı və 13 ədəd calaq boltu olması müşahidə edilmiş, həmin detallar maddi sübut kimi götürülmüşdür. İş materiallarında olan Azərbaycan Dəmir Yolları QSC-nin 03 may 2021-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən Xaçmaz dəmir yolu stansiyası ərazisindən oğurlanmasına cəhd edilmiş 17 ədəd R-65 tipli rels yanlığı və 13 ədəd calaq boltu dəmir yolu xəttlərində aparılan təmir işləri üçün nəzərdə tutulan "xxxx" QSC-yə məxsusdur. İş materiallarında olan "xxxx" QSC-nin 17 may 2021-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, təqsirləndirilən şəxsin oğurlamağa cəhd etdiyi 17 ədəd rels yanlığı və 13 ədəd calaq boltu həmin Cəmiyyətin balansındadır. Həmin hadisə nəticəsində 17 ədəd rels yanlığı 1394,17 manat və 13 ədəd calaq bolt 39,63 manat olmaqla, Cəmiyyətə cəmi 1433,80 manat ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 iyun 2021-ci il tarxli, 9/3335 nömrəli rəyindən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən tərtib edilmiş 17.05.2021-ci il tarixli məlumatdan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən materiallar 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1433,80 manat müəyyən edilir: 1) 17 ədəd R-65 tipli rels yanlığı – 1394,17 manat; 2) 13 ədəd calaq boltu – 39,63 manat. Ekspertiza təyini haqqında qərarda və arayışda tədqiqat obyektlərinin istismar müddəti barədə məlumat olmadığından amortizasiya aşınması tətbiq etmək mümkün olmamışdır. İş materiallarında olan 29 iyun 2021-ci il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan və 26 oktyabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 03 may 2021-ci il tarixdə oğurlamağa cəhd etdiyi 17 ədəd R-65 tipli rels yanlığı və 13 ədəd calaq bolt detalları iş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz st. XPŞ-nin anbarında saxlanılmışdır. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs dəmir yolu stansiyası ərazisindən əvvəllər oğurluq edibetməməsi əməliyyat yolu ilə yoxlanılarkən onun əvvəllər dəmir yolu stansiyası ərazisindən oğurluq etməsi faktı müəyyən edilməmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti şəxs tərəfindən neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə həmin Məcəllənin 177.2.3-2-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən, cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. Ali Məhkəmənin qeyd olunan qərarının 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 03 may 2021-ci il tarixdə, saat 05:00 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz dəmir yolu stansiyasının ərazisində "xxxx" QSC-nin balansında olan, ümumi dəyəri 1433,80 manat təşkil edən – 17 ədəd 1394,17 manat dəyərində R-65 tipli rels yanlığı və 13 ədəd 39,63 manat dəyərində calaq boltu detallarını söküb aparmaq istəyərkən Xaçmaz dəmir yolu stansiyasının ərazisində Xaçmaz st. X8 Post Patrul Xidməti manqasının polis nəfərləri Şahid2 və X5 tərəfindən aşkar edilməsi səbəbindən bilavasitə oğurluğa yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək dəmir yolu xəttlərinə münasibətdə oğurluğa, yəni dəmir yolu xəttlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər də bir neçə dəfə məhkum olunmuşdur. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 1(067)-103/2021 saylı hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində 01 (bir) il 02 (iki) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmağa çalışmışdır. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin 12 yanvar 2022ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi hallarını, həmçinin əvvəllər də bir neçə dəfə cinayətlər törətdiyinə görə məhkum olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 17 avqust 2021-ci il tarixli 1(067)-103/2021 saylı hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində 01 (bir) il 02 (iki) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 17 avqust 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair “ 22 fevral 2012-ci il tarixli qərarında göstərilir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Bununla da məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək cəza Xaçmaz rayon məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 1(067)-103/2021 saylı hökmü ilə ona qəti olaraq təyin edilmiş 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından müəyyən edilir ki, Xaçmaz rayon məhkəməsinin 17 avqust 2021ci il tarixli 1(067)-103/2021 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəli 17 avqust 2021-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 avqust 2021-ci il tarixdən hesablanmalıdır. İşin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs oğurlamağa cəhd etdiyi 17 ədəd R-65 tipli rels yanlığın və 13 ədəd calaq bolt detallarının zərərçəkmiş şəxsə təhvil verildiyini və zərərçəkmişin təqsirləndirilənə qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Odur ki, iş üzrə maddi sübut olan Xaçmaz st. XPŞ-nin anbarında saxlanılmış 17 ədəd R-65 tipli rels yanlığının və 13 ədəd calaq bolt detallarının zərərçəkən şəxs "xxxx" QSC-yə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 29,177.2.3- 2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Xaçmaz rayon məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 1(067)-103/2021 saylı hökmü ilə ona qəti olaraq təyin edilmiş 01 (bir) il 02 (iki) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla Təqsirləndirilən şəxs barəsində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 avqust 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan Xaçmaz st. XPŞ-nin anbarında saxlanılmış 17 ədəd R-65 tipli rels yanlığının və 13 ədəd calaq bolt detallarının zərərçəkən şəxs "xxxx" QSC-yə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar