Məhkəmə qərarları › İş №1(067)-195/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-195/2025

18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Hökm Xaçmaz şəhəri İş № 1(067)-195/2025 18.03.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSI Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə ## ###### 1992-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 2-də qeydiyyatda olmaqla Xaçmaz şəhəri, Rəşad Səfərəliyev (Həmid Sultanov) küçəsi, ev 8-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 2024-cü ilin iyul ayının əvvəllərində günorta saatlarında icarə əsasında işlətdiyi Xaçmaz şəhəri, N.Nərimanov küçəsində 41,459077 °N (şimal enliyi), 48,795259°E (şərq uzunluğu) koordinatlarında yerləşən ofisdə etibarnamə üzrə nümayəndəsi olduğu şahid2 adına Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində yerləşən 0.40 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması məqsədilə hüquq verən rəsmi sənəd hesab olunan ##.##.2021-ci il tarixli, 2V-*** reyestr nömrəli və ##.##.2021-ci il tarixli, 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri qanunsuz hazırlayaraq üzərində “AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ ŞABRAN RAYONU NOTARİUS şahid3” sözləri yazılmış, kustar üsulla hazırladığı saxta möhürü həmin sənədlərin üzərinə birbaşa vurub hər iki sənəddə Şabran rayonu notariat ofisinin xüsusi notariusu vəzifəsində işləmiş şahid3 və şahid2 əvəzindən imza edərək saxta sənədləri bilə-bilə ##.##.2024-cü il tarixdə səhər saatlarında Xaçmaz şəhəri, H.Əliyev prospekti 9A ünvanında yerləşən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlak Kadastr və Reyestri pubiik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi idarəsinə təqdim etmiş, bununla da o, hüquq verən digər rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz hazırlamış, habelə eyni məqsədlə saxta möhürü hazırlamış və bilə-bilə saxta sənəddən istifadə etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun atası uzun müddət Xaçmaz şəhərində notariat kontorunda işləmişdir. Atasının vəfatından sonra sonuncuda qalmış vətəndaşlara məxsus sənədlərdən tapa bildiklərini sahiblərinə qaytarmaqla məşğul olmuşdur. İttihamda qeyd olunan iki sənəd, yəni qanun üzrə vərəsəlik hüququ haqqında sənədlər də onun atasına o, bu əməli törətməzdən təxminən bir-iki il əvvəl verilmişdir. Həmin şəhadətnamələri o hazırlamasa da, araşdırmadan-bilmədən səhv edərək həmin sənədləri o özü təqdim etdiyi üçün özünü təqsirli bilir. Həmin şəxs həqiqətən də qanun üzrə vərəsə kimi paya sahib olan şəxsdir, o, bu barədə araşdırmışdır. Yəni həmin şəhadətnamə ilə başqa bir şəxsin payı mənimsənilməmiş, şəhadətnamənin aid olduğu şəxsə qanuni olaraq düşən pay rəsmiləşdirilmişdir. O, İkinci Qarabağ müharibəsi iştirakçısıdır, əvvəllər məhkum olunmamış, eləcə də heç vaxt bu kimi əməllərə yol verməmiş, hazırkı cinayət əməli isə onun bilmədən etdiyi bir səhvdir. Həmçinin bildirdi ki, o, saxta möhür hazırlamamış, onun bu cür “imkanı, bacarığı da” yoxdur, o, vərəsəlik hüququ haqqında həmin şəhadətnamələri, sadəcə, vətəndaşlar tərəfindən atasına verilmiş sənədlərin arasından taparaq təqdim etmişdir. Həmin şəhadətnamələri tapdıqdan sonra şahid2 özünə deyil, apararaq daşınmaz əmlakın reyestr xidmətinə onun özünün təqdim etməsinin səbəbi bu olmuşdur ki, şahid2 bu kimi işlərdən anlayışı olmadığını bildirərək, sənəd işlərini yekunlaşdırmağı ondan xahiş etmişdir. O, Şabran rayonunda notariat ofisinin işçisi olmamış, həmin ofis yeni açılarkən oranın notariusu Səbuhi müəllimlə onun atasının münasibəti olduğundan o, bir müddət həmin ofisdə qeyri-rəsmi olaraq köməkçi kimi işləmişdir. Xaçmaz şəhərində isə o, makler kimi ofis işlətmiş, lakin uğurlu olmadığından fəaliyyətini dayandırmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsinin hazırda verdiyi ifadəsindən fərqli olduğunu bilir, ona ibtidai istintaq zamanı heç bir təzyiq göstərilməmişdir. Onun ASAN xidmətə təqdim etdiyi həmin saxta şəhadətnamələrdə hansısa rəqəm səhvi olmuş, həmin Xidmətdə bunu görüb araşdırmışlar və məlum olmuşdur ki, həmin sənədlərin kökü yoxdur. O, 800 manat pulu isə reyestrdən çıxarışlar hazırlanıb təqdim olunandan sonra verilməli olan vəsaitlə bağlı almış, lakin sonradan həmin məbləği şəxsin özünə geri qaytarmışdır. O, həmin pulu özünə hər hansı mənfəət əldə etmək üçün almamışdır, ona hər hansı qazanc qalmayacaqdır. O, saxtakarlıq etdiyini bilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində saxta möhür hazırlamasını deyil, sənədləri hazırladığını nəzərdə tutmuşdur. Həmin sənədlərdəki imzaları o icra etməmişdir. O, törətdiyi əməldən peşmandır. O, əvvəllər heç vaxt bu kimi əməllər törətməmiş və söz verir ki, bundan sonra heç vaxt belə əməllər törədən deyildir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, əməlindən səmimi peşman olduğunu bildirməklə göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz şəhəri, Həmid Sultanov küçəsi, ev 8 ünvanında ailəsi ilə birlikdə yaşayırmış. Subaydır və taksi fəaliyyəti ilə məşğul olurmuş. Atası Vəliyev Mirzəxan Əkbərqulu oğlu 2022-ci ilin iyul ayında xəstəliyi ilə əlaqədar vəfat etmişdir. Atası uzun müddət Xaçmaz şəhərində fərdi qaydada daşınmaz əmlakın sənədləşdirilməsi işi ilə məşğul olmuşdur. O özü uzun illər müxtəlif işlərdə çalışmışdır. Ancaq heç bir işdə müvəffəqiyyət əldə etmədiyinə görə atası da vəfat etdikdən sonra fikirləşmişdir ki, atasının işini davam etdirsin. Belə ki, özü 2023-cü il tarixdə 3 ay müddətinə Şabran rayon notariatında könüllü kimi çalışmış, bundan əlavə hər dəfəsində atasına sənəd işlərində köməklik göstərmişdir, buna görə də az-çox daşınmaz əmlakın sənədləşdirilməsindən və notariat işlərindən başı çıxırmış. Buna görə də 2024-cü ilin əvvəllərində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində notariat ofisinin yaxınlığında icarəyə bir obyekt açmış və həmin obyektdə daşınmaz əmlakla bağlı sənədlərin hazırlanması, kserokopya və bu tip işlərlə məşğul olmağa başlamışdır. Ancaq həmin obyekti də 5 aya yaxın işlətmişdir, Obyekti bağlamaqda da səbəb işlərinin uğurlu getməməsi olmuşdur. Ondan sonra bir müddət işsiz qalmış, daha sonra təcrübəçi kimi "xxxx” MMC-də satış təmsilçisi kimi işləmişdir. Maaş kifayət etmədiyinə görə də oradan işdən ayrılmış və hal-hazırda maaşla taksi şirkətində sürücü kimi çalışırmış. şahid2 adını eşitmişdir, şahid1 isə tanıyırmış. şahid1 2024cü ilin iyun ayının xatırlamadığı günündə işlətdiyi ofisə gələrək mərhum X3ya məxsus Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində 0.40 ha ərazidə kənd təsərrüfat təyinatlı torpaq sahəsi olduğunu, nənəsinin vəfat etdiyini, həmin torpaq sahəsini nənəsinin vəsiyyətnamə ilə bibisi Rəsmiyyə Mövludovaya verdiyini, ancaq bibisinin də həmin torpaq sahəsini ona və atasına verdiyini, buna görə də həmin torpaq sahəsini atasının adına sənədləşdirərək çıxarış almaq istədiyini söyləmişdir. O da həmin torpağın sənədlərinə baxdıqda həmin torpaq üçün şahid2 adına çıxarış ala biləcəyini düşünmüşdür. Buna görə də Familə bildirmişdir ki, çıxarış ala bilərmiş və bu iş üçün 800 manat pul lazım olduğunu söyləmiş, Famil də onunla razılaşmışdır. Və 2024-cü ilin iyun ayının sonlarında 800 manat pulu ofisində ona vermişdir. Bundan əlavə o, Famildən nənəsinin ölüm haqqında şəhadətnaməsini, torpağın sənədini və atasından onun adına etibarnaməni almışdır. Ona etibarnaməni Tahir yox, oğlu Famil atasının adından vermişdir, çünki atası oğluna baş etibarnamə vermişdir, oğlu da öz adından ona. O, Familə söz vermişdir ki, çıxarış 1 aya kimi həll olacaq. O, bu işə girişməmişdən əvvəl həqiqətən də elə bilmişdir ki, doğurdan da 1 aya düzəldə bilər. Ancaq sonradan işin içinə daxil olduqda görmüşdür ki, bu işin həll olunması xeyli müddət lazım imiş. O da çıxarışı düzəldə bilmədiyinə görə məcbur olub fikirləşmişdir ki, saxtakarlıq etsin. Buna görə də o, 2024-cü ilin iyul ayının əvvəllərində günorta saatlarında özünə məxsus ofisdə istifadəsində olan markasını xatırlamadığı kompyuter vasitəsilə Şabran rayon notariat ofisinin xüsusi notariusu kimi çalışmış şahid3 adından ##.##.2021-ci il tarixinə aid 02 ədəd “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr düzəltmişdir. Həmin şəhadətnamələrin biri X4 adına, digəri isə X1 adına imiş. Hər iki şəxs ər-arvaddırlar və onlar Familin babası və nənəsi olmuşlar. Həmin şəhadətnamələrə əsasən də guya ki, şahid2 Şahzaman Hüseynova və Hüseyn Hüseynovun vərəsəsidir və Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 0.40 ha torpaq sahəsi üzərində şahid2 tam hissədə pay almalı imiş. Ardınca isə şahid3 məxsus klişeni saxtalaşdırmış və həmin sənədlərin üzərinə möhürləri vurmuş, bundan əlavə, şahid3 və şahid2 yerlərinə saxta imzalar çəkmişdir. Bundan əlavə, həmin sənədləri də düzəltdikdən və etibarnamə aldıqdan dərhal sonra, yəni ##.##.2024-cü il tarixdə səhər saatlarında çıxarış almaq üçün müvafiq sənədləri və həmin şəhadətnamələri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinə gedərək əlbəəl qəbul şöbəsinə vermişdir. Həmin gündən 2-3 sonra isə ona həmin idarədən çıxarış almaq üçün mənfi cavab gəlmişdir. O da buna görə Famildən aldığı 800 manat pulu və torpağın sənədlərini məcbur olub Familin özünə qaytarmışdır. Şəhadətnamələri saxtalaşdırmaqda heç kim ona köməklik göstərməmişdir. Bundan əlavə, mərhum atası bir müddət Şabran rayon notariatında qeyri-rəsmi işçi kimi çalışmışdır. Buna görə də yaşadığı evdə həmin sənədlərin bir nüsxəsi var imiş. Onda da Şabran rayon notariatına məxsus sənədlər olduğuna görə həmin sənədlərə baxmaqla sözügedən şəhadətnamələri düzəltmişdir. Qeyd edir ki, şəhadətnamələri mərhum atasından qalan markasını bilmədiyi noutbook və printer vasitəsilə hazırlamışdır. Onları da mağazanı bağladıqdan sonra maddi imkanı olmadığına görə satmışdır. Klişeni isə kustar üsulla özü hazırlamışdır. Mağazanı bağladıqdan sonra da klişeni xatırlamadığı yerə tullamış və klişe artıq onda deyilmiş. Şəhadətnamələri saxtalaşdırmağı ilə əlaqədar şahid2 və şahid1 hər hansısa bir məlumatları olmamışdır. Bundan başqa, şəhadətnamələri saxtalaşdırmağı barədə şahid3 da heç bir məlumat verməmiş, ümumiyyətlə həmin şəxsi tanımırmış. Sənədlərin məhkəmə texniki ekspertizasının ## #### 2025-ci il tarixli */*** nömrəli rəyi və məhkəmə-xətşünaslıq ekspertizasının ## ###### 2025-ci il tarixli */**** nömrəli rəyi ilə tanış olmuşdur. Həmin rəylərlə razıdır və heç bir etirazı yoxmuş. Məhkəmə istintaqı zamanı şahid şahid1 ifadə verərək göstərdi ki, onun nənəsi və babasından qalmış torpaq sahəsinə çıxarış almaq məqsədilə o, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaxınlaşıb bildirmiş, sonuncu da həmin işi düzüb-qoşa biləcəyini demişdir. Lakin sonradan ona məlum olmuşdur ki, təqsirləndirilən şəxs onun çıxarış məsələsi ilə bağlı saxta sənədlər hazırladığı üçün ifşa olunmuşdur. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxslə o, Xaçmaz şəhərindəki notariat ofisinin yaxınlığında tikinti işində işləyərkən tanış olmuşdur, belə ki, təqsirləndirilən şəxsin notariat ofisinin yerləşdiyi cərgədə fəaliyyət göstərdiyi bir kabineti olmuşdur, ümumiyyətlə həmin yerdə əmlakla bağlı məşğul olan şəxslərin ofisləri vardır. Onlar həmin torpaq sahəsini bibisinin adına qeydə aldırmaqla çıxarış əldə etmək istəmişlər. O, vərəsəliklə, torpaq sahəsinin ada qeydiyyata alınması ilə bağlı hüquqi həlli yolunu bilməmiş, bu barədə məlumatsız olmuşdur. O, təqsirləndirilən şəxsə çıxarış alınması məqsədilə ondan istədiyi 800 manatı vermiş, lakin sonradan həmin iş alınmadığından təqsirləndirilən şəxs həmin pul vəsaitini ona geri qaytarmışdır. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Şahid şahid1 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində qeydiyyatda olmaqla faktiki olaraq ailəsi ilə birlikdə həmin ünvanda yaşayırmış. Şəxsiyyət vəsiqəsində subay yazılsa da, əslində, evlidir və iki övladı varmış. Sadəcə olaraq, şəxsiyyət vəsiqəsinin vaxtı bitmişdir və evliliyi barəsində qeydiyyat orqanına məlumat verməmişdir. Özü ev ustası kimi fəaliyyət göstərirmiş. X3 ##.##.2021-ci il tarixdə vəfat etmişdir. Ş.Hüseynovaya verilmiş sözügedən torpaq sahəsi uzun müddət istifadəsiz olmuş, bir neçə il bundan əvvəl torpaq sahəsinin dəqiq koordinatlarını müəyyənləşdirdikdən sonra orada tərəfindən əkin-biçin işlərinin görülməsinə başlanmışdır. Nənəsi vəfat etdikdən sonra adında olan bütün əmlakları, o cümlədən sözügedən torpaq sahəsini bibisi Rəsmiyyə Mövludovaya vəsiyyət etmişdir. Bibisi də öz növbəsində 0.40 ha torpaq sahəsinin onların mülkiyyətinə verilməsi üçün onun adına etibarnamə vermişdir. Həmin torpaq sahəsinin çıxarışı olmadığı üçün dövlət tərəfindən əkinbiçin işlərinin görülməsi üçün subsidiyalar ayrılmırmış. Bu səbəbdən, səhv etmirsə, 2024-cü ilin əvvəlində Xaçmaz notariat kontorunun yanında yerləşən ofisdə fəaliyyət göstərən Təqsirləndirilən şəxs adlı şəxsə yaxınlaşmışdır. Belə ki, eşitmişdir ki, Eldar torpaq sahələrinin sənədləşdirilməsi işi ilə məşğul olurmuş. O, Eldara həmin torpaq sahəsinə aid olan sənədləri, o cümlədən JN: *** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktını, nənəsinin ölüm haqqında şəhadətnaməsini, vəsiyyətnaməni, o cümlədən şəxsiyyət vəsiqələrinin surətlərini təqdim etmişdir. Eldar həmin sənədlərlə tanış olduqdan sonra torpaq sahəsini bibisinin adına yox, atasının adına rəsmiləşdirə biləcəyini, bunun üçün atasının adından ona etibarnamənin verilməli olduğunu, işin həll olunması üçün isə ona 800 manat pul verməli olacağını demişdir. O da razılaşmış və 800 manat pulu Eldara işlədiyi ofisdə vermişdir. Atası ona baş etibarnamə verdiyi üçün o, atasının adından Eldara etibarnamə vermişdir. Eldar 20 gün ərzində işin həll ediləcəyinə dair söz versə də, 6 ay ərzində torpaq sahəsinə dair çıxarış verilməmişdir. 2024cü ilin yay aylarında isə Eldar torpaq sahəsinə aid bütün sənədləri, eləcə də 800 manat pulu ona geri qaytararaq demişdir ki, imtina cavabı verilib, ondan şikayət olunduğu üçün heç bir iş alındıra bilmirmiş. Eldar onun pulunu qaytardığı üçün Eldardan heç bir şikayət və tələbi yox imiş. Atasının adına həmin şəhadətnamələrin tərtib edilməsindən məlumatı olmamışdır. Eləcə də şəhadətnamələrin qeyd hissəsində icra edilmiş imzalar atasına məxsus deyilmiş. Həmin imzaların kimin tərəfindən icra edilməsi barədə məlumatı yox imiş. Məhkəmə istintaqı zamanı ibtidai istintaq orqanında verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş şahid şahid2 həmin ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Köhnə- Xaçmaz kəndində qeydiyyatda olmaqla faktiki olaraq ailəsi ilə birlikdə həmin ünvanda yaşayırmış. Evlidir və üç övladı varmış. Özü “xxxx” ASC-dən təqaüdə çıxmışdır və hal-hazırda heç bir yerdə işləmirmiş. X2 ##.##.2021-ci il tarixdə vəfat etmişdir. Anasına verilmiş sözügedən torpaq sahəsi uzun müddət istifadəsiz olmuş, bir neçə il bundan əvvəl torpaq sahəsinin dəqiq koordinatiarını müəyyənləşdirdikdən sonra oğlu Famil tərəfindən orada əkinbiçin işlərinin görülməsinə başlanmışdır. Anası vəfat etdikdən sonra adında olan bütün əmlakları, o cümlədən sözügedən torpaq sahəsini kiçik bacısı Rəsmiyyə Mövludovaya vəsiyyət etmişdir. Bacısı da öz növbəsində 0.40 ha torpaq sahəsinin onların mülkiyyətinə keçirilməsi üçün oğlunun adına etibarnamə vermişdir. Həmin torpaq sahəsinin çıxarışı olmadığı üçün dövlət tərəfindən əkin-biçin işlərinin görülməsi üçün subsidiyalar ayrılmırmış. Bu səbəbdən, səhv etmirsə, 2024-cü ildə həmin torpaq sahəsinə çıxarış almaq üçün zəruri sənədləri, o cümlədən öz adından etibarnaməni oğluna vermişdir. Oğlu da Xaçmaz rayonunda bir nəfər şəxslə danışmış və həmin şəxs oğlundan sənədləri alaraq torpaq sahəsinə dair çıxarış hazırlayacağını bildirmişdir. Lakin oğlu həmin şəxsə sənədləri verdikdən bir neçə ay sonra sənəd hazır olmadığı üçün oğlu həmin şəxsdən sənədləri geri istəmiş və həmin şəxs, səhv etmirsə, 2024-cü ilin yay aylarında torpaq sahəsinə aid olan bütün sənədləri oğluna qaytarmışdır. Adına həmin şəhadətnamələrin tərtib edilməsindən məlumatı olmamışdır. Eləcə də şəhadətnamənin qeyd hissəsində soyadının qabağından icra edilmiş imza onun imzasına bənzədilsə də, onun tərəfindən icra edilməmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq orqanında verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş şahid şahid3 həmin ifadəsindən müəyyən edilir ki, o, Laçın rayonu, Turşsu kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır və evli imiş. Özü hal-hazırda heç bir yerdə işləmirmiş və təqaüddə imiş. 2014-cü ilin may ayından 2021-ci ilin noyabr ayının 1-dək Şabran rayon notariat kontorunun xüsusi notariusu vəzifəsində işləmişdir. X4 və övladı şahid2 tanımır və şahid2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilib-verilmədiyini xatırlamır. Ancaq onu əlavə etmək istəyərmiş ki, vərəsəlik işi mərhumun vəfat etdiyi günə qədər pasport qeydiyyatında olduğu ərazidə fəaliyyət göstərən notariat kontorunda açılmalı imiş. Bundan əlavə, ##.##.2021-ci il tarixli 2V- *** və 2V- *** reyestr nömrəli şəhadətnamələrdə olan imzalar ona məxsus deyilmiş, eləcə də sənədlərdə olan möhür də saxtalaşdırılmışdır. Həmin sənədlərin kimin tərəfindən saxtalaşdırılması barədə hər hansı məlumatı yox imiş. Təqsirləndirilən şəxs və mərhum atası Vəliyev Mirzəxan Əkbərqulu oğlunu tanımırmış. Eşitdiyinə görə mərhum Mirzəxan Xaçmaz rayonunda torpaq sahələrinin sənədləşdirilməsi işi ilə məşğul olmuşdur. Onunla hər hansı əlaqəsi olmamışdır. Eldar isə eşitdiyinə görə ondan sonra Şabran notariat kontorunun xüsusi notariusu olmuş Səbuhinin yanında bir müddət işləmişdir. Eldarla da hər hansı əlaqəsi olmamışdır. İş materiallarında olan ## #### 2024-cü il tarixli Etibarnamənin surətindən müəyyən edilir ki, həmin etibarnamə ilə şahid2 onu Azərbaycan Respublikasının bütün səlahiyyətli orqanlarında, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsində təmsil etmək səlahiyyətlərini şahid1 vermiş, sonuncu tərəfindən də həmin səlahiyyətlər ##.##.2024cü il tarixədək qüvvədə olmaqla Təqsirləndirilən şəxs verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin Təqsirləndirilən şəxs ünvanladığı ##.##.2024cü il tarixli məktubunun surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2824024163 və ********** qeydiyyat nömrəli ##.##.2024-cü il tarixli ərizəsinə baxılmış, ərizəyə əlavə edilmiş sənədlərdə olan məlumatların dövlət reyestrində saxlanılan məlumatlara uyğunluğunun yoxlanılması, həmçinin sənəd üzrə göstəricilərlə faktiki göstəricilərin uyğunluğunun müəyyən edilməsi məqsədilə ərizənin icrası əlavə araşdırma aparılması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 14-cü maddəsinə əsasən 1 ay müddətinə dayandırılmışdır. İş materiallarında olan Şabran rayon Notariat ofisinin notariusu Səfər Səfərlinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinə ünvanladığı ##.##.2024-cü il tarixli, *** nömrəli məktubunun surətindən müəyyən edilir ki, ##.##.2021-ci il tarixli 2V-*** və 2V-*** reyestr nömrəli notariat işi Şabran rayon Notariat ofisində aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı ##.##.2025-ci il tarixli, *-**- *-**/*-****/**** nömrəli məktubundan müəyyən edilir ki, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən, mərhum X4 məxsus JN: *** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0,40 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin üzərində vərəsə şahid2 hüquqlarının dövlət qeydiyyatının aparılması barədə daxil olmuş 2824024163 və ********** qeydiyyat nömrəli ərizələr araşdırılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, ##.##.2021-ci il tarixli 2V-*** və 2V-*** reyestrlər üzrə Şabran rayon Notariat ofisində notariat işi aşkar edilməmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)- ***/**** saylı qərarından və ## ### 2025-ci il tarixli “Axtarış və götürmə haqqında” protokoldan müəyyən edilir ki, həmin tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin xidməti binasında Xaçmaz RPŞ-nin müstəntiqi həmin idarənin arxiv müdiri Vüsal Kəlbiyev və hal şahidlərinin iştirakı ilə axtarış aparılmış, arxiv müdiri ##.##.2021-ci il tarixli 2V-*** və 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan ## ### 2025-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan, habelə şəhadətnamələrdən müəyyən edilir ki, ##.##.2021-ci il tarixli 2V-*** və 2V- *** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin məhkəmə texniki ekspertizasının ## #### 2025 -ci il tarixli, */*** saylı ekspert rəyindən müəyyən edilir ki, təqdim edilmiş ##.##.2021-ci il tarixli 2V-*** və 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrin üzərlərində olan möhür əksi kustar üsulla hazırlanmış klişe vasitəsilə sənədlərin üzərinə birbaşa vurulmuşdurlar. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının ## ###### 2025-ci il tarixli, */**** saylı ekspert rəyindən müəyyən edilir ki, 1) ekspertizaya təqdim edilmiş ##.##.2021-ci il tarixli 2V-*** və 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrdə “Qeyd” qrafalarındakı “Гусейнов” yazıları və həmin yazıların qarşısındakı imzalar - şahid2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; 2) ##.##.2021-ci il tarixli 2V-*** və 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrdə “Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs” qrafalarındakı imzalar - şahid3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” ## ##### 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması məqsədilə Xaçmaz şəhəri, N.Nərimanov küçəsinə gedilmiş, Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, N.Nərimanov küçəsində 41,459077 °N (şimal enliyi), 48,795259°E (şərq uzunluğu) koordinatlarında yerləşən ofisi göstərərək 2024-cü ilin iyul ayının əvvəllərində məhz həmin ofisdə ##.##.2021-ci il tarixli 2V-*** və 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri saxtalaşdırdığını söyləyərək həmin ofisin yerini əyani olaraq göstərmişdir. İş materiallarında olan ## ##### 2025-ci il tarixli ərizədən müəyyən edilir ki, şahid1 torpağın sənədini düzəltmək üçün Təqsirləndirilən şəxs ondan aldığı 800 manat pulu ona geri qaytardığını, ondan üzr istədiyini qeyd edərək onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərardan müəyyən edilir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, şahid1, şahid2, şahid3 əməllərində cinayət tərkibinin əlamətləri olmadığından barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ifadəsində bildirdiyi xüsusatlara tənqidi yanaşaraq, həmin xüsusatların təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma həmin Məcəllənin 320.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə həmin Məcəllənin 320.2-ci maddəsinin tərkibini yaradır. Göstərilən cinayət əməli “İdarəetmə qaydası əleyhinə olan cinayətlər” fəslinə aid edilmiş və cinayətin obyekti qismində dövlət idarəetmə fəaliyyəti ilə bağlı münasibətlər çıxış edir. Cinayətin predmetini isə hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər rəsmi sənədlər, dövlət təltifləri, möhürlər, ştamplar və blanklar təşkil edir. Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il ## ######## tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 24-cü bəndinə əsasən, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Beləliklə, rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Bu cinayət əməli obyektiv cəhətdən aşağıdakı hərəkətlər vasitəsilə törədilə bilər: - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi saxtalaşdırma; - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi qanunsuz hazırlama, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama; - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı satma. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli olmaqla, dispozisiyasında göstərilən hərəkətlərdən hər hansı birinin edildiyi andan başa çatmış hesab olunur. İstifadə etmə dedikdə, saxta rəsmi sənədin (vəsiqənin və ya digər rəsmi sənədin), onun saxta olduğunu qabaqcadan bilən şəxs tərəfindən hər hansı bir hüquq (üstünlük, güzəşt, imtiyaz) əldə etmək və ya müəyyən bir vəzifənin icrasından tam və ya qismən azad olmaq məqsədilə dövlət orqanlarına, bələdiyyələrə və onların vəzifəli şəxslərinə, hüquqi şəxslərə və vətəndaşlara təqdim olunması başa düşülür. Bilə-bilə saxta sənədlərdən istifadə edildiyi andan cinayət başa çatmış hesab olunur. Saxta sənədlərdən istifadə nəticəsində müəyyən hüquqlar əldə etmək və ya vəzifələrin icrasından azad olmaq təhlil edilən cinayət tərkibi ilə əhatə olunmur. Belə nəticələr baş verdikdə və müvafiq hallar mövcud olduqda şəxsin əməli əlavə olaraq Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə də tövsif olunur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvanda ailə üzvləri və qonşularla normal münasibətdə olmuşdur. Barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş İ-***** nömrəli və İ-***** nömrəli medal vəsiqələrinin surətlərindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” medalı və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə ilk dəfə cəlb olunmasını, İkinci Qarabağ müharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halın olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməli, təyin ediləcək cəzaları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona islah işləri növündə qəti cəza təyin olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş ##.##.2021-ci il tarixli, 2V-*** və 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 226 (iki yüz iyirmi altı) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 320.1 və 320.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 09 (doqquz) ay müddətinə islah işləri cəzası, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq hər ay qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş ##.##.2021-ci il tarixli, 2V-*** və 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 226 (iki yüz iyirmi altı) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən edilməməsi nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar