Məhkəmə qərarları › İş №1(067)-196/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-196/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-196/2023 06.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi İzzətli Anar İzzət oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə keçirilmiş açıq məhkəmə hazırlıq iclasında ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********** №-li cinayət işi Xaçmaz rayon məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə kollegiyası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlamışdır. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək ona elan olunmuş ittihamla razı olmadığını, xx.xx.2023-cü il tarixdə saat 12:00-da X3 əməkdaşları tərəfindən tutulduğunu, 02 gün bölmədə saxlanılaraq xx.xx.2023-cü il tarixdə üzərində şəxsi axtarış keçirilib cibində narkotik vasitə aşkar edildiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinin tələblərinə əsasən cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlayıb belə nəticəyə gəlmişdir ki, qeyd edilən cinayət işinin baxılması Xaçmaz rayon məhkəməsinə aid olsa da, işin məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar mövcuddur o, cümlədən ibtidai araşdırma zamanı mümkün qədər aradan qaldırılması mümkün olmayan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud qanun pozuntularına yol verilmişdir. Belə ki, cinayət işi üzrə ittiham aktı tərtib edilən zaman Azərbaycan Respublikası CPM-nin 289.3.1-ci maddəsinin tələbləri kobud surətdə pozularaq, ittiham aktının təsviriəsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməyərək, yalnız Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasının yazılması ilə kifayətlənmiş, Təqsirləndirilən şəxs nədə ittiham olunduğu öz əksini tapmamışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 3(a) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə məlumatlandırılmaq hüquqlarına malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, 6-cı Maddənin 3-cü bəndinin (a) yarımbəndi Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi ilə zəmanət verilən daha ümumi ədalətli məhkəmə araşdırması hüququ nəzərə alınmaqla qiymətləndirilməlidir. Cinayət işlərində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamlar barədə və müvafiq olaraq məhkəmənin məsələ ilə bağlı qəbul edə biləcəyi hüququ xarakteristika haqqında tam və ətraflı məlumatın verilməsi cinayət mühakimə icraatının ədalətli olmasının təmin edilməsi üçün başlıca ilkin şərtdir (Pelissye və Sassi Fransaya qarşı [BP], § 52; Seydoviç İtaliyaya qarşı [BP], § 90). 6-cı maddənin 3-cü bəndinin (a) və (b) yarımbəndləri arasında bağlılıq bundan ibarətdir ki, ittihamın xarakteri və səbəbi haqqında məlumatlandırılmaq hüququ təqsirləndirilən şəxsin müdafiəsini hazırlamaq hüququ kontekstində qiymətləndirilməlidir (Pelissye və Sassi Fransaya qarşı [BP], § 54; Dallos Macarıstana qarşı, § 47). 6-cı Maddənin 3 (a) yarımbəndi təqsirləndirilən şəxsin "ittiham" barədə məlumatlandırılmasına xüsusi diqqətin yetirilməsinə ehtiyac olduğuna işarə edir. Cinayətin təfərrüatları cinayət prosesində əhəmiyyətli rol oynayır, belə ki, bu təfərrüatlar təqdim edildiyi andan şübhəli şəxsə ona qarşı irəli sürülən ittihamın faktiki və hüquqi əsasları barədə yazılı rəsmi bildiriş verilir (Kamasinski Avstriyaya qarşı, § 79; Pelissye və Sassi Fransaya qarşı [BP], §51). 6-cı Maddənin 3(a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın "əsasları", yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın "xarakteri", yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat təmin edir (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010cu il). Məlumatın "ətraflılıq" dərəcəsi hər işin xüsusi hallarından asılıdır, lakin təqsirləndirilən şəxs adekvat müdafiə hazırlamaq üçün ən azı özünə qarşı yönəldilmiş ittihamları başa düşmək üçün yetərli məlumatla təmin edilməlidir. Bununla əlaqədar olaraq məlumatın adekvatlığı müdafiəyə hazırlıq üçün adekvat vaxt və vasitə hüququnu təmin edən 6-cı Maddənin 3 (b) yarımbəndinə uyğun olaraq və 6-cı Maddənin 1-ci bəndində nəzərdə tutulan ümumi ədalətli məhkəmə araşdırması hüququ nəzərə alınmaqla qiymətləndirilməlidir (Mottaçia İtaliyaya qarşı, § 60; Bekstrom və Andersson İsveçə qarşı (qər.)). Göründüyü kimi cinayət işi üzrə ittiham aktı Məcəllənin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmayan qaydada tərtib edilməklə, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli tam göstərilməmişdir. Bundan başqa, cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbayca Respublikası CM-nin 234.2-ci maddəsi ilə, Şahid6 isə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılan zaman Azərbaycan Respublikası CPM-nin 50 və 211-ci maddələrinin tələbləri kobud pozularaq, işə daxil edilən materialların siyahısı və ********* nömrəli cinayət işində Təqsirləndirilən şəxs aid zəruri sənədlərin, o cümlədən Şahid6 barəsində təyin edilmiş narkoloji ekspertiza qərarının və təqsirləndirilən şəxsin həmin qərarla tanış olması protokolun surətləri əlavə edilməmişdir. Təqsirləndirilən şəxs aid bütün materialların barəsində ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilməməsi Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tam tanış olmamasına səbəb olmuş, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli və nədə ittiham olunduğunu, nədən müdafiə olunmalı olduğunu bilməmişdir. Bununla da, Azərbaycan Respublikası CPM-nin 91, 284-288-ci maddələrinin tələbləri pozulmuş, Təqsirləndirilən şəxs CPM-nin 91.5.1 və 91.5.22-ci maddəsində göstərilən, yəni nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ibtidai araşdırma qurtardığı andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq hüququ kobud surətdə pozulmuşdur. Göründüyü kimi, qeyd edilənlər Təqsirləndirilən şəxs müdafiə hüququnun (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair tələblər kobud formada pozulduğuna dəlalət edir. Bundan başqa cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs tutulan zaman Azərbaycan Respublikası CPM-nin 90 və 92-ci maddələrinin tələbləri kobud pozularaq, Azərbaycan Respublikası CPM-nin 90.7.7-ci maaddəsində göstərilən hüquq, yəni müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü-özünü müdafiə etmək tam təmin edilməmiş, Təqsirləndirilən şəxs movcud ərazidə fəaliyyət göstərən vəkillər Xaçmaz rayon Vəkil Bürosundan alınmış və təsdiq edilmiş siyahi üzrə deyil, müstəntiq tərəfindən tərtib edilmiş protokola daxil edilmiş vəkillərdən formal seçilməklə təmin edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs müdafiəçi seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 92.12 və 92.14-cü maddələrində göstərilən hüququları təmin edilməyərək, müdafiəçinin seçilməsi ilə əlaqədar müvafiq ərizəsi alınmamışdır. Göründüyü kimi, qeyd edilənlər Təqsirləndirilən şəxs müdafiə hüququnun (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) pozulduğunu dəlalət edir. Bundan başqa, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs tutulan zaman xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokolda, xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi haqqında protokolda, xx.xx.2023-cü il tarixdə şübhəli şəxsin izahatında, xx.xx.2023-cü il tarixdə ekspertizanın rəyi ilə təqsirləndirilən şəxsi tanış etmə haqqında protokolda ayrı-ayrılıqda tərtib etmə tarixlərində və ya vaxtlarında düzəlişlər edilərək (xüsusi ağardıcı qələmlə ağardılaraq yenidən üzərində yazılmaqla) həmin düzəlişlərin nəzərə alınması yazılmış, lakin, düzəlişlərin hansı səbəbdən aparılması ilə əlaqədar xüsusi qeyd aparılmamış və protokolda iştirak edən Təqsirləndirilən şəxs və digər iştirakçılar həmin qeydlə tanış olmamışlar. Azərbaycan Respublikası CPM-nin 51.3-cü maddəsinə görə, protokolda doldurulmamış sətirlər və səhifələr pozulmalı, ona əlavələr, pozmalar və düzəlişlər xüsusi qeyd olunmalıdır. Eyni zamanda cinayət işinin materiallarından göründüyü kimi, xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi haqqında protokola əlavə edilmiş videogörüntüdə onun üzərində axtarışın hansı vaxt keçirildiyi qeyd edilmir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi haqqında protokolda tarix hissəsində düzəlişin edilməsi, həmin protokola əlavə edilmiş videogörüntüdə isə axtarışın saatının qeyd edilməməsi istintaq hərəkətinin mötəbər olmadığını və Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulduğuna dəlalət edir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci madəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 145.2-ci maadəsinə görə, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Qeyd edilən Məcəllənin 145.3-ci maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Göründüyü kimi, qeyd edilənlər Təqsirləndirilən şəxs müdafiə hüququnun bir daha pozulduğunu dəlalət edir. Bundan başqa istintaq zamanı Təqsirləndirilən şəxs ilə istintaq hərəkətləri aparılan zaman xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokollarda, xx.xx.2023-cü il tarixdə video görüntüyə baxış keçirilməsi haqqında protokolda , xx.xx.2023-cü il tarixdə etiraz edilə bilən şəxslər barədə məlumatların cinayət prosesinin iştirakçısına bildirməsi haqqında ptorokolda, xx.xx.2023cü il tarixdə ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumatın verilməsi haqqında protokolda, xx.xx.2023-cü il tarixdə cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda Təqsirləndirilən şəxs heç bir səbəb göstərmədən imza etməkdən imtina etməsi qeyd edilsə də, məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs həmin protokolların tərtib edilən zaman özünü təqsirli bilmədiyini qeyd edərək bu səbəbdən imtina etdiyini bilidirmişdir. Azərbaycan Respubikası CPM-nin 7.0.41-ci maddəsinə görə, vəsatət- cinayət prosesi iştirakçılarının cinayət prosesini həyata keçirən orqana ünvanlanmış xahişidir. Həmin Məcəllənin 91.5.18-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlərin protokolunda qeyd edilməsini tələb etmək, 91.5.19-ci maddəsinə görə, iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə baxışında iştirak edərkən, qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək, 91.5.20. ekspertizanın təyin olunması haqqında qərarla və ekspertin rəyi ilə tanış olmaq təqsirləndirilən şəxsin hüququdur. Cinayət işinin materiallarından göründüyü kimi, istintaq zamanı Azərbaycan Respublikası CPM-nin 121-122-cü maddələrinin tələbləri pozularaq, Təqsirləndirilən şəxs etirazları vəsatət kimi qəbul edilməmiş, onun imza etməkdən imtina etməsinin hansı səbəbəbdən irəli gəldiyi araşdırılmamış, özünü təqsirli bilməməsi qeyd edilməmiş və buna müvafiq qiymət verilməmişdir. Göründüyü kimi, qeyd edilənlər Təqsirləndirilən şəxs müdafiə hüququnun bir daha pozulduğunu dəlalət edir. Azərbaycan Respubikası CPM-nin 300.1-ci və 300.1.5-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələri ilə müəyyən edilmiş kobud pozuntularına yol verildiyindən, cinayət işinin məhkəmədə baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-ci maddəsinin tələblərinə əsasən, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolin müvafiq olaraq bu Məcllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.8-ci maddəsinin tələblərinə əsasən, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərini pozilması məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı həmin Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.2-ci maddəsinə əsasən məhkəmənin xüsusi qərarında onun hansı cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə və kim tərəfindən çıxarıldığı qeyd edilməli, işin mahiyyəti, dəqiq olaraq həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulardan hansı pozuntu və kimin tərəfindən yol verildiyi ətraflı göstərilməlidir. Ona görə də, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Xaçmaz rayon X2 Bölməsinin müstəntiqi, polis kapitanı X1 barəsində xüsusi qərar çıxarılmalı və Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra, konkret hallarda həmin Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. İş materiallarına əsasən Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı həbs növündə qətimkan tədbirinin müddəti 19 oktyabr 2023-cü il tarixdən 19 noyabr 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə həmin məsələ ilə bağlı müzakirə apararaq belə qərara gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla həbsdə saxlanılma müddəti qərarın elan olunduğu gündən 1 ay müddətinə, yəni 06 yanvar 2024-cü il tarixədək uzadılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs müdafiəçisinin həbs qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı vəsatətini əsassız hesab edərək, qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş prosessual əsaslar aradan qalxmamış və müdafiə tərəfi ağır cinayətin törədilməsində ittiham olunan təqsirləndirilən şəxsin məhkəmədən gizlənməyəcəyi ilə bağlı hər hansı bir qarantiya təqdim etməmişdir. Hazırda təqsirləndirilən şəxsin barəsində qüvvədə olan həbs qətimkan tədbirini ləğv olunması yolverilməzdir və təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid olunmuş vəziyyətdə qalmasına mütləq zərurət vardır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunmasına dair müdafiəçisinin vəsatəti təmin edilməməli və hazırki vəziyyətdə təqsirləndirilən şəxsin həbsdə saxlanılması davam etdirilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3, 303.4-cü, 306.2ci və 307.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q ƏRARAALDİ:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmədə baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

2. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla həbsdə saxlanılma müddəti qərarın elan olunduğu gündən 1 ay müddətinə, yəni 06 yanvar 2024-cü il tarixədək uzadılsın.

3. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilməsi ilə bağlı vəsatəti əsassız olduğundan təmin edilməsin.

4. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Xaçmaz rayon X2 Bölməsinin müstəntiqi, polis kapitanı X1 barəsində xüsusi qərar çıxarılsın.

5. Qərarın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin.

6. Qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).

7. Qərar qətidir, apellyasiya şikayəti və ya protesti verilə bilməz.

Hakim Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar