Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-197/2024 17.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, tərcüməçi X2 iştirakı ilə 14 noyabr 1998-ci ildə Misir Ərəb Respublikasının Qarbiya əyalətində anadan olmuş, Misir Ərəb Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Misir Ərəb Respublikasının Qarbiya əyalətində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərmişdir. Belə ki, o, Almaniya Federativ Respublikasına getmək üçün vizasının olmaması səbəbindən qanunsuz yolla Rusiya Federasiyasından keçərək Almaniya Federativ Respublikasına yaşamaq və işləmək üçün getmək məqsədilə 16 sentyabr 2024-cü il tarixdə, saat 15 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Xaçmaz rayonu, Samurçay kəndi ərazisində yerləşən 1-ci sərhəd zastavasının 2-ci sahəsindən piyada hərəkət edərək, qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd göstərmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edilərək, “Dayan!” çağırış komandası verilib, 16 sentyabr 2024-cü il tarixdə, saat 15:55 radələrində, Xaçmaz rayonu, Samurçay kəndi ərazisində 137 nömrəli sərhəd nişanından 70 metr solda, mühəndis-texniki çəpərindən Azərbaycan Respublikası istiqamətində 15 metr, dövlət sərhəd xəttindən 130 metr məsafədə saxlanıldığından, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikasına gəlməzdən əvvəl X6 işləmiş, onun Gürcüstan Respublikasına getmək üçün vizası olmuş, Azərbaycandan Gürcüstana getmək üçün o, Ağstafa rayonuna getmiş, lakin orada ona məlum olmuşdur ki, COVİD-19 pandemiyası ilə əlaqədar quru sərhədlər bağlıdır, Gürcüstana yalnız təyyarə ilə getmək olar. Lakin təyyarə ilə getmək üçün onun pulu olmamışdır. Bundan başqa, ona bir nəfər şəxs onun üçün Rusiya Federasiyasına viza ala biləcəyini demiş, o, bununla bağlı həmin şəxsə pul vermiş, lakin həmin şəxs onu aldatmışdır. Qeyd olunan səbəblərdən o, Azərbaycan Respublikasından Rusiya Federasiyasına qanunsuz olaraq keçmək istəmişdir. O fikirləşmişdir ki, əgər sərhədi keçə bilsə, Almaniya Federativ Respublikasına getmək planı alınar, keçə bilməsə, yəni yaxalanarsa, onu deport edərlər, lakin o bilməmişdir ki, bu əməlinə görə həbs ediləcəkdir, bunu bilmiş olsaydı, o, hazırkı cinayət əməlini törətməzdi. Onun atası 80, anası isə 76 yaşındadır, o, valideynlərinin yeganə oğlan övladıdır. Həmçinin bildirdi ki, o, Azərbaycan Respublikasına bundan əvvəl gəlməmiş, ilk dəfədir ki, gəlmişdir. O, Azərbaycan Respublikasına gələndə burada heç kimlə görüşməmişdir. Onun Azərbaycanda heç bir qohumu yoxdur, onun valideynləri Misir Ərəb Respublikasının vətəndaşlarıdır, o, siyasi sığınacaqla bağlı hər hansı dövlətə müraciət etməmiş, onun vətəndaşı olduğu ölkədə hakimiyyət tərəfindən ona qarşı hər hansı təzyiq edilməmiş, o, ölkəsini hakimiyyətdən narazılıq səbəbindən tərk etməmiş, cinayət törətməmiş və ölkəsində axtarışda deyil. O öz ölkəsində nəinki cinayət törətməmiş, hətta yol hərəkəti qaydalarını da pozmamışdır. O, Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçmək üçün tək getmiş, yanında heç kim olmamışdır. Ona Rusiya Federasiyasına getmək üçün viza düzəldəcəyini vəd etmiş şəxslə o, internet vasitəsilə tanış olaraq əlaqə saxlamışdır. Ona Azərbaycan Respublikasından Rusiya Federasiyasına sərhədi qanunsuz keçməyin qaydasını, yollarını kimsə öyrətməmiş, istiqamət verməmişdir. O, Gürcüstan Respublikasına getmək üçün Ağstafa rayonuna gedəndə və həmin vaxt həmin ölkəyə quru sərhədlə getməyin mümkün olmadığını biləndə, onun öz ölkəsinə qayıtmaq üçün pulu olmamış, o, həm də bilməmişdir ki, Azərbaycan Respublikasında Misir Ərəb Respublikasının səfirliyi mövcuddur. O, sərhəddə saxlanılarkən üzərindən hər hansı silah, qanunsuz predmet aşkar olunmamışdır. O, törətdiyi cinayət əməlinə görə peşmandır. O, törətdiyi əmələ görə üzr istəyir, cinayət əməlini düşdüyü çətin vəziyyətlə bağlı törətməsinin, himayəsində ahıl yaşlı valideynlərinin olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Misir Ərəb Respublikasında yaşadığı müddətdə maddi vəziyyətinin pis olması səbəbilə Almaniya Federativ Respublikasına işləmək məqsədilə getmək niyyətində olmuşdur. Bir müddət X6 yaşayıb işləməyə başlamış, lakin maddi vəziyyətində dəyişiklik olmadığı üçün Avropa ölkələrinə getmək istəmişdir. “Tiktok” adlı sosial şəbəkədə təsadüfən tanış olduğu Krişna adlı həmyerlisi ilə Avropa ölkələrinə getmək barədə söhbət edərkən sonuncu ona Almaniya Federativ Respublikasına getməyini tövsiyə etmişdir. Misir Ərəb Respublikasının vətəndaşları üçün Almaniya Federativ Respublikasına getmək üçün viza əldə etmək çətin idi. Belə ki, X8 və İspaniya Respublikasına getmək məqsədilə 2 dəfə viza üçün müraciət etsə də, viza verilməmişdir. 2 ay bundan əvvəl Rusiya Federasiyasına getmək məqsədilə viza üçün müraciət etmiş, lakin viza əldə edə bilməmişdir. Bu barədə Krişna ilə danışdıqda sonuncu ona bildirmişdir ki, bir çox əcnəbilər Azərbaycan Respublikasına gəlib, oradan Gürcüstana və ya Rusiya Federasiyasına rahatlıqla qanunsuz keçib, daha sonra Avropa ölkələrinə çıxıb gedirlər. Belə ki, bu məqsədlə 6 sentyabr 2024-cü il tarixdə “Dubay-Bakı” aviareysi ilə Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycan Respublikasına gəliş məqsədi qanunsuz yolla Rusiya Federasiyasına keçib, oradan da Almaniya Federativ Respublikasına getmək olmuşdur. “X11 Hava Limanı”na eniş etdikdən sonra oranı tərk edib, Bakı şəhərində yerləşən, dəqiq ünvanını xatırlamadığı “X13” adlı mehmanxanaya yerləşmiş və 13 sentyabr 2024-cü il tarixədək həmin mehmanxanada məskunlaşmaqda davam etmişdir, Almaniya Federativ Respublikasına giriş üçün vizasının olmaması səbəbilə qanunsuz yolla Rusiya Fedrasiyasından keçərək, oradan da Almaniya Federativ Respublikasına getmək məqsədilə 13 sentyabr 2024-cü il tarixdə, saat 16 radələrində qaldığı mehmanxananı tərk edərək tanımadığı taksi ilə Nabran qəsəbəsinə getmiş və orada “Bulaq” adlı mehamanxanaya yerləşmişdir. Krişnanın bildirdiklərindən əlavə, şəxsən özü də internetdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında olan sərhədi qanunsuz keçməyinin yollarını axtarmışdır. “Google map” adlı elektron xəritə tətbiqində sərhədi keçmək üçün lazımi yolları müəyyən etmiş, daha sonra 16 sentyabr 2024cü il tarixdə, saat 14 radələrində Nabran qəsəbəsində tanımadığı taksiyə minib, sürücüyə Samurçay kəndinə sürməyini bildirmişdir. Həmin tarixdə saat 15 radələrində Xaçmaz rayonu, Samurçay kəndi ərazisindən Rusiya Federasiyası istiqamətində meşəlik ərazi ilə irəlilədikdən sonra tikanlı məftillərlə əhatələnmiş çəpərə çatmasına az bir məsafə qalmış, Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçmək istəyərkən sərhədçilər tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 1-ci sərhəd komendantlığının mühafizə tağımının atıcısı, əsgər Şahid2 ifadəsində göstərdi ki, o və həmin hərbi hissəsinin 1-ci sərhəd komendantlığının komendantı vəzifələrini müvəqqəti icra edən Şahid1 tərəfindən iş üzrə təqsirləndirilən şəxs dövlət sərhəd xəttinə təxminən 15 metr qalmış saxlanılmışdır. Onlar təqsirləndirilən şəxs sərhəd xəttini qanunsuz olaraq keçmək istəyərkən sonuncuya “Dayan!” komandası vermişlər. Təqsirləndirilən şəxs heç bir tabesizlik, müqavimət göstərməmiş, onlar tərəfindən də təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərilməmişdir. Həmçinin bildirdi ki, iş üzrə təqsirləndirilən şəxs qanunsuz olaraq dövlət sərhəd xəttini keçməyə yaxın olmuş, bu vaxt təqsirləndirilən şəxsə “Dayan!” çağırış komandası verilib saxlanılmışdır. Həmin vaxt o, sürücü kimi avtomobildə olmuş, təqsirləndirilən şəxs saxlanıldıqda sonuncuya Şahid1 yaxınlaşmış, bundan sonra o, avtomobil ilə yaxınlaşaraq təqsirləndirilən şəxsi avtomobilə mindirmişlər. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 1-ci sərhəd komendantlığının komendantı vəzifələrini müvəqqəti icra edən Şahid1 ifadəsində göstərdi ki, iş üzrə təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə onun tərəfindən saxlanılmışdır. Onlara məlumat daxil olmuşdur ki, naməlum şəxs meşə massivinin kənarı ilə dövlət sərhəddinə yaxınlaşır, bu məlumat əsasında o və sürücü Şahid2 gedərək görmüşlər ki, iş üzrə təqsirləndirilən şəxs mühəndis-texniki çəpərinə çatmağa təxminən 10-15 metr qalmışdır, o, təqsirləndirilən şəxsi saxlamış, sonra isə sonuncunun mobil telefonuna baxış keçirilərkən də məlum olmuşdur ki, həqiqətən də, niyyəti dövlət sərhəddini qanunsuz keçmək olmuşdur. Həmçinin bildirdi ki, o, iş üzrə təqsirləndirilən şəxsə “Dayan!” komandası vermiş və bununla da sonuncu öz hərəkətini dayandırmışdır. Təqsirləndirilən şəxsin üzərindən mobil telefon və digər şəxsi əşyalar aşkar olunmuş, qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs onlara qarşı hər hansı müqavimət göstərməmişdir. Şahid1 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, 16 sentyabr 2024-cü il tarixdə, saat 14 radələrində 1-ci sərhəd zastavasının 2-ci sahəsindən Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədinin pozulacağı ilə bağlı şübhə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında əsgər Şahid2la Xaçmaz rayonu, Samurçay kəndi ərazisində yerləşən 1-ci sərhəd zastavasının 2-ci sahəsinə doğru hərəkətə başlamışdır. Sözügedən ərazidə axtarış zamanı 16 sentyabr 2024-cü il tarixdə, saat 15:55 radələrində 1-ci sərhəd zastavasının 2-ci sahəsində bir nəfər naməlum şəxsin dövlət sərhəd xətti istiqamətində hərəkət etməsini müşahidə etmiş və dərhal həmin şəxsi mühəndis-texniki çəpərinə çox az, təxminən 15 metr qalmış, 137 nömrəli sərhəd nişanından 70 metr solda, dövlət sərhəd xəttindən təxminən 130 metr məsafədə “Dayan!” çağırış komandası verib, saxlamışdır. Daha sonra saxlanılan şəxslə sorğu-sual zamanı həmin şəxsin Misir Ərəb Respublikasının vətəndaşı, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması məlum olmuş və aidiyyəti üzrə dərhal məruzə etmişdir. Şahid2 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 16 sentyabr 2024-cü il tarixli “Şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” protokoldan müəyyən edilir ki, şəxsi axtarış zamanı inzibati qaydada tutulan Təqsirləndirilən şəxs üzərində ona məxsus - 01 ədəd Misir Ərəb Respublikasına aid pasport, 01 ədəd Misir Ərəb Respublikasına aid şəxsiyyət vəsiqəsi, 01 ədəd “İphone” markalı mobil telefon, 05 ədəd xarici bank kartı, 01 ədəd elektron qol saatı, 100 ABŞ dolları, 5 AZN məbləğində pul aşkar edilmişdir. İş materiallarında olan 16 sentyabr 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2024-cü il tarixdə dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd etdiyi ərazi N nömrəli hərbi hissənin Xaçmaz rayonu, Samurçay kəndi ərazisində yerləşən 1-ci sərhəd zastavasının 2-ci sahəsi olmuş, iş üzrə təqsirləndirilən şəxsin saxlanıldığı yer mühəndis-texniki çəpərindən təxminən 15 metr, 137 nömrəli sərhəd nişanından təxminən 70 metr solda, dövlət sərhəd xəttindən təxminən 130 metr məsafədə olmuşdur. Ərazi hər tərəfdən sıx meşəliklə əhatə olunmuşdur. Həmin yerdən 2-ci sərhəd zastavasına torpaq yol uzanmaqdadır. Müqabil tərəfdə Rusiya Federasiyasının Dağıstan Respublikasının Məhərrəmkənd rayonu, Primorski qəsəbəsi yerləşir. İş materiallarında olan 18 sentyabr 2024-cü il tarixli “Telefona baxış keçirilməsi haqqında” protokoldan və həmin telefonda olan “Whatsapp” ani mesajlaşma tətbiqində olan yazışmalardan, həmin telefonun qalereyasında olan fotoşəkillərdən edilmiş çıxarışlardan müəyyən edilir ki, baxış keçirilən mobil telefon “İphone 14 Pro Max" markalı, smartfon tipli, tünd-bənövşəyi rəngli, sensor ekranlı olmaqla, telefonun uzunluğu 160 mm, eni 77 mm, qalınlığı isə 8 mm- dir. Ön üzlüyü qara rəngli olmaqla, telefonun ön hissəsində yuxarıda diametri 4 mm ölçüdə olan 1 ədəd kiçik ön kamera mövcuddur. Telefonun sol və sağ hissələrinin yan tərəfində müxtəlif funksiyalı düyməciklər vardır. Telefonun arxa yuxarı sol tərəfində diametrləri müvafiq olaraq 15 mm olan 3 ədəd üçbucaq şəklində yerləşdirilmiş arxa çəkim kameraları vardır. Ekranı aşağıdan yuxarı sürüşdürdükdə kilidin açılması üçün kilid açma nümunəsi - şifrə (506256) tələb edilmişdir. Nəticədə telefonun ana menyusu ekranda görünmüşdür. Menyuda müxtəlif növdə tətbiqi proqramlar vardır. Həmin proqramların içərisində “Whatsapp” ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs istifadəsində olan +971- 52-804-9934 nömrəsi ilə Krişna adlı şəxsin istifadəsində olan +7***-***-**-** nömrələri arasında əks olunmuş yazışmalar, habelə səsyazmalar (tərcümə olunmaqla) aşağıdakı kimidir: -xx.xx.2024 saat 09:48 - M.M.E.Abouhelal: “Azərbaycan Respublikasına gəlib, 16-sı vizasız Rusiya Federasiyasına gedəcəyəm. X9 Rusiya Federasiyasına getmək çətindir, ona görə də Azərbaycan Respublikasından keçəcəyəm.” -xx.xx.2024 saat 09:49 - M.M.E.Abouhelal: “Allahın köməkliyi ilə Rusiya Federasiyasına gedəcəyəm.” -xx.xx.2024 saat 06:19 - Krişna: “Qulluğundayam qardaş, Allah köməyində olsun.” -xx.xx.2024 saat 08:08 - Krişna: “Rusiya Federasiyasına gedirsən də, hə?” -xx.xx.2024 saat 08:32 - M.M.E.Abouhelal: “Bəli, əziz qardaş. Bu barədə səninlə danışmaq istəyirəm. Məşğul olmadığın zamanda mənə xəbər et.” -xx.xx.2024 saat 09:10 - Krişna: “Pulu çox ödəməlisən ki, keçə biləsən.” -xx.xx.2024 saat 09:10 - M.M.E.Abouhelal: “Bir-iki dəfə cəhd edəcəyəm.” -xx.xx.2024 saat 09:10 - Krişna: “Camaat pulu ödəməyəndə onları tuturlar." -xx.xx.2024 saat 09:11 - M.M.E.Abouhelal: “Rusiya Federasiyasına keçmək üçün 300- 400 ABŞ dolları ödəməliyəm ki?” -xx.xx.2024 saat 09:29 - M.M.E.Abouhelal: “Qardaş, salamatçılıqla səhər açılan kimi mənə kəndin elektron xəritədə əks olunmuş yerləşmə yerini (məkan) göndərərsən,” -xx.xx.2024 saat 08:59 - M.M.E.Abouhelal: “Buradan istiqamətim Dağıstanadır. Dağıstana keçə bilsəm sonrası rahat olacaq. Sadəcə Dağıstana keçən kimi qarşılaşdığım ilk kənddə xeyli sayda adam yaşayır." -xx.xx.2024 saat 09:01 - M.M.E.Abouhelal: “Azərbaycan Respublikası ilə Dağıstan arasındakı sərhəd açıqdır. Keçmək rahat olacaq.” -xx.xx.2024 saat 05:04 - M.M.E.Abouhelal: “Qardaş, salam. Dağıstana yaxın kənddəyəm. Əlaqə saxla mənimlə.” Bundan əlavə, Krişna və Təqsirləndirilən şəxs arasında olan yazışmalarda sonuncu tərəfindən Krişnaya sərhədyanı ərazinin elektron xəritə tətbiqində yerləşmə yeri (məkan) göndərilmişdir. Telefonun qalereya bölməsinə baxdıqda bir sıra fotoşəkillər və videogörüntülər aşkar edilmişdir. Həmin fotoşəkillərin içərisindən Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında olan sərhəd xəttinin “Google map” elektron xəritə tətbiqindən edilmiş çıxarışları, habelə “Google translate” elektron tərcümə proqramında “Salam, taksinin məni Mahaçqala şəhərinə aparmasını istəyirəm” mətninin ərəb dilindən rus dilinə tərcümə edilməsinə dair çıxarış müəyyən edilmişdir. Bundan əlavə, vldeogörüntülərin içərisindən “Google map” elektron xəritə tətbiqindən Samurçay yolunun Rusiya Federasiyası istiqamətində izlənilməsinin, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhəd xəttinin və Rusiya Federasiyasının Bilbil-Kazmalyar, Xtun-Kazmalyar və Tahirkənd- Kazmalyar ərazilərinin yerləşmə yerinin təsbit edilməsinin videomüşahidəsinin aparılması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “whatsapp” ani mesajlaşma tətbiqində istifadəsində olan nömrə tərəfindən Krişnaya göndərilən mətnlərin və səsyazmaların hamısı şəxsən özü tərəfindən icra edilmişdir, dövlət sərhədini qanunsuz keçmək üçün uyğun marşrut xəttini axtarıb-tapmaq məqsədilə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında olan sərhəd xəttinin “Google map” elektron xəritə tətbiqindən çıxarışlarını etmişdir. Rus dilini bilmədiyinə görə “Google translate” elektron tərcümə proqramında “Salam, taksinin məni Mahaçqala şəhərinə aparmasını istəyirəm” mətninin ərəb dilindən rus dilinə tərcümə etməyinin səbəbi isə dövlət sərhədini qanunsuz keçəcəyi təqdirdə Dağıstanda təsadüfən rastlaşacağı istənilən şəxsə həmin çıxarışı göstərib, dərhal taksidən yararlanmaq məqsədi olmuşdur. “Google map” elektron xəritə tətbiqindən Samurçay yolunun Rusiya Federasiyası istiqamətində izlənməsinin, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhəd xəttinin və Rusiya Federasiyasının Bilbil-Kazmalyar, Xtun-Kazmalyar və Tahirkənd-Kazmalyar ərazilərinin yerləşmə yerinin təsbit edilməsinin videomüşahidəsinin aparılmasında məqsədi dövlət sərhədini qanunsuz keçən zaman azmaq ehtimalının aradan qaldırılmasına yönəlmişdir. “Google translate” elektron tərcümə proqramında “Salam, taksinin məni Mahaçqala şəhərinə aparmasını istəyirəm” mətninin ərəb dilindən rus dilinə tərcüməsindən və qeyd olunan videomüşahidədən çıxarışlar etməyinin səbəbi yalnız, mehmanxana və bu kimi digər yerlərdə “wi-fi” şəbəkəsi olduqda internetdən istifadə etmək imkanının olmasıdır. Ona görə də əvvəlcədən sözügedən çıxarışları edərək mobil telefonunun qalereyasının yaddaşında o məqsədlə saxlamışdır ki, dövlət sərhədini qanunsuz keçəcəyi təqdirdə olacağı ərazidə internet bağlantısından istifadə etmək imkanı olmayan anda telefonun qalereyasına daxil olaraq internet bağlantısı olmasa belə, həmin çıxarışlardan rahatlıqla istifadə etsin. İş materiallarında olan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ona məxsus “İphone 14 Pro Max" markalı mobil telefonun qalereyasından DVD diskə köçürülmüş 01 ədəd videofayla baxılaraq və 18 sentyabr 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokol nəzərdən keçirilərək müəyyən edildi ki, həmin diskin içərisində 56 saniyədən ibarət “Google map - sərhəd” adlı videogörüntü vardır. Həmin videogörüntüdən müəyyən edilir ki, “Google map” elektron xəritə tətbiqindən Samurçay yolunun Rusiya Federasiyası istiqamətində izlənilməsinin, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhəd xəttinin və Rusiya Federasiyasının Bilbil-Kazmalyar, Xtun-Kazmalyar və Tahirkənd- Kazmalyar ərazilərinin yerləşmə yerinin təsbit edilməsinin videomüşahidəsi aparılmışdır. İş materiallarında olan dövlət sərhədindən giriş-çıxışa dair İAMAS məlumatından müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il tarixdə rəsmi qaydada X3 (BƏƏ) Azərbaycan Respublikasına (Bakı şəhərinə) gəlmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən və pasportdan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Misir Ərəb Respublikasının vətəndaşıdır. İş materiallarında olan vəsiqədən, həmçinin təqsirləndirilən şəxsin ifadələrindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs BƏƏ-də yaşayış üçün icazə vəsiqəsi olmuş və o, Azərbaycan Respublikasına gəlməzdən əvvəl BƏƏ-də yaşayaraq işləmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını və iş materiallarında olan digər sənədləri sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının dövlət sərhədi haqqında 9 dekabr 1991-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Həmin Qanunun 12-ci maddəsinə görə, Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxsləri Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququ barəsində etibarlı sənədlər əsasında sərhəd mühafizə orqanları buraxır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə həmin Məcəllənin 318.1-ci maddəsinin tərkibini yaradır. Bu cinayətin obyekti Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində dövlət idarəçiliyinin əsasları və dövlət sərhədi rejimidir. Bu cinayət obyektiv cəhətdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmədə ifadə olunur. Nəzarət-buraxılış məntəqələri dedikdə, dəmir yol vağzalının, avtovağzalın, dəniz və çay limanlarının, aeroport və aerodromların hüdudlarındakı müəyyən ərazilər, həmçinin sərhəd və digər növ yoxlamaların aparıldığı xüsusi təchiz olunmuş yerlər nəzərdə tutulur. Belə məntəqələrdən kənarda dövlət sərhədini keçmə qadağandır və Cinayət Məcəlləsinin 318-ci maddəsinin tərkibini yaradır. Bu cinayət formal tərkiblidir və Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə anından cinayət başa çatmış sayılır. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət elməyə cəhdin qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunan obyektiv əlamətinin mənasına görə qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə cinayəti başa çaldırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərarla bağlı olmur. Qəsdin qarşısını alan, onu başa çatdırmağa imkan verməyən amillər meydana gəlir. Qəsdi dayandıran bələ amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır. Törədilən hərəkətin (hərəkətsizliyin) xarakterinə va baş verməsi gözlənilən kriminal nəticəyə yaxınlığına görə cinayətə cəhdin iki növü fərqləndirilir: cinayətə bitməmiş cəhd və cinayətə bitmiş cəhd. Cinayətə bitməmiş cəhddə cinayəti başa çatdırmaq üçün şəxs zəruri saydığı əməlin müəyyən hissəsini yerinə yetirə bilmir və buna görə də cinayət başa çatmır. Cinayət etməyə cəhdin bu növü hərəkətin tamamlanmaması ilə, cinayətin obyektiv cəhətinin qismən icrası ilə fərqlənir. Şəxsin şüurunda cinayətin başa çatması üçün obyektiv olaraq tələb olunan, lakin onun tərəfindən tamamilə edilə bilməyən konkret hərəkətlər əks olunur Cinayətin başa çatdırılmaması şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən baş vərir. Cinayətə cəhdin bitmiş növü başa çatan cinayətdən onunla fərqlənir ki, cinayətə cəhdin bu növü törədilərkən, başa çatmış cinayəldan fərqli olaraq, arzu olunan nəticə baş vermir (“maddi cinayətlərdə”), yaxud da burada cinayətin obyektiv cəhətini yaradan əməlin axıra qədər edilməsi mümkün olmur (“formal cinayətlərdə”). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə ünvanlanmış notada görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ailəsinin yeganə oğlan övladıdır, atası 80, anası isə 76 yaşındadır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində qoca (80 və 76 yaşlı) valideynlərinin olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 318.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzaların çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 16 sentyabr 2024-cü il tarixli protokoldan, “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 17 sentyabr 2024cü il tarixli protokoldan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 4(009)-500/2024 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 sentyabr 2024-cü il tarixdən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. “Sərhəd mühafizə orqanları haqqında” 6 yanvar 1994-cü il tarixli Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, sərhəd mühafizə orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının inzibati qanunvericiliyi ilə nəzərdə tutulmuş səlahiyyətlər həddində Dövlət sərhəd rejiminə, sərhədboyu rejimə (o cümlədən sərhəd sularında) və Dövlət sərhədinin buraxılış məntəqələrindəki rejimə qəsd edən inzibati xətalar barədə işlər üzrə icraatı həyata keçirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 21-ci bəndində göstərilir ki, hərbi qulluqçuların cinayət törətmələri ilə əlaqədar hauptvaxtda olduqları müddət məhkəmə tərəfindən hökm çıxarılarkən cəza müddətinə hesablanır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 1991-ci il 25 dekabr tarixli Qanununun 8-ci maddəsinin 2-ci bəndinə və 30-cu maddəsinə əsasən intizam qaydasında həbs edilən, həmçinin “Sərhəd Qoşunları haqqında” Azərbaycan Respublikasının 1994-cü il 6 yanvar tarixli Qanununun 5-ci maddəsinə əsasən inzibati qaydada saxlanılan şəxslər həmin əməllərə görə sonradan cinayət məsuliyyətinə cəlb edildikdə də eyni qayda tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. İş materiallarında olan iş üzrə Təqsirləndirilən şəxs məxsus pasportdan, şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs Misir Ərəb Respublikasının vətəndaşıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxs əcnəbi vətəndaş olduğundan onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əcnəbi vətəndaş olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını, həmçinin öz ölkəsində siyasi təqibə məruz qalmadığını, heç bir işgəncəyə və təqibə məruz qalmayacağını bildirməsini nəzərə alaraq hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli axtarış protokolundan, xx.xx.2024-cü il tarixli ərizədən və həmin tarixli qəbzdən, xx.xx.2024-cü il tarixli məktubdan, həmçinin iş materiallarına əlavə edilmiş zərfdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılarkən üzərindən aşkar edilərək götürülmüş ona məxsus 01 ədəd “İphone 14 Pro Max” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq (enerji qidalandırıcı cihazla birlikdə) cinayət işinin materiallarına ayrıca əlavə edilmiş, 100 ABŞ dolları və 5 AZN məbləğində pul ibtidai istintaq orqanı tərəfindən iş üzrə təqsirləndirilən şəxsin ərizəsinə əsasən onun özünə qaytarılmış, 05 ədəd xarici bank kartı və 01 ədəd elektron qol saatı iş üzrə təqsirləndirilən şəxsin özünə qaytarılması məsələsinə baxılması üçün onun həbsdə saxlanıldığı Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. İş üzrə maddi sübut – cinayət işinin materiallarında saxlanılan, Təqsirləndirilən şəxs məxsus "İphone 14 Pro Max" markalı mobil telefon (enerji qidalandırıcı cihazla birlikdə) hökm qanuni qüvvəsini aldıqdan sonra məhkumun şəxsi işinə əlavə edilməsi üçün onun həbsdə saxlanıldığı müəssisəyə göndərilməklə məhkum əsas cəzasından azad olunduqda həmin mobil telefon (enerji qidalandırıcı cihazla birlikdə) Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29, 318.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 sentyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. İş üzrə maddi sübut – cinayət işinin materiallarında saxlanılan, Təqsirləndirilən şəxs məxsus "İphone 14 Pro Max" markalı mobil telefon (enerji qidalandırıcı cihazla birlikdə) hökm qanuni qüvvəsini aldıqdan sonra məhkumun şəxsi işinə əlavə edilməsi üçün onun həbsdə saxlanıldığı müəssisəyə göndərilməklə məhkum əsas cəzasından azad olunduqda həmin mobil telefon (enerji qidalandırıcı cihazla birlikdə) Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, “Whatsapp" ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi ilə edilmiş yazışmalar, habelə səsyazmaları, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında olan sərhəd xəttinin "Google map" elektron xəritə tətbiqindən edilmiş çıxarışlar, "Google translate" elektron tərcümə proqramında “Salam, taksinin məni Mahaçqala şəhərinə aparmasını istəyirəm" mətninin ərəb dilinden rus dilinə tərcümə edilməsinə dair çıxarış, "Google map" elektron xəritə tətbiqindən Samurçay yolunun Rusiya Federasiyası istiqamətində izlənilməsinin, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhəd xəttinin və Rusiya Federasiyasının Bilbil-Kazmalyar, Xtun-Kazmalyar və Tahirkənd-Kazmalyar ərazilərinin yerləşmə yerinin təsbit edilməsinin videomüşahidəsini özündə əks etdirən (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddianın, ekspertiza xərcinin olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə hökm təqdim olunduğu) andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №1(067)-197/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-197/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver