Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-201/2023 07.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1979-cu ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Xaçmaz rayonu, Xudat şəhəri, 28 May küçəsi ev 54-də qeydiyyatda olmaqla Xudat şəhəri, 3-cü şöbə ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Xaçmaz Rayon Polis X14 bölməsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə o, Xaçmaz rayonu, Xudat şəhəri, Osman Mirzəyev küçəsində saxlanılıb həmin gün saat 15:05-dən 15:13-dək olan müddətdə Xudat şəhəri, H.Əliyev küçəsi 1 ünvanında yerləşən Xaçmaz Rayon Polis X14 bölməsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibində saxladığı 01 ədəd “Argo” markalı siqaret qutusunda 01 ədəd üzərində “Voda” yazısı yazılmış sınıq şüşə ampulanın içərisində təmiz çəkisi 1,805 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun üzərindən şpris, “Voda” və limon duzu aşkar edilmiş, lakin ondan “mal” (narkotik vasitə) aşkar olunmamışdır. Həmçinin bildirdi ki, o, ümumiyyətlə, narkotik vasitələrdən, heroindən istifadə edəndir. O, aptekdən şpris alaraq küçə ilə gedərkən polis əməkdaşları ona yaxınlaşmış, onu polis bölməsinə aparmışlar, bölmədə polis əməkdaşı Səxavət onu öz otağına çağırmış, həmin polis əməkdaşı ampula narkotik vasitə tökərək ona demişdir ki, “Maldır. Vurursan?”, o, Səxavətin bu sualına müsbət cavab verdikdən sonra həmin ampuladakı kütləni bişirmiş (hazırlamış), lakin o, görmüşdür ki, həmin kütlə köpük verir, narkotik vasitə deyil. Bununla da həmin ampul bulaşmış və həmin ampuldakını narkotik vasitə kimi, onun üzərindən aşkar olunmuş kimi qələmə vermişlər. Onun üzərinə videoçəkilişlə iki dəfə axtarış keçirilmiş, o, birinci çəkilişdə həmin kütləni ampula polis əməkdaşı Səxavətin tökdüyünü bildirmiş, lakin ona polis əməkdaşları Səxavətin adını çəkməməsini demişlər. Onu polis bölməsində döyərək üzərindən narkotik vasitə aşkar olunmasını boynuna almasını dediklərindən o, üzərindan narkotik vasitə aşkar olunmasa da, boynuna almalı olmuşdur. O, üzərində videoçəkilişlə şəxsi axtarış keçirilərkən demişdir ki, şpris təzədir, istifadə olunmayandır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imzalamışdır, o, latın qrafikalı Azərbaycan dilində bilmir, o, döyüldükdən sonra polis əməkdaşından hansı maddə ilə ittiham verildiyini soruşmuş, polis tərəfindən bildirilmişdir ki, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürülür, o da razılaşaraq imzalamışdır. O, həbsdə saxlanıldığından şikayət edə, vəsatətlə müraciət edə bilməmişdir. O, hazırkı iş üzrə polis əməkdaşları tərəfindən saxlanılan gün mağazadan limon duzu, aptekdən şpris və “voda” alaraq gedərkən küçədə polis tərəfindən saxlanılmışdır. Onun limon duzu, şpris və “voda” almasının səbəbi heroin istifadə etməsi üçün olmuşdur. Həmin vaxt onda “mal” (heroin) olmamışdır, Bakı şəhərində yaşayan dostu həmin gün ona zəng edərək Xaçmaz şəhərinə gələcəyini və onun üçün də heroin gətirəcəyini, həmin narkotik vasitənin istifadəsi üçün lazım olan ləvazimatları hazırlamasını demiş, o da bu məqsədlə limon duzu, şpris və “voda” alaraq küçə ilə gedəndə polis tərəfindən saxlanılmışdır. O, iş materiallarında olan ifadəsindəki “şəxsi axtarış zamanı üzərimdən aşkar olunmuş şprisin yeni olmasını, ampulanın isə təzə təmiz şüşə olmasını demişəm, düşünmüşdüm ki, videoçəkilişdə bu cür desəm özümü məsuliyyətdən yayındırmış olacağam. Lakin əslində, mən həmin şprisdən narkotik vasitə qəbul etmək üçün istifadə etmişəm, bir ədəd sınıq ampulanın içərisindəki qəhvəyi rəngli maddə isə narkotik vasitə olan heroindir, özümə məxsusdur” xüsusatı ilə razı deyil, o, ibtidai istintaq orqanında ifadəsində belə deməmişdir. Əlavə olaraq bildirdi ki, onu döyən polis əməkdaşlarından biri də Şahid1 olmuşdur. İstintaq təcridxanasına yerləşdirilərkən onun bədəni üzərində xəsarət olmamışdır, polis bölməsində onun ayaqlarının altına vuraraq döymüşlər. O, barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə verir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Xudat şəhəri, 28 May küçəsi ev 54-də qeydiyyatda olsa da, halhazırda Xaçmaz rayonu, Xudat şəhəri, 3-cü şöbədə ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 2022-ci ildə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ittiham olunaraq barəsində olan cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, hal-hazırda iş məhkəmə baxışındadır, barəsində hökm çıxmamışdır. Təxminən 1 ildən çoxdur ki, o, narkotik vasitə heroindən istifadə edir. 02 sentyabr 2023-cü il tarixdə, saat 13 radələrində yaşadığı Xudat şəhəri, Osman Mirzəyev küçəsində piyada hərəkətdə olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərinin Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşları olduqlarını bildirib narkotik vasitələri qanunsuz əldə etməkdə və daşımaqda şübhəli olduğundan onu Xaçmaz RPŞ-nin Xudat PB-nə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyərək onların təklifi ilə razılışıb Xaçmaz RPŞ-nin Xudat PB-nə gəlmişdir. X13 otaqların birində müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən hüqüq və vəzifələri ona izah edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra onun üzərinə vidoçəkilişlə şəxsi axtarış keçiriləcəyi deyildikdə o, buna etiraz etməmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı o, əynindəki şalvarının sağ yan cibindən 01 ədəd “Argo” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin “Argo” markalı siqaret qutusunun içərisinə baxılan zaman üzərində narkotik vasitə olan heroin izləri olan 01 ədəd istifadə olunmuş şpris, içərisində narkotik vasitə heroin olan 01 ədəd sınıq şüşə ampula və içərisində limon duzu olan 01 ədəd kağız büküm aşkar olunmuşdur. Lakin o, şprisin yeni olmasını, ampulanın isə təzə, təmiz şüşə olmasını demiş, düşünmüşdür ki, videoçəkilidə bu cür desə özünü məsuliyyətdən yayındırmış olacaqdır. Lakin əslində o, həmin şprisdən narkotik vasitə qəbul etmək üçün istifadə etmiş, bir ədəd sınıq ampulanın içərisindəki qəhvəyi rəngli maddə isə narkotik vasitə olan heroin olmuş, özünə məxsus olmuşdur. Kağız bükümdəki kütlədə limon duzu olmuşdur, heroin qəbul edən zaman limon duzundan istifadə edir. Onun üzərindən aşkar edilmiş heroinə məxsus izlər 1 ədəd şpris, içərisində narkotik vasitə olan 01 ədəd sınıq şüşə ampula və içərisində limon duzu olan 01 ədəd kağız büküm ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulub, qablaşdırılaraq möhürlənmiş və zərfin üzərində imza etmişlər. Bu barədə protokol tərtib edildikdən sonra protokolu da imzaları ilə təsdiq etmişlər. Əlavə olaraq bildirmişdir ki, 02 sentyabr 2023-cü il tarixdə Xudat PB-nə şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini taparaq əldə emişdir və həmin narkotik vasitədən aptekdən aldığı şüşə ampulanın içərisində heroin məhlulu hazırlamış, hətta bir dəfə şpris vasitəsilə inyeksiya yolu ilə istifadədə etmişdir. Limon duzunu isə heroin qəbul edərkən istifadə etmək üçün mağazadan almışdır. Həmin şpris, ampula və limon duzu özünə məxsusdur və narkotik vasitədə qəbul etdiyi üçün öz şəxsi istifadənə görə üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən ona heç bir təsir olunmamışdır. O, həmin narkotik vasitəni tutulmazdan əvvəl tapmışdır, istifadə etmək üçün üzərində saxlamış, satmaq niyyəti olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid1 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Xaçmaz rayonu, Xudat şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatını raport yazaraq rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və bu qərar bölmə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Xudat PB-nin polis nəfərləri polis serjantı Şahid2 Nazim oğlunun və polis serjantı X6 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs Xudat şəhəri, Osman Mirzəyev küçəsində olduğunu müəyyən etmişlər və 02 sentyabr 2023-cü il tarixdə, saat 13 radələrində həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə və daşımaqda şübhəli olduğu üçün onu Xudat PByə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Xudat PB-yə gəlmişdir. Yolda gələrkən Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir əşya varsa, onları özündən kənarlaşdıra bilməsin. X13 Xaçmaz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı Kamran Zeynalov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Kamran Zeynalov tərəfindən Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan olunan nə varsa hamısını çıxardaraq təqdim etməsi təklif olunmuşdur. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Argo” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin “Argo” markalı siqaret qutusunun içərisinə baxan zaman narkotik vasitə heroinə bənzər izlər olan 01 ədəd şpris, üzərində “Voda” yazısı əks olunmuş, içərisində narkotik vasitə heroin olan 01 ədəd sınıq şüşə ampula və 01 ədəd kağız bükümdə limon duzuna oxşar ağ rəngli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik istifadəçisi olduğunu və həmin əşyaların özünə məxsus olduğu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi davam edirilsə də, heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən üzərində narkotik vasitə heroinə bənzər izlər olan 01 ədəd şpris, içərisində narkotik vasitə heroin olan 01 ədəd sınıq şüşə ampula və 01 ədəd kağız bükümdə limon duzuna oxşar ağ rəngli maddə maddi sübut olaraq ekspertizaya təqdim edilməsindən ötrü təhqiqatçı tərəfindən götürülərək bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş, zərfin üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarışın keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra Təqsirləndirilən şəxs, o və digər iştirakçılar tərəfindən protokolun doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Həmçinin bildirdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. İş üzrə təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış iki dəfə deyil, bir dəfə aparılmışdır. Təqsirləndirilən şəxsə qarşı onlar tərəfindən heç bir təzyiq gəstərilməmişdir. Onlar təqsirləndirilən şəxsi günorta saatlarında, nahar vaxtı, təxminən saat 13 radələrində saxlayaraq polis bölməsinə gətirmişlər. İş üzrə təqsirləndirilən şəxs polis bölməsinə gətirildikdən sonra Xaçmaz RPŞ-nin təhqiqatçısı Xudat PB-yə dərhal dəvət edilmişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış təhqiqatçı polis bölməsinə gəldikdən sonra, videoçəkilişlə aparılmışdır. O, təqsirləndirilən şəxsi polis bölməsinə gətirdikləri saatı, şəxsi axtarışın keçirilmə saatını dəqiq xatırlamır, həmin hərəkətlər günorta saatlarında edilmişdir. Xudat PB-də təhqiqatçı olmadığından Xaçmaz RPŞ-dən təhqiqatçı dəvət olunmuş, təqsirləndirilən şəxsi polis bölməsinə gətirdikləri vaxtdan təxminən 1-2 saat sonra Xaçmaz RPŞ-dən təhqiqatçı Xudat PB-yə gəlmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 Nazim oğlunun ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 02 sentyabr 2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və şəxsi axtarışın keçirilməsinin videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı X1 RPŞ-nin Xudat PBdə CA üzrə əməliyyat müvəkkili Şahid1, Xudat PB-nin sahə polis nəfəri Şahid2 Nizam oğlu, həmin polis bölməsinin CA üzrə əməliyyat müvəkkili X11, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Argo” markalı siqaret qutusu çıxarıb təqdim edir. Həmin “Argo” markalı siqaret qutusunun içərisinə baxıldıqda üzərində narkotik vasitə olan heroinə bənzər maddə izləri olan 01 ədəd şpris, üzərində “Voda” yazısı əks olunmuş, içərisində narkotik vasitə olan heroinə bənzər maddə olan 01 ədəd şüşə ampul və 01 ədəd kağız bükümdə, Təqsirləndirilən şəxs limon duzu olduğunu bildirdiyi maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əhəmiyyət kəsb edən başqa hər hansı əşya, predmet aşkar edilməmiş və götürülməmişdir. Həmin “Argo” markalı siqaret qutusu və narkotik vasitə olan heroinə bənzər maddə izləri olan 01 ədəd şpris, üzərində “Voda" yazısı əks olunmuş, içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd şüşə ampul və 01 ədəd kağız bükümdə, Təqsirləndirilən şəxs limon duzu olduğunu bildirdiyi maddə təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılmış və imzalanıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri əməliyyat müvəkkili Turqut Şadiyev tərəfindən videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2023-cü il tarixli, 3-16-16/2- 6\4675 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “ ...(imza) Təqsirləndirilən şəxs...” sözləri yazılmış zərfdəki bir ədəd sınıq şüşə ampulanın içərisində təmiz çəkisi 1,805 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, bir ədəd birdəfəlik şprisdə narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı, bir ədəd bükümdə təmiz çəkisi 0,102 qram olan ağ rəngli maddə limon turşusudur. Heroin narkotik vasitəsindən tədqiqata 0,100 qram sərf edildikdən sonra qalıq 1,705 qram təşkil etmişdir. İş materiallarında olan 16 sentyabr 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 03 noyabr 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sınıq şüşə ampulda təmiz çəkisi 1,805 qram olan narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd birdəfəlik şpris maddi maddi sübut kimi tanınmış və heroinin ekspertiza tədqiqatından sonra qalan üzərində “Voda” yazısı yazılmış şüşə sınıq ampulun içərisində olan 1,705 qram qalığı, 01 ədəd şpris, limon turşusu və üzərində “Argo” yazısı yazılmış siqaret qutusu bir ədəd kağız zərfdə Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 15 sentyabr 2023-cü il tarixli, 5935 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroini o öz şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamış, onun narkotik vasitələrin satışı ilə məşğul olmaması və hər hansı bir şəxsdən narkotik vasitə alması müəyyən edilməmişdir. Onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsi, daşıması və saxlaması barədə “Əməliyyat tədbirinin keçirilməsi barədə” 02 sentyabr 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 03 noyabr 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşaraq, bu ifadəni təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirir. Onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar hər hansı bir sübutla öz təsdiqini tapmamış, əksinə, özünün ibtidai istintaq zamanı verdiyi və müdafiəçinin də iştirakı ilə imzalanaraq təsdiq edilmiş ifadəsi, üzərində şəxsi axtarışın keçirilməsinin videoçəkilişi, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlərlə təkzib edilir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası)” 6-cı maddəsi ilə əlaqədar Avropa Məhkəməsi X3rşı işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi köçürülmüş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 №-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisi 1,805 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(067)-16/2011 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Hökm xx.xx.2011-ci il tarixdə icra şöbəsinin qeydiyyatına götürülmüşdür. Yeni cinayət törətdiyinə görə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(067)-66/2012 saylı hökmünə əsasən məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, həmin Məcəllənin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(067)-16/2011 saylı hökmü ilə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib, ona təyin edilmiş və çəkilməmiş qalan aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasının üç günü bir gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 04 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkum xx.xx.2012-ci il tarixdə islah işləri cəzasına münasibətdə şöbənin qeydiyyatından çıxarılmışdır. Hazırda İcra və Probasiya şöbəsində məhkumun çəkilməmiş cəzası yoxdur; Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixli hökmlə ona təyin edilmiş 04 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının sonu ilə 11 avqust 2016-cı ildə azad edilmişdir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə olan cinayət işi hazırda Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında, məhkəmə baxışındadır və iş üzrə yekun məhkəmə qərarı çıxarılmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xudat şəhər İƏD-də nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan, həmçinin EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü olmaqla bir yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xudat şəhər İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs evlidir, üç övladı var. Tam orta təhsillidir. Hərbi xidmətdə olub. Onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs bir yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluqları ödənilmiş və o, məhkumluğu olmayan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halı, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını, eləcə də üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 02 sentyabr 2023-cü il tarixli protokoldan və Xaçmaz Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 4(067)- 121/2023 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 sentyabr 2023-cü il tarixdən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. İş materiallarından müəyyən olunur ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış üzərində “Voda” yazısı yazılmış şüşə sınıq ampulun içərisində olan 1,705 qram narkotik vasitə - heroin və üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd birdəfəlik şpris, həmçinin maddi sübut kimi tanınmamış limon turşusu və üzərində “Argo” yazısı yazılmış siqaret qutusu bir ədəd kağız zərfdə Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş üzrə maddi sübut olan Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında bir ədəd kağız zərfdə saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış üzərində “Voda” yazısı yazılmış şüşə sınıq ampulun içərisində olan 1,705 qram narkotik vasitə - heroin və üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd birdəfəlik şpris, həmçinin maddi sübut olmayan limon turşusu və üzərində “Argo” yazısı yazılmış siqaret qutusu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142593) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında bir ədəd kağız zərfdə saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış üzərində “Voda” yazısı yazılmış şüşə sınıq ampulun içərisində olan 1,705 qram narkotik vasitə - heroin və üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd birdəfəlik şpris, həmçinin maddi sübut olmayan limon turşusu və üzərində “Argo” yazısı yazılmış siqaret qutusu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142593) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-201/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-201/2023
07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver