Məhkəmə qərarları › İş №1(067)-203/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-203/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-203/2023 13.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1987-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Xaçmaz şəhəri, Borçalı küçəsi ev 19-da qeydiyyatda olmaqla, Xaçmaz şəhəri, Borçalı küçəsi ev 38-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,426 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən 01 avqust 2023-cü il tarixdə o, Xaçmaz şəhəri, R.Behbudov küçəsində saxlanılıb Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasına gətirilərək həmin gün saat 21:48-dən 21:58-dək olan müddətdə onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindəki 1 ədəd şəffaf sellofan bükümdən təmiz çəkisi 0,426 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, üzərindən aşkar olunmuş “heroini” 01 avqust 2023-cü il tarixdə, dəqiq vaxtı xatırlamadığı saatda Xaçmaz şəhəri ərazisində olan “Evro”marketdən qayıdarkən,həmin marketin yaxınlığında yerdən 1 ədəd bükümdə taparaq götürmüşdür. Həmin bükümə baxdıqda bükümün içindəki kütlənin narkotik vasitə heroin olması ona məlum olduğuna görə onu üzərində saxlamışdır. Ona heroinin tapdığı yerdə olması barədə heç kim xəbər verməmişdir. O, tapdığı heroin barəsində heçkimə heçnə deməmiş, özü az miqdarda həmin heroindən istifadə etmişdir. Bir gün sonra, günün ikinci yarısında polis əməkdaşları ona işlədiyi sexdə yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilmiş, həmin vaxt o, tapdığı heroini əynindəki şalvarın sol cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Onun üzərinə baxış keçirilərkən üzərində siqaret, alışqan və təxminən 49 manat məbləğində pul vəsaiti olmuşdur. O, bir il olar ki, müxtəlif vaxtlarda, müxt əlif vasitələrlə əldə etdiyi narkotik vasitə olan marixuana istifadə etmişdir. Himayəsində 2010-cu il və 2011-ci il təvəllüdlü iki uşağı vardır. O, etdiyi cinayət əməlindən peşman olmasını və barəsində daha yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışası barədə məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Xaçmaz rayon sakini Elşən adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi, daşıması ilə əlaqədar Xaçmaz RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. O və Şahid2 ibarət əməliyyat qrupu tarixi xatırlamadığı vaxtda həmən şəxsi əməliyyat nəzarətinə götürərək, Xaçmaz şəhəri Rəşid Behbudov küçəsində saxlamışlar və Xaçmaz RPŞ-yə dəvət etmişlər. Müdafiəçinin iştirakı ilə və video çəkilişlə onun üzərinə baxış keçirilərkən pul əskinazları, açar və 01 ədəd sellofan torbaya bükülmüş narkotik vasitəyə bənzər kütlə aşkarlanmışdır. Onun üzərindən aşkarlanaraq götürülmüş həmin heroin müstəntiq tərəfindən qablaşdırılaraq ekspertizaya təqdim edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Belə ki, 01 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Tərəfindən bu məlumat polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və Xaçmaz RPŞ- nin NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə yəni ona hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 01 avqust 2023-cü il tarixdə saat 20:40-da onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri R.Behbudov küçəsində olmasını müəyyən etmişlər və həmin yerdə sonuncuya yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ- nə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla Xaçmaz RPŞ-nə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra videoçəkilişlə sonuncunun üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl sonuncuya təklif olunmuşdur ki, üzərindəkiləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən 1 ədəd siqaret dənəsi, 1 ədəd alışqan, 1 dəst açar və 49 manat pulu çıxararaq təqdim etmişdir. Həmin bir ədəd bükümün içərisinə baxılan zaman orada narkotik vasitə heroinə bənzər maddənin olması müşahidə olunmuşdur. Həmin maddənin nə olması Təqsirləndirilən şəxs soruşulan zaman həmin maddənin “kakos” yəni narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilərkən çəkisinin 0,5 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər maddə olan büküm 1 ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar sonuncunun özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmişdir, Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümün içərisində olan maddənin narkotik vasitə heroin olması ekspertiza nəticəsində müəyyən olnmuşdur. Təqsirləndirilən şəxs şifahi olaraq heç bir şəxsə narkotik vasitə və psixotrop maddə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs şifahi olaraq həmin narkotik vasitəni Xaçmaz şəhəri, R.Behbudov küçəsində yerləşən “Evro” marketin yaxınlığından yerdən tapdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 avqust 2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə (cild 1, vərəq 24-26) baxış keçirərkən müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın baş müstəntiqi X8, Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid1, Xaçmaz rayon vəkil bürosunun vəkili X2 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Xaçmaz RPŞ- nin İB-nin baş müstəntiqi, polis mayoru X8 özünü təqdim edir və narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında, istifadəsində və daşınmasında şübhəli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirir və şəxsi axtarışda iştirak edən şəxsləri təqdim edir. Təqsirləndirilən şəxs müvafiq suallara cavab olaraq Azərbaycan dilini sərbəst bildiyini, tərcüməçiyə ehtiyacı olmadığını, üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirdi. Müstəntiq şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş başqa əşya varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan qara rəngli idman şalvarınınsol yan cibindən bir ədəd alışqan, bir ədəd şəffaf sellofan büküm və bir ədəd siqaret dənəsini çıxararaq stolun üzərinə qoyur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroini nəzərdə tutaraq “lcakos” olmasını bildirir. Həmçinin eyni şalvarın sağ yan cibindən 1 dəst açarı və 49 manatlıq pul əskinasları çıxararaq stolun üzərinə qoyur. Müstəntiq tərəfindən həmin 1 ədəd bükümün içərisinə baxılan zaman orada qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin olması müşahidə edildi. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olmaqla istifadə etdiyini bildirdi. Müstəntiq tərəfindən həmin büküm 1 ədəd elektron tərəzidə çəkildikdə çəkisinin 0.5 qram olması müəyyən edildi. Təqsirləndirilən şəxs müdafiəçinin “aşkar edilən maddə sənə məxsusdur?” sualına cavab olaraq özünə məxsus olmasını bildirir. Müstəntiq tərəfindən həmin 1 ədəd içərisində narkotik vasitə olan büküm müvafiq qaydada qablaşdırılaraq götürülür. Digər predmetlər Təqsirləndirilən şəxs geri qaytarılır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri X4 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2023-cü il tarixli, 3-16-16/2- 6/4119 (cild 1, vərəq 33) nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №58” dairəvi möhür əksi olan “…Təqsirləndirilən şəxs üzərindən aşkar…” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1(bir) ədəd selofan bükümdə təmiz çəkisi 0,426 qram olan qəhvəyi rənqli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Heroindən təqdqiqata 0,050 qram sərf edildikdən sonra qalıq – 0,376 qram təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 01 avqust 2023-cü il tarixli protokoldan (cild 1, vərəq 20), xx.xx.2023-cü il tarixli iltizamdan(cild 1, vərəq 51), “Müvəqqəti saxlama yerindən azad edilməyə dair 03 avqust 2023-cü il tarixli qərardan (cild 1, vərəq 50) müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 avqust 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan (cil 1, vərəq 61) və 25 oktyabr 2023ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,426 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,376 qram təşkil edən heroin narkotik vasitəsi maddi sübut kimi tanınaraq saxlanması üçün Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 14 sentyabr 2023-cü il tarixli, 5893 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən (cild 1, vərəq 74) müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Əməliyyat tapşırığı”ndan (cild 1, vərəq 57) və ona cavabdan müəyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini Xaçmaz şəhəri, R.Behbudov küçəsində yerləşən “Evro” marketin yaxınlığında yolda hərəkət etdiyi zaman tapdığını bildirmiş, onun hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satması və onun başqa cinayət əməli törətməsi ilə bağlı hər hansı bir məlumat əldə edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş olan Xaçmaz rayon məhkəməsinin 09 avqust 2023-cü il tarixli 5(067)-158/2023 saylı qərarından (cild 1, vərəq 59) müəyyən edilir ki, Azərbaycan Respublikası DİN-nin Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 01 avqust 2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması, istifadə etməsi və satması barədə əməliyyat məlumat daxil olduğundan vətəndaşların sorğusu və soraqlaşma, həmçinin baxış keçirilmə növündə əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərarı qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və tutulmadan azad edilməsi haqqında qərardan və iltizamdan (cild 01, vərəq 50-51) görünür ki, 03 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində «Başqa yerə getməmək haqqında İltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutların qiymətləndirilməsinə dair 28 oktyabr 2023-cü il (cild 1, vərəq 93) tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 1, vərəq 67) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,426 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CMin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzindən daxil olan 11 sentyabr 2023-cü il tarixli, 1212 nömrəli məktubdan (cil 1, vərəq 68) görünür ki, Təqsirləndirilən şəxs Quba rayon PNRM-nə müraciət etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən daxil olmuş 13 sentyabr 2023-cü il tarixliməktubdan (cild 1, vərəq 69) görünür ki, Təqsirləndirilən şəxs “Xaçmaz RMX” PHŞdə həkim-narkoloqun və həkim-psixatrın qeydiyyatında olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən (cild 1, vərəq 90) müəyyən edilir ki, Təqsirləndirilən şəxs ümumi orta təhsillidir. O, yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdədir. Onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5- ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib- edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidi. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirənhalları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində 03 avqust 2023-cü il tarixdən 05 avqust 2023-cü il tarixədək şübhəli və təqsirləndiriləne şəxs qismində tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən məcburi müalicəyə ehtiyacı ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,376 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə xərci kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65,0 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356-cı və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 05 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxscəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri ləğv edilsin, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin.(hökmün bu hissədə də icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış ekspertiza təhqiqatından sonra qalıq qalmış çəkisi 0,376 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Cinayət işi üzrəkeçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65,0 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar