Məhkəmə qərarları › İş №1(067)-210/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-210/2025

04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-210/2025 04.03.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1 hüquqi varisi Şahid2, müdafiəçi – Xaçmaz rayonu vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1964-cü ildə Quba rayonunun Qımıl-qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü ildə, saat 17:27-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Vaz 21154” minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayon Qımıl-Qışlaq kəndi ərazisindən keçən 27-ci kilometrliyində, Yalama istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitəsinə yol verməli, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, svetoforla nizamlanan yolayrıcında sola dönməzdən əvvəl əks istiqamətdən hərəkətdə olan minik avtomobilə yol verməli, hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olduqdan sonra sola doğru manevr etməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qeyd olunmuş tələblərə riayət etməyərək Xaçmaz rayonu Qımıl-Qışlaq kəndi yoluna dönmək istəmiş, bu zaman Gəndob istiqamətdə sağ zolaqla hərəkətdə olan Şahid1 idarə etdiyi “Qaz 31105 120” minik markalı, ** LB *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Vaz 21154” minik markalı avtomobildə olan sərnişin X1 qarının küt travması nəticəsində dalağın zədələnməsi, daxili qanaxma, plevropulmonal şok və sol tərəfli pnevmotoraksla müşayiət olunmuş sol tərəfli qabırğaların çoxsaylı sınıqları, sol körpücük sümüyünün sınığı, döş boşluğuna qanaxma ilə müşayiət olunmuş sol ağ ciyər paylarının zədələnməsi, ənsə, alın, sağ bazu-said, sol said, sol böyür, sol bud və sol baldır nahiyələrinin qançırları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun 08 dekabr 2023-cü ildə, saat 22:00-da Xaçmaz RMX-da kəskin daxili qanaxma səbəbindən ölümü ilə nəticələnən yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırkı cinayət işi üzrə əməli törədərkən axşamüstü, hava qaranlıq olduğundan hərəkətdə olan və sonradan onun avtomobili ilə toqquşmuş avtomobili uzaq məsafədə zənn edib öz avtomobili arasındakı məsafəni düzgün müəyyən edə bilməmiş və o, avtomobili ilə Xaçmaz rayonunun Qımılqışlaq kəndinə dönmək üçün avtomobil yoluna, yəni həmin avtomobilin qarşısına çıxmış və hazırkı yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmçinin bildirdi ki, o, hadisə vaxtı Xaçmaz şəhərindən yaşadığı Qımılqışlaq kəndinə getmiş, həmin kəndə dönmək istəyərkən avtomobillə toqquşmuşdur. O, sola, yəni Qımılqışlaq kəndinə dönərkən svetofor yaşıl işıqda olmuş, belə olan halda o, qarşıdan gələn avtomobilə yol verməli olduğunu bilir, lakin həmin avtomobilin uzaq məsafədə olduğunu düşünmüşdür. O, dönərkən əks istiqamətdə gələn sonradan toqquşduğu avtomobili təxminən 80 metr aralıda olan kimi görmüşdür. Hadisə saat təxminən 17-18 radələrində baş vermişdir. Ölən zərərçəkmiş şəxs onun arvadı olmuşdur. Ailə üzvlərinin ona qarşı şikayəti və tələbi yoxdur. O, istəməzdi ki, belə bir hadisə baş versin, həyat yoldaşını itirsin, o özü də artıq altmış iki yaşındadır. Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, “Vaz 21154” minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün onun sürücülük vəsiqəsi var. 27 noyabr 2023-cü ildə, saat 17:27-də idarə etdiyi “Vaz 21154” minik markalı avtomaşınla Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayon Qımıl-qışlaq kəndi ərazisindən keçərkən svetoforun yaşıl işığının yandığını görmüş, bu səbəbdən avtomobilin sola dönmə işıqlarını yandırmaqla hərəkətini davam etdirmişdir. Daha sonra Xaçmaz rayon Qımıl-qışlaq kəndi yoluna doğru dönmək istədikdə əks istiqamətdən hərəkətdə olan “Qaz 31105 120” minik markalı, ** LB *** dövlət qeydiyyat nişanlı avomaşınla toqquşmuşdur. Hadisə zamanı avtomaşında olan arvadı Aygün Lalayeva ağır bədən xəsarətləri almışdır. Hadisə yerinə gələn TTTY avtomaşını xəsarət alanları Xaçmaz RMX-na aparmışdır. Sonradan, yəni 08 dekabr 2023-cü ildə, saat 22 radələrində Aygün Lalayeva xəstəxanada ölmüşdür. Özünü qismən təqsirli bilməsini hadisə zamanı idarə etdiyi “Vaz 21154” minik markalı avtomobillə Xaçmaz rayon Qımılqışlaq kəndi yoluna artıq döndükdən sonra ani anda toqquşmanın baş verməsi ilə əsaslandırmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş zərərçəkmiş şəxs X1 hüquqi varisi Şahid2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun atası, zərərçəkmiş şəxs isə anasıdır. O, 2-ci qrup əlil olmaqla ailəsi ilə birlikdə atasının himayəsindədir. Onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, mərhum Aygün Lalayeva onun doğma anasıdır. Atası Təqsirləndirilən şəxs məxsus “Vaz 21154” minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomaşını vardır. 27 noyabr 2023-cü ildə, saat təxminən 17:30 radələrində Xaçmaz rayon Qımıl-qışlaq kəndi ərazisində olan kafedə olduğu zaman atası Əlfəddinin yol qəzasına düşdüyünü eşitmişdir. Dərhal hadisə yerinə yaxınlaşdıqda atası Əlfəddinin idarə etdiyi “Vaz 21154” minik markalı avtomaşınla Rüstəm adlı oğlanın idarə etdiyi “Qaz 3105 120” minik markalı avtomaşının toqquşduğunu bilmişdir. Hadisə zamanı anası Aygün və onun azyaşlı oğlu Yusif xəsarət aldığından onları TTTY avtomaşını ilə Xaçmaz RMX-na aparılmışdır. Sonradan, yəni 08 dekabr 2023-cü ildə, saat təxminən 22 radələrində anası Aygün xəstəxanada vəfat etmişdir. Hadisə ilə əlaqədar heç bir şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, idarə etdiyi avtomobillə hərəkətdə olarkən iş üzrə təqsirləndirilən şəxs avtomobili ilə anidən onun qarşısında dönmək üçün manevr etmiş, bu zaman aralarında toqquşma baş vermişdir. Hadisə nəticəsində təqsirləndirilən şəxsin avtomobilində olan sonuncunun arvadı xəsarətlər almış, təxminən on gün sonra xəstəxanada vəfat etmişdir. Həmçinin bildirdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, öz yolu ilə hərəkətdə olarkən onunla əks istiqamətdə hündür, səhv etmirsə, Prado markalı avtomobil gəlmiş, həmin vaxt o, svetoforu keçmək üzrə olmuş, bu zaman təqsirləndirilən şəxs həmin Prado markalı avtomobilin arxasından çıxaraq sola dönməklə onun qarşısına çıxmış və onun avtomobili ilə yolun içərisində toqquşmuşlar. Təqsirləndirilən şəxs onun qarşısına anidən çıxarkən aralarında çox qısa məsafə olmaqla onun tormozlamaq imkanı olmamışdır. Şahid1 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, “Qaz 31105 120” minik markalı ** LB *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi var. 27 noyabir 2023-cü ildə saat 17:27də idarə etdiyi “Qaz 31105 120” minik markalı ** LB *** dövlət qeydiyyat nişanlı avtomaşınla Gəndob-Yalama avtomobil yolu ilə Gəndob istiqamətdə hərəkətdə olmuşdur. Həmin vaxtda avtomaşında tək olmuşdur. Xaçmaz rayon Qımil-Qışlaq kəndi ərazisindən keçərkən svetoforun yaşıl işığının yandığını görmüş, bu səbəbdən hərəkətini davam etdirmişdir. Həmin vaxtda əks istiqamətdən hərəkətdə olan Vaz 21154 minik markalı avtomaşın gözləmədən sola doğru manevr etmiş, bu zaman idarə etdiyim avtomaşının qabaq sağ hissəsi həmin Vaz 21154 minik markalı avtomaşının arxa sağ yan hissəsinə çırpılmışdır. Hadisə zamanı heç bir xəsarət almamışdır. Sonradan, yəni 08 dekabr 2023-cü ildə sərnişin Aygün Lalayevanin xəstəxanada öldüyünü eşitmişdir. Şahid X7 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, 27 noyabr 2023-cü ildə, saat 17:27-də babası Əlfəddinin idarə etdiyi “Vaz 21154” minik markalı avtomaşınla Gəndob-Yalama avtomobil yolu ilə hərəkətdə olmuşlar. Daha sonra babası Əlfəddin idarə etdiyi avtomaşınla Xaçmaz rayon Qımıl-qışlaq kəndi yoluna doğru dönmək istədikdə əks istiqamətdən hərəkətdə olan “Qaz 31105 120” minik markalı, ** LB *** dövlət qeydiyyat nişanlı avomaşınla toqquşmuşlar. Hadisə zamanı xəsarət aldığından Xaçmaz RMX-na müraciət etmişdir. Hadisə ilə əlaqədar şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 27 noyabr 2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən müəyyən edilir ki: Hadisənin baş verdiyi yer Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi ərazisindən keçən 27-ci km-dir. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi asfalt örtüklü, quru, düz olmaqla nəqliyyat vasitələrinin iki tərəfli hərəkəti üçün nəzərdə tutulmuşdur. Yolun Gəndob və Yalama istiqamətlərini düzünə ağ xətt ayırır. Hərəkətin nizamlanma üsulu işıqforladır. Tormozlama izləri müəyyən olunmamışdır. Hər iki nəqliyyat vasitəsinə aid qırıntılar hadisə yerində asfalt üzərinə səpələnmişdir. Nəqliyyat vasitələrinin ətrafdakı əşyalara toxunma izləri və digər izlər müəyyən olunmamışdır. Toqquşma yeri “QAZ 31105” markalı avtomobilin hərəkət zolağındadır, Gəndob istiqamətində, yolayrıcının sağ sərhəddindən sola doğru 1,5 metr məsafədə yerləşir. “VAZ 21154” markalı avtomobil sola dönməyə başladığı andan toqquşma yerinə kimi qövsvarı trayektoriya üzrə 6,9 metr məsafə qət etmişdir. Hadisədən əvvəl “QAZ 31105” markalı avtomobil Gəndob istiqamətində, “VAZ 21154” markalı avtomobil isə Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi istiqamətində hərəkətdə olmuşdur. İş materiallarında olan 10 aprel 2024-cü il tarixli “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, “QAZ 31105 120” minik markalı, ** LB *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin qabaq sağ buferində, sağ qabaq qanadında, sağ farada, radiatorunda, sol farada, qabaq kapotunda, qabaq sağ qapısında, sağ təkərində və radiator barmaqlığında zədə izləri aşkar edilmişdir. İş materiallarında olan 28 sentyabr 2024-cü il tarixli “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, “VAZ 21154” minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin arxa sağ qapısında, arxa sağ qanadında, arxa sağ disk və təkərində, arxa şüşəsində, arxa kapotunda, arxa buferində və arxa sağ yan şüşəsində zədə izləri aşkar edilmişdir. İş materiallarında olan “Videogörüntüyə baxış keçirilməsi və götürülməsi haqqında” 19 dekabr 2023-cü il tarixli protokoldan və həmin videogörüntünün köçürüldüyü CD diskə baxış keçirilərək müəyyən olundu ki, hazırkı iş üzrə yol-nəqliyyat hadisəsi Gəndob- Yalama yolunun 27-ci km-də olan ticarət obyektin videomüşahidə kamerasının yaddaşına əks olunmuş, həmin videogörüntü ibtidai istintaq orqanı tərəfindən götürülmüşdür. Baxış zamanı müəyyən edilmişdir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən 27-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21154” minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomaşınla əvvəlcə Yalama istiqamətdə sağ zolaqla hərəkətdə olmuş, Xaçmaz rayonunun Qımıl-Qışlaq kəndi yolu ilə kəsişməyə yaxınlaşdıqda sola dönmə işıqlarını yandırmaqla yolayrıcında dayanmadan sola doğru manevr etmiş, bu zaman Gəndob istiqamətdə sağ zolaqla hərəkətdə olan Şahid1 idarə etdiyi “QAZ 31105” minik markalı, ** LB *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı “QAZ 31105” minik markalı avtomobilin qabaq sağ hissəsi “VAZ 21154” minik markalı avtomobilin arxa sağ yan hissəsinə çırpılmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21154” minik markalı avtomobil Gəndob-Yalama yolundan sola doğru manevr etməyə başladığı andan toqquşma yerinə qədər olan məsafəni qövsvarı 2 (iki) saniyə ərzində, yəni 17:27:53-dən 17:27:55-dək olan müddətdə qət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2025-ci il tarixli, 8/2897 saylı ekspert rəyindən müəyyən edilir ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “VAZ-21154” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “QAZ-31105” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyinəzərdən tədqiq etməyə lüzum yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 Xaçmaz rayon şöbəsinin 28 noyabr 2023-ci il tarixli, 672 saylı ekspert rəyindən müəyyən edilir ki, 1995-ci il təvəllüdlü Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 Xaçmaz rayon şöbəsinin 28 noyabr 2023-ci il tarixli, 671 saylı ekspert rəyindən müəyyən edilir ki, 1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə və adına tərtib edilmiş tibbi sənədlərdə qeyd olunanlara əsaslanaraq, onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 04 dekabr 2023-ci il tarixli, 683 saylı ekspert rəyindən müəyyən edilir ki, 2014-cü il təvəllüdlü X7 məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 Xaçmaz rayon şöbəsinin 28 noyabr 2023-ci il tarixli, 670 saylı ekspert rəyindən müəyyən edilir ki, 1965-ci il təvəllüdlü X1 adına tərtib edilmiş xəstəlik tarixində qeyd olunanlara əsaslanaraq, onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - qarının küt travmasi nəticəsində dalağın zədələnməsi, daxili qanaxma, plevropulmonal şok və sol tərəfli pnevmotraksla müşayiət olunmuş sol tərəfli qabırğaların çoxsaylı sınıqları, sol körpücük sümüyünün sınığı, baş beyin silkələnməsi ilə müşayiət olunmuş alın və ənsə nahiyəsinin böyük ölçülü dərialtı hematoması və əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 Xaçmaz rayon şöbəsinin 18 dekabr 2023-cü il tarixli, 66 saylı ekspert rəyindən müəyyən edilir ki, 1965-ci il təvəllüdlü mərhum X1 meyitində aşkar edilmiş xəsarətlər-qarının küt travması nəticəsində dalağın zədələnməsi, daxili qanaxma, plevropulmonal şok və sol tərəfli pnevmotoraksla müşaiyət olunmuş sol tərəfli qabırğaların çoxsaylı sınıqları, sol körpücük sümüyünün sınığı, döş boşluğuna qanaxma ilə müşayiət olunmuş sol ağ ciyər paylarının zədələnməsi, ənsə, alın, sağ bazusaid, sol said, sol böyür, sol bud və sol baldır nahiyələrinin qançırlar bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Qərarda qeyd olunduğu kimi, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. X1 ölümünə səbəb almış olduğu xəsarətlər fonunda baş vermiş kəskin daxili qanaxma olmuşdur. Ölümün baş vermə müddəti xəstəlik tarixində xx.xx.2025-ci il, saat 22:00 qeyd edilmişdir. İş materiallarında olan verilmə tarixi xx.xx.2014-cü il, etibarlılıq müddəti xx.xx.2024-cü ilədək olan “BC” kateqoriyalı, AC 209082 nömrəli sürücülük vəsiqəsinin təsdiqlənmiş surətindən və Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə yol-nəqliyyat hadisəsini törədən zaman sürücülük hüququ olmuşdur. İş materiallarında olan verilmə tarixi xx.xx.2019-cu il, etibarlılıq müddəti xx.xx.2029-cu ilədək olan “B CE” kateqoriyalı, AE 044296 nömrəli sürücülük vəsiqəsinin təsdiqlənmiş surətindən və Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş cavab məktubundan müəyyən edilir ki, Şahid1 hazırkı iş üzrə yol-nəqliyyat hadisəsi baş verən zaman sürücülük hüququ olmuşdur. İş materiallarında olan 27 noyabr 2023-cü il tarixli, 199 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə Aktdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən heç bir sərxoşluq halında olmamışdır. İş materiallarında olan 27 noyabr 2023-cü il tarixli, 198 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə Aktdan müəyyən olunur ki, Şahid1 cinayət hadisəsi baş verərkən heç bir sərxoşluq halında olmamışdır. İş materiallarında olan “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin təsdiqlənmiş surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət hadisəsini törədərkən idarə etdiyi “VAZ 21154” markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxsdur. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, hadisənin videogörüntüsü köçürülmüş 01 ədəd CD diski, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin İ hissəsinə görə, relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 3-cü bəndində izah edilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində izah edilir ki, Azərbaycan Respublikası CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır. Həmin Qərarın 17-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CMnin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndində izah edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərərçəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bundan əlavə, iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməmiş, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməmiş, həmçinin yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törətməsi müəyyən edilməmişdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Qımıl-qışlaq kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailə tərkibi - himayəsində olmaqla İİ qrup əlilliyi olan oğlu Şahid2, heç yerdə işləməyən gəlni Gülnar Lalayeva, xx.xx.2014, xx.xx.2015 və xx.xx.2020-ci il təvəllüdlü nəvələrindən ibarətdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Qımıl-qışlaq kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 1979-cu ildə Bakı şəhəri 101 saylı Texniki Peşə məktəbinə daxil olmuş, 1981-ci ildə həmin məktəbi bitirmişdir. 1981-ci ildə Bakı şəhəri Energetika Texnikumuna daxil olmuş, 1982-ci ildə RF-nın Kalininqrad şəhərinə hərbi xidmətə getmiş, 1984-cü ildə hərbi xidmətini başa vurmuş və həmin ildən Energetika Texnikumunda təhsilini davam etdirmiş və 1985-ci ildə həmin məktəbdəki təhsilini bitirmişdir. 1986-cı ildə Xaçmaz rayon VAZ texniki stansiyasında işə başlamış və hal-hazırda müqavilə ilə həmin yerdə işləyir. Ortaixtisas təhsillidir. 1 qızı, 1 oğlu və 6 nəvəsi var. Oğlu Şahid2 2-ci qrup əlildir. Təqsirləndirilən şəxs əməksevər və işgüzardır. Spirtli içkilərə və pis əməllərə meylli deyildir. Özündən böyüklərə və kiçiklərə qarşı səmimidir. Təsərrüfat işlərində ailəsinə yaxından kömək edir. İş yerində və kənddə böyük nüfuza malikdir. Kəndin ziyalılarından biridir. Barəsində Nümayəndəliyə heç bir sorğu və şikayət daxil olmamışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilə X2 1986-cı ildən rəsmi nikah bağlamaqla ər-arvad olmuşlar. İş materiallarında olan 26 dekabr 2023-cü il tarixli notarial ərizədən müəyyən edilir ki, iş üzrə zərərçəkmiş şəxs X1 bacıları X3, X4 və qardaşı X5 həmin ərizələrində göstərmişlər ki, onlar Təqsirləndirilən şəxslə barışıq əldə etmişlər, onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2 20 dekabr 2025-ci il tarixli ərizəsindən, həmçinin məhkəmə prosesi zamanı ifadəsindən müəyyən edilir ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə qeyd edir ki, yalnız cinayət qanunu normalarının tələblərinə əməl olunmaqla təyin edilmiş, həm təqsirkara münasibətdə, həm də obyektiv müşahidəçinin baxışında ədalətli olan cəza öz sosial təyinatını səmərəli şəkildə yerinə yetirə, cinayət törətmiş şəxsə münasibətdə islahedici, digər şəxslərə münasibətdə xəbərdaredici rolunu oynaya bilər. Təsvir edilən cinayət-hüquqi normalardan göründüyü kimi, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların və bu əsaslarla uzlaşan hər bir təqsirkar şəxsə aid konkret faktiki halların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan az ağır olmaqla ilk dəfə cinayət törətməsini, zərərçəkən şəxsin hüquqi varisinin ona qarşı şikayəti və tələbinin olmamasını, himayəsində (öhdəsində) əlilliyi olan övladının və azyaşlı nəvələrinin olmasını, ailəsinə qazanc gətirən yeganə ailə üzvü olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi şəraitini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Qeyd olunanlarla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların məcmusunu, əvvəllər məhkum olunmamasını, hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan olmaqla az ağır (ilk dəfə) cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək cinayət əməlindən səmimi peşmanlıq hissi keçirməsini, arvadı olmuş zərərçəkmiş şəxsin hüquqi varisinin (oğlunun), həmçinin zərərçəkmiş şəxsin yaxın qohumlarının (bacıları və qardaşı) ona qarşı şikayətləri və tələblərinin olmamasını, təqsirləndirilən şəxsin himayəsində olan ailəsinə qazanc gətirən yeganə ailə üzvü olmasını, həmçinin cinayətin törədilməsi halını nəzərə alaraq Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etdiyindən, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM maddə 41.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsində şərti məhkumetmənin tətbiq edilməsi üçün əsas, məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM maddə 70.1). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür. Birlikdə götürülməklə şərti məhkumetmə və cəza təyin etmənin ümumi əsaslarına dair normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkumetmənin tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən, cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci madəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən edilməli və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 dekabr 2010-cu il tarixli Qərarında göstərilir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə, məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir; Məhkəmə şərti məhkum etmə tətbiq edilən şəxsə sınaq müddəti müəyyən edir. Cinayət Məcəlləsinin 70.3-cü maddəsində şərti məhkum etmənin sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilmişdir. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını, yəni onda qanuna, cəmiyyətə, birgəyaşayış qayda və ənənələrinə hörmət hissinin yaranmasını və onlara riayət edilməsini sübut etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrumetmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Təqsirləndirilən şəxs təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 18 dekabr 2025-ci il tarixli “Maddi sübutun tanınması və təhvil verilməsi haqqında” qərardan və qəbzlərdən müəyyən edilir ki, “QAZ-31105 120” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ 21154” markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmaları üçün sahiblərinə qaytarılmışdır. İş üzrə maddi sübut – saxlanılmaları üçün sahiblərinə verilmiş “QAZ 31105 120" minik markalı, ** LB *** dövlət qeydiyyat nişanlı və "VAZ 21154" minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobillər hökm qanuni qüvvəsini aldıqdan sonra sahiblərinə qaytarılmış hesab edilməlidir. İş materiallarında olan 18 dekabr 2025-ci il tarixli “Maddi sübutun tanınması və təhvil verilməsi haqqında” qərardan müəyyən edilir ki, hazırkı iş üzrə yol-nəqliyyat hadisəsinin videogörüntüsü (01 ədəd videofayl) köçürülmüş 01 (bir) ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə maddi sübut – hazırkı iş üzrə yol-nəqliyyat hadisəsinin videogörüntüsü (01 ədəd videofayl) köçürülmüş 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş əsas cəza, yəni 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilərək şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – saxlanılmaları üçün sahiblərinə verilmiş “QAZ 31105 120" minik markalı, ** LB *** dövlət qeydiyyat nişanlı və "VAZ 21154" minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobillər hökm qanuni qüvvəsini aldıqdan sonra sahiblərinə qaytarılmış hesab edilsin. İş üzrə maddi sübut – hazırkı iş üzrə yol-nəqliyyat hadisəsinin videogörüntüsü (01 ədəd videofayl) köçürülmüş 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar