Məhkəmə qərarları › İş №1(067)-22/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-22/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-22/2023 01.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1991-ci ildə Xaçmaz rayonunun Padar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz rayonunun Padar kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 0.176 qram psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən 16 may 2022-ci il tarixdə o, ünvan 1 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasına gətirilərək saat 18:55-dən 19:10-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən içərisində təmiz çəkisi 0.176 qram olan psixotrop maddə metamfetamin olan bir ədəd büküm aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, üzərindən aşkar olunmuş “şüşəni”, yəni metamfetamini 2022-ci ilin təxminən may ayında Xaçmaz şəhəri ərazisində olan “Avtobaza” adlanan yerin qarşısından keçib gedərkən yerdən tapıb öz istifadəsi üçün cibinə qoymuşdur. Tapdığı vaxt həmin metamfetamin falqa kağızına bükülü vəziyyətdə olmuşdur. Həmin maddəni götürdükdən bir neçə saat sonra, həmin gün o, polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış və orada üzərində saxladığı metamfetamin maddəsi aşkar edilmişdir. Həmçinin bildirmişdir ki, həmin metamfetamin siqaretin falqa kağızına bükülü vəziyyətdə, bir bükümdə olmuşdur. O, saxlanılarkən tək olmuş, yanında başqa kimsə olmamışdır. O, metamfetamin maddəsindən əvvəllər də istifadə etmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirərək himayəsində xəstə anasının olmasının və anasına yalnız onun baxdığının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, təxminən 3 ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. 16 may 2022-ci il tarixdə günorta saatlarında Xaçmaz şəhəri, R.Behbudov küçəsində yerləşən "xxxx" ASCnin qarşısından keçib gedərkən yerdə bir ədəd gümüşü rəngli kağız büküm olduğunu görmüş və həmin kağız bükümü əlinə götürüb açanda bilmişdir ki, içərisində psixotrop maddə olan metamfetamin var. Özü də psixotrop maddə olan metamfetamindən istifadə etdiyi üçün tapdığı metamfetamini atmayaraq əynində olan şalvarın sol yan cibinə qoyub saxlamışdır ki, sonradan özü istifadə etsin. Bundan sonra o, piyada Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsinə gəlmişdir. Həmin gün təxminən saat 17 radələrində Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində olarkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞ-nin inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitələri əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müstəntiq tərəfindən ona videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və ona təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, əynində olan şalvarın sağ yan cibindən bir ədəd qara rəngli pul kisəsini, açarı, şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü, bir ədəd ağ rəngli kağız bükümü və bir ədəd alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərində başqa heç nə aşkar olunmamışdır. Müstəntiq əvvəlcə ağ rəngli kağız bükümü, ondan sonra isə pul kisəsini açmışdır. Kağız bükümün boş olduğu, pul kisəsində isə bir ədəd 100 ABŞ dolları, 04 ədəd üzərində «Kapital Bank» sözləri yazılmış bank kartları və bir ədəd üzərində «Xaçmaz Store» yazılmış bonus kartı aşkar olunmuşdur. Bundan sonra müstəntiq onun və müdafiəçisinin iştirakı ilə gümüşü rəngli kağız bükümü açıb içərisində olan kütlənin nə olduğunu, haradan əldə etdiyini soruşmuş, o da hər şeyi könüllü olaraq etiraf edərək bildirmişdir ki, gümüşü rəngli kağız bükümdə olan kütlə psixotrop maddə olan metamfetamindir, özünə məxsusdur, yerdən tapmış və üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. Sonra müstəntiq tərəfindən üzərində aşkar olunmuş gümüşü rəngli kağız bükümdə olan metamfetamin bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmişdir. O da üstündə aşkar olunmuş metamfetaminin qablaşdırıldığı zərfin üzərinə və bununla bağlı yazılmış protokola imza etmişdir. Üzərində aşkar olunmuş 100 ABŞ dolları, pul kisəsi, açar, alışqan, bank kartları isə götürülməyərək özünə qaytarılmışdır. Etdiyi hərəkətlərdən peşmandır, gələcəkdə belə işlərə yol verməyəcəkdir. O heç kimdən narkotik vasitə, psixotrop maddə almamış və heç kimə də satmamışdır. Üstündə aşkar olunmuş metamfetamini isə 16 may 2022-ci il tarixdə günorta saatlarında "xxxx" ASC-nin qarşısından keçib gedərkən yerdən tapmış və gələcəkdə özünün istifadə etməsi üçün üzərində saxlamışdır. 16 may 2022-ci il tarixdə o, polis əməkdaşları tərəfindən Xaçmaz RPŞ-nə dəvət olunarkən ona heç bir zor tətbiq edilməmiş və ya zor tətbiq edilməsi ilə hədələnməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, Xaçmaz RPŞ-yə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində onlar tərəfindən saxlanılmış və üzərində narkotik vasitə gəzdirdiyindən sonuncunu Xaçmaz RPŞyə aparmışlar, polis şöbəsində təqsirləndirilənin üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən gümüşü rəngli siqaret kağızı bükümü və həmin bükümün içərisindən metamfetamin psixotrop maddəsinə bənzər maddə aşkar edilmişdir. Həmin vaxt təqsirləndirilən şəxs özü də etiraf edərək bildirmişdir ki, o, həmin maddənin istifadəçisidir. Təqsirləndirilən şəxsdən aşkar olunmuş metamfetamin maddəsi müstəntiq tərəfindən qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Həmçinin bildirmişdir ki, təqsirləndirilənin barəsində polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı onun narkotik vasitələrin istifadəçisi oması barədə olmuşdur. İbtidai istintaqda verdiyi ifadəsini təsdiqlədiyini bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində olmaqla polis baş leytenantı rütbəsindədir. 16 may 2022-ci il tarixdə Xaçmaz rayonunun Padar kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. O dərhal bu məlumatı polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə özü və Xaçmaz RPŞ-nin PPXB-nin manqa komandiri, polis serjantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə, yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 16 may 2022-ci il tarixdə, saat 17:00-da onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində olmasını müəyyən etmişlər və həmin yerdə sonuncuya yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərlərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması, avtomobillərin intensiv hərəkət etməsi və azyaşlı uşaqların olması səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə dəvət etmişlər. Bundan sonra İsmayıl onlarla Xaçmaz RPŞ-nə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra videoçəkilişlə sonuncunun üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl İsmayıla təklif olunmuşdur ki. üzərində nə varsa, hamısını çıxardaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan əşyaları, həmçinin əynindəki şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü stolun üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli bükümün içərisinə baxılan zaman orada sonradan psixotrop maddə olması müəyyən edilən ağ rəngli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə metamfetamini nəzərdə tutaraq şüşə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs özünün metamfetamin istifadəçisi olduğunu və heç bir şəxsə narkotik vasitə və psixotrop maddə satmadığını bildirmişdir. Həmin içərisində psixotrop maddə metamfetamin olan kağız büküm ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs şifahi olaraq heç bir şəxsə narkotik vasitə və psixotrop maddə satmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Belə ki, 2022-ci ilin təxminən may ayında Xaçmaz RPŞ-də ona Təqsirləndirilən şəxs saxlanılmalı olduğu bildirilmiş, bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən onlar tərəfindən Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada üzərinə vəkilin də iştirakı ilə şəxsi axtarış keçirilmiş və üzərindən metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs özü də səmimi etiraf edətək bildirmişdir ki, həmin maddənin istifadəçisidir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 16 may 2022-ci il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə məhkəmə iclasında kompüter vasitəsi ilə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi X6, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1, Xaçmaz RPŞ-nin PPXB-nin manqa komandiri Şahid2, Xaçmaz rayon vəkil bürosunun vəkili X3 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması, daşıması barədə məlumat daxil olduğu bildirilərək hüqüq və vəzifələri izah olunmuş, daha sonra isə iştirakçılar və hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş Xaçmaz rayon vəkil bürosunun vəkili X5 ona təqdim olunduqdan sonra təklif olunmuşdur ki, üzərində olan əşyaları özü könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan şalvarın sağ yan cibindən bir ədəd qara rəngli pul kisəsini, açarı, şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli kağız büküm, bir ədəd ağ rəngli kağız bükümü və bir ədəd alışqanı çıxarıb masanın üstünə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilir və onun üzərində başqa əşya aşkar edilmir. Əvvəlcə Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli kağız büküm, ondan sonra isə pul kisəsi açılmışdır. Kağız bükümün boş olduğu, pul kisəsində isə bir ədəd 100 ABŞ dollarının, 04 ədəd üzərində «Kapital Bank» sözləri yazılmış bank kartlarının və 01 ədəd üzərində «Xaçmaz Store» yazılmış bonus kartının olması müəyyən edilmişdir. Bundan sonra gümüşü rəngli kağız büküm Təqsirləndirilən şəxs, vəkil Rəşid Novruzəliyevin və digər iştirakçıların iştirakı ilə açıldıqda içərisində psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli kristalşəkilli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, gümüşü rəngli kağız bükümdə olan ağ rəngli kristalşəkilli kütlə psixotrop maddə olan metamfetamini nəzərdə tutaraq “şüşə” olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli kağız bükümdə olan ağ rəngli kristalşəkilli kütlə özünün, vəkilin və digər iştirakçıların iştirakı ilə bir ədəd ağ rəngli zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, 100 ABŞ dolları, pul kisəsi, açarlar, alışqan, bank kartları isə götürülməyərək Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Nemət Xurşudov tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2022-ci il tarixli, 6/2829 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN Arayışlar üçün №58” dairəvi möhür əksi “......3) Təqsirləndirilən şəxs-imza...” yazı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,176 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin psixotrop maddəsindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq – 0,126 qram təşkil etmişdir. İş materiallarında olan 25 may 2022-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və 25 avqust 2022-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,176 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,126 qram təşkil edən metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınaraq saxlanması üçün Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 24 avqust 2022-ci il tarixli, 4698 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, keçirilmilş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini haradan əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin onun narkotik vasitələrin və yaxud psixotrop maddələrin satışı ilə məşğul olması və onun başqa cinayət əməli törətməsi ilə bağlı hər hansı bir məlumat əldə edilməmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair 25 avqust 2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi qeyd olunmuş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,176 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Yergüc kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ümumi orta təhsillidir, hərbi xidməti borcunu yerinə yetirmişdir. O, subaydır. O, yaşadığı kəndin sakinləri ilə xüsusən də həmyaşıdları ilə yaxşı münasibətdədir. Onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 16 may 2022-ci il tarixli protokoldan, qətimkan tədbirinin seçilməsi barədə 18 may 2022-ci il tarixli qərardan, xx.xx.2022-ci il tarixli iltizamdan, “Axtarışda olan şəxsin tutulması barədə” 22 avqust 2022-ci il tarixli protokoldan və müvəqqəti saxlama yerindən azad edilməyə dair 24 avqust 2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 04 (dörd) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 16 may 2022-ci il tarixli protokoldan, qətimkan tədbirinin seçilməsi barədə 18 may 2022-ci il tarixli qərardan, xx.xx.2022-ci il tarixli iltizamdan, “Axtarışda olan şəxsin tutulması barədə” 22 avqust 2022ci il tarixli protokoldan və müvəqqəti saxlama yerindən azad edilməyə dair 24 avqust 2022ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 04 (dörd) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün müddət təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 1(067)-144/2022 saylı qərarından və Xaçmaz RPŞ-nin “Axtarışda olan şəxsin tutulması barədə” 19 noyabr 2022-ci il tarixli protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və o, 19 noyabr 2022-ci il tarixdə tutularaq həbs edilmişdir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş təmiz çəkisi 0,176 qram olan psixotrop maddə - metamfetamindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,126 qram təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,176 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,126 qram təşkil edən metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,126 qram təşkil edən metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxs X2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 05 (beş) ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,126 qram təşkil edən metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar