Məhkəmə qərarları › İş №1(067)-23/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-23/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-23/2023 13.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əməlində cinayətin residivi olan, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ev 73, mənzil 16-da qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya məhkəməsinin 17 yanvar 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 32.4, 308.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, 16 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda, istintaqa məlum olmayan vaxtda və mənbədən, şəxsi istifadə məqsədilə qanunsuz olaraq psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, 08 yanvar 2022-ci il tarixdə Yalama st. XPB-nin əməkdaşlarının Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Xudat dəmir yolu stansiyasının ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq dəvət olunduğu Xaçmaz rayonu, Yalama kəndində yerləşən Yalama st. xətt polis bölməsində saat 16:25-16:45 müddətində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sol yan cibindən şəffaf rəngli sellofan bükülünün içərisindən 0,890 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, bununla da o, qanunsuz olaraq psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, axşam saatlarında yaşadığı ərazidə zibil qutusuna məişət tullantısı atdığı zaman yerdən bir ədəd sellofan bükülüsü tapmış, həmin sellofn bükülüsünün içinə baxdıqda psixotrop və narkotik vasitə istifadəçisi olduğu üçün həmin bükülünün içərisində olan psixotrop maddə olan metamfetamin maddəsini görüb tanıyaraq şəxsi istifadəsi üçün götürmüş və sonrakı istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə, günorta saatlarında istirahət etmək məqsədi ilə o, Xaçmaz rayonunun Nabran kəndi istiqamətində getmiş, üzərində daşıdığı maddədən istifadə etmək üçün Xudat şəhəri ərazisində yerləşən dəmir yolu xətlərinə getmiş, orada sakit yer axtarmağa başlamış, bu vaxt Xudat dəmir yolu stansiyası ərazisində polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edərək üzərində narkotik vasitə daşımağı və narkotik vasitələrdən istifadə etməyi barədə məlumatlarının olmasını deyərək onu Xaçmaz st. XPŞnin Yalama st. XPB-nə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə bölməyə getmiş, orada onun anket məlumatları soruşularaq bölmənin Əli adlı təhqiqatçısının olduğu otağa dəvət edilmişdir. Həmin otaqda təhqiqatçı onun barəsində daxil olmuş əməliyyat məlumatı barədə onu məlumatlandırmış, ona vəkillərin siyahısını təqdim etmiş, hüquqlarının müdafiəsi üçün vəkil seçməyini təklif etmiş, o da siyahıda olan vəkillərdən biri ilə təmin edilməsini təhqiqatçıdan xahiş etmişdir. Bundan sonra təhqiqatçı bölməyə siyahıda olan vəkillərdən Müdafiəçi1 dəvət etmiş, onu xidməti otağında vəkilinin iştirakı ilə şübhəli şəxs qismində tutmuş, bu barədə protokol tərtib etmiş, həmin protokolu vəkili ilə birlikdə imzaladıqdan sonra təhqiqatçı vəkilinə onun üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməyi təklif etmişdir. Vəkili buna etiraz etmədən razılıq vermiş, sonra təhqiqatçı onu bölməyə dəvət edən polis əməkdaşlarının və vəkilinin yanında hüquq və vəzifələrini izah etmiş, videoçəkiliş vasitəsiə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək buna etirazının olub-olmamasını ondan soruşmuşdur. O, buna etiraz etmədiyini bildirmiş, sonra təhqiqatçı videoçəkilişi aparmaq üçün otağa bir nəfər polis əməkdaşını dəvət etmiş, çəkiliş başladıqda ona hüquq və vəzifələri barədə bildiriş vermiş, üzərində qanuna zidd nə varsa çıxardıb qarşısında olan masanın üzərinə qoymasını təklif etmiş, o da əynindəki şalvarın cibində olan narkotik vasitə bükümünü çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı onun üzərinə şəxsi axtarış keçirmiş, üzərində qanuna zidd heç bir əşya aşkar etməmiş, sonra təhqiqatçı masanın üzərində olan bükülüyə baxaraq içərisində olan narkotik vasitəni aşkar etmiş, bükülüdə nə olduğunu, narkotik vasitələrdən istifadə edib-etmədiyini, narkotik vasitəni hansısa şəxsin ona satıb-satmadığını ondan soruşmuş, o da üzərindən aşkar olunan narkotik vasitəni yaşadığı evin yaxınlığından, zibilxananın yanından tapdığını, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Daha sonra təhqiqatçı narkotik vasitə olan bükülünü onun yanında masanın üzərindən götürmüş, zərfə qoymuş, həmin zərfi ekspertizaya təqdim etmək üçün möhürləmişdir. Həmçinin bildirmişdir ki, o, əvvəllər qurudulmuş marixuanadan istifadə etmiş, lakin metamfetamin psixotrop maddəsindən heç vaxt istifadə etməmişdir, o, həmin psixotrop maddəni tapmış, lakin bu barədə heç kimin məlumatı olmamışdır. O, evli olmaqla dörd azyaşlı uşağı var. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, 08 yanvar 2022-ci il tarixdə Bakı şəhər sakini Zeynal adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində narkotik vasitə daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tədbirə Yalama st. PPXM-nın polis nəfəri, polis serjantı Şahid3 və polis nəfəri, polis serjantı Şahid2 Kiçibeyoviçlə birlikdə cəlb olunmuşlar. Daxil olmuş əməliyyat məlumatı əsasında onlar Xudat dəmir yolu stansiyasının ərazisinə gedərək orada bir qədər durduqdan sonra saat 15:30 radələrində bir nəfər şəxsin stansiya ərazisinə gəldiyini və orada özünü şübhəli apardığını görmüşlər. Bu vaxt o, digər polis əməkdaşları ilə birlikdə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, barəsində əməliyyat məlumatı olan şəxsə narkotik vasitələrdən istifadə etməsi və üzərində narkotik vasitə saxlamaqla daşıması barədə əməliyyat məlumatı daxil olması barədə bildirmişdir. Bu vaxt həmin şəxsi Xaçmaz st. XPŞnin Yalama st. XPB-nə dəvət etmişlər. Həmin şəxs etiraz etmədən onlarla birgə Yalama st. XPB-nə gəlmiş, bölmədə barəsində əməliyyat məlumatı daxil olan şəxs özünü təqdim edərək Bakı şəhər sakini Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bu vaxt o, bölməyə dəvət edilmiş Zeynalın barəsində rəhbərliyə məruzə etmiş, bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı, polis baş leytenantı Əli Hüseynovun xidməti otağına dəvət edilmişdir. X5 xidməti otağında Təqsirləndirilən şəxs vəkillər siyahısını təqdim edib siyahıdan vəkil seçməsini təklif etmiş, Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən biri ilə təmin edilməsini xahiş etmişdir. Təhqiqatçı siyahıda olan vəkillərdən bölməyə Müdafiəçi1 dəvət etmiş, Təqsirləndirilən şəxs vəkili ilə tanış olduqdan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, bu barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs və onun vəkili Müdafiəçi1 tərəfindən imzalanmışdır. Həmin vaxt X5 Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsi üçün otağa polis baş serjantı Şahid3 dəvət etmiş, videoçəkilişlə şəxsi axtarış keçirməyə başlamış, təhqiqatçı otaqda Zeynala hüquq və vəzifələri ilə bağlı bildiriş vermiş, sonuncuya müraciət edərək üzərində olan qanunsuz predmetləri çıxarmasını və qarşısında olan masanın üzərinə qoymasını təklif etmişdir. Bu vaxt Zeynal cins şalvarının sol cibindən bir ədəd şəffaf rəngdə sellofan bükülünü təqdim edərək bükülüdə narkotik vasitə olduğunu, həmin narkotik vasitəni yaşadığı ərazidən tapdığını, narkotik vasitələrdən istifadə etdiyini, həmin bükülüdə olan narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində daşıdığını, heç bir şəxsə narkotik vasitə vermədiyini bildirmişdir. Sonra sellofan bükülüyə baxılarkən içərisində kristal şəklində olan maddənin olması müşahidə edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükülü zərfə qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid3 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 Kiçibeyoviçin ifadəsindən müəyyən edilir ki, o, şahidlər Şahid1 və Şahid3 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 08 yanvar 2022-ci il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş CD diskə məhkəmə iclasında kompüter vasitəsilə baxış keçirilərək müəyyən olundu ki, qeyd olunan tarixdə Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-də müdafiəçinin və Şahid1, Şahid2 Kiçibeyoviçin, Şahid3 iştirakları ilə həmin bölmənin baş təhqiqatçısı X4 xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxararaq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli cins şalvarın sol cibindən sellofan bükülüdə olan şəffaf rəngdə olan narkotik vasitəyə oxşar kristal şəklində olan maddəni çıxarıb təqdim etmişdir. Sellofan bükülünü Təqsirləndirilən şəxs və digər şəxslərin iştirakı ilə açıb baxış keçirilərkən içərisində şəffaf rəngli maddə aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ilkin sorğu zamanı sellofan bükülüdə aşkar edilmiş həmin maddənin narkotik vasitə olduğunu qeyd edərək həmin kütləni Bakı şəhərində, yaşadığı ərazidən, yerdən tapdığını, narkotik vasitələrdən istifadə etdiyi üçün üzərində daşıdığını bildirmişdir. Sorğu zamanı o, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Bakı şəhər sakinləri İlkin və İlham adlı şəxsləri tanıdığını, lakin həmin şəxslərlə birlikdə narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə götürülüb müvafiq qaydada qablaşdırılmaqla üzəri möhürlənərək imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2022-ci il tarixli, 6/104 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş....” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,890 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatına metamfetamindən 0,05 qram sərf edildikdən sonra qalıq çəkisi 0,840 qram təşkil etmişdir. İş materiallarında olan 10 yanvar 2022-ci il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,890 qram çəkidə psixotrop maddə - metamfetamin maddi sübut kimi tanınmış və həmin psixotrop maddənin 0,05 qramı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 0,840 qram metamfetamin psixotrop maddəsi Xaçmaz st. X7 anbarında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 18 mart 2022-ci il tarixli, 1373 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair 29 avqust 2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, CD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,890 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan qərardan və Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(103)-121/2020 nömrəli qərarı ilə iş üzrə Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, o, xx.xx.2021-ci il tarixdə həmin cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə edilmiş EMİS-dən çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs iki yetkinlik yaşına çatmayan uşağı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi halını müəyyən etdi. Belə ki, iş materiallarından müəyyən edilir ki, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(103)-121/2020 nömrəli qərarı ilə iş üzrə Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, o, xx.xx.2021-ci il tarixdə həmin cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının sonu ilə azad edilsə də, onun həmin cinayət əməlinə görə məhkumluğu ödənilmədən o, 08 yanvar 2022-ci il tarixdə hazırkı iş üzrə cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bununla da o, məhkumluğu ödənilmədən və ya götürülmədən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə görə isə cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin maddənin 2-ci bəndinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. İş materiallarında olan qərarlardan və protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı istintaqdan yayındığına görə barəsində 25 mart 2022-ci il tarixdə məcburi gətirilmə haqqında qərar və barəsində axtarış elan edilməklə iş üzrə icraatın dayandırmasına dair qərar qəbul edilmiş, o, 27 avqust 2022-ci il tarixdə könüllü gələrək ibtidai istintaq orqanına özünü təqdim etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran cinayətlərin residivi halını və cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 08 yanvar 2022-ci il tarixli protokoldan, təqsirləndirilən şəxsin tutmadan azad edilməsi barədə 09 yanvar 2022-ci il tarixli qərardan və xx.xx.2022-ci il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 (bir) gün müddətdə tutularaq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 01 (bir) gün müddət, ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 1(067)-23/2023 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz st. X7 02 may 2023-cü il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai RPİ-nin əməkdaşları tərəfindən 01 mart 2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar saxlanılaraq Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(011)-158/2023 nömrəli qərarı ilə barəsində üç aylıq həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılır. Bununla da, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökm elan olunduğu tarixdən, yəni 13 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində hazırkı iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,840 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut kimi Xaçmaz st. X7 anbarında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz st. X7 anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,840 qram təşkil edən psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 yanvar 2022-ci ildən 09 yanvar 2022-ci il tarixədək, yəni 01 (bir) gün həbsdə saxlandığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etməyə bərabər tutularaq, 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut – Xaçmaz st. X7 anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,840 qram təşkil edən psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar