Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-24/2025 21.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1980-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri, Nizami rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan xeyli miqdarda, yəni təmiz çəkisi 420,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən 01 mart 2024-cü il tarixdə o, Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində saxlanılıb Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasına gətirilərək 01 mart 2024-cü il tarixdə saat 02:32-dən 02:42- dək olan müddətdə onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli qış gödəkçəsinin altındakı üzəri yapışdırım lentlə bağlanmış bir ədəd qara rəngli polietilen bağlamanın içərisində olan bir ədəd ağ rəngli sellofan torbadan təmiz çəkisi 420,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki,məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəri təstiq edərək göstərdi ki, o 10 ildən çoxdur ki, narkotik vasitə olan qurudulmuş marixuanadan tüstüsünü çəkməklə istifadə edir. O 2023- cü ilin sentyabr ayının sonlarında Xaçmaz rayonu, İlxıçı kəndi yaxınlığında yerləşən meşə sahəsində gəzən zaman meşə sahəsindən bir ədəd sellofan torbasının olmasını görmüşdür. O həmin sellofan torbasına baxdığı zaman içərisində nə isə olmasını gördüyündən götürərək baxdığı zaman orada narkotik vasitə qurudulmuş marixuana olmasını bilmişdir. Özü marixuana istifadəçisi olduğuna görə həmin sellofan torbasını özü ilə birlikdə götürmüşdür. Lakin anası ilə birlikdə yaşadığından və Xaçmaz şəhərində yaşadığı evin həyəti və evin özü kiçik olduğuna görə həmin sellofan torbada olan marixuananı Xaçmaz rayonu, İlxıçı kəndində çayın kənarında gizlətmişdir. 2024-cü ilin fevral ayının sonlarında anası müalicə olmaq üçün Bakı şəhərinə xəstəxanaya getdiyindən o fikirləşmişdir ki, onu heç kimin görməməsi üçün gecə vaxtı gedib gizlətdiyi narkotik vastəni yaşadığı evə gətirib hissəhissə istifadə etsin. O 01 mart 2024- cü il tarixdə həmin narkotik vasitəni götürüb yaşadığı ünvan 4 ünvanında yerləşən evə çatmağa az qalmış iki nəfər mülki geyimli şəxslər gəlib küçənin ortasında onun üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi barədə Xaçmaz RPŞ-nə məlumat daxil olduğunu, buna görə də üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Həmin vaxt içərisində marixuana olan sellofan torba onun gödəkçəsinin altında olmuşdur. Ona görə də o polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞ-nə gəldikdən sonra o şübhəli şəxs qismində tutulmuş və ona müdafiəçi təqdim olunmuşdur. Bundan sonra həmin gün üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl ona müdafiəçi təqdim olunmuşdur. Daha sonra müdafiəçinin və digər polis əməkdaşlarının iştirakları ilə üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və yaxud psixatrop maddə varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra o əynində qış gödəkçəsinin altıda gizlədib saxladığı, içərisində qurudulmuş marixuana olan sellofan torbanı, daha sonra əynində olan gödəkçənin ciblərində olan şəxsiyyət vəsiqəsini, siqaret dənələrini, yaşadığı evin giriş qapısının açarını, cib dəsmalını və günəbaxan tumlarını çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç nə aşkar olunmamışdır. Onun təqdim etdiyi sellofan torbanın içərisinə baxılan zaman torbanın içərisində marixuananın olması müəyyən olunmuşdur. O həmin sellofan torbanın içərisindəkinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Üzərindən aşkar olunmuş sellofan torba müstəntiq tərəfindən elektron tərəzidə çəkilən zaman qablaşma ilə birgə çəkisinin 442 qram çəkidə olması müəyyən olunmuşdur. Üzərindən aşkar olunmuş içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan torba müstəntiq tərəfindən qablaşdırılıb möhürlənərək götürülmüş, üzərindən aşkar olunmuş şəxsiyyət vəsiqəsi də götürüldükdən sonra digər əşyalar onun özünə geri qaytarılmışdır. Şəxsi axtarış prosesi videoçəkiliş vasitəsi ilə əvvəldən axıradək qeydə alınmış və həmin videogörüntü bir ədəd DVD formatlı diskə köçürülüb şəxsi axtarış protokoluna əlavə edilmişdir. Daha sonra şəxsi axtarış protokolu ucadan oxunmuş, heç bir qeyd və ya vəsatət daxil olmamışdır, düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. O yalnız narkotik vasitə istifadəçisidir, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O polis əməkdaşları tərəfindən saxlanıldığı zaman ona qarşı hər hansı zor tətbiq edilməmiş və ya psixi təsir olunmamışdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində olmaqla polis baş leytenantı rütbəsindədir. 01 mart 2024-cü il tarixdə Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi ev 94 A-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Tərəfindən bu məlumat polis bölməsinin rəhbərliyinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 01 mart 2024-cü il tarixdə saat 01:50-də onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində olmasını müəyyən etmişlər. Sonuncuya yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin gecə saatları olması səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla könüllü olaraq şöbəyə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra videoçəkilişlə sonuncunun üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərindəkiləri təqdim etsin. Bu təklifdən sonra Məhəmməd könüllü olaraq üzərində olan gödəkçəsinin altında olan qara rəngli sellofan torbanı çıxardaraq təqdim etmişdir. Həmin sellofan torba açıldıqda içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə olmasını, həmin bitki kütləsini tapmasını, öz istifadəsi üçün saxlamasını bildirmişdir. Həmin sellofan torba içərisində olan bitki kütləsi ilə birlikdə çəkildiyi zaman çəkisinin 442 qram olması müşahidə edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə üzərindən hər hansı qanunla qadağan olunmuş predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş yaşıl rəngli bitki kütləsi ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, sonuncu və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs şifahi olaraq heç bir şəxsə narkotik vasitə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni Xaçmaz rayonu, İlxıçı kəndi ərazisində meşə sahəsindən tapmasını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid2, ibtidai istintaq zamanı Şahid1 ifadəsi ilə anoloji ifadə vermişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən təmiz çəkisi 420 qram tərkibində narkotik maddələr olan (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürlmüş və bu fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 01 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 02:05-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış aparılması haqqında 01 mart 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz RPŞ-nin inzibati binasında yerləşən xidməti iş otağında Təqsirləndirilən şəxs təqdim etdiyi üzəri yapışdırıcı lentlə bağlanmış bir ədəd qara rəngli polietilen bağlamanın içərisində olan bir ədəd ağ rəngli sellofan torbada ümumi çəkisi 442,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2024-cü il tarixli 3-16-16/2-7/351 nömrəli ekspert rəyndən görünür ki, tədqiqata təqdim edilmiş üzərində « Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuanaya bənzər bitki kütləsi» yazı və imzalar olan zərfdə bir ədəd ağ rəngli selofanda təmiz çəkisi 420,0 qram bitki mənşəli kütlə çətənə (kanabis) bitkisindən kustər üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in (Siyahı İ) daxildir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən tutmadan azad edilməsi haqqında 02 mart 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və qərar verildiyi andan, yəni həmin gün saat 19:40-da o saxlandığı Xaçmaz RPŞ-nin MSY-dən tutulmadan azad edilmişdir. İş materiallarında olan CD diskə baxış keçirilməsi barədə 10 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi görüntüləri əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə müstəntiq tərəfindən baxış keçirilmiş, baxış zamanı şəxsi axtarış aparılması haqqında 01 mart 2024cü il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini etiraf etmişdir. İş materiallarında olan maddi südut kimi tanımaq haqqında 10 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məxsus üzərindən aşkar olunmuş təmiz çəkisi 420,0 qram olan narkotik vasitə qurudulmuş marixuana işin faktiki halların təstiq edən sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalan 419,95 qram qalığı saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcısı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş ictima xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağı, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohumqonşular ondan narazı qalmasınlar. Onun barəsində Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 04 mart 2024-cü il tarixli, 5(067)-58/2024 saylı qərarından görünür ki, məhkəmənin həmin qərarına əsasən Xaçmaz rayon Polis Şöbəsinin CAB-nun baş əməliyyat müvəkkili Zayr Mirzəyevin “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 01 mart 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 29 noyabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15% dövlət nəfinə tutulmaqla 06 ay islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 02 aprel 2024-cü il tarixli 2089 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 20 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalan 419,95 qram bitki mənşəli kütlə çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcısı isə iş materiallarında saxlanması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(067)- 129/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyə məcburi qaydada qətirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(067)- 129/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilməklə axtarış elan edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 tərəfindən 22 fevral 2025-ci il tarixdə Xaçmaz rayon Məhkəməsinə ünvanlanan tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından “Ağ ciyər vərəmi» diaqnozu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 daxil olmuşdur. Xəstə stasionarda kliniki, rentgenoloji, laborator müayinələrdən keçirilmiş və onda «Hər iki ağ ciyərin yuxarı payının ocaqlı vərəmi infiltrasiya mərhələsində, VM (+) pozitiv, HCV» diaqnozu təstiqlənmişdir. Xəstə xx.xx.2024cü il tarixdə 1-ci sıra «Yəni» hal kimi vərəməleyhi dərmanlarla müalicəyə cəlb edilmişdir. Hal-hazırda xəstənin ümumi vəziyyəti kafidir, vərəməleyhi müalicəsi davam etdirilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 tərəfindən 04 aprel 2025-ci il tarixdə Xaçmaz rayon Məhkəməsinə ünvanlanan məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 daxil olmuş və məhkəmə iclaslarının keçirilməsi üçün bunu nəzərə alınması xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 tərəfindən 24 may 2025-ci il tarixdə Xaçmaz rayon Məhkəməsinə ünvanlanan tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs yekun «Hər iki ağ ciyərin yuxarı payının ocaqlı vərəmi infiltrasiya mərhələsində, VM (+) pozitiv, XHCV». İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə 22 noyabr 2024-cü il tarixli protokoldan görünür ki. Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 noyabr 2024-cü il tarixdə Xaçmaz rayon ərazisində saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan xeyli miqdarda, yəni təmiz çəkisi 420,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən 01 mart 2024-cü il tarixdə o, Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində saxlanılıb Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasına gətirilərək 01 mart 2024-cü il tarixdə saat 02:32-dən 02:42- dək olan müddətdə onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli qış gödəkçəsinin altındakı üzəri yapışdırım lentlə bağlanmış bir ədəd qara rəngli polietilen bağlamanın içərisində olan bir ədəd ağ rəngli sellofan torbadan təmiz çəkisi 420,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram, qurudulmamış marixuana üçün 25 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi,cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli etiraf etməsini və ağ ciyər vərəmi xəstəliyinin olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 mart 2024-cü il saat 02:05-dən 02 mart 2024-cü il saat 19:40dək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 22 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi 419,95 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd DVD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 mart 2024-cü il saat 02:05-dən 02 mart 2024-cü il saat 19:40dək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 03 (üc) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 22 noyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına və Penitensiar Xidmətin X1 həvalə olunsun) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi 419,95 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM NƏRMİN ABİYEVA.
Məhkəmə qərarları › İş №1(067)-24/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-24/2025
21.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver