Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-25/2023 02.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun Müdafiəçi2 iştirakları ilə xx xxxxx 1979-cu ildə Quba rayonu Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, üç uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu Qobuqraq kəndində yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 02 iyul 2022-ci il tarixdə saat 17 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz şəhəri Bakı prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişməsində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısında Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs Ramazının idarə etdiyi «LTD GOLDGROUF GEORGİA» şirkətinə məxsus «SCANİA» yük markalı, 00-945-DO Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin kabinəsindəki ön cihazlar panelində olan əşya yerindən içərisində sonuncuya məxsus 46.000 Rus rublu (1435,2 manat) məbləğində nağd pul, Zərərçəkmiş şəxs məxsus Türkiyə Respublikasında verilmiş şəxsiyyət vəsiqəsi, 50 Türk lirəsi, (5,09 manat) digər mühüm şəxsi sənəd olan Zərərçəkmiş şəxs məxsus Türkiyə Respublikasında verilmiş sürücülük vəsiqəsi olan 8 manat dəyərində pul kisəsini qanunsuz götürüb aparmaqla ümumilikdə 1448,29 manat məbləğində oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamış, habelə vətəndaşın şəxsiyyət vəsiqəsini və digər mühüm şəxsi sənədlərini talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.1-ci və 326.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 02 iyul 2022-ci il tarixdə nahar fasiləsi ərəfəsində Xaçmaz şəhər mərkəzinə getmək üçün evdən çıxmış və yolun kənarı ilə piyada Xaçmaz şəhəri istiqamətində hərəkət edib Qobuqraq kəndi ərazisində yerləşən «Cəmşid» yeməkxanasına çatanda tanışı Şahid2 tanımadığı iki şəxslə oturub çörək yediklərini görmüşdür. Görüşəndə Kamil ona oturub onlarla birlikdə çörək yeməyi təklif etmiş, o, etiraz etməmiş və onlarla birlikdə oturub nahar etməyə başlamışdır. Çörək yeyərkən dördünə 2 şüşə 0,7 litirlik araq içmiş və yemək yeyib qurtarandan sonra Kamilin qonaqları çıxıb getmişlər. Söhbət əsnasında o, Kamilə un almaq üçün Xaçmaz şəhərinə gedəcəyimi demiş və əgər istəyirsə onunla birlikdə getməyi təklif etmişdir. Kamil etiraz etməmiş və bundan sonra onlar yol kənarında dayanıb marşurut avtobusunun gəlməsini gözləməyə başlamışlar. Bu zaman yoldan TİR avtomobilinin keçdiyini görmüş və əl ilə işarə edərək sürücüdən saxlamasını xahiş etmişdir. Həmin avtomobil yanlarında dayanmış və sürücü onlardan maye qaz yanacaq doldurma məntəqəsinin yerini soruşmuşdur. Sürücünün danışığından onun türk millətindən olduğunu bilmiş, ona maye qaz yanacaq doldurma məntəqəsinin yerləşdiyi istiqamətə gedəcəklərini, onları da götürməsini və ona məntəqəni göstərəcəklərini demişlər. Sürücü etiraz etməmiş və Kamillə o, avtomobilə əyləşmiş, yolda söhbət zamanı sürücünün həqiqətən türk vətəndaşı olduğunu və Rusiya Federasiyasına yük apardığını öyrənmişlər. Xaçmaz şəhərinin girişində sürücüyə maye qaz yanacaq doldurma məntəqəsini göstərib avtomobili saxlatmış, bundan sonra onlar üçü də avtomobildən yerə düşmüş, o, sürücü ilə birlikdə yanacaq doldurma məntəqəsinə daxil olub sürücünün balonuna qaz doldurtmuş, Kamil isə məntəqənin yaxınlığındakı bulağın yanında oturub onları gözləmişdir. Sürücü ilə o, balona qaz doldurtandan sonra yenidən avtomobilin yanına qayıtmış və Kamil də yanlarına gəlmişdir. Bundan sonra üçü də avtomobilə əyləşmiş və sürücü mühərriki işə salıb Xaçmaz şəhəri istiqəmətinə hərəkətə başlamışdır. O, avtomobilin kabinəsindəki ön cihazlar panelində olan əşya yerində bir ədəd pul qabının olduğunu və həmin pul qabının içərisindəki pulların göründüyünü görmüş, pul qabının içərisindəki pulları görəndə özünü saxlaya bilməmiş və sakitcə həmin pul qabını götürüb cibinə qoymuşdur. Onun pul qabını götürməsini nə sürücü, nə də ki, Kamil görməmiş, həmin vaxt onlar artıq Xaçmaz şəhəri Bakı prospektində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinə çatmış və saat təxminən 17 radələri olmuşdur. Sürücü yanacaq vurmaq üçün avtomobili məntəqənin qarşısında saxlayanda Kamillə o, avtomobildən düşmüş və yanacaq doldurma məntəqəsinin qarşısından sağa dönüb Xaçmaz şəhəri R.Behbudov küçəsi ilə piyada bazar istiqamətində getməyə başlamışlar. Yanacaq doldurma məntəqəsindən bir qədər aralanandan sonra Kamilə avtomobilin kabinəsindən sürücüyə məxsus pul qabını oğurladığını demiş, lakin Kamil ona inanmamış, buna görə də pul qabını cibindən çıxarıb açmış və Kamilə göstərmişdir. Pul qabının içərisində rus pulları, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və bir neçə ədəd plastik bank kartları, pulları götürüb sayanda isə cəmi 46.000 rubl məbləğində rus pulu olduğunu görmüşdür. Kamil yenə ona inanmayıb zarafat etdiyini güman etmiş və ona görə də pulları saymaq üçün verməsini demişdir. O, etiraz etməmiş və pulları Kamilə vermişdir. Kamil pulları sayıb həqiqətən 46.000 rus rublu olduğunu demiş və onları onun özünə qaytarmışdır. O, pulları alıb pul qabı ilə birlikdə cibinə qoymuş, bundan sonra onlar taksi ilə Xaçmaz mərkəzi bazarının alt tərəfinə gəlmiş və o, un alandan sonra yenidən Kamillə birlikdə taksi ilə Xaçmaz rayonu Qobuqraq kəndinə qayıtmışlar. Kamili düşürəndən sonra evə getmiş və unu evə qoyandan sonra həmin taksi ilə Qobuqraq kəndi ərazisində, Xaçmaz-Bakı avtomobil yolunun kənarında yerləşən «Qrand Oil» yanacaq doldurma məntəqəsinin yanına gələrək orada taksidən düşmüşdür. Məqsədi hava qaralandan sonra oğurladığı pul qabını içərisindəki sənədlərlə birlikdə «Qrand Oil» yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən TİR avtomobillərinin dayandığı duracağa atmaq olmuş, fikirləşmişdir ki, əgər sənədləri həmin əraziyə atarsa TİR sürücülərindən kimsə onları tapıb pul qabını oğurladığı TİR avtomobilinin sürücüsünə qaytara bilər. Buna görə də havanın qaralmasını gözləmiş, hava qaralandan sonra TİR avtomobillərinin duracağına daxil olmuş və bir neçə metr içəriyə doğru gedərək pul qabını içərisindəki sənədlərlə birlikdə ora atmışdır. Bundan sonra evə qayıtmış, səhəri gün Quba şəhərinə getmiş və Quba bazarının qarşısında oğurladığı pulun 20.000 (iyirmi min) rus pulunu Azərbaycan manatına dəyişmiş, onun 450 manatını Səfər adlı tanışına olan borcunu qaytarmış, qalan hissəsini isə öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra 04 iyul 2022-ci il tarixdə Sumqayıt şəhərinə gedəndə oğurladığı puldan qalan 26.000 (iyirmi altı min) rus pulunu Azərbaycan manatına dəyişərək öz ehtiyaclarına xərcləmiş, lakin bu barədə heç kimə heç nə deməmişdir. 15 iyul 2022-ci il tarixdə Xaçmaz RPŞ-nə dəvət olunanda polis əməkdaşlarının artıq TİR avtomobilindən oğurluq etməsini bildikləri ona məlum olmuşdur. O, həmçinin göstərmişdir ki, oğurluq etdiyi avtomobilin sürücüsünü əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. Sürücünün danışığından onun türk millətindən olduğunu hiss etmiş və sonradan Xaçmaz RPŞ-nə dəvət olunanda həmin sürücünün həqiqətən Türkiya Respublikasının vətəndaşı olmaqla adının Bülent olduğunu bilmiş, lakin onun barəsində başqa heç bir məlumatı olmamışdır. Məhkəmədə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, anket məlumatında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır və fərdi qaydada sürücü işləyərək ailəsini dolandırır. Hazırda Gürcüstan Respublikasında yerləşən «LTD GOLDGROUF GEORGİA» şirkətinə məxsus 00-945-DO Gürcüstan dövlət qeydiyyat nişanlı TİR yük avtomobili ilə beynəlxalq yük daşıma ilə məşğul olur. 01 iyul 2022-ci il tarixdə Rusiya Federasiyasına yük aparmaq məqsədi ilə idarə etdiyi yük avtomobili ilə Azərbaycan Respublikasına daxil olmuş və həmin gecəni Bakı şəhərində qalmışdır. Səhəri gün, yəni 02 iyul 2022-ci tarixdə saat 17 radələrində Xaçmaz rayonu ərazisinə çatanda avtomobildə olan qaz balonuna maye qaz vurmaq üçün yanacaq doldurma məntəqəsinin yerini soruşmaq qərarına gəlmiş və buna görə də Xaçmaz rayonu Qobuqraq kəndi ərazisində avtomobili saxlayıb yolun kənarında dayanmış təxminən 35-40 yaşlarında olan tanımadığı iki şəxsə müraciət etmişdir. Onlar həmin istiqamətdə getdiklərini dediklərinə görə onları avtomobilə götürmüş və həmin şəxslər ona Xaçmaz şəhərinin girişində yerləşən maye qaz yanacaq doldurma məntəqəsini göstərmişlər. Həmin şəxslərdən biri ilə avtomobildən düşüb qaz balonunu yanacaqla doldurmuş və bundan sonra onları gətirib Xaçmaz şəhərinin girişində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısında düşürmüşdür. Yanacaq vurmaq məqsədi ilə avtomobili kalonkanın qarşısına sürmüş, həmin şəxslər çıxıb gedəndən sonra məntəqənin operatoruna pul ödəmək üçün avtomobilin kabinəsinə qalxanda içərisində 46.000 rus rublu məbləğində nağd pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, hesablarında pul olmayan «Qaranti Bank»a, «Vakıf Bank»a, «Ziraat Bank»a, «Dəniz Bank»a və «X3»a aid plastik kartlar olan pul qabının yerində olmadığını görmüşdür. Avtomobilə minmiş şəxslərin pul qabını oğurladıqlarını hiss etmiş və buna görə də avtomobildən düşüb həmin şəxslər gedən istiqamətə qaçsa da, onları tapa bilməmiş, bundan sonra qayıdıb avtomobilə əyləşmiş və sürüb kənarda saxlayandan sonra dərhal istifadəsində olan ***-***-**-** mobil nömrəli telefonla Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları həmin yerə gəlmiş, o, hadisə barədə ərizə vermiş, polis əməkdaşları tərəfindən avtomobilin kabinəsinə baxış keçirilmiş və izahatı alınmışdır. Sənədləri olmadan heç yerə gedə bilmədiyi üçün avtomobili Xaçmaz- Xudat yolunun kənarında yerləşən yük avtomobilləri meydançasına park edib gözləməyə başlamış və sonradan Xaçmaz RPŞ-nə dəvət olunanda ərizəsinə əsasən cinayət işi başlandığı ona məlum olmuşdur. Məhkəməyə Zərərçəkmiş şəxs vatsap vasitəsi ilə (görüntülü) qoşularaq bildirmişdir ki, Təqsirləndirilən şəxs şikayətçidir. Bu hadisə zamanı ona 5000 manat maddi ziyan dəymişdir və təqsirləndirilən şəxs bu ziyanı ödəmədiyi təqdirdə ona ağır cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 bildirdi ki, ünvan 3 ünvanında qeydiyyatda olsa da, hazırda faktiki olaraq ailə üzvləri ilə birlikdə Xaçmaz rayonu Qobuqraq kəndində yeni tikilməkdə olan özünə məxsus evdə yaşayır. Rəsmi olaraq heç yerdə işləməsə də, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Xaçmaz rayonu Qobuqraq kənd sakini Təqsirləndirilən şəxs bir il olar ki, tanıyır. Onunla münasibəti yaxşıdır, aralarında ədavət və düşmənçilik olmamış, hazırda da yoxdur. 02 iyul 2022-ci il tarixdə nahar fasiləsi ərəfəsində Şabran rayonundan qonaq gəlmiş Sakit və Rəşad adlı qohumları ilə birlikdə Xaçmaz rayonu Qobuqraq kəndi ərazisində yerləşən «Cəmşid» yeməkxanasında oturub nahar edən zaman Təqsirləndirilən şəxs yanlarına gəlmişdir. Onlarla birlikdə oturub çörək yeməsini təklif edəndə Yalçın etiraz etməmiş və onlarla bir masa arxasında oturub çörək yeməyə başlamışdır. Çörək yeyərkən dördü birlikdə iki şüşə 0,7 litrlik araq içmiş, yeməklərini yeyib qurtarandan sonra qohumları Sakit və Rəşad onlardan ayrılaraq çıxıb getmişlər. Onlar gedəndən sonra Yalçın ona Xaçmaz şəhərindən un alacağını demiş və onunla birlikdə getməsini təklif etmişdir. O, etiraz etməyib onunla razılaşmış, bundan sonra Yalçın və o, Xaçmaz rayonu Qobuqraq kəndinin qarşısında dayanıb maşın gözləməyə başlamışlar. Yalçın Xaçmaz istiqamətinə gedən TİR yük avtomobillərinə əl ilə işarə edəndə bir TİR yük avtomobili dayanmış və həmin avtomobilə yaxınlaşanda sürücünün danışığından onun türk olduğunu bilmişdir. Sürücü maye qaz yanacaq doldurma məntəqəsinin yerini soruşanda ona həmin istiqamətə gedəcəklərini, onları da götürməsini və ona yanacaq doldurma məntəqəsini göstərəcəklərini demişlər. Sürücü etiraz etməmiş və Yalçınla o, avtomobilə əyləşmişdir. Yolda Yalçın sürücü ilə söhbət edəndə sürücünün həqiqətən türk vətəndaşı olması və Rusiya Federasiyasına yük aparması məlum olmuşdur. Xaçmaz şəhərinin giriş hissəsində yerləşən maye qaz yanacaq doldurma məntəqəsinə çatanda sürücü avtomobili saxlamış və onlar üçü də avtomobildən yerə düşmüşlər. Bundan sonra Yalçın və sürücü avtomobildən qaz balonunu götürüb yanacaq doldurma məntəsinə getmiş, o, özü isə məntəqənin yaxınlığında olan bulağın yanında oturub onların qayıtmalarını gözləmişdir. Bir neçə dəqiqədən sonra sürücü ilə Yalçın qayıdıb gəlmiş, bundan sonra o, onlara yaxınlaşmış və üçü də yenidən avtomobilə əyləşmişdir. Sürücü mühərriki işə salıb Xaçmaz şəhəri istiqamətində hərəkətini davam etdirməyə başlamış, Xaçmaz şəhəri Bakı prospektində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinə çatanda sürücü avtomobili saxlamış, Yalçın və o, sürücü ilə sağollaşıb avtomobildən düşmüşlər. Bundan sonra onlar yanacaq doldurma məntəqəsinin yanından Xaçmaz şəhəri R.Behbudov küçəsinə dönüb üzü bazar istiqamətində piyada getməyə başlamış və «Azpetrol» yanacaq doldurma məntəqəsindən bir qədər aralanandan sonra Yalçın ona avtomobilin kabinəsindən sürücüyə məxsus pul qabını oğurladığını demişdir. O, Yalçına inanmamış, onun içkili olduğu üçün belə danışdığını və onunla zarafat etdiyini fikirləşmişdir. Buna görə də ona əhəmiyyət verməmiş, lakin Yalçın avtomobilin kabinəsindən sürücüyə məxsus pul qabını oğurladığını bir neçə dəfə təkrarlamış və hətta cibindən bir ədəd pul qabı çıxarıb onun içərisindən rus pullarını götürərək ona vermişdir. O, həmin pulları sayıb yenidən Yalçının özünə qaytarmış, lakin pul qabının içərisində nə qədər pul olmasını dəqiq olaraq xatırlamır. Yalçını tanıdığı müddət ərzində onun hər hansı bir oğurluq etməsi və yaxud digər cinayət törətməsi barədə eşitmədiyindən onun avtomobilin kabinəsindən oğurluq etməsinə yenə inanmamış və onun zarafat etdiyini güman etmişdir. Bundan sonra onlar birbaşa Xaçmaz şəhər mərkəzi bazarının alt tərəfində yerləşən un satılan yerə gəlmiş, Yalçın oradan un aldıqdan sonra taksi ilə onun yaşadığı evə getmiş və Yalçın unu evə qoyandan sonra qayıdıb «Ayzberq» restoranına gəlmişlər. Orada yenidən çörək yeyib ikisinə bir şüşə 0,5 litirlik araq içmiş və bundan sonra Yalçın taksi ilə onu aparıb evinin yaxınlığında düşürüb getmişdir. Bir neçə gündən sonra Yalçın zəng edərək onun TİR yük avtomobilinin kabinəsindən oğurluq etdiyinin üstünün açıldığını demiş, o, yenə Yalçının oğurluq etməsinə inanmamış və onunla zarafat etdiyini fikirləşmişdir. Lakin Xaçmaz RPŞ-nə dəvət olunandan sonra Yalçının doğru deməsi, onun həqiqətən TİR yük avtomobilinin kabinəsindən sürücüyə məxsus içərisində 46.000 rus rublu məbləğində pul və sənədlər olan pul qabını oğurlaması ona məlum olmuşdur. Lakin şəxsən o, özü Yalçının avtomobilin kabinəsindən içərisində pul və sənədlər olan pul qabını oğurladığını görməmiş, onun həmin pul qabını necə və hansı şəraitdə götürməsindən xəbəri olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 bildirdi ki, anket məlumatında qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləməsə də, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Xaçmaz rayonu Qobuqraq kəndində yaşayan Təqsirləndirilən şəxs təxminən iki il olar ki, tanıyır. Onunla münasibəti yaxşıdır, aralarında ədavət və düşmənçilik olmayıb, hazırda da yoxdur. Təqsirləndirilən şəxs hər il yay mövsümlərində Xaçmaz və Quba rayonları ərazilərindən ayrı-ayrı şəxslərdən meyvə yığıb Rusiya Federasiyasına yola salmaqla məşğul olduğunu bilir. O, əvvəllər ondan borc pul alıb qaytarsa da, təxminən bir il bundan əvvəl aldığı 8000 manat məbləğində borcu qaytarmamışdır. Bir neçə dəfə ondan borcunu istəmiş, o, hər dəfə imkanının olmadığını və imkanı olan kimi pulunu qaytaracağını demişdir. Bununla bağlı barəsində şikayət edəcəyini deyəndən sonra Yalçın hissə-hisə borcunu qaytarmağa başlamış və sonuncu dəfə 2022-ci ilin iyul ayının əvvəllərində həmin borcundan ona 450 manatını qaytarmışdır. Hazırda Yalçının ona 2100 manat məbləğində borcu qalmış və o, həmin pulu da hissə-hissə qaytaracağına söz vermişdir. 2022-ci ilin iyul ayının ortalarında Təqsirləndirilən şəxs oğurluq etdiyinə görə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. Lakin onun dəqiq olaraq nə vaxt, haradan və kimdən oğurluq etməsi, habelə oğurluq hadisəsini necə və hansı şəraitdə törətməsi barədə heç bir məlumatı yoxdur. O, həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıdığı müddət ərzində onun oğurluq və ya digər hər hansı bir cinayət hadisəsi törətməsi barədə eşitməmiş və bu barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ifadəsindən görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olsa da, 2019-cu ildən Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs ilə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuş və hazırda Türkiyə Respublikası Samsun şəhərində yaşayırlar. Bülent Gürcüstan Respublikasında Beynəlxalq yükdaşımalar şirkətində sürücü işləyir. Bülent idarə etdiyi TİR yük markalı avtomobillə Rusiya Federasiyasına yük aparmalı olmuş və ona görə o, özü də 25 iyun 2022-ci il tarixdə valideynlərinə baş çəkmək üçün Bakı şəhərinə gəlmişdir. 01 iyul 2022-ci il tarixdə Bülent Bakı şəhərinə, onların evinə gəlmiş və həmin gecəni qalıb səhəri gün, yəni 02 iyul 2022-ci il tarixdə Rusiya Federasiyasına getmək üçün yola çıxmışdır. 02 iyul 2022-ci il tarixdə nahar fasiləsindən sonra Bülent ona zəng edərək Xaçmaz şəhərində avtomobilinə mindirdiyi iki nəfər tanımadığı şəxs tərəfindən avtomobilin kabinəsindən içərisində 46.000 rubl rus pulu, səxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və digər sənədləri olan pul qabının oğurlandığını, hadisə barədə polisə məlumat verdiyini və sənədləri olmadığı üçün Azərbaycan Respublikasının sərhəddindən çıxa bilmədiyini bildirmişdir. 11 iyul 2022-ci il tarixdə Bülent qayıdıb Bakı şəhərinə, onların yanına gəlmiş, ondan işinin düzəlməməsinin səbəbini soruşanda o, bunun səbəbini bilmədiyini demiş və bundan sonra özü hadisə ilə bağlı maraqlanmaq məqsədi ilə istifadəsində olan ***-***-**-** nömrəli telefonla Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng etmişdir. Sonradan Xaçmaz RPŞnə dəvət olunanda Bülentin sənədlərinin və pulunun oğurlanması faktı ilə bağlı cinayət işi başlanması onlara məlum olmuşdur. İş materiallarına əlavə olunmuş «WESTERN UNİON» pul köçürülmələrinə dair qəbzlərdən və məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən AccessBank QSC-nin vasitəsi ilə (Türkiyə Respublikasında yaşayan) Şahid1 adına (zərərçəkmişin arvadı) xx.xx.2022-ci il tarixdə 300 ABŞ dolları və xx.xx.2023-cü il tarixdə 200 ABŞ dolları pul göndərilmişdir. İş materiallarında olan baxış keçirilməsinə dair protokoldan görünür ki, 02 iyul 2022ci il tarix üçün 1 (bir) Rusiya rublunun və 1 (bir) Türkiyə lirəsinin Azərbaycan manatına məzənnələrinin müəyyən edilməsindən ötrü Azərbaycan Respublikası Mərkəzi Bankının internet saytına daxil olunaraq Azərbaycan manatının məzənnəsinə dair 01 vərəqdən ibarət cədvəl əldə olunmuş və həmin cədvələ baxış zamanı 02 iyul 2022-ci il tarixdə 1(bir) Rusiya rublunun Azərbaycan manatına nisbətdə məzənnəsinin 0,0312 manat, 1 (bir) Türkiyə lirəsinin isə 0,1018 manat olduğu müəyyən edilmişdir. İşdə olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunmur. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi tərəfindən təqdim olunmuş arayışından və elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs üç uşağı var. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 02 iyul 2022-ci il tarixdə saat 17 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz şəhəri Bakı prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişməsində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısında Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs Ramazının idarə etdiyi «LTD GOLDGROUF GEORGİA» şirkətinə məxsus «SCANİA» yük markalı, 00-945-DO Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin kabinəsindəki ön cihazlar panelində olan əşya yerindən içərisində sonuncuya məxsus 46.000 Rus rublu, (1435,2 manat) məbləğində nağd pul, Zərərçəkmiş şəxs məxsus Türkiyyə Respublikasında verilmiş şəxsiyyət vəsiqəsi, 50 Türk lirəsi, (5,09 manat) digər mühüm şəxsi sənəd olan Zərərçəkmiş şəxs məxsus Türkiyyə Respublikasında verilmiş sürücülük vəsiqəsi olan 8 manat dəyərində pul kisəsini qanunsuz götürüb aparmaqla ümumilikdə 1448,29 manat məbləğində oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamış, habelə vətəndaşın şəxsiyyət vəsiqəsini və digər mühüm şəxsi sənədlərini talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci və 326.2ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 326.2-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, 3 uşağının olmasını, zərəri ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı dövlət ittihamçısı çıxış edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 326.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilindiyindən Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə onu 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının CM-nin 326.2-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 326.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi recimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 02 mart 2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1 və 326.2-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının CMnin 326.2-ci maddəsi ilə 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 02 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində secilmiş «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz (ləğv edilərək) edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Hökmün icrası Xaçmaz rayon İcra və probasiya şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-25/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-25/2023
02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver